Opera səhnəmizin “Nigar”ı

 

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasından 92 il ötür

 

 

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafında mühüm xidmətləri vardır. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

 

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 92-ci ildönümü tamam olur.

 

Firəngiz Əhmədova 1928-ci il sentyabrın 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

 

Firəngiz Əhmədova əmək fəaliyyətinə gənc yaşlarından başlayıb. O, 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət OperaBalet Teatrının solisti olub, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb.

 

Lirik-dramatik soprano səs tembrinə malik müğənni Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm MaqomayevinŞah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevilbaşqa partiyaların mahir ifaçılarından olub.

 

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb. Onun Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.

 

Uzun illər ərzində Firəngiz Əhmədova dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə istedad və bacarığını əsirgəməyib. O, ölkəmizin hüdudlarından uzaqlarda dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.

 

Firəngiz Əhmədovanın yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olub. Azərbaycan vokal ifaçılarının bütöv bir nəsli onun zəngin təcrübəsindən faydalanaraq opera sənətinin inkişafına öz töhfələrini verib.

 

Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

 

Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, müxtəlif ordenmedallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

 

Görkəmli opera müğənnisi Firəngiz Əhmədova 2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat edib.

 

Xalq Cəbhəsi.- 2020.- 24 sentyabr.- S.16.