Üzeyir Hacıbəylinin
yaradıcılığına həsr edilmiş
konfrans
Milli Musiqi Günü münasibətilə Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyası tərəfindən dahi bəstəkarlar Ü.Hacıbəylinin və M.Maqomayevin anadan olmasının 135 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” adlı onlayn konfransa laboratoriyanın əməkdaşları, BMA-nın mütəxəssisləri və doktorantları ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, ADPU Şamaxı filialının elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin kafedra müdiri, Əməkdar müəllim, dosent İnarə Məhərrəmova və digər tədqiqatçılar qatılıb.
BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransı giriş sözü ilə açaraq, iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, tədbirin mövzusu və məqsədi haqqında məlumat verib.
Xalq artisti, professor Ramiz Quliyev də
konfransın əhəmiyyətindən
danışıb. Sonra dahi
bəstəkarın həyat-yaradıcılığına
həsr olunmuş videoçarx təqdim olunub.
BMA-nın elmi-yaradıcılıq
üzrə prorektoru, Əməkdar incəsənət
xadimi, professor Gülnaz Abdullazadə və digər tədqiqatçı alimlərin
dahi bəstəkarın
həyat və yaradıcılığı haqqında
məruzələri dinlənilib.
Məruzələr audio-video materiallarla müşayiət
olunub.
Xalq Cəbhəsi.- 2020.- 22
sentyabr.- S.16.