Muxtar Auezovun hekayələrində kompozisiya

 

 3-cü yazı

 

Qazax yazıçısı Muxtar Auezov yaradıcılığında onun hər bir əsərinin əzəmətli əhəmiyyətinin olmasına baxmayaraq, "Aşıınmda atəş" və "Qəddar illər" kimi nümunələr onun ədəbi üslubunun sonrakı inkişaf perspektivlərindən xəbər verir. Daha iri epik forma və ən başlıı- cası, qəhrəmanların mürəkkəb sosial tərkibi müəllifdən yazı manerasının xeyli dərəcədə mürəkkəbləşməsini və zənginləşməsini tələb edirdi. Məhz bunun nəticəsində ayrıca olaraq Auezov üslubu daha da dinamikləşir. Burada yazıçı xüsusi bacarıqla xalq dilinin ən təravətli və görümlü laylarından istifadə edib canlı realist xarakterlər yaratmağa müvəffəq olur. Yeri gəlmişkən bildirək ki, bu heç də yalnız ədibin 20-ci illərdə yaratdığı povestlərinin yox, həm də hekayələrinin danılmaz keyfiyyəti kimi diqqət mərkəzindədir. Çünki Auezov kiçik epik formalarda da realist dəqiqliyə, hətta bəzi hallarda "realist qəddarlığa" daha böyük önəm verir. M.Auezov kiçik nəsr formalarında uzun əsrlər ərzində qazax xalqı tərəfindən yaradılıb işlənən qanadlı sözlərə, ifadələrə, deyimduyumlara o qədər də geniş yer verməyi məqbul hesab etmir. Çünki onun qəhrəmanlarının faciəvi taleyi daha qəddar, dürüst ifadə və frazalardan istifadə etməyi tələb edir.

"Müdafiəsizin günü" hekayəsində cəmi beş personaj var - bunlar nahiyə idarəsinin rəisi Axan, onun əlaltısı Kaltay, dəyanətli oğlunu və nəvəsini itirmiş qışlaqda tənha yaşayan qarı, onun gəlini və nəvəsi Qəzizədən ibarətdir. Onlar vaxtilə olduqca məşhur olan batırın tayfasının sonuncu nümayəndələridir. Qoca qarı onun yanına gözlənilmədən gəlmiş insanlara öz bədbəxtliyi haqqında danışır və bildirir ki, onunkular, daha doğrusu, qohum-əqrəbaları onun oğlunun əmlakını bölməyi düşünüb, qadınları özgələrinə ərə verməyi fikirləşiblər. Oğlu aparılan davarı qaytarmaq istərkən yolda xəstələnib ölüb. İndisə varlı qohumları nəvəsi Qəzizəni onun əlindən alıb zəngin bir qocaya vermək istəyirlər. Bu qoca qarı qonağa öz evindəki son ümidi - yağı və kökəni verməklə həm də mirzənin onu xilas edəcəyinə inanır. Lakin sanki yerin altında qazılmış məzardan heç nə ilə fərqlənməyən bu qazmada böyük faciələr cövlan edir. Səhər-səhər donmuş Qəzizəni öz yaxınlarının məzarı yanında ölü tapırlar. Onun uşaq sifətində sanki aşağıdakı sözləri oxumaq olardı: "Mənim təqsirim yoxdur. Mən bakirəyəm".

Qeyd etdiyimiz nahiyədə, gördüyümüz kimi, vergi yığan nahiyə rəisi boranlı gecədə qarının ona kömək, onu himayə etməsinin əvəzini belə "kişilik" etməklə çıxmışdı. Ömründə bir dəfə də xoş gün görməyən qarı özünün nahiyə rəisi ilə adi söhbətində öz bəlaları, alçalmaları, təhqir olunmaları haqqında danışarkən ona rəhm edilsin deyə sanki bu arada özü neçə insan ömrünü yaşamalı olur. Artıq onun nə əvvəlki müdafiəçisi, nə də qoçaq oğlu var. Onlar öz kasıblığı, rəzilliyi ilə üz-üzə dayanıb, öz qohumlarından daha yeni bədbəxtliklər, bəlalar gözləməkdədirlər. Sanki tufanboranla üz-üzə dayanıb-durublar. Bu gecədə onlar öz sonuncu ümidlərindən - müdafiəçilərindən olurlar.

Qarının hekayə-monoloqu təhkiyənin çərçivələrini genişləndirib belə kasıb müdafiəsizlərin taleyini göz önündə canlandırmaqla, hər şeyindən və hər kəsdən məhrum olmuş qadının daxili aləmini açmaqla həm də onun qoçaqlığını, insanlıq ləyaqətini və ədalətə inamını ifadə edir. Elə buradaca bu monoloqla yanaşı və onu davam etdirərək başqa bir monoloq - alçaldılmış Qəzizənin qar çovğunlarında sayıqlayan monoloqunu görürük. Onun ara- sıra və sanki dərindən gələn səsi küləyin vıyıltısı ilə kəsilir. Ka-sıbın kədəri Qəzizənin səsi ilə danışır. 

M.Auezovun burada bir nasir kimi ustalığı ondadır ki, o bu tipli monoloqlarda mahiyyət etibarilə öz personajlarının psixoloji xarakteristikasını versə də, pyeslərində istifadə etdiyi dramaturji priyomlardan yararlanmağa heçmeyilli deyil. Qəzizənin səssiz söhbəti mirzənin simasını, insanlıqdan kənar hərəkətlərini daha dərindən ifşa edir. Belə priyomların köməyi ilə yazıçı bir çox mühüm keyfiyyətləri ilə fərqlənən qazax qadınlarının bədbəxtliyi ilə bağlı səmərəli təsvir əldə edir. Qarı tanımadığı insanlara - nahiyə rəisinə öz bədbəxtlikləri haqqında danışır. Onlara inanır. Onlardan kömək gözləyir. O, qonaqpərvərliyin bütün atributlarına əməl edərək hətta Qəzizənin onların atlarına ot qoymasına razılıq verir. Qəzizə isə elə bir gözəl-göyçək, nərmə-nazik, nazlı-qəmzəli qızdır ki, onun baxışlarından doymaq mümkün deyil. O, son dərəcə incə, həm də cəlddir. Sifətindəki öz yaşından böyük görünən kədər onun ürkək baxışlarına xüsusi cazibədarlıq verirdi. Ölümü ilə Qəzizə sanki insanlıq ləyaqətini qoruyub saxlamağı ortaya qoymuşdursa, donmuş sifətində onun təqsirsizliyi işıq saçırdı.

Bu əsərdə M.Auezovun nasir kimi məharəti özünü həm də onda nümayiş etdirir ki, o, burada qadın qəhrəmanlarının daxili aləmini xüsusi diqqətlə təsvir etdiyi halda, gecə qonaqlarının, sadəcə, zahiri portretini verməklə qənaətlənir. Vaxtilə hekayənin bu cəhətinə Y.Lizunova da yetərincə diqqət verib. Personajlarını belə priyomdan istifadə etməklə üz-üzə qoymaq onlarda hər birinin xarakterini gücləndirmək naminə edilir. Əgər M.Auezov tərəfindən kasıb evinin təsviri son dərəcə üzgünyoxsul verilirsə, nahiyə rəisinin zəngin geyim-kecimi birincinin təsvirləri ilə ziddiyyət təşkil edir. Yazıçı təhkiyəyə Arkalık dağının yanından keçən yolun təsviri ilə başlayır. Və göstərir ki, buradan keçərkən arası səngiməyən çovğun, insanları məhvə aparan soyuqlardan yolçular güc-bəla ilə canlarını qurtarırlar. Bundan sonra isə Auezov tayfanın əsasını qoymuş Kuşikpay batırın xatirəsinə həsr olunmuş aşırımın təsvirinə keçir ki, onun xatirəsini burada səhranın canlı salnaməsi olan qocalar öz xatirələrində qoruyub saxlayırdılar. Onlar Kuşikpayın ürəyini sözlərlə bəzəməyin əvəzinə, onun döyünməsini qoruyub saxlamağı daha üstün tuturdular.

Akademik M.Karatayev bu əsərin bədii keyfiyyətlərini təhlil edən zaman aşağıdakıları doğru olaraq qeyd edirdi: "M.Auezovun "Müdafiəsizin günü" ilə qazax ədəbiyyatında psixoloji nəsrin realist ustalıqla yaradılması məharətinin inkişafında ilk addım atılıb. Lakin M.Auezovun hekayəsinin realizmi psixologizmi sosialist realizmi axarında deyil. Çünki burada inqilabi perspektiv görünmür..."

Akademikin müşahidələri ilə biz razıyıq. Çünki M.Auezov istedadlı bir yazıçı olaraq yazdıqlarını sosialist realizmi estetikası qəliblərində təqdim etmək haqqında düşünmək yox, oxucu ictimaiyyətinin təfəkkürünü silkələyə bilən əsərlər ortaya qoymağı ön plana çəkirdi.

Bununla belə, Mühəmmədcan Karatayev həmin fikir mülahizələri dilə gətirərkən özü sovet ideoloji doktrinasının təsiri altında olduğundan Muxtar Auezovun 20-ci illərdə qələmə aldığı əsərlərində guya böyük ədibin fəlsəfi-estetik dünyagörüşünün məhdudluğunu qeyd edib. M.Karatayevin 1960-cı ildə Moskvanın "Dövlət bədii ədəbiyyat nəşriyyatında buraxdığı "Qazax ədəbiyyatı (Məqalələr məcmuəsi)" kitabında aşağıdakıları qeyd etməsi yetərincə təəccüb doğurur. Kitabın müəllifi yazırdı: "Müdafiəsizin günü" (1921), "Kimdir təqsirkar" (1923), "Yetim" (1924), "Zorakılıq" (1925), "Barımta" (1925) kimi hekayələr "Kök serek" (1926) kimi povestdə qazax aulunun həyatının məişətinin mənzərələri cəlbedici həqiqətləri ilə qələmə alınır. Yazıçının diqqətini sadə, var-yoxdan çıxmış insanların taleyi cəlb edir. O, yetim Qasım, ilxıçı Kalqabay, taxılçı Yaxşılıq, ovçu Bəxtigül kimi obrazlarını yaradır ki, onların hamısı həyatda çoxsaylı alçalmalar təhqirlərlə üzləşmişlər. Lakin Auezovun dünyagörüşünün məhdudluğu həmin illərdə ona mənfi təsir edən ideologiya xalq həyatını perspektivdə onun inqilabi inkişafında görməsinə mane olmaqla, sovet quruluşunun qazax səhrasına gətirdiyi yeniliyi tam şəkildə dərk etməyə imkan vermirdi. Buna görə onun yaradıcılığı həmin illərdə yanlış təsəvvürlər yaratmaqla həyatda gedənlərin düzgün dərk olunmasına mane olurdu. Bu onun hətta yuxarıda qeyd etdiyimiz "Yenlik-Kebek" pyesində, xüsusilə onun birinci variantında daha çox hiss olunurdu. Sosial mübarizə feodal-patriarxal aulundakı ziddiyyətlər burada son dərəcə sadələşdirilib. Tayfa mübarizəsi, "yaxşı" "pis" bəylərin mübarizəsi hər hansı xeyirlə şərin mücərrəd mübarizəsi kimi təsvir olunur. 20-ci illərin ikinci yarısında Muxtar Auezov düzgün mövqedən daha çox kənarlaşırdı. Sənətkar burjua millətçiliyi romantik illüziyaların təsiri altına düşməklə "Qaragöz" pyesini "Kili zaman" ("Qəddar illər" - N.M.-T.) povestini yazıb tarixi həqiqəti təhrif etdi. Xoşbəxtlikdən, istedadlı yazıçının bu dövrdə ideya baxımdan səhvləri uzun davam etmədi.

Qəribə burasıdır ki, adını çəkdiyimiz kitabda M.Karatayev böyük yazıçının digər əsərlərinin məziyyətlərindən danışarkən onun ideya baxımından müvazinətini itirdiyini söyləyir. Eyni zamanda onu da bildirir ki, M.Auezovun ideya istiqamətindəki sapmaları ona sosialist realizmi metodunun mahiyyətini dərk etməsinə mane olub ki, bu da onun yaradıcılığının inkişafına kamilləşməsinə mənfi təsir göstərib. Tənqidçi M.Auezovun 30-cu illərdə öz əsərləri üzərində bəzi əlavə dəyişikliklər edib (burada, əsasən, "Yenlik-Kebek", "Keçmişin kölgəsində", "Karaş-Karaş" nəzərdə tutulur - N.M.-T) xeyli irəliləyişlərə imza atdığını qeyd etsə , yeni yaratdığı "Mübarizə", "Ayman-Şolpan", "Gecə gurultuları", "Sərhəddə", "Alma bağında", "Abay" kimi pyeslərlə yanaşı, "Diklik", "Çiyin-çiyinə", "Həsənin narahatlığı" s. kimi hekayələrdən söhbət açır o, yenə bu əsərlərin hamısının eyni dərəcədə mükəmməl olmadığı qənaətinə gəlir. İ.M.Karatayevin fikrincə, "Aıymıan-Şolpan" kimi ilk qazax musiqili dramının uğurlu librettosu ilə yanaşı (qeyd edək ki, bu dramın librettosu da M.Auezova məxsusdur - N.M.-T), Auezovun qələmindən həm o qədər inamlı təsir bağışlamayan "Alma bağında" "Sərhəddə" kimi dramaturji nümunələr çıxıb ki, onlarda da həyat materialı səthi öyrənilib.

Muhəmmədcan Karatayevin fikrinə görə, MAuezovun qazaxların 1916-cı il üsyanına həsr etdiyi "Kili zaman" ("Qəddar illər") əsərində qazax xalqının milli azadlıq hərəkatının xüsusiyyətləri yalana söykənməklə təhrif olunub. guya "Gecə gurultuları" (1934) povestində yazıçı məsələyə başqa mövqedən yanaşıb, xalq üsyanının hərəkətverici qüvvəsini, xarakterini düzgün başa düşmüş, sinfi qüvvələri əsərdə düzgün yerləşdirib. Bu da, tənqidçiyə görə, xalq hərəkatının dramatizmlərlə dolu mənzərələrini tam səkildə realistcəsinə yaratmağa kömək edib, onun sıravi iştirakçılarının rəhbərlərinin obrazlarını adekvat yaratmağa imkan verib.

 

Nizami Tağısoy

Filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 27 oktyabr.- S.14.