“Hərbi cəhətdən Milli Ordumuz tarix
yazır”
Anar Turan: “Bu müharibələr tarixində yeni səhifədir–Azərbaycan səhifəsi”
“Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Son bir ildə ölkəmizdə aparılan iqtisadi-sosial və eyni zamanda siyasi islahatlar bu sahəyə öz müsbət təsiri göstərib. İstər QHT-lərin, istərsə də onlarla işləyən qurumların fəaliyyətində yeni dinamizm görünməkdədir”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini, araşdırmaçı jurnalist Anar Turan deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.
-Artıq ölkəmizdə bir müddətdir ki, sanki durğunluq dövrünü yaşayan ictimai-siyasi proseslərə hansısa bir istiqamət vermək, ictimai platformalarda həmrəylik yaratmaq, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin arasında çatların əmələ gəlməsində maraqlı olacaq qüvvələri neytrallaşdırmaq üçün fərqli mexanizmlər düşünülür və tətbiq olunur. Nümunə üçün Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin QHT-lərlə baş tutan silsilə görüşlərini qeyd etmək olar. Belə ki, ümumilikdə 300-dən çox QHT rəhbəri ilə Prezidentin köməkçisi Hikmət Hacıyevin onlayn formada görüş və müzakirəsi bir ilk idi. Görüşlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi də iştirak edərək koordinasiyanı həyata keçirdi. Əlbəttə, pandemiya olmasaydı, bəlkə də, ümumi bir konfrans tipində real görüş baş tuta bilərdi. Amma iştirakçıların söz, fikir və təklif vermə haqqı və fürsəti bu qədər aydın və əhatəli olmayacaqdı. Çünki etiraf edək ki, real tədbirlərdə çıxışlara reqlament qoymaq çətin olur, olsa da hər kəs buna ciddi əməl eləmir. Üstəlik uzun mətnləri xatırladan çıxışlar yorucu olur və təxminən 1-2 saatdan sonra həmin tədbirdə iştirakçı sayının azalması aydın müşahidə olunur. Lakin müxtəlif istiqamətlər üzrə fəaliyyətlər sahəsində ixtisaslaşan təşkilatlarla qurulan son virtual görüşlər öz yeni dəst-xətti ilə seçildi. Prezidentin köməkçisi də öz növbəsində təşkil olunan bütün ardıcıl görüşlərdə QHT rəhbərləri tərəfindən səsləndirilən təkliflərin yubanmadan araşdırılacağını, onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirdi. Bir sözlə, vətəndaş cəmiyyətinin əsas atributu olan fikir plüralizminə bu görüşlərdə maksimum riayət edildi. Əlbəttə, dövlət və cəmiyyət arasında dialoqun dərinləşdirilməsi üçün bu kimi virtual və ya real forumların keçirilməsi nə qədər vacibdirsə, dövlətin və rəsmi təmsilçilərinin təmkin, adekvat reaksiya nümayiş etdirməsi, səmimi mühit yaratmağa çalışması da eyni səviyyədə əhəmiyyətlidir. Bundan əlavə, Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinin artması və bununla həm də ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verilməsi də buna rəvac verir. Əsas odur ki, cəmiyyət və dövlət özlərini qarşılıqlı etimad şəraitində hiss etsinlər. Xüsusilə milli birlik, dövlətçilik şüuru məsələlərində ortaq nöqtədə qərar tutsunlar. Bütün bunlar vətəndaş cəmiyyətinin gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
-Vətəndaş cəmiyyəti strukturları Qarabağ savaşı ilə bağlı töhvə verə bildimi?
-Şübhəsiz ki, bu prosesdə əsas yüklərdən biri də məhz cəmiyyətimizin bu kəsiminin üzərinə düşür. Onların içində kifayət qədər faktiki olaraq alovlanan döyüşlərdə iştirak edənlər var, eyni zamanda, sosial şəbəkələr üzərindən təbliğat aparan seqment də əsasən vətəndaş cəmiyyəti fəallarıdır. Bu kəsimin içində QHT-lər, media təmsilçilələri xüsusi rola sahibdirlər. Bu gün, əslində millətin hər bir üzvü fəal olmalı, öz gücünü ortaya qoymalıdır. Lakin vətəndaş cəmiyyətinin, onun önündə gedən şəxslərin öhdəliyində daha çox yerinə yetirilməli vəzifələr olmalıdır.
-QHT-lət vətəndaşların maarifləndirilməsində nə qədər əhəmiyyətli rol oynayır və hazırki vəziyyətdə adekvat fəaliyyət müşahidə olundumu?
-Ədalətli fikir bildirmək üçün gərək bütün QHT-lərin fəaliyyətini dərindən izləyək. Lakin ümumi müşahidələrimə əsasən deyə bilərəm ki, vətəndaşlarımızın tarixi, siyasi mövzularda maarifləndirilməsində rol alan təşkilatlar var. Lakin bu o qədər də çox deyil. Bu sahədə çalışan QHT-lərin sayının artması vacibdir. Bütövlükdə isə ayrı-ayrı ictimailəşmiş fərdlərin fəaliyyəti daha qənaətbəxşdir. Hansı ki, bunların içində QHT təmsilçiləri də var, media-təhsil və digər sahələrin nümayəndələri də. Lakin hazırki vəziyyətdə bütün qurumlar, o cümlədən vətəndaş cəmiyyəti institutları fəaliyyətlərini daha ekspress, daha təşkilatlanmış formada aparmalı və yeri gəlsə ümumi mənafe, Vətən naminə əziyyətli də olsa sonadək əzm ortaya qoymalıdırlar.
-Təşkilat olaraq hansı addım atmısınınz, fəaliyyətiniz nədən ibarətdir?
-Bizim təşkilat da artıq sentyabrın 27-dən etibarən alovlanan Vətən müharibəsində orduya bir sıra dəstək aksiyaları həyata keçirib. Bir neçə dəfə təşkilatın rəhbərliyi cəbhə bölgəsinə səfər edib, lazımı ləvazimatların ordumuza çatdırılmasında bacardığı qədər iş ortaya qoyub. Əlbəttə, bu gün hər şey dövlətimiz tərəfindən edilir və biz vətəndaşların bu məsələdə nəsə etməyimiz yalnız şəxsi təşşəbbüslərimizə əsaslanır. İnsanların narahatçılığı, Ordumuza, əsgərləlrimizə sevgisi, narahatçılığı anlaşılandır. Bu baxımdan, hər bir insan cəbhə üçün nəsə etməyə, hansısa ağır bir işin altına əlini qoymağa, çiynini verməyə çalışır. Bütün bunlar Ordumuzu ruhlandırır, onların arxasında tək dövlətin deyil, həm də bütün xalqın dayandığını sübut edir.
-Davam edən müharibəni hərbi, diplomatik və informasiya savaşı kontekstində necə dəyərləndirirsiniz?
-Dağlıq Qarabağ münaqişəsi kiçik epizodik humanitar atəşkəsi çıxmaq şərtilə 22 gündən çoxdur özünün ən pik həddinə çatıb. Ağır döyüşlər gedir. Şəhidlərimiz var, lakin işğaldan azad edilən torpaqlarımız da var. Qarşı tərəfdən heç vaxt görmədikləri səviyyədə itkilər var. Bu Vətən müharibəsidir. Hərbi cəhətdən Milli Ordumuz tarix yazır. Bu müharibələr tarixində yeni səhifədir–Azərbaycan səhifəsi. Biz düşmənləri necə darmadağın ediriksə, bu artıq dünya mətbuatındadır. Hətta amerikanlar belə bizə həsəd aparmağa başlayıblar. Ukraynalılar, gürcülər bizdən nümunə götürməyə çalışırlar. Yəni, bu gün hər şeyin fövqündə rəşadətli Ordumuz dayanır. Geopolitik cəhətdən isə böyük güclərin maraqlarının müəyyən qədər toqquşduğu münaqişədir. Rusiya, Fransa, ABŞ, Almaniya , İran, Türkiyə burada əlbəttə, maraqları var. Hər bir dövlətin siyasi-strateji maraqları mövcuddur. Lakin bu maraqlar münaqişə tərəflərinin üzərindən manipulyasiyaya gətirib çıxarmamalıdır. Məsələn, bu dəfə Fransa dövləti kəskin şəkildə tərəfkeşlik etdi və əslində, beynəlxalq hüquqla ərazi bötüvlüyü tam tanınmış bir ölkənin hüquqlarına hörmətsizlik etdi. Məsələn, Türkiyənin milli maraqları bu bölgədə şübhəsiz ki, var. Lakin Türkiyə dostluqdan, qardaşlıqdan savayı, həm də haqqın yanında olduğunu dəfələrlə dilə gətirir. Yəni hər bir dövlət öz strateji marağını da elə aparmalıdır ki, o beynəlxalq hüququn şərtlərini pozmasın. Cənubi Qafqazın ən güclü dövlətiyik, ən güclü orduya sahibik. Lakin özgəsinin torpağı uğrunda deyil, öz topağımız uğrunda döyüşürük. Prezident dəfələrlə çıxışlarında bildirib ki, iyulda Tovuz təxribatından sonra göstəriş versəydi, ordumuz Ermənistan ərazisinə daxil olacaqdı və xeyli ərazilər tutacaqdı:”Lakin biz bunu etmədik, mən buna icazə vermədim. Çünki bizim başqasının torpağında gözümüz yoxdur”. Yəni dövlət olaraq resusrlarımız imkan verir ki, Ermənistanı bütövlükdə ələ keçirək. Halbuki bu gün Ermənistan deyilən torpaqlar özü də tarixən bizimdir. Lakin bizim məqsədimiz Qarabağdır. Bizdən 27-ildir ki, qoparılan tarix və hüquq cəhətdən bizim olan torpağımızdır. Ona görə də, bu gün Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı sayəsində həm hərbi sferada, həm də informasiya müharibəsində tarix yazırıq. Prezident şəxsən özü hər iki cəbhədə savaşır. Həm Orduya rəhbərlik edir, həm də informasiya mübarizəsində çevik, dəqiq analizlərə əsaslanan çıxışlar edir, müsahibələr verir. Bu gün Prezident bir an belə dayanmmır. Dünyanın ən nufuzlu xarici TV kanalları onldan müsahibələr götürür. Özü də cəbhədəki vəziyyəti hər anı illə nəzarətdə saxlayır. Əhalimiz artıq dövlət başçısının çıxışlarının hissələrini əzbərləyib. Onun Tvitter hesabından paylaşımlarını səbrsizliklə gözləyir. Artıq Prezidentə, Orduya dəstək üçün hər kəs Tvitter hesabı açmağa başlayıb. Hər kəs bu mübarizəyə dəstək verməyə başlayıb . İnformasiya müharibəsində də düşmənə və havadarlarına layiqli, tutarlı cavablar verməkdəyik. Bütün bunlar isə şəksiz, parlaq qələbəmizi labüd edir, mütləqləşdirir.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.-
2020.- 20 oktyabr.- S.9.