Qədim türk epos nümunələri
***
Alp Ər Tonqa
dastanı
Turan hökmdan Beşəng bir gün türk ulularını başına yığıb söylədi ki, iranlılar bizə çox zülmlər vermişlər, türkün öc almaq zamanı gəlib çıxmışdır, nə deyirsiniz?.. Hökmdarın oğlu, köksü aslan köksü kimi möhkəmlənmiş Alp Ər Tonqa irəli yeriyib: “Baba, öc almağa, izn ver, mən gedim” dedi. Beşəng rüsxət verdi.
Alp Ər Tonqanın başçılığı altında türk-Turan ordusu yazda İrana girdi. Düşmənin ordusunu pozub Dehistan qalasını aldılar. Hökmdar əsir düşdü. Alp Ər Tonqanın qardaşı Alp Aruz satqınlıq etdi. Alp Ər Tonqa onu öldürdü. İrana tabe olan Kabul ölkəsinin padşahı Zal iranlılara köməyə gələrək türk-Turan ölkəsinə böyük ziyan vurdu. Alp Ər Tonqa bundan acıqlanıb dustaq saxladığı İran hökmdarını öldürdü.
İran taxtına Zev keçdi. İranla Turan arasında savaş yenidən başladı. Qıtlıq oldu. İnsanlar qırılmasın deyə sülh bağladılar. İran torpaqlarının Şimal hissəsi Turana qatıldı.
Zev öldükdən sonra türk-Turan ordusu yenidən
İrana girdi.
Lakin bu dəfə Zalın oğlu Rüstəm
onların qarşısına çıxdı. Alp Ər Tonqanın ordusunu dağıtdı. Alp Ər Tonqanı da yenəcəkdi, lakin türk
bahadırları onu qurtardılar. Rüstəm
Keyqubadı taxta çıxardı. Sülh
bağlandı və Alp Ər Tonqa vətənə
döndü. İran taxtına Keykavus
çıxanda türk-Turan ordusu yenidən İrana girdi, ancaq
bu dəfə də yardıma gələn Zal onları məğlub
edib İrandan çıxardı. Keykavusun
əyləncələrlə məşğul olduğunu bilən
Alp Ər Tonqa yenidən İran üzərinə yeridi. Keykavus oğlu Siyavuş ilə Rüstəmi onun
qarşısına göndərdi. Qara
qayğılı yuxu görən Alp Ər Tonqa sülh
bağladı. Buxara, Səmərqənd və
Çaçı düşmənə verib Qanq şəhərinə
çəkildi. Həmin sülhdən
razı qalmayan Keykavus Siyavuşla Rüstəmə qəzəbləndi.
Rüstəm acıqlanıb, öz ölkəsinə
getdi. Siyavuş isə Alp Ər Tonqaya
sığınıb əvvəl türk qəhrəmanlarından
birinin qızı ilə, sonra isə Alp Ər Tonqanın
gözəl qızı Firəngizlə evləndi. Birinci qadınından bir oğlu oldu, adını
Keyxosrov qoydular.
Siyavuşu sevməyənlər onu Alp Ər Tonqaya
çuğulladılar. Siyavuş öldürüldü. Alp Ər Tonqa ordusuyla öc almaq üçün
yeridisə də, məğlub olub Çin dənizinə qədər
qaçdı. Turan yıxılıb
yaxıldı.
Alp Ər Tonqa Turanın yıxılıb
yaxıldığına, ordunun dağıldığına
çox ağladı, öc almağa and içdi. Nəhayət,
ordu toplayıb İrana yeridi, ölkəni darmadağın
etdi. Keykavus taxtı nəvəsi Keyxosrova verdi.
Keyxosrov türk Turan ordusunu da dağıdıb
dünyanın yarıdan çoxunu tutdu. Lakin
onun əsas məqsədi Alp Ər Tonqanı məhv etmək
idi. Ona görə də Turanın
paytaxtı Qanqda-qalada yaşayan ixtiyar Alp Ər Tonqanın
üzərinə yeridi. İran ordusu Turan
ordusunu yenib qalaya girsə də, Alp Ər Tonqa iki yüz bəyi
ilə qaçıb Çin padşahının yanına
getdi. Keyxosrov Turan hökmdarının
ardınca düşdü. Qonşular üz-üzə
dayandılar. Alp Ər Tonqa Keyxosrova məktub
yazıb təklif etdi ki, onun seçdiyi kənar bir yerdə təkbətək
döyüşsünlər. Keykavus təklifi
qəbul etmədi. Ordular vuruşası
oldular. Düşmən hiylə işlədib
türk-Turan ordusunu yendisə də, Alp Ər Tonqa imkan
tapıb yenə düşməndən qurtardı. Ordusunun dağılması, Çin
hökmdarının ondan üz döndərməsi Alp Ər
Tonqaya ağır təsir etdi, onu sarsıtdı.
Öz ölkəsinə qayıdıb dağda-daşda
ac-yalavac dolaşan Alp Ər Tonqa bir mağarada acı günlər
yaşayır, taleyinə yana-yana öz-özünə, tapdalanmış
vətəninə ağı deyirdi. Türkcə
danışdığını görüb onun kim olduğunu anladılar və tutmaq istədilər.
Ancaq qaçıb suya atıldı. Keyxosrov məsələdən agah oldu. Alp
Ər Tonqanı hiylə ilə sudan
çıxarıb öldürdülər. Turan
hökmdarının ölümü türklər-turanlılar
arasında böyük həyəcana səbəb oldu, onun
ölümünə ağı deyib ağladılar,
qan-yaş tökdülər:
Alp Ər
Tonqa öldümü,
İssiz
ajun qaldımı,
Ödlək
öcün aldımı,
İmdi yürek yortulur.
Ödlək
yaraq gözətti,
Oğru
tuzaq uzatdı,
Bəglər
bəginazatdı,
Qaçsa, kalıqurtulu?
Ulaşıb
ərən börləyü,
Yırtıb
yaka urlayu,
Sıkıbünü
yurlayu,
Sığtab
gözü örtülür...
***
Şu
dastanı
İsgəndər Səmərqəndi keçib türk
torpaqlarına girəndə türklərin hökmdarı
Şu adlı bir gənc idi. Balasaqunda Şu
qalasında böyük bir ordu ilə oturmuşdu. Kimsədən xəbərsiz bir dəstə
gön-dərmişdi ki, İsgəndər ordusunun hərəkətlərinə
nəzarət etsin. Şunun bir
gümüş hovuzu vardı. İçərisində
qazlar, ördəklər üzürdülər. Gənc hökmdar isə onları seyr edib dincəlirdi.
Ondan soruşanda ki, “İsgəndər gəlir,
nə edək? Döyüşək, yoxsa?..”
cavabında dedi: “Bu qazlara, ördəklərə baxın,
görün necə gözəl üzürlər”.
Xalq
gördü ki, dünya hökmdarın vecinə deyil, nə
döyüşə hazırlaşır, nə də bir yana qaçmaq fikri var. Şunun göndərdiyi
öncüllər gəlib xəbər gətirdilər ki,
İsgəndərin qoşunları yaxınlaşır.
Hökmdar gecə ilə yürüş əmrini verdi. Hazırlıqsız xalq əlinə nə
keçdisə minib Şunun arxasınca getdi, minik tapa bilməyən
22 kişi ailəsi ilə yurdda qaldı.
Onlar “nə edək?” deyə düşünərkən daha
iki kişi ailələri ilə oraya
yaxınlaşdı. Dedilər ki, bu hərif
(İsgəndər) gəldi-gedərdi, necə olsa
çıxıb gedəcək, yurdumuzu tərk etməyək.
Həmin iki kişiyə “qalaç” dedilər,
onların övladları indi “qalac” (kalaç / xalaç)
adlanır.
İsgəndər qoşunu ilə gəlib haqqında
söhbət gedən 22 kişini gördü. Onların üzərindəki
əlamətlərə baxıb, kimsədək soruşmadan
“türk manənd” dedi (yəni “türkə bənzəyirlər”).
İsgəndərin həmin sözü ilə
bu kişilərin adı “türkmən” olaraq qaldı. Türkmənlər 24 boydur. 2 boy
qalaçlardır ki, onlar 22 boy əsl türkmənlərdən
fərqlənirlər.
Türklərin hökmdarı Şuya gəlincə, o,
Çinə keçdi. İsgəndər də onun ardınca
düşdü. Uyğurda Şu İsgəndərin
önünə gənclərdən ibarət bir qoşun
göndərdi. Onlar İsgəndərin
öncüllərinə gecə basqını edib, onları məğlub
etdilər.
Sonra İsgəndər Uyğurda şəhərlər
saldı. Bir müddət oralarda qaldıqdan sonra çəkildi
getdi. İsgəndər gedəndən
sonra Şu geriyə döndü. Ba-
lasaquna gəlib Şu şəhərini saldı. Oraya tilsim qoydurdu. İndiyə qədər leyləklər
o şəhərin önünə gəlir, ancaq o yana keçə bilmirlər. Tilsim
öz qüvvəsini bu günə qədər saxlayır.
***
Ərgənəkon
dastanı
Moğol elinə Oğuz xan soyundan olan İl xan
hökmdarlıq edirdi. O, tatarların da başında duran Sevinc xanla
vuruşur, həmişə qalib gəlirdi. Sevinc
xan hədiyyələr göndərərək
Qırğız xanını öz tərəfinə çəkdi.
Moğollar bütün döyüşlərdə
üstün olduqlarına görə digər türk
boylarının onlarda qisası vardı. Ona
görə də Sevinc xanın ətrafında toplaşıb
moğolların üzərinə yeridilər.
Moğollar möhkəm dayanmışdılar. Sevinc xan
qoşunun məğlub olacağını görüb hiyləyə
əl atdı. Xan və bəyləri toplayıb geri
çəkilmək, gedərkən lazımsız malları
buraxmaq buyruğunu verdi. Moğollar
elə bildilər ki, düşmən yenilib qaçır.
Möhkəmləndirilmiş ordugahlarından
çıxıb, onların ardınca düşdülər.
Tatarlar geri dönüb vuruşmağa
başladılar, moğolların böyüklərini
qırdılar, kiçiklərini isə dustaq elədilər.
Dustaq olanlar yiyələrinin soy adını
aldılar. Və moğollardan dünyada əsər-əlamət
qalmadı. Moğol hökmdarı İl
xanın oğlu Qiyanla qardaşı oğlu Nüküz də
dustaq olmuşdular. Hər ikisi təzəcə
evlənmişdi. İmkan olan kimi
qadınları ilə birlikdə qaçıb yurdlarına gəldilər.
Döyüşdən on gün
keçmişdi. Gördülər ki, bəzi
heyvanlar da düşməndən qaçıb yurda
dönüb. Onları da götürüb
dar dağ cığırı ilə əlçatmaz,
ünyetməz bir yerə gəldilər. Bu yer çox
gözəl idi: Axar çaylar, bulaqlar, çayır-çəmənlər,
meyvəli ağaclar, cürbəcür ov heyvanları... Tanrıya şükür elədilər. Qışda mallarının ətini yeyir, dərilərini
geyir, yazda südünü içirdilər. Bu yerin adını Ərgənəkon qoydular, yəni
(“hündür dağ yamacı”).
Qiyanla Nüküzün övladları oldu,
mal-heyvanları artıb çoxaldı. Böyük
bir xalq əmələ gəldi. O qədər də
artdılar ki, Ərgənəkon onlara darlıq elədi.
Buraya gəlişlərindən dörd yüz il
keçmişdi. Bir gün toplaşıb
söhbət elədilər. Babalarımız deyərdi
ki, Ərgənəkondan kənarda gözəl, geniş bir
ölkə var, xalqımızı tatar qırmış,
ölkəmizi yağmalamış-deyə söylədilər:
- İndi gərək dədə-baba yurdumuza qayıdaq.
Ancaq dədə-babaların
buraya qaçıb gəldikləri dar cığırı
heç kim xatırlamırdı. Ona görə də Ərgənəkondan
çıxış üçün yol aradılar. Lakin tapmadılar. Bir dəmirçi gəlib
dedi ki, burada bir dəmir mədəni var, onu əritsək yol
açılar.
Camaat kimi kömür, kimi odun gətirdi. Bir sıra
odun, bir sıra kömür düzdülər. Dəridən yetmiş körük düzəltdilər.
Od vurub körüklərin
hamısını birdən körüklədilər. Tanrının köməyi ilə dəmir əriyib
yüklü bir dəvə keçəcək qədər yol
açıldı. Ərgənəkondan
çıxdıqları həmin günü moğollar həmişə
bayram edirlər. Bir dəmiri qızarana qədər
odda saxlar, sonra onu çəkiclə döyərlər.
Bu gün “zindandan çıxıb baba yurdumuza
gəldiyimiz gündür” deyərlər.
Ərgənəkondan çıxıb öz ölkələrinə
dönəndə moğolların hökmdarı qiyan soyundan
olan Börtə Çinə idi. Bütün boyalara xəbər
göndərdi ki, biz Ərgənəkondan çıxıb
geriyə-ölkəmizə qayıtdıq. Bəziləri sevindilər, bəziləri kədərləndilər.
Tatarlar onların üzərinə gəldi.
Böyük bir döyüş oldu. Moğollar düşməni yendilər,
böyüklərini qılıncdan keçirdilər,
kiçiklərini dustaq etdilər. Mallarını
yağmaladılar. Beləcə dörd
yüz ildən sonra tatarlardan qanlarını aldılar.
***
Köç
dastanı (Çin variant)
Uyğur elində Hulun adında bir dağ vardı. Bu dağdan
Tuğla və Selengə çayları başlardı. Gecələrin birində oradakı ağacın
üzərinə göydən ilahi bir işıq
düşür. İki çay
arasında yaşayan xalq bununla maraqlanır. Görürlər ki, ağac qadın kimi hamilə
olur. İşıq isə doqquz ay doqquz
gün həmin ağacın üzərində parlamaqda davam
edir. Ağac yarılır, onun gövdəsindən beş uşaq çıxır. Xalq onları götürüb böyüdür.
Uşaqların ən kiçiyi Buğu Xan
böyüdükdən sonra hamını özünə tabe
edərək hökmdar olur. Xeyli zaman keçdikdən
sonra Yulun tiqin hökmdarlıq etməyə başlayır.
Çinlə bir çox müharibələr
aparır. Nəhayət, gərginliyə
son qoymaq məqsədilə oğlu Qalı tiginin Çin
hökmdarının ailəsindən Kiü Lien adlı bir
qızla evləndirmək istəyir.
Tarı dağının yaxınlığındakı
Xatun dağında saray qurulur. Ətrafda Kutlu dağ
adında bir böyük qaya varmış. Çin elçiləri buraya gələndə
özləri ilə baxıcılar da gətirirlər. Onlar məsləhət görürülər ki,
uyğurların hakimiyyətini sarsıtmaq üçün həmin
qayanı yox etmək lazımdır. Çin
heyəti tiginə bildirir ki, qızı o zaman verəcəklər
ki, əvəzində Kutlu dağı onlara
bağışlasın. Tigin
razılaşır.
Çinlilər qayanın ətrafına odun
yığıb böyük bir tonqal qalayaraq onu möhkəm
qızdırırlar. Üzərinə sirkə töküb
parçaladıqdan sonra Çinə aparırlar. Ətrafdakı bütün quşlar, heyvanlar öz
dillərində qayanın getməsinə ağı deyib
ağlaşırlar. Ölkə bir-birinə
dəyir. Yeddi gündən sonra Yulun tigin
ölür. Xalq heç zaman rahatlıq
üzü görmür. Yulun tigindən
sonra ölkəyə başçılıq edənlər də
dünyadan vaxtsız köçürlər. Bunu görən hökmdarlar paytaxtlarını
Hoçuya köçürməyə məcbur olur, hakimiyyətlərini
oradan Beş Başlığa qədər uzadırlar.
Xalq Cəbhəsi.- 2020.- 15 oktyabr.-
S.14.