İnternetdə insan hüquq    azadlıqlarının təminatı məsələləri

 

Səyyad Məcidli: “İnsanların kiber aləmdə mövcud olan hüquqları real həyatdakı haqlarına bərabər tutularaq qorunur

 

Bu gün dünyanın hər yerində internetdən istifadənin mümkün olması insan hüquqlarının qorunması sarıdan hətta ciddi problemlər yaratmaqdadır. Problemin yaranma səbəbləri müxtəlif olsa da, habelə həlli ilə bağlı irəli sürülən təkliflər də çoxdur. Araşdırmaçı Səyyad Məcidli bildirir ki, internet ümumbəşəri sərvət kimi yalnız insana xidmət etmək və hər kəsin hüquq və azadlıqlarının reallaşması, rifahının daha da yaxşılaşdırılması üçün yaradılmış azad bir məkandır. İnternetin fəlsəfəsi insanın azadlıqları, o cümlədən özünüifadə azadlığının konseptual mahiyyəti ilə üst-üstə düşür. Hər kəs kiberməkandan istifadə edərək, rahatlığını və haqlarını həyata keçirmək imkanı əldə edir, ətraf aləm haqqında tez və əlçatan bilgilərə sahib olur, ifadə və informasiya azadlığını reallaşdırır, elektron kitabxanalara daxil olaraq mütaliə edə bilir, distant təhsillə özünün təhsil hüququnu reallaşdırır, e-maillə sürətli poçt məlumatları alır və ötürür, elektron xidmətlər vasitəsilə dövlət orqanlarına, o cümlədən məhkəmələrə asan müraciət imkanları, habelə digər hüquq və üstünlüklər əldə edir: “Vətəndaş cəmiyyətinin mühüm bir forması internet istifadəçilərinə məxsus vahid şəbəkənin varlığıdır. Şəbəkədə isə hər kəsin hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədinin tərkib hissəsi olaraq qalır. Onların təkcə maddi aləmdə deyil, eyni zamanda virtual məkanda da haqlarını ilk növbədə dövlət özünün müəyyən etdiyi norma və prinsiplər əsasında mühafizə edir. Ölkə Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq bəyan edir. Bu gün insanın azadlığı, onun rifahı, həyatının əksər hissəsi məhz virtual məkanla bağlı olub, burada baş verən proseslərdən kifayət qədər asılı vəziyyətdədir. Ona görə də insanların kiber aləmdə mövcud olan hüquqları, elə real həyatdakı haqlarına bərabər tutularaq qorunur. Ancaq burada çox vacib bir məqamı da nəzərdən qaçırmaq olmaz. Kiber aləmin imtiyaz və üstünlüklərinin olmasına baxmayaraq, bu məkanda insanın digər fundamental hüquqları ilə ziddiyyət təşkil edən faktorlar da mövcuddur. Ona görə də, internetdə məhz insan hüquqları arasında balansın gözlənilməsi, o cümlədən informasiya azadlığı ilə şəxsi həyat hüququ arasında tarazlığın qorunması, bir şəxsin azadlığının digərinin hüquqlarını pozmaması naminə dövlətin hüquq normaları vasitəsilə bu məkana qanuni müdaxiləsi zəruridir”.

İnsanlara öz arzularını reallaşdıra bilmələri üçün imkan bərabərliyi lazımdır. Araşdırmaçı düşünür ki, informasiya cəmiyyəti geniş mənada mülki cəmiyyətin tərkib hissəsi sayılır. Mülki cəmiyyətin isə əsas elementi insan hüquq və azadlıqlarının səmərəli həyata keçirilməsindən ibarətdir. İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır.

İnformasiya cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial məsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. A.Əhmədovanın fikrincə, bu cəmiyyətin əsas məqsədi demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. Elektron demokratiyada dövlət, siyasi partiyalar və vətəndaşların hüquqlarını müdafiə edən ictimai qurumlar vətəndaşların informasiyaya çıxışını, kommunikasiya tələblərini, xidmətlərlə təminini və iştirak səviyyəsini artırmaq üçün internet texnologiyalarını tətbiq edir.

Modern texnologiyaların inkişafı bu gün vətəndaş cəmiyyətini müasir tələblər üzrə formalaşdırır. Bununla yanaşı, hazırda elektron demokratiya anlayışı geniş yayılmağa başlayıb, yeni münasibətlər sistemi yaranmaqdadır. Bu qənaətə gələn S.Məcidli bildirir ki, internetin meydana gəlməsi insanlar arasında ünsiyyət, informasiya axtarışı, emalı və ötürülməsi, fikirlərini ifadə etmək azadlığı, şəxsi həyat hüququ, təhsil hüququ - distant təhsil, sərbəst toplaşmaq azadlığı və digər insan hüquqları sahəsində yeni yanaşmaların ortaya qoyulmasını zəruru edib.

İnternetdə şəxsi həyat hüququnun qorunması bu gün artıq qlobal problem olaraq görülməkdədir. Şəxsi həyat hüququ geniş anlayış olmaqla, müasir beynəlxalq hüquqla tanınmış fundamental haqlardan ən önəmlisi hesab edilir. Kiber-məkan kontekstində şərəf, ləyaqət, reputasiya, işgüzar nüfuz və ümumiyyətlə, şəxsi həyatın mühafizəsi Avropa hüququndamilli qanunvericilikdə, eləcə də doktrinal mənbələrdə kifayət qədər mübahisəli məsələlərdəndir.

A.Əhmədova düşünür ki, internet çoxdan və əsaslı surətdə fərqli baxışları ifadə edən tribunaya çevrilib, burada insanlar öz fikirlərini, mövqelərini bildirmək üçün şəxsi gündəliklərini, bloqlarını yaradır, müxtəlif maraq dairələrinə görə forumların iştirakçılarına çevrilirlər.

Araşdırmaçılar bir məsələyə diqqət çəkir: informasiya texnologiyaları inkişaf etdikcə sosial şəbəkə sistemlərinin təklif etdikləri imkanların genişliyi, bunların istifadəçilərinin sayının sürətlə artması buraya qanuni müdaxilələri və hüquqlar arasında balansyaratma fəaliyyətini aktual edir. BMT Baş Assambleyasının qəbul etdiyi 1948-ci il Ümumdünya İnsan Hüquqları haqqında Bəyannamənin preambulasında qeyd olunub ki, ləyaqət hissi yer üzündə bütün insanlara xasdır, yalnız insanın azadlığı, yer üzündə ədalət və sülhün bərqərar olunması, vətəndaşların ləyaqət hissinin inkişafını və qorunmasını mümkün edir. MülkiSiyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktında da nəzərdə tutulur ki, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir, bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir.

Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində (“Şərəf və ləyaqətin müdafiəsi hüququ”) deyilir: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmibaşqa təcrübələr aparıla bilməz”.

Avropa Konvensiyanın 8-ci maddəsinə görə, şərəf, ləyaqət və reputasiyanın müdafiəsi şəxsi həyata hörmət hüququnun tərkib hissəsi kimi çıxış edir. S.Məcidli bildirir ki, eyni fikirləri şəxsin şərəfi ilə bağlı da demək olar. Ancaq şərəf və reputasiya arasında fərq mövcuddur: “Beynəlxalq hüquqi sənədlərdə bu dəqiqliklə qeyd olunmayıb. Hələ Ümumdünya İnsan hüquqları Bəyannaməsinin qəbulundan öncə, danışıqlar ərəfəsində bəzi nümayəndələr “şərəf” anlayışının əleyhinə çıxış edərək bildirdilər ki, bu, həddindən artıq ümumi məhfumdur. Eyni vəziyyət Paktın işlənib hazırlanması zamanı da müşahidə olunub. Hər iki sənəddə “şərəf” sözünün saxlanmasının əsas səbəbi milli nümayəndə heyətlərinin şərəf və ləyaqətə insanın cəmiyyətdəki mövqeyinin iki müxtəlif aspektindən yanaşması oldu: reputasiya, bu, insanın peşəkar və sosial statusu anlamında çıxış edir, şərəf isə daha çox əxlaqi sferaya aid olunurdu. Bu o deməkdir ki, məsələn, şəxsin yalan olaraq səriştəsizlikdə ittiham edilməsi onun reputasiyasına zərbə vurur, şəxsin oğurluqda ittiham olunması isə daha çox onun şərəf məsələsidir. Müasir elmi fikir sahibləri isə hesab edirlər ki, “reputasiyatermini hər iki aspekti, yəni o, insanın cəmiyyətdəki həm əxlaqi, həm də sosialprofessional statusunu ifadə edir. Şərəf termininə cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə başqa şəxslərə, dövlətə, ictimaiyyətə münasibətinə görə ona verilən sosial qiymət kimi anlayış verilir. Ləyaqət dedikdə isə şəxsiyyətin özünü qiymətləndirməsi, onun öz şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, dünyagörüşünü, yerinə yetirdiyi borcunuöz ictimai əhəmiyyətini dərk etməsi başa düşülür. Şərəf və ləyaqət kateqoriyaları insana münasibəti müəyyən etməklə, onun mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi kimi çıxış edir.

Şəxsi həyat hüququ isə fərdin cəmiyyətdəki hörmət və şəxsiyyətini qoruyaninkişaf etdirən dəyərlərin məcmusu hesab olunur. Bu hüquqi kateqoriya Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində tənzimlənir: “Şəxsi və ailə həyatına hörmət hüququadlanan həmin maddənin I bəndinə görə, “hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir”.

Nəzəriyyədə informasiyanın əldə olunmasına münasibətdə şəxsi həyatın üç başlıca sahəsi qeyd olunub: şəxsin ümumi, özəl və gizli həyatına dair informasiyalar. Ümumi həyata dair informasiyalar dedikdə, başqaları tərəfindən bilinməsi mümkün olan, şəxsin sosial həyatına aid (gəzintiyə çıxması, kinoya, bazara getməsi və s.) və cəmiyyət üçün açıq olan məlumatlar anlaşılır. X.Ağaliyev və Ə.Məmmədli hesab edirlər ki, özəl həyatla bağlı məlumatlar şəxsin ailəsi, yaxınları, dostları və tanışları ilə bölüşmək istədiyi informasiyalar hesab olunur. Gizli həyata aid məlumatlar dedikdə isə şəxsin başqaları tərəfindən bilinməsi qadağan olan, gizli duyğu və istəkləri, ümidləri, arzuları, intim həyatı, yazışmaları, şəxsi danışıqları və xarici mühitlə əlaqəli məlumat və hadisələr başa düşülür (şəxsin yazışmaları - eşq məktubu, elektron söhbət, teleqraf xatirə dəftəri və s.).

Araşdırmalardan bu qənaətə gəlmək olur ki, internetdə insan hüquq və azadlıqlarının təminatı məsələsinin həlli ilk növbədə hər bir insanın yeniləşən dünyada mənəvi borcunu dərk etməsi, qaydalara əməl etməsi ilə bağlıdır.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 10 aprel.- S.13.