Qırğız
ədəbiyyatı
4-cü yazı
“Gün var əsrə bərabər” Ç.Aytmatov yaradıcılığında fantastik süjetlər əsasında yazılmış ilk romandır. Əsərdə fantastika həyatı daha geniş dairədə görmək və dərk etmək üçün işlədilən metaforadır. Onu da qeyd edək ki, Ç.Aytmatov müsahibələrinin birində Azərbaycan dilinə tərcümədə əsərin adının bu şəkildə olması ilə razılaşmadığını bildirib. Belə ki, romanın rus dilindəki adında (“İ dolşe veka dlitsa den”) “gün” (den) sözünün ehtiva etdiyi məna müsbət anlamda işlədilməyib. Əsərdə “əsrdən betər”, “başa çatması əsr qədər davam edən”, “başa çatıb qurtarmayan, əsrə bərabər bezdirici, yorucu və sitəmli gündən” söhbət gedir.
Boranlı Yedigey əsərin baş qəhrəmanıdır. “Hər günü bir əsrə bərabər” olan bu müdrik insan xalq ruhunun ifadəçisidir. Yedigey zəhmətsevər insandır. Onun düşüncələrində əsas yeri mənəviyyata, insanlığa zidd olan problemləri həll etmək tutur. Müəllif bu problemləri həll etməkdə öz qəhrəmanının mənəvi gücünə inanır, eyni zamanda ona etibar edir, bir növ onun simasında özünü görür. Ç.Aytmatovun öz sözləri ilə desək “Yedigey, necə deyərlər, dünyanın yükünü çiynində saxlayan adamlardandır. Mənim anlayışıma görə o, öz dövrünün adamıdır. Öz dövrünə qırılmaz tellərlə bağlıdır. Onun qiyməti də məhz elə bundadır ki, öz dövrünün oğludur.
Romanda qarşıya qoyulan problemlərə bu keçmiş cəbhəçi, hazırda dəmiryol fəhləsi olan şəxsin taleyinin prizmasından baxmağa, bu problemləri onun anlayışı, onun gözü ilə həll etməyə çalışmışam. O, məhz bu keyfiyyətlərinə görə də mənə vacib olmuşdur. Mən bu işi öz anlayışım səviyyəsində həll etməyə çalışmışam”.
Ç.Aytmatov Yedigeyin zəhmətkeş və həyatsevərliliyini bütünlükdə insanın mənəvi aləminin zənginliyi, eyni zamanda şəxsiyyət amili ilə sıx bağlayır. Ona görə də əsərdə Yedigeyin “zəhmət adamı” obrazı onun “təsərrüfat adamı” olmasında açıqlanmır, mənəvi aləminin zənginliyində üzə çıxır. “Boranlı Yedigey təkcə öz təbiəti və məşğuliyyət tərzinə görə zəhmət adamı olaraq qalmır. O, ruhən zəhmətkeşdir. Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir” (Ç.Aytmatov).
Məs., Sarı-Özək kosmodromundan göyə qalxan kosmik raketin məhz niyə gecə vaxtı uçuşa başlaması, onun içində neçə nəfər heyətin olması, indiyə qədər belə uçuşları nəyə görə müşahidə edə bilməməsi və s. barədə Yedigeyin özü-özünə verdiyi suallar əsərdə səslənən çoxsaylı sualların yalnız cüzi bir hissəsini təşkil edir. Maraqlıdır ki, oxucu üçün onun xarakteri daha çox “suallar dünyasında” formalaşan təəssüratlarda açılır. “Gün var əsrə bərabər” romanında Yer kürəsinin dərinliklərindən tutmuş kainatın ənginliklərinə qədər uzanan, onu idarə etmək iqtidarında olan insan zəkasının şər işlərə, müharibələrə “qida verməsi” pislənilir. Müəllif əsərdə öz məqsədini “Lesnoy qrud” planetindən yerdəki “şər işləri” müşahidə edən kosmonavtların fikirləri əsasında təqdim edir. İki müxtəlif dövlət və müxtəlif ideologiya təfəkkürünə malik kosmonavtlar (Sovet-Amerika) başqa planetdə düşüncə, əqidə birliyi nümayiş etdirirlər. Onlar göydə yerdəki kimi düşünmürlər. “Lesnoy qrud” planeti sakinlərinin bəşəri düşüncə tərzi onlarda fikir dəyişikliyinə səbəb olur. Çünki səma planetinin adamları yerdəki insanların ərazi, sərvət uğrundakı müharibələrinə təəssüf edirlər. Romanda hər cür ədaləti və rəqabəti yer üzərindən yox etmək arzusu və onunla bağlı suallar bəşəriyyətin maraqları səviyyəsindən təqdim olunur. Bu cəhət müəllifin əsərlə bağlı fikirlərində də əksini tapır: “Bu gün ən proqressiv fikir, ancaq beynəlxalq gərginliyin azaldılması fikri ola bilər. Bu gün bundan daha məsul bir vəzifə yoxdur. Bəşəriyyət sülh şəraitində yaşamağı öyrənə bilməsə, məhv olub gedəcək”.
Ç.Aytmatov bəşəriyyətin gələcək taleyində insan zəkasının rolundan danışarkən, onun milli-mənəvi etnik təfəkkür formasının bu taledəki təsir roluna da böyük diqqət yetirir. Bu mənada manqurdlaşma yaddaşı itirmə prosesi ilə bağlı əsərdə səslənən əfsanədə bir xalqı bağlı olduğu tarixdən, milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq siyasəti tənqid edilməklə, millətin həyatındakı faciə göstərilməklə yanaşı, həm də bəşəriyyəti müstəmləkəyə, işğala sürükləyən məhkumlar ordusu yaratmaqla onları istismar edən qüvvələr ittiham edilir. Çünki əsərdə juan-juanların işğal etdikləri ərazidəki gənclərin başına dəri keçirib onların beyinlərini sıxmaqla yaddaşdan məhrum etmək planları kökündən, tarixindən ayrılmış bir xalqın timsalında istismara məhkumluğunun göstəricisidir. Müəllif əsərə yazdığı müqəddimədə bu fikri belə təsdiqləyir: “Ta qədimlərdən bu günə kimi insanı fərdi keyfiyyətlərdən məhrum etmək imperiya, imperialistlər və hegemonçuluq iddiasında olanların məqsədi olmuşdur.
Keçmişini unudan adam dünyada öz yerini, mövqeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır. Öz xalqının və başqa xalqların əldə etdiyi tarixi təcrübədən məhrum edilmiş adam tarixi perspektivdən kənarda qalır, yalnız bu günün qayğısı ilə yaşamağa qabil olur”.
Əsərdə tarixin yaddaşı, milli yaddaş heykəli Nayman Ana ilə manqurdlaşmış oğlu Joloman arasında gedən söhbət milli faciənin ən yüksək nöqtəsi kimi təqdim olunur. Milli yaddaşsızlıq manqurdlaşma nəticəsində Joloman nə anasını, nə atasını, nə tayfasını, nə də özünü tanıyır. Buna görə də sual kimi səslənən ananın etirazlarında bir milli harayın sədaları eşidilir: “Torpağı almaq olar, malı-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, deyə ana söylədi, ancaq adamın hafizəsinə kim qəsd eyləyə bilər, bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa bunu insanların beyninə necə salmısan?! Məgər dünyada zülm, şər azdır?!”
Müəllif Nayman-Ananın oğlu tərəfindən oxla vurulub öldürülməsini əsərdə milli maraqla totalitar maraqların toqquşması kimi dünyanın ən böyük “zülm-şəri” hesab edir. Nayman Ananın basdırıldığı Ana-Beyit (Ana məskəni) qəbiristanlığının dağıdılmasına Yedigeyin etiraz və harayı da mahiyyət etibarı ilə bu toqquşmanın davamını xatırladır. Müəllif yaşadığımız əsrin ən böyük faciəvi ziddiyyətini də totalitar maraq sahiblərinin əməlləri ilə bağlayır. Əsərdə manqurdlaşmış Sabitcan, Taksınbayev və s. obrazlar bu əməlləri həyata keçirən icraçılardır. Ç.Aytmatov romanda Yedigey və Sabitcanı qarşı-qarşıya qoymaqla dünya ziddiyyətlərinin mənzərəsi fonunda milli mənəviyyata imperialist maraqların təcavüzünü əks etdirmişdir. Və əslində müəllif əsər boyu maraqlı gedişlə ümumiləşmədən fərdiliyə və əksinə fərdiləşmədən ümumiləşməyə keçidi təmin etmiş, hadisələrin təsir gücünü artırmışdır. Bu əsərdə də müəllif imperiya və hegemonçuluq şəraitində milli unutqanlıq faciələri ilə üz-üzə dayanan adamların həyat problemlərini ön plana çəkir. Buna görə də əslində dünyanın heç bir yerində olmayan Sarı Özək və Nevada kosmodromları həyatın iki tərəfinin qəbul edilmiş şərti anlamındadır. “Gün var əsrə bərabər” romanında tarixilik, tarixi dəyərlər ictimai mövcudluğun şərti kimi verilir”. Yazıçı bu şərtilik daxilində Yer kürəsinin gələcək taleyi üçün zəhmət adamının daşıdığı məsuliyyəti onun özünə xatırlatmaq istəyir. Əsərdə səslənən “biz hara gedirik, bu yol bizi hara aparıb çıxaracaq?” sözləri müəyyən mətləblərə aydınlıq gətirmək baxımından səciyyəvidir.
“Çingiz xanın ağ buludu” povesti “Gün var əsrə bərabər” romanına əlavə kimi yazılıb. Çünki Ç.Aytmatov “Gün var əsrə bərabər” romanında qələmə aldığı repressiya mövzusunu “Çingiz xanın ağ buludu” povestində davam etdirir. Əsərin qəhrəmanı Abutalıb repressiya qurbanlarının ümumiləşdirilmiş obrazıdır. Abutalıb xalq təmsillərini, rəvayətlərini və s. toplayaraq xalqın keçmişini qorumağa və gələcək nəsillərə ötürməyə çalışır. Bu hal sovet rejiminin əleyhinə olan addım kimi qiymətləndirilir və o, həbs edilir. Əsərdə təqdim olunan Tansıkbayev sovet rejiminin təmsilçisidir. Onun yeganə məqsədi insanları sovet rejimi qarşısında günahlandırmaq və onları həbs etdirməkdir. Müəllif əsərdə Çingiz xanla Stalin dövrünü müqayisə edərək göstərmək istəmişdir ki, bütün zamanlarda totalitarizm bəşəriyyət üçün fəlakətdən başqa bir şey deyil. “Çingiz xanın ağ buludu” povestində yazıçı türk mifologiyasından, adət-ənənə motivlərindən məharətlə itifadə edib, onları milli-mənəvi aspektdən dəyərləndirib.
Ç.Aytmatov xalqına qəlbən bağlı olan, onun keçmişinə, bu gününə, gələcəyinə biganə qalmayan görkəmli yazıçı və böyük şəxsiyyətdir.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 10
sentyabr.- S.14.