Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

 

 

 

Hesablama Palatasının sədri: “Gömrük sistemində aparılan şəffaflıq işləri, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq”

Gömrük xidməti - ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinləşməsi, daxili bazarın yad təsirlərdən qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük xidmətinin rolu böyükdür.

Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırılıb, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırılıb, gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirilib, Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter alıb.

Unutmayaq ki, vergi və gömrük sistemlərində səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial islahatların gerçəkləşdirilməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyev əvvəlki çıxışlarında da son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi və gömrük orqanlarının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumların şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir.

Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf gömrük-vergi sisteminin formalaşması kimi məsələlərin həllini qarşıya mühüm vəzifə kimi qoyub. Dövlət başçısı qeyd edib ki, 2018-2019-cu illərdə gömrük-vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Vəkil Hüseynovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsi olaraq gömrük orqanlarında islahatların aparılması istiqamətində mühüm işlər görülür. Reallaşdırılan islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq şəraitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına töhfəsini verir. Hazırda gömrük orqanları ilə sahibkarlıq subyektləri arasında səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Bundan başqa fiziki şəxslərin gömrük-sərhəd keçid tezliyinin, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin operativ qeydiyyatının reallaşdırılması, ölkəyə gələn və ölkədən gedən turistlərin “Yaşıl dəhliz” və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması prosesləri diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxaldakı payı 23, ixracda isə 27 faizdir.

Onu da xatırladaq ki, 2018-2019-cu illərdə gömrük sistemində gerçəkləşdirilən ¬islahatlar sayəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Bunun sayəsində isə ilin ötən aylarında Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib.

Hazırda gömrük xidmətində həyata keçirilən kompleks tədbirlərdən biri də gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsinin digər aidiyyəti strukturları kimi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində də bir sıra yeniliklər həyata keçirilir və şübhəsiz ki, görülən işlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bu gün dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların əhatə dairəsi daha da genişləndirilib. Biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin daha da yüksəldilməsi, azad rəqabət mühitinin yaradılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.Ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata keçirilən islahatlar da xarici ticarət iştirakçılarının aktivliyini artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların məbləğ etibarilə artırılmasına nail olunub.

Son iki ildə “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş illik büdcə proqnozu ilə müqayisədə dövlət büdcəsinə 2 milyard manat artıq ödənişlər təmin olunub. 2019-cu ildə Dövlət Gömrük Komitəsi üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 11 ay ərzində 4 milyard 6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 611 milyon 610 min manat və ya 118,02 faiz, ötən ilin faktiki göstəricilərinə nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz büdcəyə artıq ödəmələr həyata keçirilib.

2019-cu ilin 11 ayı ərzində idxalın həcmi 12 milyard 384 milyon 671 min ABŞ dolları, ixracın həcmi 18 milyard 303 milyon 415 min ABŞ dolları, xarici ticarət üzrə dövriyyə 30 milyard 688 milyon 86 min ABŞ dolları təşkil etməklə 5 milyard 18 milyon 744 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. İdxal mallarına qanunvericilik aktlarına əsasən tətbiq edilən azadolmaları nəzərə alsaq, vergitutma bazası 50-55 faiz olmaqla, ötən illə müqayisədə dəyişməz qalıb.

Aparılan islahatların məntiqi nəticəsi olaraq, beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan istifadə edilir. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər verilir. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il 1 fevral tarixindən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazələr verilib.

“Yaşıl dəhliz” və “bir pəncərə” kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərinin daşınmasının sürətləndirilməsinə, eyni zamanda,“kölgə iqtisadiyyatı”na qarşı mübarizədə öz müsbət təsirini göstərib. Belə ki, dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyən edilmiş vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub.Görülən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsində son iki ildə idxal-ixrac əməliyyatları üzrə səffaflığın təmin edilməsi ilə beynəlxalq iqisadi münasibətlər kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə artıb ki, bu da “güzgülü statistik” uçotun aparılmasını asanlaşdırır.

Son iki il ərzində gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi və gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin genişmiqyaslı formada həyata keçirilməsi “kölgə iqtisadiyyatı”na vurulan əsas zərbələrdən biri kimi xarakterizə olunur. Belə ki, 2018 və 2019-cu illər ərzində “qara bazar”da satış dəyəri 300 milyon dollarla ölçülən, ümumi çəkisi 3 tondan artıq narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb, eyni zamanda, istehlak bazarında haqsız rəqabətə səbəb ola biləcək kontrafakt malların dövriyyəsinin qarşısı alınıb, qanun pozuntularına qarşı istintaq hərəkətləri həyata keçirilib. Bəşəri bir bəlaya çevrilən “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi məqsədilə gömrük işinin daha da sadələşdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin prioritet istiqamətləri müəyyən edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payının çox olması fonunda 2020-ci ildə qeyri-neft sektorunun daha sürətli artımı nəzərdə tutulub. Gələn il ilk dəfə həmin sektordan daxilolmaların 11 milyard manata yaxın olacağı proqnozlaşdırılıb.

Hesablama Palatası dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirlərinin, eləcə də qeyri-neft sektorundan ümumilikdə və vergi orqanları xətti ilə yığılan gəlirlərin növbəti il üzrə əhəmiyyətli artımlarla proqnozlaşdırılmasını real sektorun dayanıqlı inkişafı kimi qiymətləndirib.

V.Gülməmmədov əlavə edib ki, növbəti ilin dövlət büdcəsinin gəlirlərinin təhlili Vergi Məcəlləsinə 2020-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərin də diqqətə alınmasını tələb edir. "Büdcə zərfi”nə daxil edilən layihə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Palata sədri həmin tədbirlərin icrasının büdcə gəlirlərinin hesabatlığında şəffaflığın yüksəldilməsinə, rəqabət mühitinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaqla korrupsiya əleyhinə də bir alət kimi təsir edəcəyini bildirib: "Bununla yanaşı, büdcə gəlirlərinin inzibatçılığının potensialın reallaşdırılması istiqamətində böyük əhəmiyyətə malik olması danılmaz faktdır. Son illər həm vergi, həm də gömrük orqanlarının fəaliyyətində müsbət meyillər bu sahədə öz nəticəsini göstərir. Eyni zamanda, ümumilikdə vergi və gömrük inzibatçılığının daha da təkmilləşdirilməsi üçün konkret aralıq və son hədəflər göstərilməklə kompleks inkişaf strategiyasının hazırlanması dövlət gəlirlərinin daha da artırılması üçün münbit şəraiti formalaşdıra bilər".

O bildirib ki, gömrük sistemində aparılan şəffaflıq işləri, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Dövlətin müstəqilliyinin əsas atributlarından biri olan gömrük xidməti ötən dövrdə dövlətə, xalqa nümunəvi xidmət göstərməklə ən böyük nailiyyətinin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə xidmət edib. Dövlət Gömrük Komitəsi öz işini Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, Gömrük Məcəlləsinin tələblərinə uyğun qurmaqla, ölkəmizin iqtisadi təhlükəsizliyinin və maraqlarının etibarlı qorunması, gömrük xidmətinin beynəlxalq standartlar səviyyəsində təşkilini təmin etmək məqsədilə bütün imkanlarını bundan sonra da səfərbər edəcəkdir.

Habil Hüseynov

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir

 

Xalq Cəbhəsi.- 2020.- 11-13 yanvar.- S.6.