Milli maraqlarımızın
qorunmasında QHT-lərin rolu
Ötən həftə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir.
Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib. H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.
Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.
Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.
Daha sonra toplantıda iştirak edən bir çox QHT rəhbərinin təklifləri səsləndirilib. “Ortaq Dəyərlər” İB-nin sədri Aqil Camal bildirib ki, ictimai iştirakçılığın, ictimai nəzarətin təcəssümü olan İctimai Şuraların fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil. Hətta fikirlər daha çox mənfi yöndədir. Bu da mərkəzi icra hakimiyyəti orqanlarında İctimai Şuraların formalaşdırılıma tempi və indiyədək yaradılmış Şuraların fəaliyyəti ilə bağlıdır. Yaradılan Şuraların formalaşdırılması hər zaman mübahisələrə səbəb olub. Çünki, daha cox rəhbərliyə yaxın olan, həmin qurumların fəaliyyətinə loyal yanaşan şəxslərdən təşkil olunur. Bir sıra hallarda isə dövlət qurumları ümumiyyətlə, İctimai Şuraların yaradılmasında maraqlı olmurlar. Hətta may ayında hörmətli Azay müəllim də parlamentdəki çıxışında bu sahə ilə bağlı səsləndirilən iradları, şikayətləri ifadə edərək bildirmişdi ki, 33 mərkəzi İH orqanından cəmi 11-də İctimai Şura yaradılıb. Bu baxımdan, çox istərdim ki, hörmətli Hikmət müəllim həm indiyədək yaradılmış İctimai Şuraların fəaliyyəti, həm də, yeni İctimai Şuraların yaradılmasının sürətləndirilməsi məsələsini diqqətə götürsün.
"Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu Azərbaycan jurnalistikası və QHT sektorunun fəaliyyətinin inkişafına dəstək xarakterli təkliflərini səsləndirib. Bildirib ki, "QHT Evi"nin açılması və vətəndaş cəmiyyəti təmsilçilərinin həmin binada bazar qiymətindən bir neçə dəfə aşağı qiymətlərlə ofis icarə götürmələrinə şərait yaradılmalı ( "Azərbaycan" Nəşriyyatı əsaslı təmir olunandan sonra bu funksiyanı yüksək səviyyədə icra edə bilər), jurnalist QHT-ləri layihələrinin Azərbaycan Respubliksının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun müsabiqəsinə təqdim olunması mexanizminin köklü şəklidə tənzimlənməsi (KİVDF bu günə qədər jurnalist QHT-ləri üçün qapılarını bağlı saxlayırdı), ölkədə onlayn medianın peşəkarlıq meyarlarına söykənərək milli-mənəvi dəyərlər və dövlətçilik prinsiplərinin qorunması istiqamətindəki fəaliyyətinin inkişaf etdirilməsi baxımından dəstəyə ehtiyacı var. Bu sahəyə məhsul qurumların yazılı mətbuatla yanaşı onlayn mediaya da dəstək vermələri oxucuların ziyanlı sosial şəbəkə səhifələrinin təsirinə düşməsinin qarşısını ala bilər, məsul qurumların jurnalistika ilə bağlı hazırlayacqları yeni konsepsiyada mərhum jurnalistlərin ailələrinə maddi və mənəvi dəstək göstərilməsini özündə əks etdirən maddələrin əlavə olunması, vətəndaş Cəmiyyəti İnstitutu xüsusən sosial idarəetmə bacarıqlarına peşəkarcasına yiyələnən və onu kifayət qədər uğurla tətbiq etməyi bacaran təmsilçilərlə zəngindir. Dövlətin yeniləşən idarəetmə strukturlarında onların kadr kimi əməyindən istifadə olunması cəmiyyətin inkişafına fayda verər. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən respublika səviyyəli qurumun məhz onların özləri tərəfindən formalaşdırılmasına şərait yaradılması.
"Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli isə bildirib ki, fəaliyyətini peşəkar formada qura bilmiş, fasilərsiz fəaliyyəti təmin etmiş, beynəlxalq əməkdaşlıq qura bilmiş, institutlaşmağı bacarmış Qeyri Hökumət Təşkilatlarına institutsional qrantların verilməsi nəzərdən keçirilsin. Qrantlarıq qeydiyyatı haqqında qanunvericiulik yenidən nəzərdən keçirilsin, qrantların qeydiyyatı proseduru sadələşdirilsin, mümkün hala gətirilsin.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə gözləntilərinin böyük olduğunu söyləyib. Görüşdə iştirak etmiş QHT rəhbərinin sözlərinə görə, bu prosesdə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının üzərinə eyni səviyyədə məsuliyyət düşür: “Müxtəlif sahələrdə ciddi islahatlar aparılır, ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Dövlət başçısı İlham Əliyev tərəfindən son vaxtlar xüsusi olaraq ictimai nəzarətin artırılması və müxtəlif dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı genişləndirməsi ilə bağlı çağırışları var. Ötən müddət ərzində cəmiyyətin müxtəlif sahələrində olan problemlərlə bağlı QHT-lərin təklifləri gündəmə gəlib. Vətəndaş cəmiyyətinin səsinin eşidilən və eşidilməyən vaxtları olub. QHT-lərin fəaliyyəti ilə bağlı yaranan çətinliklər illərdir qabardılır. Hesab edirəm ki, dialoq istiqamətində atılan addım əsas olaraq 2 istiqaməti ehtiva edir. Birincisi, QHT-lərin qarşılaşdığı problemlərin həlli və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məsələsidir. Fikrimcə, həm dövlət sektorunda, həm də özəl sektorda keyfiyyət baxımdan resursların inkişafı sürətlə aparılsa da, QHT sektorunun inkişafı həmin proseslərə adekvat deyil. Bunun da bir çox səbəbləri var. Əsas səbəb qeyri-hökumət təşkilatlarının maliyyə vəziyyətinin qənaətbəxş olmamasıdır”. C.Hüseynzadə vurğulayıb ki, QHT-lər strukturlaşmış qurum olaraq fəaliyyət göstərməkdə çətinlik çəkirlər: “Ofis, insan resursları, avadanlıq və digər məsələlərdə ciddi problemlər var. İctimai iştirakçılıqla bağlı vəziyyət ürəkaçan deyil. Təklüləsizlik və milli maraqların qorunması nəzərə alınmaqla qanunvericilikdə yumşalmalar aparmaq vacibdir. Digər məqam isə vətəndaş cəmiyyətinin ölkənin inkişafında, bütün sahələrdə daha yaxından iştirakıdır. Birinci istiqamət üzrə ilkin müsbət nəticələr əldə olunmasa, ikinci istiqamət üzrə yeni çağırışlara qoşulmaq QHT nümayəndələri üçün çətin olacaq”. Birlik rəhbəri qeyd edib ki, görüşdə qaldırılan məsələlər Prezidentin köməkçisi tərəfindən diqqətlə dinlənilib: "Toplantıda ictimai-siyasi baxışından asılı olmayaraq, bütün maraqlı tərəflərin iştirakı təmin olunmaqla yanaşı, onlara çıxış üçün geniş imkan yaradıldı. Müsbət məqamlar da dilə gətirildi. Xüsusən QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yaradılan "SƏLİS" xidməti müsbət addım kimi qiymətləndirildi. Dövlət qurumlarının bu sistemə inteqrasiyası arzu edildi. Çıxışlarda əsasən narahatlıq doğuran problemlərə diqqət çəkildi. Əksər QHT nümayəndələri konkret təkliflərlə çıxış etdilər. Ümumi fikir ondan ibarətdir ki, belə təmaslar davamlı olsun. Bu, təkcə QHT-lərin deyil, dövlət rəsmilərinin də fikridir. Təmaslar davamlı olarsa, dövlət rəsmilərinə əlçatanlıq yaranarsa, problemlərin həlli, ictimai sektorun faydalı təkliflərinin qəbul edilməsi asanlaşar. Ölkəmizin geosiyasi vəziyyəti tələb edir ki, milli maraqların qorunması ilə paralel, vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə imkanlar yaradılsın”.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 8 sentyabr.-
S.9.