Ermənilərin Qubadlı və Cəbrayıl rayonlarında tarix və mədəniyyət  abidələrinə vurduğu zərər

 

Ermənilərin torpaqlarımızı işğal altında saxladıqları 30 ilə yaxın müddətdə Qubadlı və Cəbrayıl rayonları ərazisində də çoxsaylı vandallıq əməlləri törətdikləri artıq dünyada hamının gördüyü faktdır. Erməniləri onillərdir dayanmadan müdafiə edən ölkələrin, beynəlxalq təşkilatların işğaldan azad olmuş bölgələrimizdəki gerçəkliyi danması qətiyyən mümkün deyil. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirir ki, Qubadlı rayonu Muradxanlı kəndində "Qalalı mağarası" və Əliquluuşağı kəndində bulaq-abidə kompleksi ən qədim təbiət abidələrindən hesab olunurdu. Qubadlı şəhərində Mahmudlu, Qayalı, Məlik Əhmədli, Ləpəxeyranlı, Avdalanlı, Xıdırlı, Balahəsənli, Armudluq və Qədili kəndləri ərtafındakı təbii qayalar, heykəlləşmiş məğrur mərd cəngavər insanlara bənzəyirdi. Poladlı kəndinin qarşısındakı Kəmərə qaya, Alaqaya və onların ətrafındakı nəhəng daşlardan düzülmüş sədd "Pir-Şirin" bulaq-qaya kompleksi, Avdalanlı dərəsindəki "Damcı bulaq" ən gözəl təbiət güşələri idi. Başarat kəndi ərazisindəki "Topağac" mənzərəsi əfsanəvi cənnəti xatırladırdı.

Məbədlər, ibadətgahlar, qədim qəbiristanlıqlar, at, qoç heykəlləri, daş sandıq və sanduqələr, eləcə də qədim yaşayış yerləri, sığınacaqlar məhv ediib. Əlbəttə, ermənilərin məqsədi o idi ki, mümkün qədər torpaqlarımızı daha çox işğal altında saxlasınlar, xalq olaraq tarixi izlərimizi tamam itirsinlər. Ancaq bacarmadılar. Hələ 3-4 il öncə məlumat yayılmışdı ki, ermənilər Qubadlı rayonunun Xanlıq kəndində “Kaşatağfondunun ianəsi hesabına qanunsuz olaraq 8 mənzilli 1 bina, 22 fərdi ev tikiblər. İşğal altında olan kənddə “Tufenkyan” və “Hayrenaser” fondlarının da qanunsuz fəaliyyətlər göstərdiyi qeyd olunurdu. Bildirək ki, Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə Xanlıq adlandırılıb. 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən kəndin adı saxtalaşdırılaraq İşxanadzor adlandırılmışdı. Ancaq işğalçıların istəkləri gözlərində qaldı. Qubadlı rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin miqyası çox böyükdür.

F.İsmayılov qeyd edir ki, Cəbrayıl rayonunun memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr (hər ikisi XIX əsr), Şıxlar kəndində dairəvi türbə (XIV əsr), Araz çayı üzərində məşhur Xudafərin körpüləri və s. mühafizə olunurdu. Cəbrayıl rayonunda respublikarayon əhəmiyyətli, qədim tariximizi özündə əks etdirən tarixi memarlıq abidələri, geniş səhələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, əhalinin uzun illər faydalandığı yerli tikinti materialları, özünün qeyri-adi flora və faunası ilə seçilən Diri dağın özünəməxsus ekosisteminin işğaladək qoruyub saxladığı əsrarəngiz təbiət güşələri, mineral maddələrlə zəngin əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib.

Cəbrayıl şəhərinin şimalında Alpaşa dağında yeləşən "Cəbrayıl ata" türbəsi, keçmiş Cəbrayıl kəndinin təməlini qoymuş Cəbrayıl atanın qəbri üzərində tikilib. Bu VIII-IX əsrə aid uzunluğu 4,5 m, eni 2,4 m, hündürlüyü 1,8 m, üzərində heç bir epiqrafik yazı olmayan türbədir. İşğala qədər tikildiyi formada qalmışdı, işğal zamanı dağıdılıb. Müşahidə və düşmən hücumundan uzunmüddət müdafiə olunmaq məqsədilə Araz çayının sol sahilində Diri dağın üzərində XII-XIII əsrlərdə Qız qalası və IV-VI əsrə aid edilən, 500 kv.m. ərazini əhatə edən Şirik qalası mənfur erməni siyasətinin qurbanı olub. Hər iki qala tamamilə dağıdılıb. Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xüdafərin körpüləri Azərbyacan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6, hündürlülyü 12 m-dir. İkinci körpünün uzunluğu 200, eni 4,5 , hündürlüyü 10 m-dir. Körpü bir-birindən 800 m aralıdır.

Xudafərin körpüləri Azərbaycanın quzeyi ilə güneyini birləşdirən rəmzi abidə sayıla bilər. Onlar həm də türkün tarixi hünərlərinə şahidlik və ayrılıq rəmzidir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. F.İsmayılov bildirir ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara Xudafərin adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı I Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub. Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə idi. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır.

Minillərin təsirinə sinə gərmiş müstəsna mühəndislik qabiliyyətini özündə əks etdirən, işğaladək öz bütövlüyünü saxlayan bu körpülər də müharibə gedişində bir sıra uçuntulara məruz qalıb. Cəbrayıl ərazisindəki Xudəfərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində bir çox monumental abidələr, qalalar, türbələr və b. sübut edir ki, bu ərazilər Azərbaycanın Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı, Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu mədəniyyətlərdən biridir. Bir çox mənbələrdə Cəbrayılın islam dinində olan mənbələrdən birinin adı ilə bağlılığı iddia edilir.

Əslən Cəbrayıldan olan yazıçı-publisist Əlisahib Əroğul deyir ki, ermənilər dərk etməlidirlər ki, Ermənistan Respublikasının bu gün yerləşdiyi bütün ərazi də tarixi Azərbaycan torpağıdır. Gün gələcək, alman faşistləri kimi erməni-daşnaklar barəsində də beynəlxalq ədalət məhkəməsi qurulacaq. Köçəryanlar da, Zori Balayanlar da, Sarkisyanlar da, beynəlxalq aləmdə ad çıxarmış terrorçu səhra komandirləri müttəhimlər kürsüsündə əyləşməli olacaqlar.

Cəbrayıl rayonunun kəndlərindən əsər-əlamət belə yoxdur, kəndlər xarabalığa bənzəyir. Ümumiyyətlə, hər gün telekanallardan işğaldan azad olunmuş rayonların kəndlərinin görüntüsünü izləyir, görürük ki, ermənilər göz görəsi nə varsa, dağıdıb, məhv ediblər.

Cəbrayıl rayonunun dağ zonası kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən, Başıkəsik künbəz deyilən abidənin hündürlüyü 12 m-ə, diametri 4 m-ə çatır. Müharibədən qabaq künbəz bərpa edilmişdi. İşğalçılar tərəfindən künbəzin divarları bir neçə yerdən dağıdılıb. Cəbrayıl rayonunun Şıxlar kəndinin yaxınlığında eyni üslubda XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 m-ə, diametri 6 m-ə yaxındır. Künbəzin yuxarı hissəsinin də ermənilər tərəfindən sonradan dağıdılması faktları var. Cəbrayıl şəhərinin şimalında memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid Dairəvi türbə, XVI əsrə aid səkkizguşəli türbə xüsusi briqada tərəfindən müharibədən əvvəl tam bərpa olunmuşdu. Bu abidlər də işğalçılar tərəfindən yerlə-yeksan edilib. Rayonun Çələbilər ərazisində XVI əsrə aid olan Məhəmməd ibn-Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilimiş əzəmətli bir məscid-mədrəsə var idi. Bu mədrəsədə böyük alimlər, din xadimləri, XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi dərs deyib. Məscid xüsusi hücrələrdən, dərs otaqlarından ibarət olmaqla, özünəməxsus kompleks təşkil edirdi. Müharibədən əvvəl tam bərpa olunmuş və dövlət tərəfindən xüsusi mühafizəyə alınmışdı. İşğaldan sonra bu kompleks də dağıdılıb, bərbad vəziyyətə salınıb.

Rayonun Dağtumas kəndindən 2 km şərqdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşən, uzunluğu 30 m olan Divlər sarayı adlanan mağara dövlət tərəfindən uzun illər mühafizə olunmuşdu. Dağıdılan məqbərələr, məscidlər, türbələr, gümbəzlər, xanəgahlar, pirocaqlar, qədim yaşayış yerləri, Divlər sarayı mağarası, qədim qəbiristanlıq, siklop tikintilər, kurqanlar, şəhər qalıqları, qışlaq yerləri, təpələr, qala bürcləri, hamamlar... F.İsmayılovun hesablamasına görə, Cəbrayıl rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi 7,575 milyard manatdır.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 13 aprel.- S.13.