Keçdim seldən sənə sarı...

 

1-ci yazı

 

Məlum siyasi məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet və dərgilər Güney Azərbaycandakı ədəbi prosesin tam mənzərəsini yaratmağa imkan vermir. Heç kəsə sirr deyil ki, Ana dilində rəsmi təhsil almamaq problemi ilə üz-üzə qalan güneylilərin, ədəbiyyat dünyası mütaliə və oxucu gərginliyi ilə hələ də əlbəyaxadır. Bu dildə oxuyub düşünmək çoxlarına, təbii ki, çətindir. Bütün bunlara rəğmən bu gün Azərbaycan ədəbiyyatına maraq artmaqdadır. Güneydə demək olar ki, öz ana dilində işıq üzü görən kitablar ən azı kəmiyyət baxımından çoxalmaq üzrədir. Həmişə olduğu kimi, 2019-cu ilin nəşrləri arasında şeir topluları üstünlük təşkil edir. Bu sıradan Duman Yalçının "Sevgiyə fatihə", Bəhruz Sədiqin "Yaramı buğda bağlayır", İsmayıl Xurrəminin "Səsimdə məzarlıq qalanır", Xəlil Abdullahinin (Günəş oğlu) "Güzgü və heydərbala mənzuməsi", Xosrov Barışanın "Bütün yağışlar darıxır", Əkbər Rizapur Məqsudlunun "Adamlara nə gəlib?!", Abbasəli Yəhyəvinin (Elçi) "Meşəyə balta girib" və başqa bu kimi şeir kitablarının adlarını çəkmək olar.

Tanınmış Türkiyə yazarı və tənqidçisi Cəmil Meriç yazırdı ki, bütünü bilmədiyimizdən ya sloqanlara əsir olduq, ya da ideolojilərə kölə. Güney Azərbaycanda keçən əsrin 90-cı illərinə qədər daha çox meydanlarda səslənən pafos, patetika ilə bol, şüar xarakterli şeirlər üstünlük təşkil edirdi. Artıq onlar geridə qaldı... Bu xüsusiyyəti artıq avanqard düşüncəli poeziyada görmək olmaz. Güney Azərbaycan şeirində dövrün sosial və mənəvi təsiri ilə baş vermiş məzmun yenilikləri formaya, lirikanın ifadə imkanlarına da təsirsiz qalmayıb. Poeziyada, eyni zamanda nəsrdə klassik ənənələrlə yanaşı, müasir dünya poetik fikri zəminində də nümunələr yaranıb. Bu gün bir çox güneyli şairlərin əsərləri xalqın ən vacib mənəvi qayğılarını əks etdirir. Ancaq ifadə baxımından lirik əhval-ruhiyyənin bədii təsviri, sənətkarlıq fərdiyyəti, üslub əlvanlığı nəzərə çarpır.

Bu, iki ədəbi təsirlə baş verir. Bir tərəfdən Quzey Azərbaycan ədəbi təcrübəsi, başqa tərəfdən Avropa ədəbiyyatının, şeirinin üslubları bu gün Güneydə ədəbi üslubların formalaşmasının əsas qaynaqlarıdır. Güney Azərbaycan ədəbiyyatının yeni şeir prosesi klassik quruluşdan tamamilə ayrıla bilməsə də, keçmiş məhdudlaşdırıcı kontekstindən uzaqlaşıb. Köhnə məzmunlu şeir ortamına nisbətən həm dil, həm də düşüncə və dünyagörüşü baxımından gözə çarpacaq dərəcədə irəliləyib. Yeyin addımlarla irəliləyən şeir prosesinə dünyada gedən yeni ədəbi axınların mexanizmi təsirsiz ötməyib. Bu gün klassik Şərq şeiri növü qəzəl, eləcə də qoşma janrı artıq öz yerini sərbəst şeir formasına verib.

Örnəklərə müraciət edək: Güney Azərbaycan şairlər və yazıçıları xalqın arzu və diləklərini, qəhrəmanlıq tarixlərini məşhur tarixi abidələrinə, eləcə də bu diyarın məşhur yer, dağ və coğrafi adlara xitab edərək əsərlərində yansıtmışlar. Biriyanın Ərkə, Şəhriyarın Heydərbaba və Səhənd dağlarına, Musəvi Ərdəbilinin Savalan dağına, eləcə də M.Şəbüstərlinin Mişov dağlarına həsr etdikləri poemalarını buna örnək göstərmək olar. Bu əsərlərdə şairlər abidələri və dağları canlandırmış, onların timsalında ictimaiyyətin keçdiyi tarixi yolu, ondakı müxtəlif hadisələri, xalqın bugünkü həyat, düşüncə və sabahından söz açmışlar. Eynalı dağı Təbrizin tarix boyu keçirdiyi bütün tarixi hadisələrin şahidi olub. Tanınmış şair Əkbər Turabi Cəlaloğlu "Eynalı el dağı" adlı poemasında bu diyara bir ayna tutub bütün tarixini əks etdirməyə çalışır. Təbrizin simvolu olan Eynalı dağının sinəsində sonsuz sirlər, sözlər və hekayələri var. "Cəlaloğlu, bilirəm mən, atalardan, babalardan sorağın var"! - deyə, dağı sözə çəkir.

Koronavirus Güneydə gənc şairlərdən də yan keçmədi. Şeirlərinə də girdi, birinin isə həyatına girib apardı biryolluq. Bir kitabı belə hələ işıq üzünə çıxmayan, lakin şeirləri dost-tanışlarının dilindən düşməyən Əli Qədimxanıdən gedir söhbət. "Sarmaşıqlar şairi" adlandırırdılar onu. Bəlkə də bu şeirində sarmaşığa lirik məna çaları verdiyinə görə:

 

Dağdan endim düzə düşdüm

Sellərlə üz-üzə düşdüm

Körpü saldım sarmaşıqdan

Keçdim seldən sənə sarı...

...Təkcə bir sal divar qaldı

Aşanmıram, yıxanmıram...

Səni tarı!

 

Huşəng Cəfəri Vətənimizin Güneyinin səs bayrağıdır. Xalq içində çox sevilən şair də Tovuz və onun ətrafındakı hadisələrə biganə qala bilməyib. Günümüzdə əfsanələşən şəhid general Polad Həşimovu hörmətlə anır. Öz səsi ilə sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan söylədiyi şeirindəki kövrək sətirləri ixtiyarınıza veririk: "Bəs siz ki, deyirsiz kaş Kərbəlada olaydıq. Ay məddahlar, ay dinçilər, ay şairlər gəlin da, bu da Meydan. Bu nə işdi gəlib bizim başımıza. Niyə verdiz çaqqallara meydanı? Daşnaq deyir - Qarabağ bizimdir? Ərməninin zülmü başa çatacaq. Bir gün Qarabağa Türklər dolacaq! Qarabağ bizimdir, bizim olacaq!"

Təbrizdə "Bahardoxt" nəşriyyatında Əli Poladın tərtib edib çapa hazırladığı "Türk ədəbiyyat və mədəniyyətində gülüş, mizah və tənz" adlı kitabı çapdan çıxdı. Kitabda 600 Azərbaycanı yazarının əsərlərindən örnəklər verilib. Yeddi cildi qapsayan bu toplu kitablarda ilkin folklordan başlamış, divan ədəbiyyatından tutmuş, çağdaş dövrümüzədək yaşayıb-yaradan şair, yazıçı və publisistlərin satirik əsərləri yer alıb. Hər bir kitabın səhifəsi Azərbaycanın məşhur satirik rəssamlarının al-əlvan vəsfləri ilə bəzədilib.

Kitabın naşiri Əli Polad "Satira, yumor-istehza deyil, vəziyyəti, durumu ustalıqla anladan bir vasitədir" başlıqlı ön sözdə yazır: "Məqsədimiz xalqımıza xas olan və onu bütün dönəmlərdə və hər şəraitdə diri saxlayan, yaşadan və ruhdan düşməyə qoymayan gülüşü, yumoru bir yerə toplayıb yenidən xalqa qaytarmaqdır. Nə sirdirsə, Təbriz orda doğulanların qəlbindən heç zaman çıxmır, ondan məkan və zaman baxımından nə qədər ayrılıb uzaq düşsələr də. Və çoxları da qələm, söz əhli olmasalar belə, sonralar mənəvi və maddi sərvətlər yaratmaqla xalqın qulluğunda dururlar.

Əli Polad Azərbaycanı, Təbrizi heç zaman unutmur. Düşüncəsini, sərvətini, sevgisini Təbriz və təbrizlilərə həsr edir. Azərbaycan ədəbiyyatında satira, gülüş mədəniyyətinin yaranması ümumtürk eposu və Şərq ənənəsi ilə bağlıdır. Kitabın altıncı və yeddinci cildində verilən aşıq yaradıcılığı, dastanlar, xalq tamaşaları, məzəli Təbriz Şəki və Molla Nəsrəddin lətifələri, gülüş mədəniyyətinin qədimiliyindən, xalqın özünü idarəsindən, müdrikliyindən xəbər verir. Epos təfəkkürü xalq oyunları, bayram mərasimləri, meydan tamaşasında özünü daha qabarıq göstərir. İranda yaşayan bir çox türk tayfalarının, o cümlədən, Qaşqay, Xorasan türklərinin ədəbiyyat və folklorundan yumorlu səhifələrin verilməsi də çox təqdirəlayiqdir və kitabı oxunaqlı edir.

Dünyada yumorlu danışıqları ilə seçilən xalqlar var. Bolqarıstanda Qabrovo, Ukraynada Odessa, Azərbaycanda da Təbriz və Şəki yumorun gülüş mərkəzləridir. Elə bir təbrizli çətin tapılar ki, duzlu, məzəli sözü, lətifəsi ilə danışıb ətrafındakıları güldürməsin. Klassik ədəbiyyatımız, folklorumuz heç zaman yumorsuz, gülüşsüz olmayıb, onlarsız ötüşməyib. Bunu kitabda ardıcıllıqla izləmək mümkündür. Məhsəti Gəncəvidən, Saib Təbrizidən, Zəfər Ərdəbilidən, Mirzə İsmayıl Qasir, Məhəmməd Şəmduz, Ağa Məsih Şirvani, Mirzə Nəbi əfəndidən tutmuş Mir Mehdi Şükuhiyə və başqalarına qədər. Şifahi xalq ədəbiyyatımızda; bayatıda, qoşma, dastanlarda atmacalar, zarafat, lətifə bol-boldur. Təlxəklərin dilində, çayxanalarda, bazarlarda, dükanlarda xalq böyük gülüş mədəniyyəti yarada bilib. Şərqdə müdrik şəxsiyyətlər kimi tanınmış Molla Nəsrəddin, Bəktaşi və Bəhlul Danəndə lətifələrinin misilsiz rolu olub. İranda və Azərbaycanda tarixən din faktoru həmişə güclü olub. Ana dilinin məktəbdə, ictimai yerlərdə yasaq olduğu dövrlərdə İranda yaşayan Azərbaycan türkləri mərsiyə deyə-deyə, övliya-peyğəmbərləri vəsf edə-edə dillərini qoruyub saxlaya biliblər.

Güney Azərbaycanda elə şairlər olub ki, digərlərindən fərqli olaraq həm mərsiyə, həm də satirik şeirləri ilə (M.Ə.Ləli, N.Şərəfxani, H.Kərimi və b.) şöhrət qazana bilib. M.Ə.Rəsulzadə bu ziddiyyəti belə açıqlayırdı: "Hər bir əməlin aksü'l-əməli olur. Təbiidir ki, müfrit dərəcədə ağlayan bir qövm daha çox gülmək də istər. İşdə bu ehtiyac, nevha-gər olan Azər? Şairlərini eyni zamanda hezel-gu dahi edib. Və qəribədir ki, o qədər rakık hissiyat-ı diniyyeyi müfrit bir surətdə təsir-yab edən və karilerini "qan ağlatmaq" istəyən şairlər, eyni zamanda komiklik də edərlər. Azeri Türk şuarası həm hailə-nüvis, həm də mudhike-nüvisdirler".

Azərbaycan dilinə məxsus olan bəzi özəlliklər başqa dilllərdə bəlkə də yoxdur. Bu fikri şair Nazir Şərəfxaniyə məxsusdur. Ona görə dilimizdəki özəlliklərdən biri də feillərin təsirini şiddətləndirmək, gücləndirmək üçün elə feillərin özündən yaradılan kəlmələrdir. Məsələn, şır-şır şırıldamaq, zır-zır zırıldamaq, hır-hır hırıldamaq və s. kimi. Bunu bir şeirində əyani olaraq göstərir Ş.Nazir:

 

Yar vurdu qəlbimə yara, hır-hır hırıldadı,

Göz yaşları üzərimə şır-şır şırıldadı.

Hansı təbibə ərz eylədim şərhi halımı,

Dizin qucaqladı, zır-zır zırıldadı...

 

Orta əsr sufi qəzəliyyatında geniş yayılmış cinas Azərbaycan poeziyasına da daxil olub. Özəlliklə xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. Güney Azərbaycanda Nasir Peykzadı (Nəccaroğlu) "Cinas ustadı" adlandırırlar. Nəccaroğlu Aşıq Ələsgərin yolunu gedib üç-dörd tərkibli cinaslardan şeirlərində ustalıqla istifadə edir:

 

Çox bənzərsən huluya sən

Yeməlidi hulu, ya sən.

Gözüm qalıb güldə mənim

Siz gül olun, gül də mən.

Rza Bərahəninin adı Azərbaycan oxucusuna çox tanış deyil. Kanadanın Toronto Universitetinin professoru R.Bərahəni İranda yeni ədəbi tənqidin banisi sayılır. Nobel mükafatına dəfələrlə nominant olan Rza Bərahəninin əsərlərindən seçmələri tərtib və transliterasiya ilə, yaradıcılığından elmi oçerklə (ingilis dilində də daxil) birlikdə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli təqdim edir. Kitab Təbrizin "Bahardoxt" nəşriyyatında çap olunub.

"Bərahəni əsərlərindən seçmələr" adlı yeni kitab dünya şöhrətli mühacir yazarı Azərbaycan oxucularına yaxından tanıtmaq məqsədi daşıyır. Görkəmli rus yazıçısı V.Nabokov özü haqda yazırdı ki, başım ingiliscə, ürəyim rusca, qulağım fransızca danışır...". Bu sözləri Rza Bərahəniyə də aid etmək olar. Beyni farsca, ürəyi türkcə, qulağı ingiliscə danışan təbrizli Rza Bərahəni... Kitabda farsca, ingiliscə, az da olsa azərbaycanca yazan Rza Bərahəninin şeir və nəsr əsərlərindən seçmələr, araşdırmaları və müsahibələri yer alıb.

 

Pərvanə Məmmədli

 

Xalq Cəbhəsi.- 2021.- 15 aprel.- S.14.