Azərbaycan Xalq Cümhuriyyətinin
hüquqi dövlət quruculuğu siyasəti
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə daxili siyasətlə bağlı problemlərin
həll olunması istiqamətində görülən işlər
gənc dövlətin hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində dünyaya
nümunə kimi təqdim oluna bilər. Araşdırmaçı
A.İbrahimova bildirir ki, Azərbaycan hökuməti ölkənin
içtimai, siyasi, iqtisadi və mədəni həyatının
müxtəlif sahələrindəki quruculuq işlərini
genişləndirməyə başladı. F.X.Xoyski hökuməti
Müəssisələr Məclisinin
çağırılması üçün hazırlıq
işləri aparırdı. Onun təklifı ilə Azərbaycan
Milli Şurası öz işini bərpa etdi və Məclisin
çağrılmasını öz üzərinə
götürdü: “Azərbaycan Milli Şurasının 1918-ci
il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci
iclas 16 noyabr) Azərbaycanın ali qanunverici orqanının
yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən
təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı
idi. Milli Şuranın 44 üzvündən əlavə
ölkə əhalisinin əksəriyyətini təşkil edən
yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin
1,9 milyonu) daha 36 nümayəndə seçilməsi nəzərdə
tutulurdu. Ölkə əhalisinin çoxmillətli tərkibi
nəzərə alınaraq ermənilərə (sayları 500
min) gələcək parlamentdə 21 yer
ayrılırdı. Bakıdan
olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar
230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə,
gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi.
Bakı həmkarlar təşkilatına 3, Bakı
Neft Sənayeçiləri Şurası və Ticarət-sənaye
İttifaqına 2 nəfər yer verilmişdi”.
Nümayəndələr birbaşa və qapalı
seçilə bilərdilər. Qadınlara da islam
aləmində ilk dəfə olaraq seçib-seçilmək
hüququ verilirdi: “Bolşeviklər parlamenti baykot elan etdilər.
Rus Milli Şurasının bir qrup üzvü
onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti
deyilən bir təşkilat yaratdılar. İstiqlalı
qəbul etməsələr də, öz nümayəndələrini
parlamentə göndərmək qərarına gəldilər.
Bir sıra şəhər və mahallarda
seçkilər başa çatdırılmamışdı.
Odur ki, qanunda nəzərdə tutulduğu 120
deputatın əksəriyyətinin toplanması ilə
parlamentin açılışı oldu. Parlamentin ilk
iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə
açdı. İclasda Tomsonun nümayəndəsi,
İranın baş konsulu, onun maliyyə müşaviri,
Dağlılar hökumətinin sədri Q.Çermoyev,
Gürcüstanın nümayəndəsi Karsevadze, Araz
respublikasının nümayəndəsi P.Əliyev iştirak
edirdi. Ş.Rüstəmbəyovun təklifı
ilə Ə.Topçubaşov parlamentin sədri, müavini
H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski müvəqqəti
hökumətin istefası ilə bütün hakimiyyətin
parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfindən
istefa qəbul edildi. İttihad
partiyasının üzvü Q.Qarabəylinin parlamentin
açılışı münasibəti ilə siyasi məhbuslara
əfv verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament
komissiyaları üzvlərinin seçilməsi ilə təsis
iclası bağlandı. Sonrakı iclaslarda maliyyə -
büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi
işlər və s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi
yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin
pis olması ilə əlaqədar bundan imtina edirdi. Dekabrın 18-də parlament Xoyskidən belə bir
ağır günlərdə kabinənin təşkilini
öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən
ibarət kabinənin tərkibini və iş proqramını
hazırlayıb parlamentin müzakirəsinə verdi.
Kabinetdə yalnız İttihad Partiyası
iştirak etməkdən boyun qaçırdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi”.
Araşdırmaçı
vurğulayır ki, 1919-cu il iyulun 21-də
Azərbaycan Respublikasının Müəssisələr Məclisinə
seçkilər haqqında əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət
idi. Əsasnaməyə görə Müəssisələr
Məclisinə seçkilərdə cinsindən, dilindən,
milliyyətindən asılı olmayaraq 20 yaşına
çatmış bütün respublika vətəndaşları
iştirak edə bilərdilər. Seçkilər aprelin
20-nə (1920-ci il) təyin edildi. Lakin o
zaman Bakıda baş verən hadisələr buna mane oldu: “Azərbaycan
öz müstəqilliyini elan etdikdən sonra ordunun
yaradılmasını ən mühüm məsələ kimi
irəli sürmüşdü. 1918-ci ilin iyun
ayında Azərbaycanda hərbi vəziyyət elan edildi.
Müsəlman korpusu “Əlahiddə Azərbaycan
korpusu” adlandırıldı. Burada xidmət,
zabit kadrları hazırlamaq üçün qısa müddətli
kurslar açıldı, məcburi hərbi mükəlləfiyyət
haqqında fərman verildi”.
Dekabrın
25-də general S.Mehmandarov hərbi nazir, bir neçə
gün sonra isə Ə.Şıxlinski müavin təyin
olundu: “Çox mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq Azərbaycan hökuməti
və parlamenti xalqın milli dövlətinin yaranmasını
əbədiləşdirmək üçün elm, təhsil,
xalq maarifı və səhiyyə məsələlərinin
inkişafını da diqqət mərkəzində
saxlayırdı. AXC yarandığı ilk
gündən maarif işlərinə xüsusi fikir verirdi.
1918-ci il 30 iyun qərarına əsasən
Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil
edildi. N.Yusifbəyli maarif naziri təyin
edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri
1918-ci il 22 sentyabr sərəncamına
görə məktəblərin milliləşdirilməsi
oldu. 1918-ci il 28 avqust qərarına görə
bütün məktəblərdə tədris Azərbaycan
dilində keçirilməli idi. Başqa millətlərdən
olan uşaqlar üçün rus dilində məktəblər
açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə
xüsusi əhəmiyyət verilirdi. Ana
dili həftədə 4 dəfə tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək
üçün 1918-ci ildə Gəncədə, Şəki,
Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil
edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə
Nazirlik Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa
köçürülməsi haqqında qərar qəbul
etdi.
Kadrlar
hazırlamaq üçün 1918-ci ildə Göyçayda,
Ağdamda, Nuxanın Qutqaşen kəndində ali
ibtidai məktəblər açılması haqqında qərarlar
qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb
açmaq üçün nazirlik 100 min manat pul
ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə,
Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və
kişilər üçün pedağoci kurslar
açıldı. 1918-ci ildə Türkiyə
ilə bağlanan 4 iyun müqaviləsinə görə
nazirlik Türkiyədən 50 müəllim dəvət
etmişdi. 1919-cu il oktyabrın əvvəllərində
həmin müəllimlər Azərbaycana gəlib müəllimlik
fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin
yazılması və nəşri üçün də
xüsusi komissiya ayrılmışdı. Türkiyədən
də dərsliklər alınırdı”.
Azərbaycan
hökuməti ali təhsilin təşkili
və yüksək ixtisaslı kadrların
hazırlanmasını ən əsas vəzifə hesab edirdi:
“Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə
Kənd Təsərrüfatı İnstitutunun
açılması planlaşdırılırdı. Siyasi
şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri
üzündən yalnız bir ali məktəbin
- Bakı Universitetinin yaradılması üçün imkan əldə
edildi. Azərbaycan Xalq Maarifı nazirinin
müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi,
Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət
edərək Bakı Universitetinin təşkili
üçün kömək göstərməsini xahiş
etmişdi. Razumovski dəvəti qəbul
etmiş və yaradılan komissiyanın sədri
seçilmişdi. 1919-cu il mayın
19-da komissiya təsdiq edilir. Mayın 31-də isə
komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini,
universitetin nizamnaməsini, onun xərclərini Xalq Maarif
Nazirliyinə təqdim etmişdi. Universitetin
yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust
aylarında qanunvericilik, maliyyə-büdcə
komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə
edildi. Universitet komissiyası avadanlıq, təşkilati
və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif
naziri Kaplanov həmin məbləği 5 mln. rubl artırmağı lazım bildi. Universitetin açılması məsələsi
mübahisələr doğurdu. Mübahisələr
universitetin rus dilində açılması məsələsində
fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi.
Əhrar, İttihad, bitərəf müsəlman
qrupu universitetin rus dilində açılması əleyhinə
çıxdılar. Universitetin
yaradılması işində M.Ə.Rəsulzadə,
H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal
iştirak edirdilər. Tanınmış
maarifçi Məmmədağa Şahtaxtinski “Azərbaycanda
Universitet" məqaləsində qeyd edirdi ki, Bakıda
Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən
milliləşdiriləcək və türkləşdiriləcək.
Universitet Azərbaycan dövlətinə və
türk mədəniyyətinə xidmət edəcək.
1919-cu il sentyabrın 1-də parlament Bakı
Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin
iclasda 1919/20-ci tədris ili
üçün xarici ölkələrin ali məktəblərinə
100 abituriyent və tələbə göndərilməsi
haqqında qətnamə qəbul edildi. Bu tələbələr
üçün Maarif Nazirliyinin sərəncamına dövlət
xəzinəsi vəsaitindən 7 mln. rubl.
ayrılırdı: Avropaya göndərilən hər bir adam
üçün hər ay 400 frank təqaüd, 1000 firank da
yol xərci, Rusiyaya göndərilən hər bir adam
üçün hər ay 3 min rubl təqaüd, 3 min də
yol xərci. Hökumət təqaüdündən istifadə
edən tələbələr təhsil müddəti
qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə
4 il xidmət etməli idi. 100 nəfərdən
10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya,
9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli
idi”.
Qanuna
görə universitetdə 4 fakültə açılmalı
idi: tarix-filologiya, tibb, fızika-riyaziyyat, hüquq: "Lakin
bir il müddətinə iki fakültə üçün
(tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə Azərbaycan
dilinin keçilməsi məcburi idi. Qəbul
zamanı Azərbaycan vətəndaşlarına
üstünlük verilirdi. Rektor 3 il
müddətinə seçilir və nazirlik tərəfındən
təsdiq edilirdi. 1919-cu ilin 15 noyabr günü
universitetdə birinci dərs günü elan edildi. Bakı Dövlət Universitetinin
açılması Azərbaycan hökumətinin mədəniyyət
sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni
məktəbləri üzrə xüsusi müfəttişlik
yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin
edildi. Nazirlər Şurası Qarabağda
yaşayan ermənilərin mədəniyyət, xalq maarifı
sahəsində öz müqəddəratını təyin
etməsi üçün şərait yaratmış, bunu
hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən
ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni
məktəbləri Şuranın rəhbərliyi altında
muxtariyyətə malikdirlər”.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2020.- 26
sentyabr.- S.13.