“Azərbaycan”
qəzetinin səhifələrində
89-cu yazı
Rza Azəri: Şanlı qızıl əsgərin Azərbaycan millətinə hədiyyəsi ya radio stansiyamızın rəsmi açılışı
Cümə günü, 1946-cı il aprel ayının 26-da qəhrəman Azərbaycan millətinin ən təntənəli günlərindən birisi və bəlkə böyük bir bayramı idi. Əbədi olaraq qəlblərimizin ən dərin güşələrində böyük və müqəddəs xatirələr buraxan bizim ölkəmizi canavar faşist sürülərinin işğalından qoruyub xilas edən, o yolu ilə bizim də üzümüzə bütün məzlum millətlərin üzünə olduğu kimi azadlıq və səadət cənnətinin qapılarını açan, həmişə böyük bir ehtiram və təzimlə yad ediləcək olan qəhrəman və sevimli Qızıl ordunun Azərbaycan millətinə yadigar olaraq hədiyyə elədiyi ən son sistem radio stansiyasının milli dövlətimiz tərəfindən dövlət teatrı salonunda rəsmi açılış günü idi.
Səhnənin önündə mikrofon, yəni səsi qəbul edib stansiya vasitəsi ilə göndərən aparat qoyulmuşdu. Sevimli Baş nazirimiz cənab Pişəvərinin tərəfindən radionun rəsmi açılışını hörmətli Milli Məclisimizin rəisi cənab Hacı Mirzəli Şəbüstəri şəxsən ifa edəcəklərdi. Hamı səbrsizliklə rəsmi açılışın gedişini görmək intizarında idi. Saat 17.30-dur. Bu sırada səhnənin pərdəsi yavaş-yavaş açılır. Səhnənin mənzərəsi çox diqqətəlayiqdir. Ən öndə mizlər üstündəki güldanlarda əlvan güllər düzülüb. Güllərin arxasında cənab Şəbüstəri və kürd qardaşlarımızın sevimli rəhbəri cənab Qazi Məhəmməd və sair möhtərəm şəxslərdən bir neçə nəfəri stullarda otururdular. Onların da arxasında 40-a qədər qadınlı-kişili dövlət teatrının aktrisa və aktyorları ayaq üzərində nizam ilə düzülmüşlər. Səhnə önündə dövlət orkestri heyəti cənab C.Cahangirovun rəhbərliyi altında hazır idilər. Bu sırada hörmətli Baş nazirimiz xüsusi lojalarına daxil olduqda Azərbaycan milli marşı oxunub çalınmağa başladığından hamı ayağa qalxmışdı. Başı açıq, tam ehtiram və sükut ilə marşa qulaq asmağa başladılar. Marş qurtardıqda alqış tufanı qopdu. Ura və alqış səsləri salonu hərəkətə gətirmişdi. Keçən 25 illik mənhus dövr ilə indiki dörd aylıq azadlıq dövrümüzün bariz fərqləri kino lenti kimi bir-bir gözümüzün önündən gəlib keçirdilər.
1926 və
ya 1927-ci il idi. Bu səhnə
yeni düzəlmişdi. Rza xan, o kobud məxluq
yeni şah elan olunmuşdu. Təbrizə
bizim qanımızı sormaq üçün “ət-daş”
eləməyə gəlmişdi. Bu səhnənin rəsmi
açılışını o vaxtın valisi ifa edəndə
o hiyləgər, qəsbkar, zalım hökmdar həmin lojada
oturmuşdu ki, bu gün Azərbaycanlının qanını
şüşəyə tutan hiyləgərlərin yerində
Azərbaycanın öz mərd və aslan oğlu oturmuş,
millətin səadətinə baxıb gülür və ləzzət
aparırdı. Bu təntənəli mərasimdə
ixtiyarsız hər kəsin gözündən sevinc
yaşları axırdı. Çünki
bu qara buludlar dağılıb, qaranlıq günlər gedib,
işıqlı azadlıq günəşinə və
günlərinə çatmışıq. Radio heyətinin müdiri cənab Mirqasım
Çeşmazər aparat qarşısında
“Danışır Təbriz” deyə rəsmi
açılışını bildirdi.
Cənab
Şəbüstəri öz açılış nitqini
oxuduqdan sonra və nitqinin neçə yerində xüsusilə
“Qızıl ordunun hədiyyəsidir” dedikdə alqış
tufanı qopurdu və Pişəvəri adı da hər dəfə
qeyd olunanda ura səsi və alqış tufanı salonu lərzəyə
gətirirdi.
Sonra kürd qardaşlarımızın hörmətli rəhbəri
cənab Qazi Məhəmməd kürd dilində
ittifaqımıza, qardaşlığımıza və Azərbaycanın
tərəqqisinə aid olan nitqi ilə neçə dəfələr
alqışlandılar. Sonra cənab Şəbüstərinin nitqinin fars, rus və fransızca olan tərcümələri,
cənab Qazi Məhəmmədin nitqinin fars dilində tərcüməsi
mikrofon qarşısında oxundu. Bu rəsmi
açılış qurtardıqdan sonra 5 dəqiqə tənəffüs
elan edildi.
Tənəffüsdən sonra konsert hissəsi
başlandı. Konsert hissəsində də bəstəkar cənab
C.Cahangirovun özlərinin bəstələdikləri, yəni
nota çəkdikləri solosu, cənab Dəbbaqinin ifası,
Hüseyn Cavanın aşıq havaları və milli
mahnıları, dövlət teatrının aktyor heyətinin
xorla oxuduqları fədai marşları çox şiddətli,
gurultulu alqışlar və ura səsləri ilə dəfələrlə
qarşılandılar.
Radio stansiyasının açılışına həsr
olunmuş bu təntələli rəsmi
yığıncaın qurtarması təqribən saat 19.30-da
elan edildikdən sonra rəsmi dəvət olunanların radio
stansiyası və studiyasına yaxından tamaşa etmək
üçün studiyaya gəlmələri xahiş olundu. İqtisad nazirliyinin
yanında olan studiyanın bütün salonları ali bir tərzdə xalçalar və mebellərlə
döşənib hər yeri bəzənmiş və
bütün salonlarda masaların üzərinə hər
cür şirni qoyulmuşdu. Çağırılan
qonaqları orada Baş nazirimiz cənab Pişəvəri və
Milli Məclisin rəisi cənab Şəbüstəri qəbul
edirdilər. Bir az sonra avtomobillərlə
Nizamiyyə xiyabanında stansiyaya baxmaqdan ötrü yola
düşdülər. Stansiyada masaların
üzəri şirni ilə dolu idi. Orada
radiostansiya aparatları üzrə cavan elektrik-mühəndis
cənab Dəxili tamaşa edənlərə hər bir
xüsusda izahat verirdi. “Bu radio Amerika malıdır, hər
bir tərəfə, 2500 km məsafəyə qədər səs
göndərir. Özü də təzə, 1943-cü ilin
sistemidir”, - deyə bəzi faydalı izahat verirdi. Xülasə, bu təntənəli gün çox
böyük sevinc və şadlıqla başa çatdı.
Bu mərasimdə Tehrandan gələn əziz
qonaqlarımızdan ibarət bir heyət də iştirak
etmişdilər. Bundan sonra milli dövlətimizin rəhbərliyi
altında böyük tərəqqilərə nail olub daha da
xoş və daha da təntənəli günlər görəcəyimizi
xalqımıza müjdə veririk.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184,
28.04.1946
***
Azərbaycan
Milli radio stansiyasının rəsmi
açılışı
Kürd
qardaşlarımızın möhtərəm rəhbəri cənab
Qazi Məhəmmədin radionun rəsmi
açılışı münasibəti ilə söylədiyi
nitqi
İndi ki, Azərbaycan Milli Hökumətinin radio
stansiyası rəsmən açılır, Azərbaycanın
bütün rəşid və azadlıqsevər millətinə
ürəyimizin dərin güşəsindən gələn
təbrik və salamlarımızı bildirirəm. Çünki
bizim üçün bir vaxt müəyyən olunub ki,
Kürdüstan tərəfindən də radioda
danışılsın. Bu radionun
açılışı münasibətilə kürd millətini
də təbrik etməyi lazım bildim.
Bu iki nəcib millətin azadlığı ələ gətirmələrinə
səbəb olan bu dostluq və birliyin gündən-günə
daha da möhkəm olmasına ümid edirəm. İttifaq və
qardaşlıq sayəsində ələ gətirdiyimiz
azadlığın mühafizəsi üçün mərdliklə
çalışacağıq. Bir-birimizə
münasibətdə hər cür yardımı və köməyi
əsirgəməyib hələ da qalmaqda olan ictimai və mədəni
nöqsanları bir-birimizin köməkliyi ilə aradan
qaldırıb tam sürətlə səadət və
xoşbəxtlik mənzilinə tərəf gedək. Səy və ciddiyət etməliyik ki,
dünyanın mütərəqqi millətlərindən geri qalmayıb
sahibsizlikdən bu iki millətin düçar olduğu
yoxsulluq və fəlakəti sənaye və elm vəsiləsi
ilə dəf edək. Xülasə, bu iki
milləti birlikdə işləməyə və
qardaşlığa çağıraq. Fürsətdən
istifadə edərək bu məsələni onların
yadına salıram ki, bugünkü dünya elm və mədəniyyət
sayəsində yeri-göyü fəth edib və indi
ulduzların sirlərini kəşf eləməklə məşğuldur.
Deməli, sizin nicat yolunuz yalnız elm və mədəniyyətə
sahib olmaqdadır. Bu halda hər nəyiniz
varsa, özünüzü savadlandırmaq, elm və maarifinizi
genişləndirmək yolunda xərc edin və əmin olun ki,
özünüzün qədim arzunuza yetişəcəksiniz.
Kürd millətini bu məsələdən xəbərdar
etmək istəyirəm ki, Təbrizə gəldiyim bu
neçə gündə Azərbaycanın möhtərəm
başçıları ilə birlikdə hərbi hissələri,
məktəbləri və fabrikləri görməyə
getmişəm. Azərbaycan milləti
öz tərəqqi və səadəti yolunda böyük
addımlar atıb və layiqli tərəqqilərin ona nəsib
olduğunu müşahidə etmişəm.
Təbrizdə və Azərbaycanın sair şəhər
və kəndlərində maddi və mənəvi
nöqsanları aradan qaldırmaq üçün ictimai və
iqtisadi sahələrdə böyük hərəkətlər
görünməkdədir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184,
28.04.1946
***
Azərbaycan
Milli radio stansiyasının rəsmi
açılışı
Cümə
günü 26.04.1946-cı il tarixində
axşam saat 5.30-da Azərbaycan milli radio stansiyası rəsmi
surətdə açıldı. Bu təntənəli
açılış mərasimi xalqımızın odlu
alqışları içərisində dövlət
teatrında təşkil olundu. Milli
hökumətimizin Baş naziri cənab Pişəvərinin xəstəliyi
olduğuna görə radio Milli Məclis rəisi cənab
Şəbüstərinin vasirəsilə açıldı.
Aşağıda cənab Şəbüstərinin
açılış münasibəilə söylədiyi
nitq dərc olunur. Bu nitq 4 başqa dildə, kürd, fars, rus, fransız dillərində də
bütün dünyaya verildi. Mərasimin
proqramı xalqımızın sevincli və gurultulu
alqışları ilə saat 8-də sona yetişdi.
Əziz həmvətənər
və hörmətli eşidənlər!
Azərbaycan Milli Hökumətinin yeni bir parlaq nailiyyətini
sizə xəbər verməklə özümü çox
xöşbəxt hesab edirəm. Millətlər
ömründə çox qısa sayılan 4 aylıq bir
müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif
həyati sahələrdə əldə etdiyi nailiyyətlər
qəhrəman xalqımızın iftixarla dolu tarixində
qızıl xətt ilə yazılacaqdır. Misli görünməmiş bir əmniyyət
yatamaq, iqtisadi böhranların qabağını almaq,
işsizlik əleyhinə müvəffəqiyyətlə
mübarizə aparmaq, həqiqi xalq maarifini genişləndirmək,
səhiyyəni təmim vermək, pulsuz və əvəzsiz
olaraq kəndlilər arasında xalisə yerlərinin (dövlət
torpaqlarının – red.) bölünməsini əməli etmək,
azadlığı və milli dövlətimizi müdafiə
etmək üçün qüdrətli milli qoşun yaratmaq
Milli hökumətimizin bu qısa müddətdə əldə
etdiyi nailiyyətlərin bir hissəsini təşkil edə
bilər.
Habelə milli radio stansiyasının təsis edilib işə salınması Milli hökumətin böyük dəyərə malik olan işlərindəndir. Mən çox şadam ki, bu gün milli radiomuzun rəsmi açılış mərasimi xalqımızın müxtəlif təbəqələrinin hüzurunda əmələ gəlir, Azərbaycan milli radiosunun təsisi ilə xalqımızın həyatında yeni bir mərhələ başlanır. Çünki bu radio xalq maarifini genişlənməkdə, ictiami rəyi işıqlandırmaqda, təlim və tərbiyə yolu ilə millətimizin əsasını möhkəmləndirməkdə və bütün təbəqələri ölkənin və və dünyanın vəziyyəti ilə tanış etməkdə böyük bir rol oynayacaqdır. Biz bu qüdrətli silahdan layiqincə istifadə edərək ana dilimizdə səsimizi bütün azad və mədəni dünyanın qulağına çatdırıb bütün dünyaya öz milli istəklərimizi və müvəffəqiyyətlərimizi elan etmək üçün imkan əldə edəcəyik.
Yeri gəlmişkən, iftixar və şərəflə öz vətənlərinə dönən qəhrəman Qızıl ordunya Azərbaycan xalqına hədiyyə etdiyi bu unudulmaz yadigara görə səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm. Qəhrəman Qızıl ordu bəşəriyyət xilaskarı və demokratiya hamisinə layiq olan tərzdə tarixi missiyasını şərəflə yerinə yetirib nəinki yalnız öz vətənini qəhrəmancasına müdafiə etdi, eyni zamanda faşist istilaçılarının əli ilə aradan getməkdə olan dünya mədəniyyətini də xilas etdi.
Qəhrəman Qızıl ordu İranın istiqlaliyyətini hifz etdi və misli görünməmiş qəhrəmanlıqlar sayəsində faşist işğalçılarının əziz vətənimizə qədəm qoymasına mane oldu. İndi ki, xilaskar qızıl ordu məmləkətimizi tərk etməkdədir, onlara ürəkdən “xoş gəldiniz” deyərək öz səmimi və pak duyğularımızı təqdim edib və nəcib sovet xalqlarının səadətini arzu edirəm.
Qızıl ordunun yadigarı olan Təbriz radio stansiyası azadlıq, demokraya, müdafiə, nicat və mətanət nümunəsi olan sovet xalqlarının qəhrəman oğullarının xatirələrini əbədi olaraq Azərbaycan xalqıın ürəyində hifz edəcəkdir. Bir dəfə daha Təbriz radio stansiyasının rəsmi açılışı münasibətilə qəhrəman və rəşid Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 8 aprel.- S.14.