Bəxtiyar Vahabzadə poeziyasında insanzaman konsepsiyası 

 

 2-ci yazı

 

Bəxtiyar Vahabzadənin zahiri görünüşü, davranışı, danışığı, hadisələrə baxışı da özünəməxsus idi. Və şairin sənətini bu amillərdən ayrı təsəvvürə gətirmək mümkün deyil. Bəxtiyar Vahabzadəyə bəxtiyar şair kimi baxanlar yanılırdılar. Çünki o bəxtiyar olmağa can atmaq üçün dünyaya gəlməmişdi. Narahatlığının, üsyankarlığının bir səbəbi də bunda idi. Başqa sözlə, onun bəxtiyarlığı ancaq sözlərinin sərrastlığında, hədəfə dəyməsində idi. Əgər şəhidlərə həsr etdiyi əsərləriylə həmvətənlərinin qəlbində qəsbkarlara nifrət oyatdığını, xalqının bir yumruq kimi birləşdiyini görürdüsə, deməli, bəxtiyar idi. Şair insanların duyğu və düşüncələrinə güzgü tutmaqla sənətini yaşadırdı və bununla yaratdıqlarının ömrünü uzadırdı, daha doğrusu, əbədiləşdirirdı. Bəxtiyar poeziyası bir şəxsin narahatlığını deyil, başı müsibətlər çəkmiş böyük bir xalqın ümumiləşmiş duyğularını ifadə edirdi. Məhz bu mənada, onun əsərləri həyat dərsliyi rolundadır. O dərslikdən nələri öyrənirik? - sualını cavablamaq üçün böyük bir kitab azlıq edər.

Bəxtiyar Vahabzadə poeziyası sevib-sevilməyi, seçib-seçilməyi, tanıyıb-tanınmağı, qəflət yuxusundan ayılmağı öyrədir. Dostu, düşməni, mərdi, namərdi, özümüzü özümüzə tanıdır. O dərslikdə əsil insan kimi yaşamağın yolları göstərilir. Bəxtiyar Vahabzadənin poeziya dünyasına girən oradan vətənpərvər, üsyankar bir insan kimi çıxır. Şair hələ 50-60-cı illərdə məqam əlinə düşən kimi səsini ucaldırdı. O dövrləri yaşayanlar bilir ki, milli qürurdan bəhs açan bir kəlmə üstə adamın dilini bağlayırdılar. Hərdən Bəxtiyar Vahabzadənin səbir kasası elə dolurdu ki, dözməyib açıq-aşkar sovet imperiyasına meydan oxuyurdu, “Gülüstan” fəryadını qoparırdı:

 

Hanı bu ellərin mərd oğulları,

Açın bərələri, açın yolları.

Bəs hanı bu əsrin öz Koroğlusu

Qılınc Koroğlusu, söz Koroğlusu?

 

Söz Koroğlusuna çevrilib “dırnağı ətdən”, “ürəyi bədəndən”, “canı cəsəddən” - Azərbaycanı Azərbaycandan ayıranlara heykəl qoyanlara, şənlərinə təntənəli toplantılar keçirənlərə qılınc çalmaqla şair Nizaminin zahidi kimi əyninə kəfən keçirmişdi. Bu, Stalin zindanlarının qapılarının təzəcə açıldığı 1959-cu ildə deyilirdi. Çoxları tarı, kamanı, nağaranı utandırıb “Azərbaycan-Rusiya birliyi”nə nəğmələr qoşurdu, orden payı umurdu. Bəxtiyar Vahabzadə isə Arazın timsalında Vətən övladlarını ayıltmağa, üsyan qaldırmağa səsləyirdi:

 

Ey Araz, səpirsən göz yaşı sən də,

Keçdikcə üstündən çölün, çəmənin,

Səni arzulara sədd eyləyəndə,

Niyə qurumadı suların sənin?

 

bizim 90-cı il xalq hərəkatı dalğasının mayasında bu poemanın durması şübhəsizdir. Azərbaycan gəncləri “Gülüstandan keçib “Azadlıq” meydanına toplaşmışdılar... Zaman Bəxtiyar Vahabzadənin üsyanına hələ o çağlarda təslim olmuş, onu susdurub yox etməkdə aciz qalmışdı. “Məqamı ələ keçirməsi” həmin qarşılaşmadan sonra ortaya çıxmışdı. Zaman Bəxtiyar sözünün kəsəri qarşısında susmağa üstünlük verdiyi kimi, şair də öz yuvasına çəkilən, quyruğu tapdalanmış “əfi ilanın” qəfil çalmasına bələd idi. Bu səbəbdən, daha sözü üzə demir, “küləyə buraxır”dı, qananın qanması da kifayət idi.

Bəxtiyar Vahabzadəyə görə, “məqam tapmaq” nə idi? Başqa ölkələrə səyahətə çıxanda guya yadların, imperiyadan kənardakıların dərdindən bəhs açırdı. Ancaq yadellilərin dili ilə Azərbaycan türkünün dərdlərini dilə gətirirdi. “Öz ana yurdundan özünə təkcə, Torpağı qazdığın xış qaldı, qardaş!..” - deyəndə ispanı nəzərdə tutmurdu, həmin şəraitdə yaşayan həmvətənini dümsükləyib oyadırdı. Bilirdi ki, gec-tez yatmış millətin gözündən yuxunu qovsa, zamanın özünü diz çökdürəcək:

 

Ayağa qalxmışdır

artıq vətənin,

Qoy onun önündə

diz çöksün zaman.

 

Şair görürdü ki, xalqı yuxuya verənlər “öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlardı”, elələri ilə nə o çağlarda, nə də sonralar barışmışdı:

 

Qəlbinizi oxşamır

qoşmalar, telli sazlar,

Bunlar qoy mənim olsun.

Ancaq vətən çörəyi,

Bir ana ürəyi.

Sizlərə qənim olsun. (1954)

 

Həyatın təzadlarını bədii dillə ifadə edəndə Bəxtiyar sənətinin özünəməxsusluğu daha qabarıq nəzərə çarpırdı. Siyasətin aynasında əyrilər düz görünsə , aynanın ki, üzü birdir!

Şairin narahatlığına səbəb olan ümdə məsələlərdən biri Vətənin ikiyə bölünməsi idi. Azərbaycan adlı yurdun bu ağır dərdinə çoxları əsər həsr edib. Lakin Bəxtiyar Vahabzadə qədər kökündən baltalayan olmayıb. Bəlkə sovet məkanında yaşadığımız çağlarda onun ən böyük arzusu Araz üstündə çoxlu “el keçən körpülərin salınmasıidi. Hələ 1962-ci ildə yazırdı ki:

 

Arazın

Bu tayı Vətənim,

O tayı Vətənim.

Vətəni görməyə amanım

yox mənim...

 

qibtə edirdi ki, Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı, o isəVətəndən - Vətənə baxır”. Əlində silah əqidəsi yolunda vuruşmalarda ölməyə belə hazır olan şair ömrünün boranda, qarda ötüşməsiylə razı idi, təki xalqınınsirdaşı olmasın fəryad, ah...” Sonraşəhidlər yarasıbunun üstünə gəlmişdi.

 

Kimə deyim dərdimi?

Qəsbkar namərdəmi?

Yetmiş ilin dərd-qəmi

Gözdən axdı o gecə.

 

O dövrdə Sovetlər İttifaqında dövlətin yüksək mükafatlarını almış şairin dilindən ittihamnamə eşidəndə partiyafunksioner”ləri bəlkə bir şeyə heyfslənirdilər. Bəxtiyar VahabzadəninGülüstandeyən dilini kəssəydilər, “bu gün cınqırını çıxardan tapılmazdı”. Eşitdiyimə görə, şair o çağlarda imperiya nökərlərinin onaverdiyi təltifləriitin ağzına atılan sümüyəbənzətmişdi.

 

Bəxtiyar Vahabzadə bir sözü kombinasiyalara uğradaraq elə poetik strukturlar, modellər yaradırdı ki, orada eyni hal müxtəlif funksiyalarda çıxış edirdi:

 

Əyri əyriliyi yeridir daşa,

Keçib əyriliklə

hamıdan başa.

İki misradaəyrisözü üç dəfə işlənir. Lakin hərəsi bir yükün daşıyıcısıdır: birinciəyriicraçıdır - onunəyrilikləri daşa yeritmək”dən başqa əlindən heç gəlmir, ikinci vasitədir - əyriliyi ilə daşlara da təsir göstərir, üçüncü isə mütləq-hakimdir - əyri işlərlə keçib oturur hamıdan başda. Yalnız Bəxtiyar qüdrətiylə eyni söz kiçik poetik fiqurun (həmin şeirdə iki misranın) içərisində fərqli məna tutumlarına malik ola bilirdi. Klassik fəlsəfi şeirdə forma, struktur ikinci dərəcəli idi. Üstünlük məzmunun əlində cəmlənirdi. Onun əsərlərində isə hər ikisinin vəhdəti əsas götürülürdü:

 

Rəhbər cahildirsə, millət qafil,

Demək, bu məmləkət üz üstə batmış.

Millət , rəhbər oyanan deyil,

Oyada bilərmi yatmışı yatmış?

 

1990-cı ildə xalqının başına açılan müsibətlərin səbəbkarına üzünü tutub dediyi bu misralarda nifrətinin həddi-hüdudu yoxd idi. Lakin həmin nifrətin mayasında da insanları qəflət yuxusundan oyatmaq dururdu. Bir il sonra isə Qərbi Azərbaycan ellərini, Qarabağı köklü insanlarından təcrid etməkdən ötrüsiyasət oyunlar”ında uduzanlara deyirdi ki:

 

Köksümüzdə sinə dağı,

Biz yaşadıq qul sayağı.

Gələn satdı bu torpağı

Dədəsinin malı kimi.

 

Xalqın ürəyi geniş olduğu qədər sadəlövhdür, bağışlayandır. Bəlkə üstünə yağan dərdlərin çoxluğundan yaddaşları tez don vurur. Şair buna görə bərk narahat idi. Azərbaycanın taleyində çox hadisələr baş vermişdi ki, onları heç vaxt yaddan çıxartmaq olmazdı. Müsibətləri unutduqca düşmən qüvvətlənir. Bu mənada, Bəxtiyar Vahabzadə poeziyası ana laylasını əvəzləməyir:

 

Dedim, silinməsin

bu qan, bu qada,

Bir güllə izi

dağ-daşımızdan.

Yalnız bu günə yox,

biz sabaha da

Güzgü tutmalıyıq

yaddaşımızdan.

 

Bəxtiyar Vahabzadənin poeziya dünyasının mövzu dairəsində nələr yoxdur: qəm var, sevinc ; məhəbbət var, məkr ; sədaqət var, xəyanət ; razılıq da var, etiraz da; keçmiş var, bu gün ; mərdlik var, namərdlik ; inam da var, tərəddüd ; həyat da var, ölüm ; cənnət var, cəhənnəm ; gülüş var, ağlamaq da; ayrılıq da var, vüsal da; xeyir var, şər ; müdriklik var, nadanlıq da, ucalıq da var, alçaqlıq da... Amma ikincilər həmişə təslim vəziyyətdədir, zirvəni fəth etmək cəhdləri boşa çıxır, bəzən hökm, sərvət əllərində cəmlənsə , mənən cılız, yoxluğa, puçluğa məhkumdurlar.

Bəxtiyar sənətinin bir amalı ümumiləşmiş bir baş qəhrəmanı var idi - o da İstiqlaldır.

Sevgidən yazanda da şair istiqlal barədə düşünmüş ömrü boyu xalqının əsil istiqlala çatması uğrunda vuruşmuşdu. Onu zaman tale şairi adlandırmaq olar. ağrılı, şirinli, soyuqlu, istili anını dəyişmək, başqa axara salmaq mümkündür Zamanın. Şair öz işində olan Zamanla kəllələşirdi, çünki:

 

Nöqsanını üzə deyən

namərd deyil,

Kirayədə yaşadığın

ev yurd deyil.

Anan sənə ögey olsa,

bir dərd deyil,

Zaman sənə ögey olsa

vay halına!

 

Şair “zamanın diri-diri bizi dəfn etdiyidünyadan türkün tarixi taleyini qaytarmağı umurdu, çox hallarda məsələni tələb şəklində qoyurdu. Həmişə mərdliyə arxalanan, haqqa tapınan, qılıncdan çox elmə, mədəniyyətə, incəsənətə, muğama köklənən xalqının namərd dünyada yersiz, yurdsuz qalması, öz evində kirayəçi sayılması, torpağından qovulub çadırlarda ömür-gün çürütməsi, zülm, sitəm görsə də, üstünə “vəhşi” damğasının vurulması onun üsyankarlığını şiddətləndirirdi. Bəxtiyar Vahabzadənin narahatlığının bir əsas səbəbi də o idi ki, “Bərəkət tumu tək dörd ildən bəri, Əkirik torpağa biz şəhidləri”.

Bəxtiyar Vahabzadə təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının bütövlüyü, tamlığıdır. Onun sənətində qırğızın da, özbəyin də, türkmənin də, qaqauzun da duyğuları, düşüncələri, istəkləri əks olunub. Bəxtiyar poeziyası türkün üz ağlığıdır, qılıncdan iti söz çələngidir. Təsadüfi deyil ki, müasir dünya nəsrinin görkəmli nümayəndəsi Çingiz Aytmatov şairin yaradıcılığını iyirminci yüzilliyin zirvəsi sayırdı.

Çox vaxt biz öz dahilərimizi başqalarının gözü ilə kəşf edirik. Lakin bu gün bizim, yəni xalqın əksər hissəsinin Bəxtiyar Vahabzadəyə həm şair-sənətkar kimi, həm də ictimai xadim kimi inamı varsa, deməli, gələcəyə ümidimizi itirməmişik. Azərbaycan xalqı bir dizini yerə qoymağa məcbur edilsə də, yıxılmadı, gücünü, əzmini toplayıb bir gün azğın düşmənə qalib gələcək, torpaqlarımızı geri alacaq, birliyimizi təmin edəcək, Bəxtiyar Vahabzadənin də arzuları gerçəkləşəcək.

 

Ramazan QAFARLI

filologiya elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2020.- 17 sentyabr.- S.14.