1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım

 

 11-ci yazı

 

Tarixçi-alim Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, “ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün Məclisdə verdiyi izahatdan aydın olur ki, Ermənistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında müfəssəl məlumata malik imiş. Atatürk deyir ki, Gəncədə bolşeviklərə qarış Nuru paşanın komandanlığı altında üsyanın baş verməsindən istifadə edən erməni qoşunları iki istiqamətdə - 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücuma keçmişlər. Onun sözlərinə görə, həm Zəngibasar Şurası, həm də Oltu Şurası gerçəkdən Ermənistan Cümhuriyyətini təhdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən lazımi qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdu. Bundan sonra Mustafa Kamal Atatürk erməni silahlı qüvvələrinin zirehli qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmiryolu boyunca güneyə doğru irəlilədiyini söyləyir.

Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini ermənilərin qırğınlarından xilas edə bilmişdi. Erməni müəlliflərinin özləri də “Daşnaksutyun” partiyasının 1918-1920-ci illərdə qanlı əməllərini etiraf etmişlər. Bakıda rus dilində dərc olunanKommunist” qəzetində Avis adlı müəllif “Ermənistan üsyana qədər” məqaləsində yazırdı: “Zəngəzur, Qarabağ, Əylis, Ağbaba, Zəngibasar imperialistDaşnaksutyun” partiyasının və onun hökumətinin qanlı əməllərinin nəticələrinin canlı şahidləridirlər... Ermənistanda müsəlman kəndləri və yaşayış məntəqələri yandırılaraq və qılıncdan keçirilərək müsəlmanlardan təmizlənmişdi”.

Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuni 1923-cü ildə “Daşnaksutyun” partiyasının Buxareştdə keçirilən qurultayında etdiyi hesabat məruzəsində (bu məruzə “Äàøíàêöóòþí áîëüøå íå÷åãî äåëàòü?” adı ilə rus dilində kitab halında çap olunub) partiyadaşlarının hakimiyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini darmadağıın etdiklərini etiraf etmişdi.

Marietta Şahinyan 1923-cü ildə çap etdirdiyiSovet Ermənistanı” kitabında yazır ki, daşnakların dövründə İrəvan qəzasında yaşayan tatarlar (Azərbaycan türkləri – red.) İrana qaçmışdılar, onların yerində ermənilər məskunlaşdırılmışdı. Ermənistan Nazirlər Şurasının 28 sentyabr 1921-ci il tarixli dekreti ilə bütün qaçqınların öz yerlərinə qayıtmaları qərara alınsa da, tatarların yalnız bir hissəsi qayıtmışdı və onlar mütləq öz əvvəlki yerlərində yaşamaq istəyirlər.

Təkcə 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu. Təbii ki, aclıqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular.

1918-1920-ci illərdə Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmalarını sovet hakimiyyətinin ilk illərində Ermənistan KP Mərkəzi Komitəsinin nəzdində fəaliyyət göstərən azlıqda qalan millətlərlə şöbəsinin Türk bölməsinin hesabatlarından aydın görmək olar. Bölmənin müdiri Bala Əfəndiyevin Ermənistan KP MK-ya təqdim etdiyi hesabatında göstərilir ki, daşnakların hakimiyyəti dövründə, yəni 1920-ci ilin iyulunda İrəvan quberniyası ərazisində əvvəllər mövcud olmuş 300-dən artıq türk kəndindən yalnız biri - Uluxanlı kəndi salamat qalmışdı. Onun yazdığına görə, daşnak Ermənistanında müsəlman "koloniyasını" bircə kənd və İrəvanda qalan bir neçə ailə təmsil edirdi.

1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.

Erməni sovet tədqiqatçısı Anahid Lalayanın 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında dərc etdirdiyi “Əksinqilabi “Daşnaksutyun” və 1914-1918-ci illər imperialist müharibəsi” adlı məqaləsində ermənilərin Basarkeçər rayonunda törətdikləri qanlı cinayətlər barədə gətirdiyi faktları bir qədər əvvəldə oxucuların diqqətinə çatdırmışıq. Daşnakların hakimiyyəti dövründə İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımın miqyası, daşnak hökumətinin yeritdiyi silah gücünə etnik təmizləmə siyasəti A.Lalayanın 1938-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının nəşri olanİstoriçeskie zapiskiçoxcildliyinin 2-ci cildində dərc etdirdiyiDaşnaksutyun partiyasının əksinqilabi rolu” adlı başqa bir məqaləsində tam çılpaqlığı ilə öz əksini tapıb. A.Lalayan həmin məqaləsində yazır ki, “Daşnaksutyun” partiyasının Ermənistanı “erməniləşdirmə” siyasəti azərbaycanlı və kürd əhalisini məhvetmə, yerdə qalan milli azlıqları təqibetmə və ölkədə milli ədavəti qızışdırmaq yolu ilə həyata keçirilib. Məqalə müəllifi daşnakların hakimiyyətdə olduqları 2,5 il ərzində Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı müharibə apardıqlarını, heç bir fərq qoymadan dinc əhalini öldürməklə və talan etməklə, azərbaycanlı kəndləri məhv etməklə məşğul olduqlarını yazır. O, 1918-1919-cu illərdə Daşnaksutyun hökumətinin azərbaycanlı və kürd kəndlərini “dövlətin tələblərini yerinə yetirməmək” bəhanəsi ilə bombardman etdiyini qeyd edir. Daha sonra A.Lalayan yazır ki, Ermənistanda 1920-cil may üsyanının yatırılmasından sonra daşnaklar yenidən azərbaycanlı və kürd kəndlərini bombardman edib, “Müsəlmanlar bizim düşmənimizdir” şüarı ilə dinc sakinləri məhv etmişdi.

Daha sonra A.Lalayan Ermənistan Dövlət Arxivində saxlanılan sənədlərə istinadən daşnak ordusunun zabitlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumat verir. Həmin sənədlərdən birində daşnak ordusunun Baş Gərnidəki dəstəsinin rəisi, podpolkovnik Melik-Şahnazarovun 7 noyabr 1918-ci ildə diviziya komandirinə yazdığı raportunda bu bölgədəki 30 türk kəndinin bombardman edilərək ələ keçirildiyi qeyd edilmiş, qalan 29 kəndin bombardman edilməsi üçün isə diviziya komandirindən icazə verilməsi istənilmişdi. Mərkəzdən qalan kəndlərə hücum əmri alındıqdan alındıqdan sonra daşnak başkəsənləri onlarla azərbaycanlı kəndini yerlə yeksan etmiş, qadınları, uşaqları, gənclərı, qocaları öldürmüş, əmlaklarını talan etmişdilər.

A.Lalayan daşnakların hakimiyyəti dövründə Baş Gərni nahiyəsinin aqibəti ilə azərbaycanlıların və kürdlərin yaşadıqları digər rayonların da üzləşdiklərini, həmin dövrdə Böyük Vedinin, Basarkeçərin, Şərurun, Qarabağın və Zəngəzurun da dəfələrlə bombardman edildiyini yazır. Daşnak hökuməti Zəngibasarın “məğlubedilməz” azərbaycanlı əhalisini cəzalandırmaq üçün 1920-ci ildə Zəngi çayının qabağını kəsmişdi ki, həmin bərəkətli torpaqlar səhraya çevrilsin. Göycə gölündən Zəngibasara qədər bu çaydan istifadə edən onlarla kənd susuz qalmış, çoxlu insan, sürülər və əkin sahələri məhv edilmişdi. A.Lalayan daşnak “xadimlərindən” birinin 21 iyun 1920-ci ildə baş nazir A.Ohancanyana yazdığı məruzəsindən aşağıdaki sitatı gətirir: “Zəngibasarı bizimkilər ələ keçirdilər. Bu ölkə elə varlıdır ki, bizim borclarımızı dəfələrlə qapatmaq iqtidarındadır. Artıq iki gündür ki, burada görünməmiş talanlar həyata keçirilir – taxılı, arpanı, düyünü, samovarları, xalçaları, pulları və qızılları ələ keçirirlər.”

Daha sonra A.LalayanJoğovurd” (“Xalq”) qəzetinə istinadən (¹ 105, 1920-ci il) yazır: “Daşnak hökumətinin zabitlərindən Q.Muradyan erməni һökumətinin Göyçə gölünün şimal saһilində olan azərbaycanlı kəndlərini viran qoyan bandit dəstələrinin əməllərini təsvir edərək qeyd etmişdi: “...Bizim һökumətin gördüyü tədbirlər nəticəsində... bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əһalisi Ermənistanın sərһədlərini tərk edib. Mən saһibsiz qalan kəndləri gördüm, hansı ki, orada bir neçə pişik, iki-üç it qalmışdı. İtlər ölü sükutdan vahimələnərək qəribə səslə ulayırdılar. Bu kəndlərin əһalisi çox böyük saһələrdə kartof, buğdaarpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək...”.

A.Lalayanın yuxarıda adları çəkilən məqalələri 1918-1920-ci illərdə daşnak hökumətinin türk-müsəlman əhaliyə qarşı sözün həqiqi mənasında soyqırım törətdiyini təkzbolunmaz faktlarla sübut edir. Erməni silahlı dəstələri 1918-1920-ci illərdə Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 400-dən artıq, Qars vilayətində 200-dən artıq yaşayış məntəqəsini yerlə yeksan etmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı. Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 600-ə yaxın azərbaycanlı kəndlərinin əhalisi soyqırıma məruz qoyulmuşdu. Etnik təmizləmə həyata keçirildkdən sonra həmin kəndlərin əksəriyyətində xaricdən gələn ermənilər məskunlaşdırılmışdı. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalağa çevrilmişdi. 1918-1920-ci illərdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən qırğınlar da soyqırım aktı kimi xarakterizə edilir.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırım törətməklə, kəndləri yandırıb xaraba qoymaqlas.) siyahıdan silinib, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılıb.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 29 sentyabr.- S.13.