“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 87-ci yazı

 

Süleyman Əmininin aşağıdakı “Malik və Nəriman” şeirinin yaranma səbəbini bilmək üçün qəzetin bundan öncəki 26 aprel 1946-cı il tarixli 183-cü sayında Mir Vahab Əfxəmin imzası ilə getmiş “Cəsarətdən bir nümunə” adlı yazısına bir daha diqqət yetirməniz tövsiyə olunur (şeirin sonunda həmin yazı əlavə edilib – S.B.).

Süleyman Əmini Azərbaycanın kəndli və görkəmli şairlərindəndir. Onun şerlərindən bir neçəsi qəzetimizdə indiyə kimi dərc edilib. Aşağıdakı şeirlər onun ədəbi yaradıcılığından bir nümunədir. (12 yaşındakı Nərimanın və 13 yaşındakı Malikin Sərab fədai başçısı Əbdüləli Mərdaninejada müraciətləri)

 

"Malik və Nəriman"

 

Malik: Yaz fədai məni, ey şanlı komandan, gedirəm

Gedirəm yurdumun uğrunda verim can, gedirəm

Nəriman:

Sevərəm xidmət edəm mən də müqəddəs vətənə

Sırıyam gülləni şəmşir kimi ta əhrimənə

Yaz fədai məni də, əsləhə lütf eylə mənə

Fədai başçısı Əbdüləli Mərdani Nejad:

Siz uşaqsız, gücünüz çatmaz oğul, avtomata

Qamətiz qısadır, əlbəttə minəmməzsiz ata

Siz oğulsuz mənə, mən də sizə istəkli ata

Sizə xidmət edirəm, mən özüm əlan gedirəm.

Malik:

Neylər, olsun uşağam, məndə ərənlər gücü var

Yurdumun aşiqiyəm, eşqdə nərlər gücü var

Diqqət ilə baxsan, şöleyi-Azər gücü var

Gedirəm, mən qoyaram düşmənə tufan, gedirəm.

Nəriman:

Yaz, sən Allah məni, fikr eyləmə, neylər uşağam

Babək övladıyam, əlbəttə atam tək qoçağam

Gər boyum qısadısa, bir dənə kəskin bıçağam

Gedirəm bağrın edən xainin al-qan, gedirəm.

Fədai başçısı:

Hələ vaxtız deyil, oğlum, qayıdun mənzilizə

Siz səadət tapasız, ax necə ləzzətdi bizə

Biz gərək xidmət edək həm vətənə, həm də sizə

Mən özüm zülm ocağın etməyə viran gedirəm.

Malik:

Doğrusu, əsləhənin səbrimi almış həvəsi

Anamın lay-layı tək xoşdu mənə güllə səsi

Yatar asudə bu günlərdəmi babək nəvəsi

Gedirəm, əmr eləyir çün mənə vicdan, gedirəm.

Nəriman:

Mənə rahətlik olarmı belə günlərdə halal

Tapmayıb ta ki, vətən düşməninin ömrü zaval

Çalışıb vurmamışam sinəmə ta şanlı medal

Qayıda bilmərəm ölsəm də bu yoldan, gedirəm.

Fədai başçısı:

Var kifayət qədəri şanlı fədailərimiz

Həmdi, qeyrəti, imanlı fədailərimiz

Yurdumuz hafizi, vicdanlı fədailərimiz

Tutmuşam onlar ilə əldə bir ünvan, gedirəm

Malik:

Azəristan öz anamdır, qucağı aşyanım

Anamın ismətinə qoy ola qurban bu canım

Cuş edib durmuru, Vallahi, damarlarda qanım

Səni Tanrı, mənə də ver gələ fərman, gedirəm.

Nəriman:

Becəribdir qucağında məni bu şanlı vətən

İndi vacibdir, onu hifz eləyim sidq ilə mən

Mən fədayam vətənə, köynəyim əynimdə kəfən

Vermişəm öz anama sidq ilə peyman, gedirəm.

 

Fədai başçısı Əbdüləli Mərdani Nejad:

 

Belə israr eləyib qoymusuz heyrətdə məni

Çox sevərsiz, edəsiz hifz müqəddəs vətəni

Gəlin indi, götürün, sevdiyiniz əsləhəni

Gətirib mən də sizin eşqizə iman, gedirəm.

Süleyman Əmini.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

 

***

 

"Cəsarətdən bir nümunə"

 

Azərbaycan xalqı müqəddəs olan öz vətənini hər cür hücumdan müdafiə etmək üçün hazırdır. Keçmiş Rza xanın zülmkar və mürtəce hökuməti azərbaycanlıları zülm və sıxıntı altında saxlayıb əzirdi. Amma bu əzmək heç zaman Azərbaycanın zəka və düşüncəsini və eyni halda onların qəlbində işıqlanan azadlıq şöləsini söndürə bilmədi. Əksinə, daha da işıqlandırdı. İndi tək cavanlar yox, eyni zamanda 11-12 yaşlarında uşaqlar da öz xalqının səadət və azadlığı yolunda hər cür fədakarlığa hazırdır.

11 aprel 1946-cı il tarixində Sərabda fədailər könüllü olaraq xidmətə yazıldığı zaman birinin adı Nəriman Mahmud oğlu, o birisinin adı Malik Manaf oğlu olan iki nəfər kəndçi uşaqları çox hərarət və sevinc ilə fədai başçısı və firqə nümayəndəsinə müraciət edib adlarının fədailər sırasında yazılmasını ciddi şəkildə xahiş edirlər. Fədai başçısı və firqə nümayəndəsi tərəfindən bəyan olunan “siz uşaq olduğunuza görə silah götürməyinizə icazə yoxdur, buna görə də siz fədai ola bilməzsiniz” xəbərini uşaqlar eşitdikləri zaman məyus bir qiyafə alıb azca sükutdan sonra ağlaya-ağlaya dedilər ki, biz uşaqlığımızdan hazırıq son damla qanımız qalana qədər müqəddəs olan vətənimizi müdafiə edib düşməndən qoruyaq. Ona görə də xahiş edirik ki, bizi bu səadətdən məhrum etməyib məyus qaytarmayasız. Əgər yaşımız kiçik və biz uşaq olsaq da amma bizim damarlarımızdakı qan Azərbaycan qanıdır, bizdə uşaq-böyüyə təfavüt yoxdur.

Budur Azərbaycan xalqının öz millət və vətəninə olan marağı, azərbaycanlıların fədakarlıq və cəsarətindən bir nümunə. Çünki Azərbaycan övladı yaxşı başa düşür ki, onun səadət və xoşbəxtliyi azadlığı saxlamaqdadır. Buna görə bizim körpə balalarımız da çox kiçik yaşdan vətən uğrunda öz vəzifəsini yerinə yetirməkdə bir-birinə dəstək verib öz kiçik qəlblərində vətənlərinə olan eşqlərini və məhəbbətlərini xalqa sübut edirlər.

Yaşasın Vətənimizi müdafiə edən canfəşan fədailər, damarlarında həqiqi azərbyacanlı qanı axan cavanlarımız.

 

Sərab, Mir Vahab Əfxəm

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

 

***

 

Vətən !

 

Vətən! Vətən bir fatehin qılıncı ya bir rəssamın qələminin rəsmi ilə cızılan xəyali xəttlərdən ibarət deyil. Milliyət, azadlıq, qardaşlıq, yoldaşlıq, milli hakmiyyət, milli azadlıq, əcdada hörmət, milli adət və əxlaqımıza hörmət, ailəyə məhəbbət, cavanlıq dövrünün şirin xatirələri və uşaqlıq dövrünün rəngarəng xalları kimi bir çox ülvi hisslərin bir yerə yığışmasından zehinlərdə oyanan, hasilə gələn bir müqəddəs fikirdir.

Vətəni sevən milli azadlığını sevməlidir. Vətənə eşqi olan milli hakimiyyəti qorumalıdır.

Bu son dünya müharibəsi göstərdi ki, necə böyük millətlər sinələrini sipər və bədənlərini səngər edib azğın və təcavüzkar bir düşmənin qarşısında öz ana yurdlarını cəsarət və şücaətlə müdafiə etdilər. Axırdada öz yüksək məqsədlərinə nail olub fəth və zəfər şahidini bağırlarına basdılar. Dünya millətləri bu son dünya müharibəsində böyük bir vətənpərvərlik dərsi aldılar və bildilər ki, bir ölkənin azadlığı və istiqlalı necə hifz olunur. Vətəni qurtarmaq üçün mübarizə aparmaq və canını o yolda qurban vermək şan və şərəfin ən yüksəyidir.

Hər kəsin vətənimizə hörmət etməsini tələb etmək milli bir vəzifədir. Biz gərək çalışaq və Vətənimiz üçün bu haqqı qazanaq. Vətən millətindir. Vətəni vücuda gətirən bizim əcdadımız və varlığımızı onlardan aldığımız ata-babalarımızdır. Vətənin şövkətinə və əzəmətinə toxunan, milli həyatımızı təhdid edən, milli azadlığımıza qarşı çıxan və Vətən üzərində haqqımız olan hüquqa təcavüz edən hər bir kəs, istər özgə, istər yerli olsun,Vətən xaini və vətən düşmənidir.

Vətən düşməni istər qardaşımız olsun, yenə də düşməndir. Çünki Vətən qardaşdan, övladdan da öndə gəlir. Azadlığımıza təcavüz etmək istəyənlər yalnız bizim hüququmuza deyil, Vətənin hüququna da, yəni ən müqəddəs bir hüquqa təcavüz etmək istəyənlərdir.

Milli azadlığımıza toxunanlar Vətənimizin müqəddəs torpağına toxunanlar kimi mənfurdur. Milli azadlığımızın bu mənfur və iyrənc düşmənləri ilə qarşı-qarşıya gəldikdə onları ən zəhərli düşmənlərimiz kimi əzib məhv etmək ən böyük vəzifədir.

 

Əhməd Əzmi

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

***

 

19-20-ci əsrlərdə Təbrizdə ədəbiyyat

 

9-cu hissə

 

Dövrünün digər şairləri kimi Hidci də aşiqanə qəzəllər yazmışdır. Aşağıdakı misralar onun qəzəl sahəsində müvəffəq olduğunu göstərir:

 

Bağrım, ey dost, dönüb ayrılığından qana

Bəs haçan ayrılıq əyyamı yetər payana.

 

20-ci əsr ədəbiyyatından söhbət edərkən Mirzə Əli Ləlinin (1833-1906 miladi) yaradıcılığını xüsusilə qeyd etməliyik. Ləli İranda anadan olmuşsa da 20 yaşında Təbrizə gəlmiş və uzun müddət bu şəhərdə yaşayaraq xalqın hörmət və etimadını qazanmışdır. Təbrizdə təhsilini tamamlayan və şəxsi mütaliə nəticəsində ədəbiyyata vaqif olan şair sonralar İstanbula gedərək həkimlik təhsili almış və bir müddət bu sahədə çalışmışdır. Ləli Nəsrəddin şahın belə nəzər-diqqətini özünə cəlb etmişdir. Məlumdur ki, şah Avropa səfərinə gedərkən şairi də özü ilə aparmışdır. 20-ci əsrin əvvəllərində İrana gedən və oradan Tiflisə köçən şair Azərbaycanda inqilabi hərəkat başlanarkən Təbrizə gəlmiş və şəxsən bu hərəkatda iştirak etmişdir. Ləli çox şeir yazmışdır. Xalqın onun şeirlərini necə sevdiyini təsəvvür etmək üçün təkcə bunu demək kifayətdir ki, şairin divanı az bir zaman içərisində üç dəfə çap olunmuşdur. Bu çaplar içərisində 1944-cü ildə “Azərbaycan səhmdar kitab çapı şirkəti” tərəfindən buraxılmış iki cildlik əsər daha mükəmməl və daha tamdır. Kitabın bu nəşrinə Təbrizin tanınmış ədəbiyyatşünaslarından cənab Səfvət tərəfindən yazılmış müqəddimə də əlavə edilmişdir.

Ləli ictimai məzmunda nəsihətamiz, vətən mövzusunda və tərbiyəvi səciyyədə şeirlər yazdığı kimi maraqlı lirik əsərlər də yazmışdır. O, şeirlərində məna dərinliyinə böyük qiymət verir, ən kiçik əsərlərində belə az sözlə çox fikir ifadə edərdi. Aşağıdakı parça onun kiçik lirik əsərindən bir misaldır:

 

Ey ləbləri qönçə, belə incə kəmər olmaz,

Şirin ləbi-ləlin kimi şəhdü şəkər olmaz.

Aynada müşkül görünür əksi-camalın,

Aynada ayn gözəl cilvəgər olmaz.

 

Qəzəl ədəbiyyatının davamında da Ləlinin xidməti diqqətəlayiqdir. O, olduqca orijinal qəzəllər də yaratmışdır. 20-ci əsrdə Təbrizdə və ümumən Cənubi Azərbaycanda yaranan xalq ədəbiyyatı da təhlil edilməmiş, toplanılmamış və unudulmuş sahələrdən biridir. Əlimizdə olan parçalar Təbrizdə qüdrətli xalq ədəbiyyatının yarandığına şahiddir. Xüsusən Səttarxana və inqilabi hərəkata aid deyilmiş şeirlər çox maraqlıdır. İnqilaba aid olan bir parçada deyilir:

 

Təbrizdə var inqilab,

Məmdəli, dinmə get yat.

Get özünə kömək tap,

Yorğanı sazla, ört yat.

 

Səttarxan haqqında deyilmiş ürək sözlərindən gətirdiymiz aşağıdakı parça da xalq tərəfindən yaradılmıışdır.

 

Təbriz xalqı üç il çəkdi məşəqqət,

Paymal oldu ayaq altda rəiyyət.

Məşrutəni aldı axırda millət,

Yaşasın Səttarxan, millət yaşasın!

 

20-ci əsrdə inqilabi hərəkatın təsiri ilə milli şüurun inkişafı parlaq surətdə nəzərə çarpır. Təbrizdə ana dilində məktəb, teart, mədəni cəmiyyətlərin təşkili buna şahiddir. Bu zaman Təbrizdə “Cəmiyyət-e tənvir-e əfkar” (“Maarifləndirmə cəmiyyəti” – red.), bir az sonra “Məcmə-ye artistha-ye Azərbaycan” (“Azərbaycan sənətkarları birliyi” – red.) təşkil olunur ki, bunlar böyük mədəni-maarif fəaliyyətləri ilə nəzər-diqqəti cəlb edirlər. 1908-ci ildə isə Mehdixan Şəfizadənin rejissorluğu ilə bir dram dəstəsi təşkil olunur ki, bu dəstə birinci fəaliyyətini məşhur Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin “Xəyalat” əsəri ilə başlayır. Bir il sonra dram dəstəsi yenə həmin ədibin “ Dağılan tifaq” dramını tamaşaya qoyur. 1909-cu ildə tanınmış Azərbaycan aktyoru Sidqi Ruhullanın Təbrizə gəlməsi və bir neçə ay burada qalması teatr sənətinin tərəqqisinə böyük kömək edir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

 

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 3 aprel.- S.14.