Seyid Əzim
Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr
edilib
Özbəkistanın paytaxtı Daşkənddə
Seyid Əzim Şirvaninin qəzəlləri toplusu kitab
halında nəşr olunub. İlk dəfədir ki, XIX əsr
Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri
belə geniş həcmdə xarici oxuculara təqdim edilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşəbbüsü
ilə ədibin 185 illiyinə töhfə olaraq hazırlanan
“Qəzəllər” kitabının tərcüməçisi
Özbəkistanın tanınmış şairi Tohir
Qahhardır. Kitabda adı Yaxın və Orta Şərq
xalqları arasında məşhur olan şairin daim qiraətçilərin
və xanəndələrin ifasında Azərbaycandan kənarda
da məşhur olmuş şeirləri birinci dəfə belə
geniş həcmdə və yüksək keyfiyyətli tərcümədə
təqdim olunur. Nəşrə Seyid Əzim Şirvaninin 233 qəzəlinin
bədii tərcüməsi daxil edilib.
Kitaba yazdığı geniş müqəddimədə
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynov əvvəlcə Seyid
Əzim Şirvaninin həyatı, ədəbi irsi, Azərbaycan
maarifi və qəzetçiliyinin inkişafındakı xidmətləri
barədə ətraflı məlumat verir. Akademik
R.Hüseynovun qələmə aldığı müfəssəl
müqəddiməni Seyid Əzim Şirvaninin əlyazmalarından
fraqmentlər, tarixi fotolar, eləcə də Azərbaycan rəssamlarının
müxtəlif illərdə çəkdikləri, Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində saxlanan rəsm əsərlərinin
reproduksiyaları bəzəyir.
Qeyd etmək lazımdır ki, yeni kitabın bədii tərtibatı
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində gerçəkləşdirilib.
Nəşrin hazırlanmasında yaxından iştirak
etmiş Kərimulla Məmmədzadə, Gülbahor
Aşurova, İbrohim Haqqulov, Erqaş Oçilov, Kəbirə
Haşımova böyük şeir-sənət
ustadının xatirəsinə layiq kitabın ortaya
çıxması üçün ciddi səy göstəriblər.
Yaxın vaxtlarda Seyid Əzim Şirvaninin özbəkcə
nəşr edilmiş “Qəzəllər” kitabının
Daşkənddə və Bakıda təqdimat mərasimlərinin
keçirilməsi nəzərdə tutulur.
Xalq Cəbhəsi.- 2020.- 22 sentyabr.- S.15.