MUSA CƏLİL – XX yüzil
tatar ədəbiyyatının
tanınmış nümayəndəsi
Musa Cəlil (Zalilov) 2 fevral 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonunun Mustafın kəndində anadan olub. Əvvəlcə Mustafın kənd ibtidai məktəbində, 1913-1918-ci illərdə isə Orenburq şəhərində fəaliyyət göstərən “Hüseyn” mədrəsəsində təhsil alıb. O, uşaq yaşlarında ikən atadan yetim qalmış Musa Cəlil, ailəni dolandırmaq məqsədi ilə ağır zəhmətə qatlaşmağa məcbur olub.
Musa Cəlil ilk şeirini 8 yaşında yazıb. Şeirləri ilk dəfə 1919-cu ildə dərc olunub. M.Cəlil 1919-cu ildə komsomol sıralarına daxil olmuş, komsomol fəalı kimi tanınıb. O, Rusiyanı bürüyən vətəndaş müharibəsinin faciələrini gözləri ilə görüb, gənc olmasına baxmayaraq, siyasi proseslərin önündə gedib. 1921-ci ildə ölkədə kütləvi aclığın başlaması nəticəsində M.Cəlil doğma kəndini tərk edir və Kazan şəhərinə köçür. O, 1923-cü ildə Kazanda rabfaka (fəhlə fakültəsi) daxil olur, 1927-ci ilə qədər Orsk və Orenburq komsomol təşkilatlarında çalışır. M.Cəlil 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra əvvəlcə “Balaca dostlar” adlı tatar uşaq jurnalının redaktoru, daha sonra “Kommunist” qəzetinin redaktor müavini olub. Bu dövrdə o, intensiv şəkildə yaradıcılıqla məşğul olub, müəyyən sayda şeir, poema, mahnı mətni, ballada, opera librettosu və publisistik əsərlər yazıb. Musa Cəlil 1935-1938-ci illərdə Tatarıstan Dövlət Opera Studiyasında, 1939-cu ildən 1941-ci ilə qədər Tatarıstan Yazıçılar İttifaqının sədri vəzifəsində işləyib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ildə cəbhəyə gedib, Volkov cəbhəsinin orqanı olan “Otvaqa” qəzetində cəbhə müxbiri vəzifəsində çalışıb.
M.Cəlil 25 iyun 1942-ci ildə Volkov cəbhəsinin Qluxar Krest çayı sahilində partlayış dalğası nəticəsində ayağından yaralanır, faşistlərə əsir düşüb. Vətənpərvər şair 1942-ci ildə Çuss, 1943-cü ildə Radom-Yedlina, 1944-cü ildə Tegel və s. düşərgələrində məhbəs həyatı keçirsə də, işgəncələrdən qorxmayaraq Qumerov familiyası altında gizli şəkildə fəaliyyət göstərir, əsirlərin düşərgədən qaçmasına kömək göstərir.
Moabit zindanxanası Musa Cəlil üçün daha çox işgəncə və sınaq meydanı olur. Müharibədən sonra onun kamera yoldaşlarının Moabit ölüm zindanında şairin işgəncələr qarşısında qeyri-adi dözümlüyü və iradə möhkəmliyi haqqında dediklərinə heyrət doğurmamaq qeyri-mümkündür. Musa Cəlil anti-faşist təbliğatı aparmasına və əsirlərin kütləvi şəkildə düşərgədən qaçmasını təşkil etdiyinə görə ölüm cəzasına məhkum edilir, 25 avqust 1944-cü ildə Pletsenze həbsxanasında gilyotin üsulu ilə başı kəsilir. Lakin müharibədən sonra ona vətən xaini damğası vurulur, ailə üzvləri Tatarıstandan sürgün edilir. Xoşbəxtlikdən Musa Cəlilin ölüm düşərgələrində yazdığı şeirlər itmir, onların bir qismi məhbəs yoldaşları tərəfindən qorunub saxlanılır. 1946-cı ildə şəxsiyyəti haqqında məlumat verməyən bir şəxs onun şeirlərini Tatarıstan Yazıçılar İttifaqına təqdim edir. 1949-cu ildə M.Cəlilin belçikalı əsir yoldaşı Andre Timmermans şairin ərəb əlifbası ilə yazılmış şeirlərini (M.Cəlil bu şəxsə bir neçə şeir həsr edir) SSRİ-nin Brüsseldəki səfirliyinə çatdırır, onun anti-faşist fəaliyyəti barədə məlumat verir. 1956-cı ildə M.Cəlilə bəraət verildiyi üçün vətən xaini damğası üzərindən götürülür, əsərlərinin çapına, bədii irsinin tədqiqinə qoyulan qadağalar ləğv edilir. Musa Cəlilin əsirlikdə bir yerdə olduğu həmyerlisi Qimran Təlqətov 1956-cı ildə onun şeirlər kitabını çap edir. Musa Cəlil 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına, Moabit zindanxanasında yazdığı şeirlər əsasında 1957-ci ildə çap olunmuş kitabına görə isə Lenin mükafatına layiq görülür.
Musa Cəlil XX əsr tatar ədəbiyyatında lirik şeirlər, epik poemalar, librettolar, felyetonlar və publisistik əsərlər və s. müəllifı kimi şöhrət tapmış, əməlləri ilə qəhrəmanlıq, dözüm və Vətənə sədaqət simvoluna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın xalq şairi S.Vurğun M.Cəlilin qəhrəmanlıq taleyini Bayronun, Petefinin və Yulius Fuçikin taleyi ilə eyniləşdirib, yaradıcılığı və hünərpərvər ölümü ilə ölməzliyə qovuşduğunu qeyd edib.
M.Cəlil lirikası tatar poeziyasının zirvəsi hesab olunur. Onun lirikasının siyasi tutumu olduqca böyükdür. Uşaqlıq dövrünün keşməkeşləri, vətəndaş və Böyük Vətən müharibəsinin faciələri Musa Cəlil yaradıcılığında ağrı qatı əmələ gətirib, siyasi pafosu gücləndirmiş, onu tribun şairə çevirib.
Mənim həyatım-xalqın nəğəsi,
Mənim ölümüm-döyüş cəngəsi.
M.Cəlil böyük amal şairidir. O, özünü insanlığm əsgəri hesab edir. Azadlıq yolunda mübarizə aparmaqdan qorxmayan şair qul olmaqdansa, ölməyi üstün tutur. M.Cəlilin 15 yaşmda yazdığı “Müqəddəs diləklər” şeirində üsyankar şairin ictimai-siyasi baxışlarının yetkinliyi açıq-aşkar hiss olunur:
Azad bir qüşətik, qalxıb uçarıq,
Ən uca, ən parlaq zirvələrdə biz,
Bütün xalqlar üçün yollar açarıq.
Bütün diləklərə yetərik şəksiz.
Ölüm-dirim cəngi getdiyi yerdə
Səmum
da, tufan da bizi saxlamaz,
Assalar, kəssələr, öldürsələr
də
Bizi heç
bir zaman qul etmək olmaz.
“Moabit dəftəti”
şeirlər silsiləsi
M.Cəlil yaradıcılığının
zirvəsi və şairin qəhrəmanlıq
ruhunun təcəssümüdür. 1942-1944cü illərdə həyatla ölüm arasında qələmə alınmış
bu silsilədə vətənə sədaqət,
qələbəyə inam,
düşmənə nifrət
hissləri poetik ümumiləşmədə əksini
tapa bilib. Bu silsiləyə daxil olan “Yaz gələr”,
“Elim-obam”, “Oğluma”,
“Yaz iməciliyi” və s. kimi onlarla şeirlərdə vətən gözəlliklərinin
tərənnümü ilə
yanaşı, yurd həsrəti, vətənə
qovuşmaq istəyi özünəməxsus ifadədə
diqqəti cəlb edir, oxucunu təsirləndirə
bilir.
Səninçün burnumun ucu göynəyir,
Yarı canım qalıb o bağça-bağda.
Doğma
yurd!
Qar altda yatan güllərin
Bahar günəşini arzulamaqda...
“Moabit dəftəri” şeirlər silsiləsində
şair qəlbinin dərinliklərində yer
alan vətən
sevgisini görməmək
mümkün deyil. Qəribədir ki, M.Cəlil
bu gündən sabaha yaşamaq ümidini itirsə də, qələbəyə
olan inamını itirmir, düşmənin məğlub olacağına
şübhəsiz yanaşır.
Düşmən önündə
əyilməməyi, vətən
andına sadiq qalmağı, yurd üçün qurban getməyi hər şeydən uca tutan şair “Quşcuğaz”, “Yalnız,
yalnız azadlıq”,
“Mənim nəğmələrim”,
“Azadlıq” və s. şeirlərində əsl
vətəndaş mövqeyini
nümayiş etdirir, bir növ “nəğmələri
ilə düşməni
məhv etməyi” bacarır:
Azad yaşamağı öyrətdi
nəğməm,
Ölərkən əyilmə! söylədi təkrar.
Qəmli
bir nəğməydi
həyatım mənim,
Elə ölümüm
də bir nəğmə olar.
Musa Cəlil şeirlərində
düşmənə nifrət
hissi ümumbəşəri
səciyyə daşıyır. Müharibələrə,
qan tökməyə etiraz, haqqın qələbəsinə inam
onun poeziyasında şair idealı kimi səslənir:
Qoy düşmən bilsin ki, içdiyi qanlar,
Axıtdığı yaşlar, kəsdiyi başlar.
Dönər intiqamın od qılıncına
Odu öz başına yağmaya başlar.
Musa Cəlilin müharibə
dövrü yaradıcılığında
ailə-məişət və
sevgi mövzulu şeirləri daha çox şairin qəlbinə hakim kəsilən
lirik duyğularının
tərənnümünü əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Musa Cəlil bu şeirləri qələminə tikan sarılmış ölüm
düşərgələrində yox, sanki müharibəsiz
dünyanın sakit guşələrindən birində,
ruhən bağlı olduğu azad vətənində qələmə
alıb:
Aylı
bir gecədə, çay qırağında,
Yenə canan ilə qoşayıq, qoşa.
Sarılır boynuma, oxşayır
məni,
Bəxtəvər olmuşuq, verib baş-başa.
(“Birə”, 1943)
və ya
Açıram gözümü, gözəldir
dünya,
Şadlıq, şənlik saçır
işıqlı aləm,
Uçmaq istəyirəm əngin
səmaya
Elə bil həyata təzə gəlmişəm.
(“'Sağalandan sonra”, 1943)
“Moabit dəftəri” kitabında yer alan “Xədicə”
şeirinin maraqlı mövzusu vardır: Bir gün Xədicə
bağçaya gəzməyə
gedir və gec qayıdır. Xədicənin bağçada gəzdiyini
bilmədiyi üçün
qarovulçu qapını
bağlayır. Xədicə evə getmək üçün divardan aşmağa məcbur olur. Bu zaman
onun paltarı ətək hissəsindən
cırılır. O, səhər
tezdən işə getdiyinə görə ətəyini tikə bilmir. Ətrafdakılar bunun təzə
dəb olduğunu zənn edib, öz ətəklərini
həmin hissədən
kəsib geyməyə
başlayırlar. Şeirin son iki
bəndində “yeni dəb macərasının”
poetik mənalandırılmasındakı
incə yumor diqqətdən yayınmır.
Ay Xədicə, Xədicə!
Evə qayıtdın gecə,
Bir günün içindəcə
Dəb çıxartdın gör
necə!
Qızlar,
gecə gəzməyin,
Hasarları aşmayın,
Ətəkləri qısaldıb –
Dəbdir!- deyə çaşmayın!
1943-cü
ilin may ayında yazılmış “Aşiq
və inək” şeirinin məzmununda sanki bir “Leyli
və Məcnun” əfsanəsi yatır: Oğlanın sevdiyi qıza hədiyyə etdiyi gül dəstəsi pəncərədən
aşağı atılır.
Bu zaman bir
başqa inək gülləri yeyir. Bunu görən oğlan əsəbiləşir. Amma
biləndə ki, sevdiyi qız həmin inəyin südündən, qaymağından
istifadə edir, öz nəfəsi və gülün ətri inəyin südünə qarışsın
deyə inəyə yemək üçün gül dəstəsi gətirir:
İnəyə baxdıqca təsəlli
tapdım,
Yığdım təzə çiçək,
təzə hədiyyə,
Qızın yox, inəyin yanına çapdım,
Öpdüm qaşqasından: Buyur,
dedim, ye!
Musa Cəlil poeziyasının mövzu dairəsi genişdir. Zindanda ölümün gözlə qaş arasındakı məsafəsi şairin sevib-sevilmək, yaşamaq duyğularının ahəngini poza bilməyib. Ona görə də bu poeziyada onun belçikalı dostu Andre Timmermansa (“Yeni il dəftərləri”, “Hədiyyəm”), yuxularında, xəyallarında görüşdüyü, bağrına basdığı övladlarına (“Zindanda yuxu”, “Ana bayramı” və s.), məhəbbətin tərənnümünə (“Sevgilimə”, “Əzizim”, “Bəla”, “Qızın sevib seçdiyi”, “Sevgi”, “Bir qıza”, “Aşiq və inək”) və s. həsr etdiyi şeirlərində həyatdan zövq alan, yaşamaq eşqi ilə çırpınan ürəyinin döyüntülərini nəinki hiss edir, həm də insanlara təsirinin şahidinə çevrilirik.
Həyatda hər şeydən əzizdir mənə
Sənin məhəbbətin, sənin ülfətin.
Əgər gözləməsən, unutsan, gülüm,
Çətin yaşayaram cahanda, çətin!
Eşqin qarşısında diz çökür ölüm,
Üzmə ümidini, məni gözlə sən.
Sudan, oddan çıxıb gələrəm, gülüm,
Əgər məni sevsən, məni gözləsən.
Musa Cəlilin bədii irsi tatar xalqının milli-mənəvi dəyərlərini zənginləşdirmiş, əbədiyaşar sənət nümunəsinə çevrilib.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 12
sentyabr.- S.14.