“Azərbaycan” qəzetinin səhifələrində
45-ci yazı
***
El adətlərimizə aid kiçik bir epizodu Fəthi Xoşginabinin kəndlilərin həyatından bəhs edən "Zeynəb" adlı hekayəsindən diqqətinizə təqdim edirik
...
Çox mübarəkdir. Allah xeyir versin, Allah peşimanlıq verməsin, - səsi göyə qalxdı. Amma şirni içməyin qərarı qaldı sabah gecəyə. Sabah gecə Kəlbə Məhəmməd Həsən dedi ki, “day dünənləri bir söz deyə bilmədim, ancaq özünüz bilirsiz ki, mənim bir dövrə kəndlərdə xalqın içində bir ehtiramım, gəl-gedim vardır”.
O yan, bu yan, atan yaxşı, anan yaxşı, kəlbə Məhəmməd Həsən batman yarım qənd, bir girvənkə çay, iki batman kişmiş, iki batman iydə, 10 tümən başlıq istədi...
Fərəculla xala oğlu hirslənib “day deməyindən
xalxı çapacaqsan day? – dedi. Sonra əlavə etdi:
- Bax,
qardaş, o ki, qənddir verməyəcəyik. Kişmiş,
iydə də batman yarım bəsdir. Qaldı
başlıq məsələsi, bir də ki, kəbin. Hələ
başlığı deyərik heç! Kəbin
də baxarlar anasının kəbininə. Hər necə olsa, bizim boynumuz qılcandı.
Bir Xəlil danışandan sonra axırda
barışdılar.
***
Kəndlilərin nəzərində arvad almaq qoyun öküz
almaq kimidir. Hətta, demək olar ki, onlar bir qoyun alanda arvad
almaqdan daha artıq diqqət edərlər. Kənddə evlənmək üç-dörd
cürədir. Ya oğlan ilə
qızın anası dilləşər və oğlan
qızı qaçırdar. Ya da ki,
şirni içərlər. Ya da şirni
içməmişdən xeylək (xeyli mənasında – red.)
qabaq qızı oğlana nişanlarlar və bir gün görərsüz
ki, qız gəlib oğlana. Bu
axırıncı məsələ çox
ağırdır.
Əslən nişanlı qalmaq oğlan evinə
başdan dibə zərərdir. İlin axır çərşənbəsində
gərək qıza bir pay aparsınlar. Bayramda mən
nə bilim, qara yola bayramlıq versinlər. Ayrı-ayrı söz-söhbətlər əmələ
gəlsin.
Qovurmalıq
kəsəndə gərək ona bir pay yollasınlar. Ya bu gün xırman sulamada xəşil bişirəndə
gərək ona da ən azından bir kasa pay göndərsinlər.
Bostan pozanda qızın payın
ayırsınlar. Qız da oğlana corab
toxuyur. Dolağ altı tikir.
Düzdür ki, Zeynəbin elə cehiz-mehizi yoxdur, amma o da ən
azından toyu olana kimi 10-12 canamaz, 5-6 cüt corab, 3-4
araqçın, canım sizə ərz eləsin, bu cür
xırım-xırda şeylərdən hazırlayacaqdır.
Yəqin siz kənddə evlənmək məsələsinin
bu cür sadə olduğuna kəndli olmasanız, təəccüb
edərsiz.
Amma kənddə yerivüz boş, evlənmək bu
cürdür və buna görə də kənddə ərə
getməmiş qız çox az olar. Siz kənddə 200-də bir nəfər qız tapa
bilməzsiz ki, onun məsələn, 18 yaşı olsun və
ərə getməsin.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154,
20.03.1946
***
Mədəniyyət
tariximizə aid xəbərlər
Azərbaycan
Dövlət Teatrının açılışı
Azərbaycan
Dövlət Teatrının aktyor heyəti 1325-ci il (1946/1947) teatr mövsümünün
açılışı üçün 3 aydan bəridir
ki, ciddi hazırlıq işləri aparmaqda idi. Bu 3 ay müddətində
teatr heyəti məşhur Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin
(Molla Nəsrəddinin) “Anamın kitabı” adlı
dramasını, Cəfər Cabbarlının “Sevil”,
Şirvanzadənin “Namus” və böyük bəstəkar
Üzeyir Hacıbəyovun “Arşın mal alan”
komediyasını tamaşaya qoyulmağa
hazırlanmışdır. Milli dövlətimizin diqqəti
sayəsində hər cür rolların ifası
üçün xüsusi olaraq yeni paltarlar və ali dekorlar hazırlanmışdır. Teatr mövsümünün
açılışını təntənəli şəkildə
təşkil etmək üçün bir
açılış komissiyası müəyyən
edilmişdir. Teatr cümə axşamı
günü mart ayının 28-də (1946) – red.) bağlı tamaşa, 29-da isə açıq
tamaşa verməklə açılacaqdır. İlk
tamaşa Cəlil Məhəmmədquluzadənin “Anamın
kitabı” draması ilə başlanacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154,
20.03.1946
***
Tarixi
elanlardan
Yeni il bayramı münasibəti ilə cümə
axşamı günü (21.03.1946 – red.) günortadan sonra saat
3-dən 6-ya qədər Milli Hökumətin binasında
Baş nazir və dövlət heyəti tərəfindən
ümumi görüş təyin edilmişdir. Bütün
təbəqələrin nümayəndələri
üçün daxil olmaq azaddır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154,
20.03.1946
***
Dövlət
başçısının xalqına münasibtdə dərin
səmimiyyətini göstərən tarixi bir üzrxahlıq:
Milli vəzifələrimin
təxirsiz bir surətdə icra edilməsi lüzumunu və eləcə
də sağlamlığımın yaxşı
olmamasını nəzərə alaraq bayram günlərində
rəsmi və ümumi görüşlərlə kifayətlənib
dost və tanışlarımla xüsusi görüşlərdən
imtina etdiyim üçün üzr istəyirəm.
Pişəvəri.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 154,
20.03.1946
***
Ərdəbildə
Milli Qoşun sıralarına çağırış
Ərdəbildə Milli Qoşun (Xalq Qoşunu – red.)
sıralarına çağırış münasibəti ilə
əhali tərəfindən böyük nümayişlər
verilən bir zamanda bütün əhali yüksək sevinclərlə
əsgərliyə çağırışı
alqışlamışlar. Avropada səfərdə olmuş cənab
Qiyami əsgərliyə çağırışla
bağlı böyük bir izdihamda iştirak edərkən
xalq qoşunları sırasına daxil olmaq üçün həmin
izdihamda iştirak edənlərin içərisindən Imanəli
Məşədi Əli Oğlu adlı 70 yaşında qoca
bir kişi onun da adını Milli Qoşun sıralarına
yamağı cənab Qiyamidən və fədai
başçılarından xahiş etmişdir. Bu qoca fədai ona etiraz edənlərə demişdir
ki, qoşun sıralarına yalnız cavanların daxil
olmaları bizim üçün böyük bir təhqir sayılır.
Biz heç vəchlə uzaqdan durub baxmağa qane ola bilmərik.
O, cənab
Qiyaminin verdikləri cavablara tamamilə etiraz etmişdir. O
demişdir ki, əgər qanun da bizim daxil olmağımıza
yol verməsə, biz mütləq surətdə daxil
olacağıq. Bu qoca çox israr etdikdən sonra
Xalq Qoşunlar sıralarında iştirak etməyə müvəffəq
olmuşdur. Onun yoldaşı Mirəli
Hökmü də ciddi surətdə Milli Qoşunlar
sırasında iştirak etməsini tələb edib. Fədailər tərəfindən ona, arvadı və
oğlanları ilə birlikdə silah götürüb
doğma vətənlərini və milli
azadlıqlarını müdafiə etməyə icazə
verilmişdir. Bunların Xalq Qoşunlar
sırasında iştirak etmələri Azərbaycan
xalqının atəşin hisslərindən böyük bir
nümunədir.
Azərbaycan
xalqı - qoca, cavan, arvad, kişi -
hamısı yalnız bir vəzifənin müqabilində
özlərini məsul və borclu bilirlər. O da milli
azadlığımızı və hökumətimizi
müdafiə etmək vəzifəsidir. Tarix
heç vaxt Azərbaycan xalqının bu şanlı fədakarlıq
hisslərini unutmayacaqdır. Qəhrəman
və igid qocalarımız gələcəkdəki cavan nəslimizə
böyük nümunədirlər. Milli
azadlığımızın gözətçisi olan qəhrəman
fədailərimizə eşq olsun.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 153, 19 mart 1946-cı il
***
Tarixi
elanlardan
Bütün
Azərbaycan cavanlarına bildirilir ki, hərbi zabitlik məktəbi
16.03.1946-cı il tarixindən rəsmi halda
fəaliyyətə başlayıb və o üzdən də
tələbə qəbul edə bilməyəcəkdir. Xahiş olunur, müraciət olunmasın. Hərbi
zabitlik məktəbinin komandiri polkovnik Pənahiyan
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 153,
19.03.194
***
Azərbaycan
Milli Hökumətinin aqrar sahədə həyata keçirdiyi
siyasətə, kəndə və kəndliyə göstərdiyi
təmənnasız qayğıya aid tarixi elanlardan
Möhtərəm
bağ sahiblərinə!
Bununla Təbriz,
Marağa və onların ətrafında olan bağ sahiblərinə
xəbər verilir ki, Kənd Təsərrüfatı Nazirliyi
özünün 1325-ci il (1946/1947-ci il üçün – red.)
iş proqramında meyvə ağaclarının xəstəlikləri
ilə mübarizə etməyi nəzərə
aldığı üçün bağ-mülk sahiblərindən
xahiş olunur ki, 1946-cı ilin aprel ayının 4-ə kimi
öz meyvələrini xəstəlikdən qorumaq
üçün aşağıdakı məlumatı Kənd
Təsərrüfatı Nazirliyinə və Marağada isə
kənd təsərrüfatı idarəsinə versinlər:
1-
Bağların sahəsini
2-
Ağacların növü və miqdarını
3-
Mümkün olduğu qədər xəstəliklərin
adı və növü
Nəticədə, əgər bir bağ sahibi istənilən
raportu verməsə və Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən bağında xəstəlik
aşkar edilərsə, bağ sahibindən xəstəliklərlə
mübarizə xərci ikiqat alınacaqdır.
Azərbaycan Kənd Təsərrüfatı naziri doktor
Məhtaş.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbruz, say 153, 19.03.1946
***
Firidun
İbrahimi: "Yeni il – yeni həyat"
Azərbaycan xalqının keçmiş tarixinin parlaq
dövrlərindən yadigar olan “Bahar bayramı” bu gün gəlib
çatmışdır. Biz Azərbaycan
xalqı bu gün öz şanlı əcdadımızın
bu iftixarlı yadigarı müqabilində ehtiramla təzim
edirik və namuslu qəhrəmanlarımızın vətən
azadlığı uğrunda apardıqları parlaq mübarizələr
barədə xatirələri böyük sevinc və hörmətlə
yad edirik.
Uzun qərinələrədən bəri bu birinci dəfədir ki, Azərbaycan xalqı bu şərəfli bahar bayramını tam azadlıq və milli qələbələr şəraitində qeyd edir. Xalımız qəhrəman fədailərin qanları bahasına alınmış bu azadlığın həqiqi dəyərini bilir və yaxşı bilir ki, daha əziz vətənimizin gözəl asimanında istibdadın qara buludlarından əbədi olaraq bir iz görünməyəcəkdir.
Bu gün “Sönməz odlar ölkəsi”nin hər yerində azadlıq simvolları görünməkdədir. Azadlıq günəşi ölkəmizi işıqlandırıb və öz canlandırıcı təsiri ilə millətimizi yeni və məsud bir həyata doğru aparır. Bizim üçün azadlıq hər bir qiymətli hədiyyədən daha da artıq qiymətlidir. Ona görə bütün Azərbaycan xalqı bu yeni ili böyük ümidlər və gülər üz ilə qarşılayır.
Hamı bahar nəğməsin tərənnüm edir. Hamı azadlıq himni oxuyur. Xalqımız: qadın, kişi, qoca və cavan öz müqəddəs ideal və hədəfinə doğru irəli gedir. Milli birliyimiz möhkəmlənir.
Vətəndaşlarımızın gözəl vətənimizə məhəbbəti və onun səadəti uğrunda fədakarlıq hissi daha da coşğunlaşır. Hamı möhmək bir səslə və həyatverici bir ahəng ilə deyirlər: Qəhrəman və azad Azərbaycan xalqına eşq olsun!
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 29
sentyabr.- S.14.