Balaca Şahzadə” teatrda...

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-EkzüperininBalaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı fevralın 29-da teatrsevərlərin ixtiyarına verəcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Heydər Əliyev Fondunun layihəsi olanFondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan səhnə əsərində Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitaba yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, İqrar Salamov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov və İbrahim Əlizadə ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər ZakirYelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

 

Xalq Cəbhəsi.- 2020.-25 yanvar.- S.16.