“Azərbaycan” qəzetinin səhifələrində - 41-ci yazı
***
Pişəvəri: "Mənasız sözlər
Axır vaxtlarda bəzi Tehran qəzetlərində mənim dilimdən bəzi sözlər yazırlar ki, mənim ruhumun onlardan xəbəri yoxdur. O cümlədən “İrane-ma” (Bizim İran – red.) qəzetində İsmayıl Purvəli imzası ilə yazılan məqalələrdir ki, tamamilə mənim əqidəm və səliqəm ilə fərqli ruhda yazılmışlar.
Mən, öz düşüncə və əqidələrimi firqəmizin rəsmi bəyannamələrində və Milli Hökumətin qanun və elanlarında aydın və aşkar surətdə bəyan etmişəm. Onlardan xaric və onlarla fərqli olan fikir və əqidələri hər kəsin və hər qəzetin vasitəsi ilə olursa olsun, ciddi surətdə təkzib edirəm.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbri, say 159, 28.03.1946
***
Tarixi elanlarımızdan
Ali təhsilin genişləndirilməsi
və onun ilkin şərtlərinin hazırlanması üçün
Maarif Nazirliyi tərəfindən 25 mart 1946-cı il tarixindən
etibarən “Firdovsi” orta məktəbində 6 aylıq axşam kursları təşkil edilməlidir. Bu kurslara
orta məktəbin
5-ci sinfini bitirmək barədə təsdiq sənədinə sahib olan
və ya ibtidai siniflər üçün daneşsəranı
(gimnaziyanı – red.) bitirmiş
olan xanımlar və cənablar qəbul olunurlar. Onlar üçün həmin kurslarda orta məktəbin 6-cı sinfinin
təbiət, riyaziyyat
və ədəbiyyat
kimi fənnləri tədris olunur. 6 ayın başında aidiyyatı fənnlər üzrə imtahanları vermək şərti ilə könüllülər
universitetin birinci kursuna daxil ola bilərlər. Könüllülər ad yazdırmaqdan ötrü
hər gün (tətil günlərindən
savayı) sübh saat 8-dən 12-yə qədər
gələ bilərlər.
Maarif Nazirliyində təhsil idarəsinə mürəciət
etsinlər.
Azərbaycanın Maarif naziri Biriya.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
“İzvestia” qəzetsindən:
İran məsələsi
İranda
xarici imtiyazlar
1921-ci il 26 fevral
tarixli müqaviləyə
görə Sovet İttifaqı özünün
İrandakı mədən,
neft, yol və digər imtiyaz hüquqlarından imtina etdi ki,
həmin hüquqlar keçmişdə Rusiyaya
verilmişdi. Bu imtina çox əhməliyyətli bir şərtlə edilmişdi.
Bu şərtə görə,
İran hökuməti
bu imtiyazları heç bir 3-cü dövlətin və yaxud onun vətəndaşlarının
ixtiyarına, sərəncamına
və yaxud istifadəsinə verməməyi
öhdəsinə götürmüşdü
(1921-ci il müqaviləsinin 13-cü maddəsi).
Belə bir şərt Sovet İttifaqının öz yeni müdafiə
mənafeyi üçün
irəli sürülmüşdü. Məlum olduğu
üzrə, sabiq rus imtiyazlarının əraziləri Bakı və Sovet Türkmənistanının
neft dairələri ilə yanaşı olaraq birləşmişdir.
Buna görə də onlar Sovet
Sosialist Respublikaları
İttifaqının müdafiə
sistemində 1-ci dərəcəli
əhəmiyyətə malikdirlər.
Britaniya qoşunlarının Sovet
Azərbaycanı və
Sovet Türkmənistanı
əleyhinə etdikləri
silahlı müdaxilə
zamanı (1918-1920-ci illər)
bu ərazilərin mühüm həyati-strateji
əhəmiyyəti xüsusilə
aşkar olundu.
Müdaxiləçilərin qoşunları məhz İrandakı sabiq rus imtiyazı ərazisindən keçən
yollardan istifadə edərək Bakıya və Aşqabada soxuldular. 1921-ci il müqaviləsi bağlanarkən
bu hər kəsin çox yaxşı yadında idi.
Buna görə tamamilə
təbiidir ki, Sovet İttifaqının həyati əhəmiyyətli
mərkəzləri ilə
İranın qonşu
olduğunu və onun Qafqaz və
Türkmənistan əleyhinə
xarici silahlı müdaxilə üçün
bir meydan olduğunu nəzərə
alaraq Sovet hökuməti İrana qaytarılan imtiyazların
xaricilərə verilməməsini
təkid etdi. Sovet hökuməti
ona öz cənub sərhədlərinin
təhlükəsizliyini təmin
edən aydın bir şərt kimi ədalətcəsinə
baxır. İran hökuməti
göstərilən şərtləri
öz öhdəsinə
götürdü. Lakin
bir az
sonra məlum oldu ki, İran
hökuməti bu öhdəliyi yerinə yetirmək niyyətində
deyildir.
İran hökuməti 1921-ci il müqaviləsi bağlanandan sonra dərhal sabiq rus imtiyazlarını xarici neft şirkətlərinə vermək yoluna düşərək beləliklə 1921-ci il müqaviləsini pozmaqla Sovet Sosialist Respublikaları İttifaqının təhlükəsizlik mənafeyinə zərər vurdu.
Təzəcə bağlanan Sovet-İran müqaviləsinin mətnindəki mürəkkəb hələ qurumamış İran hökuməti həmin 1921-ci ilin noyabr ayında məşhur Amerika şirkəti “Standart oil”a neft imtiyazı vermək haqqında Məclisə (Parlamentə - red.) qanun layihəsi verdi. İmtiyaz 50 il müddətinə verilərək İranın şimal əyalətləri ərazisini: Xorasanı, Qorganı, Mazandaranı, Gilanı və Azərbaycanı, yəni Sovet İttifaqının bütün cənub sərhədləri boyu birləşmiş əyalətlərini əhatə edirdi. İmtiyazın şimal sərhəddi bilavasitə Bakının yaxınlığından keçirdi.
“Standart Oil” imtiyazına bir çox sağ rus imtiyazlarının ərazisi daxil olmuşdu. Buna görə, bu imtiyazların verilməsi 1921-ci il müqaviləsini kobudcasına pozmaq idi. Bundan da məqsəd Bakı neft dairəsi üçün təhlükə yaratmaq və Sovet İttifaqı ilə Birləşmiş Ştatların mənafeyini bir-biri ilə toqquşdurmaq idi. Yalnız Tehrandakı sovet nümayəndələrinin şiddətli etirazları nəticəsində İran hökuməti 1922-ci ildə “Standart oil” şirkəti ilə müqaviləni ləğv etdi.
1923-cü ilin dekabr ayında İran hökuməti İranın şimal əyalətlərində - Azərbaycanda, Mazanadaranda Qorganda və Xorasanda neft kəşfiyyatı aparmaq və istehsal etmək hüququnu Amerika neft şirkəti “Sinkler”ə imtiyaza verməklə təzədən 1921-ci il müqaviləsinin 13-cü maddəsini pozdu. İmtiyaz haqqındakı müqavilə yalnız ona görə yerinə yetirilmədi ki, şirkət müqavilənin şərtlərində İran üçün nəzərdə tutulmuş 10 milyon dollarlıq Amerika tərəfindən veriləcək borcu almağı təmin edə bilmədi.
Göstərilən neft imtiyazları “Standart Oil” və “Sinkler” şirkətlərinə İrandakı Amerika müşavirləri olan məşhur Şuster ilə Millsponun fəal iştirakı ilə verilmişdi. Şuster və Millspo bu şirkətlərə onların İrandakı fəaliyyətlərində hər cür kömək göstərirdilər.
İran hökuməti 1937-ci il yanvar ayında İranın şərq və şimal-şərq hissəsindəki 500.000 kvadrat km-ə yaxın sahəsi olan ərazini Amerika şirkəti “Delavar”a imtiyaza verməklə 1921-ci il müqaviləsinin 13-cü maddəsini 3-cü dəfə pozur. Bu imtiyaz həmçinin Qorqandakı sabiq rus imtiyazı ərazisini də əhatə edirdi. Şimalda isə yeni Amerika imtiyazı bilavasitə Sovet Türkmənistanın neft dairələri ilə həmsərhədd idi. Bütün sovet neft dairəsi üçün təhlükə və Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları mənafelərinin toqquşma təhlükəsini yaradırdı. Təbiidir ki, Sovet İttifaqı İran hökuməti tərəfindən 1921- ci il müqaviləsinin bu cür pozulmasına göz yuma biməzdi. Sovet hökumətinin etirazı nəticəsində Amerika şirkəti “Delavar” ilə bağlanan müqavilə sonrakı il ləğv edildi.
1939-cu ilin mart ayında İran hökuməti Hollandiya şirkəti “Algemeine Exploracity Maatschappa”ya neft və mədən imtiyazı verməklə 4-cü dəfə olaraq 1921-ci il müqaviləsini pozdu. Nəzərdə tutmaq lazımdır ki, bu şirkət İngilis-Hollandiya neft birləşməsi “Royal Dutch Shell”in doğma şirkətlərindən birisidir. Göstərilən İngilis-Holland neft birləşməsinin başçısı De’Terdi isə Sovet İttifaqı əleyhinə silahlı müdaxilə planlarını qızışdıranların ən nüfuzlusu kimi məşhur idi və ingilis imperialistlərinin Sovet İttifaqına düşmən olan dəstəsinə başçılıq edirdi.
Kəşfiyat işləri üçün müqavilə 3 il müddətinə, tapılan mədənləri istismar etmək üçün olan müqavilə isə 60 il müddətinə bağlanmışdı. İmtiyaza verilən yerlərin ümumi sahəsi 300 min kvadrat kilometrə yaxın bir sahəni təşkil edirdi. Bu imtiyazın şimal məntəqəsi Bakının bilavasitə yaxınlığında idi. İmtiyaz müqaviləsinin şərtləri əsasında şirkət imtiyaz ərazisində dəmir yolları, təyyarə meydanları və teleqraf xətləri, radio stansiyaları, yanacaq üçün əlavə anbarlar və sairələr inşa etmək hüququna malik idi. Bütün bunlar imtiyaz maskası altında Sovet İttifaqının təhlükəsizliyi əleyhinə yönləndirilmiş hücum meydanı hazırlamağa oxşayırdı. Şübhə yox idi ki, bu dairəni İngilis-Holland şirkətinə imtiyaza verməklə İranın hakim dairələri Bakı neft dairəsi üçün təhlükə yaratmaq və Sovet İttifaqı ilə Böyük Britaniya arasındakı münasibətləri kəskinləşdirmək niyyətində idilər. Bu imtiyaz yalnız Sovet hökumətinin möhkəm etirazları nəticəsində 1944-cü ildə, yəni imtiyaz verildiyi vaxtdan 5 il sonra ləğv edildi.
Sabiq rus imtiyazlarının xarici şirkətlərə verilməsini İran hakimiyyət dairələri adətən maliyyə vəsaitinə, texnikaya və neft yataqlarını öz qüvvəsi ilə istismar etmək üçün mütəxəssislərə malik olmadığı bəhanəsini irəli sürməklə izah etməyə çalışırdılar. Lakin həqiqətdə bu yalnız bir hiylədən ibarət idi ki, il yarım bundan qabaq imtiyaz haqqında edilən Sovet təklifi bunu bir dəfəlik ifşa etdi.
1944-cü ilin sentyabrında Sovet hökuməti Sovet İttifaqına şimali İranda neft imtiyazı vermək haqqında rəsmi təkliflə İran hökumətinə müraciət etdi. Sovet İttifaqı tərəfindən atılan bu mühüm və tamamilə təbii olan addım Sovet-İran münasibətlərinin yaxşılaşması yolunda ciddi maneələrdən birini aradan qaldırmaq və Sovet İttifaqı ilə İran arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün əsas yaratmaq məqsədini güdürdü. Belə bir imtiyaz təbii sərvətlərin istifadə edilməsinə, şimali İranın sənaye cəhətdən inkişaf etməsinə, İranın bütün təsərrüfat həyatının canlanmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə, yerli əhalinin rifah halının yüksəlməsinə, milli texniki işçilərin yaradılmasına və müharibədən sonrakı işsizliyin qarşısının alınmasına şübhəsiz ki, kömək edə bilərdi.
Lakin Sovet hökumətinin İranın iqtisadi tərəqqisi mənafeyinə uyğun olan bu təklifi də İranın hakim dairələrinin quduz müqaviməti ilə qarşılaşdı. İran hökuməti Sovet təklifini rədd etməklə kifayətlənmədi. Məclisin xüsusi qanunu ilə sərt cəza qorxusu altında bu məsələ üzrə hər hansı bir danışıqların aparılması qadağan edildi. Belə tədbirlər İranın hakim dairələrinin və onların xarici ağalarının bütün planlarını və siyasi niyyətlərini Sovet təklifinin nə qədər pozduğunu göstərirdi.
İran hakim dairələrinin Sovet İttifaqına düşmən münasibətləri və onların Sovet İttifaqı barəsində ayrı-seçkilik salmaq cəhdləri aşağıdakı dəlillərdə xüsusi ilə aydın şəkildə özünü göstərməkdədir. İranın cənubunda İran hökuməti tərəfindən İngilis-İran neft şirkətinə verilmiş geniş neft imtiyazı fəaliyyət göstərməkdədir. Bu imtiyazın ərazisi 250.000 kv.km-dən artıq bir sahəni təşkil edir.
İmtiyazın müəssisələrində 1945-ci ildə istehsal edilən neft “Petrolium Servis” neft dərgisinin məlumatına görə 17 milyon tondur. İngilis-İran neft şirkəti dünyada ən böyük neft emal edən və neft təmizləyən zavodlara və neft kəmərlərinə malikdir. Benzin məntəqələrinin geniş şəbəkəsi bütün İran ərazisini əhatə etməkdədir. Fəhlələrin və xidmətçilərin ümumi miqdarı 60.000 nəfərdən artıqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 158, 27.03.1946
***
Əski əlifbadan transliterasiya
və farsca məqalələri tərcümə
edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 19
sentyabr.- S.14.