Dirili Qurbanlı haqqı
XV-XVI əsrin haqq aşığı, el şairi Dirili Qurbaninin doğulub ərsəyə yetdiyi kənddə (Cəbrayıl rayonu ərazisindədir) yerli əhalinin pir deyib inam gətirdiyi ocaqlar arasında Qurbanlıya həmişə xüsusi münasibət olub. Ona görə də, el arasında «Ay Dirili Qurbanlı, başına dönüm, dədəm-nənəm sənə qurban, mənim niyyətimi yerdə qoyma», «Niyyətim qəbul olsun, gəlib üstündə ayaqyalın-başıaçıq, dizin-dizin sürünəcəm, qurban kəsəcəm», «Dirili Qurbaninin nakam qəbri haqqı», yaxud sadəcə olaraq, «O Dirili Qurbanlı haqqı» kimi andiçmə vərdişləri formalaşmışdı. İnsan hər şeyə hazır idi, təki Qurbanlı piri onu eşitsin, arzusu gözündə, diləyi köksündə qalmasın. Bunun üçün o, nələr etmirdi: əlində «əyirdiyi» pambığı ipə çevirib üzü qibləyə durur və yadına saldığı and-iman yerlərini adına (eşqinə) piltə-çiraq eşirdi. Məsələn, Hacı Qaraman eşqinə, Mazan Nənə eşqinə, Çələbilər eşqinə, Sarı Mərmər eşqinə, Sapand piri eşqinə və s. Sonra pir olmuşların eşqinə eşdiyi çırağı tavanın içinə qoyub kərə yağında «bişirirdi» ki, pirdə yandıranda yaxşı yansın. Həm də bu zaman mütləq «Allah yağı» («əmcək yağı» da deyirdilər) götürürdülər. Belə müqəddəs işdə «hökumət yağı»ndan istifadə etmək olmazdı. Çünki onun kimlər tərəfindən hazırlandığı bilinmirdi.
Ocağı ziyarət dədə-babadan pak niyyət sayıldığı üçün, gərək özün də ora təmiz əməllə, qüsursuz hazırlıqla, saf istəklə gedəsən. Bu şərtlər hökmən nəzərə alınırdı. Ziyarət gedənlər təmiz və səliqəli geyinir, sonra isə əsl zəvvarlar kimi üzü pirə tərəf yola düşürdülər. Adətən Novruzqabağı və İlaxır çərşənbə dönəmində ziyarətə daha çox adam gedirdi: dəstə-dəstə, seltək insan axını uzaqdan durna qatarına bənzəyirdi. El-oba növbəti yazağzı da böyük niyyət və qəribə həvəslə haqq aşığı, el şairi, pirlər-piri Dirili Qurbanini ziyarət etməyə tələsirdi.
Kənddən Qurbanliya 3 yol vardı: 1) «Çaqqallı» tərəfdən «Əyri dərə»nin yanı ilə «Qışlağ»a enən yol; 2) «Düz»dən işlək maşın yolu ilə «Qışlağ»a qalxan yol; 3) «Tunel»in böyrü ilə üzüyuxarı «Sarı yoxuş» yolu. Adından göründüyü kimi, sonuncu ilə getmək daha əzablı idi. Niyyətlilərin çoxusu bu yolu seçərdi. İnanırdılar ki, pirə əzab-əziyyətlə gedilən Yolun axırı aydınlıqdır. Əli hər yerdən üzülmüş, son ümidini Qurbanlı pirinə bağlayan adam ocağa ayaqyalın, başıaçıq, ağzıdualı gedirdi ki, diləyi qəbul olsun. Görünür, bu, illərin sınağıydı; Uca Tanrı da, Qurbani ocağı da təmiz niyyətli, saf diləkli insanları heç zaman naümid qoymurdu. Bəlkə, ona görə camaat bu qədər inamlıydı. Haqq-hesab itmirdi. İnamın gücünə baxın; Qurbani pirindən əl boyda bir daş götürüb evə gətirər, çətin məqamlarda ondan xeyir-bərəkət arzulardılar. İl quraqlıq keçəndə, Tanrı ot göyərtməyə bir yağmur yağış qıymayanda həmin daşı aparıb üzü üstə qoyurdular suyun içinə və Qurbani pirinə yalvarırdılar ki, yağış yağsın. Yaxud, tərsinə. Şiddətli göy gurultusunda, leysan yağışlarda təzədən həmin daşı eyni qayda ilə qoyurdular ki, yağış kəssin, yəni ziyanlıq vurmasın. Bu daş yuxarıda qeyd etdiyimiz həmin «yada daşı» idi ki, min illər boyu daş kultu şəklində yaşayırdı. Qəribədir, bu inamlar özünü doğruldurdu. Və başqa pirlərdə olduğu kimi, Qurbani pirindən də xəstələrə, sağalmaz dərdlərə şəfa istənilirdi.
Pirin içindəki və yaxınlıqdakı kollara, pirin girişindəki iri daşlara («qapıları»na), eləcə də dövrələmə daşların bəzi yerlərinə qədim baş örtükləri – şamaxı, çarqat çəkər, pirin piltə-çıraq yandırılan oyuğuna və üstündəki daşların üzərinə şirniyyat – konfet tökər, pul qoyardılar. Pulu, adətən nəzir deyənlər qoyurdu.
«Qurbanlı piri»nə hər vaxt getməzdilər. Həftənin duz (I) və çərşənbə (III) günləri ziyarət üçün daha müstəcəb sayılırdı. Pirə gedən nəzir-niyazla bərabər, mütləq çıraq (piltə) eşir və fəsəli bişirirdi. Kimin qurbanı vardısa, aparıb kəsərdi. Əsasən, toyuq xoruzu və qoç qurbanı deyilirdi. Bu yerlərin nüfuzlu, ağır-batman çələbilərindən biri Suqra Çələbi deyərmiş ki, bir xoruz qurbanı bir öküzü əvəz eləyir. Nədənsə, (səbəbi mənə hələ də qaranlıqdır) qurbanlıq heyvanın başını və ayağını kəsib pirin içinə qoyar, cəmdəyini evə gətirərdilər.
Bir neçə dəfə bu halın şahidi olan sərhəd zastavasının rəisi, mayor M.İ.Vasilyev təəccüblənərək sakinlərdən: «Ayağı və dimdiyilə zibil eşən xoruzun yeyilməyən yerlərini müqəddəs hesab etdiyiniz ocaqda saxlayır, yeməli hissələrini özünüzlə götürürsünüz, bunun səbəbi nədir?» – deyə soruşmuşdu. Bütün Azərbaycan pirlərindəki kimi burada da ağaca, kola qatma (parça qırıntısı, ip) bağlayır, uşağı olmayanlar üçün yüyrük asırdılar. Qəndi, konfeti, çörəyi pirin daşlarına, torpağına sürtüb ailə üzvlərinə yedizdirirdilər ki, qada-baladan uzaq düşsünlər. Tutiyanı ocaqda əl-ayaq dəyməyən pak yerdən götürürdülər. Çıraq yandırılan oyuqdakı hisdən uşağın alnına, biləyinə, ovcuna sürtərdilər. Bu, xətəri sovuşdurardı, – deyirdilər. Ziyarət mərasiminin çalarlı məqamlarından biri də, əlbəttə, pirin başına dolanmaq idi. Ocaq başına hərlənmək ciddi və xüsusi nizam tələb edirdi. Dirili Qurbanlıdan niyyətlərinin hasil, nəzir-niyazlarının qəbul olmasını istəyənlər üzünü qibləyə tutub diləklərini diləyə-diləyə yalvarırdılar. Pirin çevrəsinə dolana-dolana əyilib növbəylə daşlardan öpür və bu minvalla 3 dəfə hərlənib ocağa daxil olurdular; pıçıltıyla dua edərək piltə-çıraq yandırır, müəyyən rituallar keçirdikdən sonra axırda qurbanlar kəsilirdi. Pirə su gətirmək də adi ənənələrdən biriydi. Çox güman, bunun əsas səbəbi suyun təmizlik, aydınlıq və həyat mənbəyi olmasında idi. Sudan pirin daşlarına çiləyir, ətrafdakı ağac, kol və çəmənliyə tökürdülər ki, bu da insanların təbiətə münasibətlərinin göstəricisiydi. Suyun qalanını qaytarıb tutiya kimi istifadə edirdilər.
Pirin yaxın-uzaq ətrafı müqəddəs sayılırdı. Oraları murdarlamaq, pis halların şahidinə çevirmək, dağıdıcılıq işləri görmək günah bilinirdi. Yaşlı nəsil həmişə bunu qabardır, ilk növbədə yaxşı əməllərə özləri örnək olurdular. Şəkəralı baba dəfələrlə mal-qara tapdağında qalmasın deyə, Dirili Qurbanlı pirini qaratikan kolu ilə çəpərləmiş, hətta son dəfə bir-birinə bitişik, giriş səmtləri ayrı olan Qurbani və onun butası Pərinin qəbirləri üzərində yapılmış abidə – pirləri yenidən quraraq kənar dağıntılardan təhlükəsiz vəziyyətə salmışdı. Daha vacibi və maraqlısı hər iki aşıq-məşuqu vahid hasar – pir içərisində bir-birinə «qovuşdurmuşdu».
Azərbaycanda, qəribə də səslənsə, Dirili Qurbaninin üç qəbri var. Biri Güney Azərbaycandakı Dirili kəndində, ikisi isə Quzey Azərbaycanın Cəbrayıl rayonundakı qədim Diri kəndində (indiki Xələfli stansiyası – Y.D.). Eyni bir adam üçün bu qədər qəbirlərin olması təəccüblü görünsə də, buna bənzər nümunələr mövcuddur. Məsələn, Türkiyənin müxtəlif bölgələrində el sənətkarı Yunus Əmrənin 9 qəbri var. Bu, sadəcə olaraq, hər iki aşıq-şairə ümumxalq məhəbbətinin ifadəsidir. Nəhəng sənətçilərin hər mahal, hər bölgə tərəfindən özününküləşdirilməsi böyüklüyə sevgi təcəssümüdür və alqışa layiqdir. Xatırladaq ki, Qurbaniyə də el sevgisi məhz onun haqq aşığı, həqiqi mənada el şairi olmasındaydı.
Qurbaninin Diridəki məzarlarından biri kəndin şərqində, İranla sərhəddə çox yaxın bir ərazidə, Bakı-Şərur dəmiryol xəttinin sağ tərəfində – tunelin üstündəki hündür təpəliyin başında, kəndə gələn maşın yolunun kənarında Güney Azərbaycanla üz-üzədir. Pirdən aşağıda – təpəliyin ətəyində öz axarından qalmayan Araz çayı. Pirdən Araz çayına eni bir metr olan, yanlarına çay daşları düzülmüş cığır uzanır ki, bu da dastanın Diri və Gəncə versiyalarındakı göstərilən təsvirlərə çox uyğun gəlir.
İkinci məzar kəndin qərbində, Mazan Nənə ocağının arxasındakı Diri dağlarının ən uca nöqtələrindən birində yerləşir. Mazan Nənənin qədim yaşayış məskəni və qəbrin zirvədə olduğunu nəzərə alan bəzi tədqiqatçılar ikincini həqiqi məzar sayırlar. Söhbətlərimizdə Qurbaninin Mazan Nənə yaxınlığındakı qəbrinin yüksəklikdə yerləşdiyinə əsaslanan Sofu Bilal da bu fikirdə olduğunu söyləyib. Lakin mənim yanaşmam başqadır. Qeyd edək ki, əhali əsasən, pir kimi birincini ziyarət edir. Bəlkə də bu, ikincinin kənddən xeyli uzaq (2-3 km) məsafədə və əhalinin gediş-gəlişi üçün narahat mövqedə qərar tutmasıyla bağlıdır. Doğrudan da, Mazan Nənəyə ziyarətə gələnlər mütləq ikinci qəbrə də baş çəkib, Dirili Qurbanini bir daha yad ediblər. Ancaq son dövrdə tədqiqatçılar birinciyə üstünlük verirlər. Fəqət, hər iki qəbrin yerləşdiyi ərazi bilavasitə, buraların adamları üçün doğma və əzizdir. Həmçinin, Qurbaninin o taydakı məzarı da bizimçün müqəddəsdir. Dirili Qurbani bizimdir, hamımızındır – o taylı-bu taylı Bütöv, Vahid Azərbaycanın və Azərbaycan türklərinin hamısının.
Yusif Dirili
Xalq Cəbhəsi.- 2021.- 13 aprel.-
S.14.