Muxtar Auezovun
yaradıcılığında qazax milli düşüncəsinin təsviri
8-ci yazı
Əlbəttə, mövzu baxımından hər hansı janr təsnifatı əsərlərin məzmununun dərkini məhdudlaşdıra, onun bədiiliyinin zəif qəbuluna, estetik mahiyyətinə müəyyən kölgə sala bilər. Lakin janr əlamətlərinin dərindən təhlili əsərdə yer almış digər komponentlərin də yerini göstərməyə kömək edə bilər. Novella, hekayə-simvol, sosial-psixoloji, sosial-məişət hekayəsi və s. M.Auezovun erkən nəsrinin janr tərkibini təşkil edir. Mıuxtar Auezov yaradıcılığının nüfuzlu tədqiqatçısı Y.Lizunova yazır: "20-ci illər Auezov nəsri janr baxımdan rəngarəngdir: onlar arasında povest, hekayə, novella, kiçikhəcmli bədii nümunələr vardır. Bununla yanaşı, burada müəllifin janr çərçivələrini genişləndirmə meyilləri görünməklə, materialı daha dərindən təqdim edə bilmə, qəhrəmanın əvvəlki tarixinə səyahət, personajların davranışlarının sosial motivirovkasını onların psixoloji xarakteristikası ilə əlaqələndirmək özünü göstərməkdədir". Y.Xizunova M.Auezovun nəsri ilə bağlı xeyli maraqlı müşahidələr aparıb təhlillər ortaya qoysa da, erkən nəsri ilə bağlı bir sıra məsələləri nəzər-diqqətdən kənarda saxlayıb. Bu, ilk növbədə, M.Auezovun erkən nəsrində yetərincə geniş yer almış sosial-psixoloji təhlil, mənəvi-estetik dəyər, xalq həyatının xeyli qatlarını ortaya qoyan epik təhkiyənin aparılmasında peyzajın rolu və s. cəhətlərlə bağlı ola bilər. M.Auezovun 20-ci illər nəsri elə şəkildədir ki, onlar hekayə ilə povest (məsələn, "Yasa bürünmüş gözəl", "Boz Qəddar"), povestlə roman (məsələn, "Qəddar illər") arasındadır. Belə janr özünəməxsusluğu 20-ci illər MAuezov nəsrinin prinsipial dövrü olmaqla bərabər, janrın mürəkkəbləşməsinə və zənginləşməsinə aparan istiqamət kimi də maraqlıdır. Bu da qeyd edilməlidir ki, M.Auezovun əsərlərinə nəzər saldıqda müəllifin epik istedadına, təhkiyə materialına təsir edib onun janr hədlərini genişləndirildiyini görürük. Bu genişlənmə M.Auezovun bir sıra hekayələrinin povestə (bu sırada "Yasa bürünmüş gözəl", "Boz Qəddar" ilk növbədə qeyd edilməlidir), povestlərin isə roman jjanrına ("Qəddar illər") aid edilməsini şərtləndirir. Biz yuxarıda "Müdafiəsizin günü" hekayəsində əfsanəvi batır Kuşik- pay-batır və əfsanəvi bədbəxt batır nəslini təcəssüm etdirən qoca qarının fəlsəfi obrazından danışmışdıq. Burada isə onu əlavə edək ki, MAuezov bu obrazın köməyi ilə elə bir epik genişlik və ənginlik təsvir etmir ki, çöllükdə olan aul həyatı oxucunun gözü qarşısında bütün tamlığı və genişliyi ilə əks olunur. Bir sıra tədqiqatçılar belə keyfiyyətlərinə görə bu əsəri də povest janrına aid edirlər. Bu, yazıçının poetikasının digər çoxsaylı kom-ponentlərində də özünü büruzə verir. Məsələn, bir sıra müəlliflər kimi biz də M.Auezovun "Qəddar illər"ini nəzərdən keçirib, təhlil edərək onu povest janrına yox, roman janrına aid etmişik. Belə janr sürüşkənliyi və təyini M.Auezov nəsrinin özəl xüsusiyyəti kimi xeyli zaman kəsiyində tədqiqatçıları məşğul edəcək.
M.Auezovun 20-ci illər nəsrini təhlil edən qazax tədqiqatçısı Marat Adibayev onun kiçik nəsrinin kompozisiya - mövzu baxımından və əlamətlərinə görə ona daha yaxın və bağlı, bir-birini zənginləşdirən beş janr qrupuna bölür:
a) sosial-psixoloji hekayə: "Kimdir təqsirkar", "Müdafiəsizin günü", "Yetim", "Barımta", "Qisas alma";
b) məişət-əxlaq hekayəsi: "Alim vətəndaş", "Evlənmə", "Keç¬mişin kölgəsində", "Həvəs", "Şıltaq gəlin";
c) hekayə-esse: "Təpənin zirvəsində", "Qış gecəsi", "Səhranın qış gecəsi" ("Səhra mənzərələri" silsiləsi);
d) novellalar: "Sıbanlar sərdabəsində", "Təkcənin ətəklərində" ("Səhra hekayələri" silsiləsi) və "Yasa bürünmüş gözəl";
e) hekayə-simvol:
"Boz Qəddar".
Qeyd edək ki, burada ədibin
yaradıcılığında realizmin dərinləşməsi,
yazıçının poetikasının mürəkkəbləşməsi
yeni janrın yaranması ilə birbaşa əlaqədədir. Bunu da nəzərə
almaq lazımdır ki, M.Auezov yaradıcılığında
elə olur ki, məişət hekayələri sosial əsərlər
səviyyəsinə yüksəlib, etik-əxlaqi problemlər
qaldırmaqla köhnə səhra aulunun halını, xasiyyətini
və məişətini epik mənzərələrin köməyi
ilə açır. Bəzən isə elə
olur ki, bu və ya digər hekayə mürəkkəb problemlər
kompleksi yaradır ki, o problemlərdən hər hansı biri
isə daha çox diqqət mərkəzinə çəkilir.
Bütün bunlar da, öz növbəsində,
M.Auezovun yaradıcı üslubunu ortaya qoyan poetik vasitələr
sisteminin əlamətlərini göstərir.
M.Auezovun hekayələrinin forma və məzmunundan
asılı olmayaraq onun 20-ci illərdə yazdığı
kiçikçaplı nümunələrin epik xarakter
daşıdığını da nəzərdən
qaçırmaq olmaz. Çünki, povest və romanlarında
olduğu kimi, sənətkarın hekayələri də xalq həyatının
geniş və tutumlu lövhələrini özündə əks
etdirir. Bunun da başlıca səbəbi
M.Auezovun qazax folklorundan gələn xalq məişətinin
şəkillərini və formalarını daha tutarlı epik
genişlikdə təqdim etməsidir. Auezov
təsvirin əsasına nəyi qoymasından asılı
olmayaraq (aul həyatı, əcdadlarının real gerçəklikdə
olduğu kimi, çətin həyat şəraiti,
obrazları və s.), müəllif hekayələrinin qəhrəmanlarını
oxucunun özü kimi çətin və ekstremal şəraitdə
əks etdirməyi qarşıya məqsəd qoyur. Oxucunun gözü qarşısından kino lenti kimi
keçən onun vərdiş etdiyi şərait təsvir
olunanları dərk etmək üçün münbit zəmin
yaradır. Bəzən hekayələrdəki hər
hansı işarə, cəmiyyətdə gedən dərin
proseslərlə bağlı siqnallar əxlaq, məsələn,
nikaha, davranış normalarına və s. münasibətin dəyişilməsini
ortaya qoyur. Bu tipli başlanğıc oxucunu
sanki, əsərdə olduğu kimi, real həyatda da baş
verə biləcək dəyişikliklərə
hazırlayır. Bu zaman təhkiyəçinin
özü əsərdə heç də seyrçi kimi
çıxış etmir, o baş verən hadisələrə
dəyər verməklə sanki, ənənəvi olaraq
akın və jjıraular eposu ifa etdikləri zamanda (lakin
müəllifdən fərqli olaraq, akın və jıraular
ifa zamanı öz rəğbət və nifrətini
açıq şəkildə bəyan edirdilər) olduğu
kimi, dinləyici və oxucu düşüncəsinə təsir
etmək istəyir.
M.Auezovun
erkən hekayələrində təhkiyənin epik manerası
ikili qavrayış effekti yaradır: bir tərəfdən
burada həyatın geniş axını öz əksini
tapır (ailənin, tayfanın, aulun və s.), digər tərəfdən,
qəhrəmanın faciəvi taleyi göz önünə gəlir.
Hər iki halda təhkiyə formasından
başqa, obraz sistemi və konfliktlə yanaşı, M.Auezov
üçün peyzaj mühüm əhəmiyyət kəsb
edir. "Kimdir təqsirkar", "Keçmişin
kölgəsində" və s. hekayələrdə
yazıçı təbiət hadisələrini
qarşılaşdırmaqla keçmiş insan münasibətlərində
yer almış zahiri dünyanı qəddar dünya
qaydaları ilə üz-üzə qoyub harmoniyanın
pozulduğunu göstərir. Maraqlı
burasıdır ki, belə olduğu halda, müəllif peyzaj
uyğunsuzluğu ilə həyatdakı disharmoniyanı
göstərməklə nəzərəçarpacaq səmərə
yaradır. Ritmik baxımdan təkrarlanan və
çoxmənalılıq əldə edən peyzajın mənası,
mahiyyət kəsb edən bədii detal M.Auezovun 20-ci illərdə
yazdığı hekayələrin aparıcı epik təhkiyə
manerası kimi maraq doğurur. Buradan belə
bir nəticə hasil olur ki, M.Auezovun 20-ci illərdə
yazdığı hekayələrinin poetikasının
mühüm elementi təhkiyənin epik formasıdır.
MAuezov poetikasının digər mühüm bir elementi
olaraq həm də peyzaj ön plana çıxır. Peyzaj erkən
hekayələrdə də poli- funksional və çoxmənalıdır.
Onun funksiyası süjetdən kompozisiyaya qədər
bütün qatları əhatə edir. Axı
Auezovun hekayələrində təbiət və insan olduqca
mühüm vahidlikdə, harmoniyada çıxış edir və
adətən, təbiət heç nədən asılı
olmayaraq, qəhrəmanların taleyinə və
psixologiyasına təsir edir. Müəllifin
belə bir bədii yanaşması ona görə
özünü doğruldur ki, o, daim hədsiz-hüdudsuz
stixiya ilə mübarizələrə həsr olunan
köçəri aul həyatının hər bir halda təbiətin
hakimliyindən və insanlara köməyindən asılı
oldu-ğunu göstərmək istəyir. Bu
da köçəri həyatının və taleyinin təbiətdən
asılılığının onunla eyni axında getməsi
ilə bağlı olduğunu göstərir. Belə olduğu hallarda M.Auezovun hekayələrində
təbiət sanki başlıca fateh rolunda
çıxış edir. Bu da ona gətirib
çıxarır ki, yazıçı öz fikir və
hisslərini nəinki xarakterlər qalereyası və xalq həyatının
mənzərələrinin köməyi ilə, həm də əsərin
obrazlı sisteminə daxil olan peyzaj ünsürləri ilə
oxucuya təqdim edir. Peyzajın belə
görümlü təsvirinə biz "Yasa
bürünmüş gözəl" hekayəsində daha
tez-tez rast gəlirik:
"...Bülbül
oxuya-oxuya sanki boğazını arıtlayırdı. Yenə oxudu, dimdiklərini şaqqıldatdı,
sonra kiçik qırmanc kimi daha da şiddətləndirdi.
Qaragöz belə yerlərdə
bülbülü nə qədər eşitmişdi. İndi isə o, soyuq döymüş
üzünü yuxarı tutub, gözlərini qıyıb,
bundan həzz alaraq dayanmışdı. Bülbül elə
bir nəğmə oxuyurdu ki, o nəğmələr əvvəllər
eşidilməmişdi... Bülbül elə bir
sıldırım qayanın nəğməsini oxuyurdu ki, bu
qaya boz bir yüksəklik kimi çəmənlikdən yuxarıda
dayanmışdı. Bülbül onun gözəlliyi,
onun yandırıb-yaxan gözlərindən duru ola bilməyən bir şey haqqında, bir insan
haqqında oxuyurdu ki, onun adı Qaragöz idi".
M.Auezovun digər hekayələrində olduğu kimi, bu əsərdə
də peyzaj qəhrəman və personajların psixoloji təhlili
üçün mühüm vasitələrdən biridir. Burada o, oxucuda
emosional əhvali-ruhiyyə yaratmaq baxımından və
Qaragözün qəlbindəki hiss və duyğuları
yaratmaq aləti kimi mühüm rol oynayır. Burada peyzaj oxucunu təhkiyə mövzusuna uyğun,
onunla səsləşən bir vəziyyətə kökləyir.
Odur ki "Yasa bürünmüş gözəl"də
peyzaj süjetin İnkişaf impulsu kimi çıxış
edir. Eyni zamanda nə bu, nə də
Auezovun digər hekayələrində əsərin bədii
strukturunda peyzajın yerinə ye-tirdiyi funksiya heç də
bununla məhdudlaşmır. Məsələn, "Alim
vətəndaş" hekayəsində peyzaj kompozisiya
baxımından ciddi şəkildə fərqlənməklə
elə bir emosional başlanğıc yaradır ki, bu,
yazılı ədəbiyyatda şifahi xalq
yaradıcılığının "səsli söz" və
"musiqili müşayiət" kimi elementlərini əvəz
edir. Elə buna görə də peyzajın
çoxmənalılığını müəyyənləşdirmək
və əsərin arxitektonikasında tutduğu yerin qiymətini
vermək də çətinləşir. Bu
hekayələrdə peyzaj oxucunu müəyyən
qavrayışa kökləyir. Eyni zamanda
peyzaj ətraf aləmi təcəssüm etdirib, onun qəddar
qanunlarını İnkişaf etdirməklə simvol səviyyəsinə
yüksəlir. Elə də olur ki, peyzaj bəzi
məqamlarda dünya qayda-qanunlarının antipodu kimi
çıxış etməklə harmoniya və ideallıq
yaratdığı kimi, həm də həyatın eybəcərliyini
göstərir. MAuezovun erkən hekayələrində
peyzajın çoxmənalı funksiyası kompleks halında
çıxış edir. Burada yalnız ədibin iki -
"Barımta" və "Qisas alma"
hekayələrində müəllif ən başlıca diqqəti
sosial konfliktin özünə həsr edir.
Nizami
Tağısoy
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.-1 sentyabr.-
S.14.