1918-1920-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı
törətdikləri soyqırım
10-cu
yazı
Ermənistan ordusunun İrəvan qrupunun rəhbəri general-mayor Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, “Zəngibasar müsəlmanlarının tutduqları mövqeyin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman (Azərbaycan-türk-red.) elementlərindən tamamilə təmizləmək lazım gələcək. O, bildirirdi: “Bunun üçün 2 min süngü (əsgər), 2 batalyon və 100 atlı lazımdır. Əsas zərbə (1 süngü və 1 batalyon) İrəvan-Parakər tərəfdən cənub və cənub-qərb istiqamətdən endirilməlidir. Bu əməliyyata yardım üçün qısa cinah zərbələri Qarxın tərəfdən və Ağhəmzəli tərəfdən (1 batalyon, 300 süngü və 1 artilleriya taboru) endirilməlidir. Zəngibasarlıları bu yolla Süleyman-Dizə-Ramazan xətti boyunca sıxışdırıb çıxarmaq lazımdır”.
Tarixçi-alim Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında qeyd olunur ki, daha sonra Şelkovnikov yazırdı: “Bu əməliyyatı keçirmək üçün 600 süngü 2-ci piyada polkunda, 150 süngü isə xüsusi sərhəd briqadasında var. Çatışmayan 1250 süngünü isə təcili olaraq Nuxalılardan və Ərəşlilərdən təşkil olunmuş ayrıca nizami batalyonlar da köməyə gələ bilər... Dəstə kifayət qədər texniki vasitələrlə, rabitə vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalananlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsən xan-Ramazan istiqamətində əməliyyatlara başlayıb Qəmərli və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla da müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngülərin sayını 3000-ə çatdırmaq lazımdır”.
Ermənistan qoşunlarının komandanı Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərksilah edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün süngülərin (əsgərlərin) sayının 3000-ə çatdırılmasının zəruriliyi vurğulanır. Nazarbekov bu ərazidə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: “Əməliyyat surətlə həyata keçirilməlidir, əks təqdirdə mənfi psixoloji təsiri ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır”.
Dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə etmişdi. Hələ 1918-ci ildə ermənilər İrəvan quberniyasında kütləvi qırğınlar törədən zaman 82 kəndin azərbaycanlıları Qars vilayətinə qaçaraq orada özlərinə sığınacaq tapmışdılar. 1918-ci ilin noyabrında Qarsda Milli Şura, sonra isə Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti qurulduqdan sonra İrəvan quberniyasından olan qaçqınlar bir neçə ay dinclik tapmışdılar. Ancaq 1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qərbi Qafqaz hökuməti devrildikdən və vilayətdə Stepan Korqanovun başçılığı ilə erməni hakimiyyəti qurulduqdan sonra qaçqınların vəziyyət daha da ağırlaşmışdı. Ermənilərin yeni qırğınlarından qurtulmaq üçün azərbaycanlı qaçqınların bir qismi Türkiyənin içərilərinə doğru hərəkət etmiş, bir qismi də Gürcüstandan keçməklə Azərbaycanda özlərinə sığınacaq tapmışdılar.
Borçalı qəzasının Qaçağan kəndində sığınacaq tapan İrəvan quberniyasının Qarakilsə qəzasının Xancığaz, Saral və Arcut kəndlərinin 60 sakininin imzası ilə 1920-ci il martın 15-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə təqdim edilən müraciətdə deyilirdi ki, türk qoşunlarının 1918-ci ilin payızında Qafqazdan geri çəkilməsindən sonra adları çəkilən kəndlərin sakinləri Qars vilayətinin Şörəyel məntəqəsinin Qaraxan kəndində məskunlaşmışdılar. 1920-ci ilin fevralında erməni silahla qüvvələri həmin kəndə hücum edib onu darmadağın etmiş və əmlaklarını qarət etmişdi. Qaçqınlar ermənilərin onlara vurduqları ziyanın məbləğinin 17,9 milyon rubl olduğunu göstərən siyahını diplomatik nümayəndəyə təqdim etmişdilər.
Gəncənin qubernatoru Ə.Rəfibəyovun Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi F.Vəkilova aprelin 27-də göndərdiyi teleqramda bildirirdi ki, “Gəncə qəzasının 2-ci sahəsinin pristavının verdiyi məlumata görə, Novo-Bəyazid erməniləri Şişqaya kəndinin üzərinə hücuma keçmiş və bütün əhalini ucdantutma məhv etmişlər. Gədəbəyə və Qabaxatana yaralılar gəlmişlər. Hazırda Cil kəndində döyüşlər gedir. Müsəlmanların vəziyyəti ciddidir. Kömək gözləyirlər”.
Əbdürrəhim bəy Haqverdiyev martın 7-də Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu silahla hədələyərək qarət etmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar. Ə.Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi.
Martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər.
T.Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşilikərdən şikayətləndiklərini qeyd edir. O, yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım... Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil.” T.Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edir.
Teymur xan Makinskinin diplomatik fəallığı Ermənistan
hökumətini narahat
edirdi. Onun hər addımını
izləyir və bir bəhanə tapıb həbs etmək istəyirdilər.
Azərbaycan hökuməti Zəngibasardakı
özünü müdafiə
dəstələrinin silahlanması
və mühasirə şəraitində yaşayan
azərbaycanlı əhalinin
ən zəruri ehtiyaclarının ödənilməsi
üçün gizli
yolla T.Makinskiyə
600.000 rubl göndərmişdi.
Bundan Ermənistan hökuməti
hansı yollasa xəbər tutmuşdu.
Ermənistanın baş naziri
A.Xatisovun xarici işlər naziri A.Ohancanyana göndərdiyi
məktubunda T.Makinskinin
həbsinə hazırlıq
görüldüyü haqda
məlumat verilir.
A.Xatisov yazır ki, aprelin 4-də T.Makinskinin öz maşınında üç nəfərlə
Zəngibasara göndərdiyi
600.000 rubl yolda qoyulan postda ələ keçirilmişdi
və həmin şəxslər həbs edilmişlər. Dindirmə zamanı
A.Xatisov həbs edilənlərin T.Makinskini
ələ verdiklərini
yazır. Daha sonra
baş nazir hay-küylü məhkəmə
olacağını yazır.
A.Xatisov hələlik Makinskinin tutulanların verdikləri
ifadənin məzmunundan
xəbərsiz olduğunu,
lakin Ermənistan hökumətinin artıq hər şeyi bildiyini güman etdiyini yazır. A.Xatisov daha sonra yazır: “Müstəntiq Makinskini dindirib, lakin o, onun missiyasında hansısa “hadisənin” baş verdiyinə ehyam vurur və
bildirir ki, F.Xoyski ilə görüşmək üçün
ertəsi Tiflisə getməlidir. Bu barədə
nümayəndələrdən başqa (yəni Tiflisdə keçirilən
sülh konfransında
iştirak edən erməni nümayəndələrinə
- müəl.) heç
kimə deməyin, daha başqa izlərə düşmək
üçün iş
gizli aparılır.”
Tiflisdən qayıtdıqdan bir müddət sonra həbs ediləcəyini yəqin edən T.Makinski mayın 28-də İrəvanı qəfildən
tərk edir və ondan sonra
diplomatik nümayəndə
vəzifəsini Adil Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda
yeni hökumət qurulmasını səbəb
göstərərək diplomatik
nümayəndəliyin fəaliyyətinə
xitam verildiyini bildirir.
Fransanın Qafqaz üzrə Ali komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən faktlar öz əksini tapıb. Hazırda Fransa XİN-in arxivində saxlanılan həmin məktubda Ali Komissar Ermənistanın paytaxtı İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.
Sözügedən bu tarixi sənəddən çıxarışda deyilir: "...Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40.000-dən çox müsəlmanın (Azərbaycan türkünün – red.) məskunlaşdığı 25 tatar (Azərbaycan türk – red.) kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4.000 nəfər Araz çayına tökülərək öldürülüb".
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Hərbi İnqilab Komitəsinin dəvəti ilə A.Şadlinskinin başçılıq etdiyi tabor noyabr ayında Naxçıvana gəlmişdi. “Qırmızı tabor” 1921-ci ilin fevralında Ermənistanda daşnak qiyamının yatırılmasında iştirak etmişdi. Bundan sonra Vedibasarın İranda qaçqın kimi yaşayan əhalisinin bir qismi tədricən öz yer-yurdlarına qayıtmış, bir çoxları da erməni qaçqınlarının məskunlaşdırıldıqları kəndlərdə onlarla birgə yaşamağa məhkum olmuşdular.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 24
sentyabr.- S.13.