Müəlliflik hüququnun
qorunması və təminatı sahəsində dövlətin
rolu
Kamran İmanov:
“Əqli mülkiyyət obyektinin
yaradıcısına onun mülkiyyətini
təsdiq edən müvafiq
hüquqların verilməsi vacibdir”
Müəlliflik hüququnun qorunması, eləcə də təminatı ilə bağlı məsələlərin cəmiyyətdə daha aydın bilinməsi, öyrənilməsi bu sahədəki problemlərin daha da azalmasına gətirib çıxarar. İnsanların şəxsi məsuliyyətinin yaranması isə birdən-birə baş tutmur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sözügedən istiqamətdə müəyyən problem mövzuların izahı ilə bağlı qənaətlərini təqdim edirik. Öncə müəlliflik hüququnun insan hüquqları ilə bağlılığı məsələsinə diqqət edək: “İnsan hüquqları haqqında Beynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, hər bir şəxsin “müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək” hüququ tanınır. Yaradıcılıq hüququ insanların bənzərsizliyini təsdiqləyən ayrılmaz azadlıq hüququdur. Müəlliflik hüququ insanın vacib mədəni hüquqlarından biri kimi yaradıcılıq prosesinə müdaxilə etmədən onun nəticələrini qorumaqla şəxslərin azad yaradıcılıq nəticələrini qoruyur”.
Müəlliflik hüququnun qorunma müddəti nə qədərdir? “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. O da vurğulanır ki, müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir. Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur. Əlaqəli hüquqlara gəlincə, bildirilir ki, müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılması adətən xüsusi vasitəçilərlə - ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olur. Bu vasitəçilərin hüquqlarına əlaqəli hüquqlar, yəni müəlliflik hüququ ilə təmasda olan hüquqlar deyirlər. Son illər ərzində əlaqəli hüquqlar sahəsi sürətlə təşəkkül tapmağa başlayıb. Əlaqəli hüquqlar müəllif hüququ ilə qorunan əsərlərin ətrafında formalaşıb və analoji, lakin çox vaxt həcm və müddətlərə görə daha məhdud qorunma verir.
Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur: ifaçılara (artistlərə və musiqiçilərə) onların ifalarına münasibətdə); fonoqram istehsalçılarına (onların səsyazmalarına (məsələn, kasetlərdə və kompakt disklərdə yazılanlar) münasibətdə); efir yayımı təşkilatlarına (onların radio və televiziya verilişlərinə münasibətdə). Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır, bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun araşdırmasında vurğulanır ki, əqli mülkiyyət - qeyri-maddi mülkiyyətdir, ona görə ki, əqlin, zəkanın hesabına yaranır. Əqlin yaratdığı öz yaradıcısından ayrılandan sonra obyektivləşir və adətən maddiləşir, bununla da üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilir: “Buna görə də əqli mülkiyyət obyektinin yaradıcısına onun mülkiyyətini təsdiq edən müvafiq hüquqların verilməsi vacibdir. Bu, qanunvericilik, normativ-hüquqi və qeydiyyat qaydasında həyata keçirilir. Əqli mülkiyyət mövcud biliklərdən və onların mənimsənilməsindən başlayır, əqli fəaliyyət nəticələri ilə başa çatır və yeni biliklərin yaranmasına gətirib çıxarır. Bu bilikləri insan həyatının istər sosial-iqtisadi, istərsə də mədəni sahəsinə aid etmək olar. Biliklər isə obyektiv əks olunaraq, yəni "maddiləşərək" qeyri-maddi nemətdən maddi nemətə çevrilir və əqli mülkiyyət olur. Bir sözlə, əqli mülkiyyət biliklər dövranında əmələ gəlir”.
Müəlliflik hüququnun qorunması və təminatı başlıca məsələdir. Agentliyin təqdimatında bildirilir ki, kiminsə hüququ – başqasının vəzifəsi deməkdir və müəlliflik hüququ ilə verilən qorunma imkanları, o cümlədən, müəllif tərəfindən hüquqlarının həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi və istifadəyə qadağa qoyulması müəlliflik hüququ institutunun üç budağını yaradır: hüquqların qorunması; hüquqların həyata keçirilməsi; hüquqların təminatı (pozulmuş hüquqların müdafiəsi və bərpası): “Müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Bunlar qanunvericilik, normativ hüquqi baza və müvafiq prosedurlarda öz əksini tapır və hüquqların qorunması aləti kimi çıxış edir. Hüquqların həyata keçirilməsi üçün dövlət müəlliflərə yardım göstərir və şərait yaradır, hətta zəruri hallarda bu iş dövlət orqanları tərəfindən həyata keçirilir. Bəzi hallarda yaradıcılıq məhsulunun sahiblərinin çoxu tərəfindən öz əmlak hüquqlarının idarə edilməsi, xüsusən ədəbi və musiqili əsərlərə, həmçinin ifalara istifadə hüquqlarının qloballaşdırılması nəzərə alınmaqla, qeyri-mümkündür və kifayət qədər vəsait tələb edir. Nəticədə bir çox ölkələrdə hüquqların kollektiv əsasda idarə edilməsi üzrə təşkilatlar və ya cəmiyyətlər meydana gəlir və onların yaranması getdikcə daha da genişlənir. Bu cəmiyyətlər öz üzvləri olan müəlliflər üçün onların əsərlərindən istifadəyə görə royaltilərin yığılması və bölüşdürülməsi üzrə xidmətlər göstərirlər”.
Buradan o da aydın olur ki, müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir. Bununla yanaşı müvafiq hallarda hüquqların pozulmasına qarşı dövlətin kütləvi-hüquqi üsullardan istifadə etməsi mümkündür. Bütövlükdə müəlliflik hüququ sistemi əqli mülkiyyət hüququ sisteminin ən geniş qoludur, sonuncu isə milli hüquqi doktrinaya əsaslanan mülkiyyət anlayışını tamamlayır və beləliklə “maddi” mülkiyyət hüququnu tamamlayan mülkiyyət hüququdur. Müəlliflik hüququ sahəsində dövlətin roluna gəlincə, bu rol getdikcə artır və ənənəvi qanunverici və tənzimləyici ölkədaxili və beynəlxalq funksiyaları ilə yanaşı, yeni koordinasiya və nəzarət funksiyasına xüsusi diqqət yetirilməsinə səbəb olur.
Son onillikdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsi elmi və texniki nailiyyətlərin tətbiqi nəticəsində sürətlə inkişaf edir ki, bu da peyk rabitəsi və s. yeni informasiya texnologiyaları kimi qlobal rabitə vasitələrinin köməyilə əsərlərin yaranmasının yeni üsullarını işləyib hazırlamağa imkan verib: “Son vaxtlar əsərlərin internet vasitəsi ilə yayılması imkanı yaranıb ki, bu da müəlliflik hüququ qarşısında yeni problemlər yaradır. İnformasiya texnologiyaları obyektlərinin əksəriyyəti müəlliflik hüququ ilə qorunur və digər tərəfdən istifadə nəticəsində müəlliflik hüququnun təkmilləşdirilməsini zəruri edir. Kiberməkanda müəllif hüququnun qorunmasının yeni normalarının işlənib hazırlanması məqsədilə ÜƏMT “Müəlliflik hüququ haqqında” və “İfalar və fonoqramlar haqqında” Müqavilələr (“ÜƏMT-nin İnternet Müqavilələri”) qəbul edib. Göstərilən müqavilələrdə İnternet və digər rəqəmli şəbəkələrdə yaradıcılıq məhsuluna icazəsiz daxil olmanın və onlardan qeyri-qanuni istifadənin qarşısını alan beynəlxalq normalar var. Azərbaycanın milli müəllif-hüquq qanunvericiliyi və normativ hüquqi baza, “İnformasiya texnologiyaları – əqli mülkiyyət” (İT-İP) əlaqəsi şəraitində hüquqların qorunması və həyata keçirilməsinə şərait yaradır”.
Audiovizual əsərlərin tam tirajlı filmlərdən başlayaraq videoklip və reklam videorolikinə qədər qorunmasının xüsusiyyətləri var. İlk növbədə bunlar belə əsərlərin çoxşaxəliliyindən, mürəkkəbliyindən və tərkibli hissələrdən ibarət olması ilə əlaqədardır. Çünki audiovizual əsər bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müxtəlif texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulub, təsvirlər silsiləsindən ibarət olan əsərdir. Bu əsərlərə ilk növbədə kinematoqrafiya əsərləri və onlara bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər aiddir. Audiovizual əsərlərin müəlliflərinin (şərikli müəlliflərinin) hüquqları qanunla qorunur. Quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator və xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar) audiovizual əsərin müəllifləri hesab olunur. Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır. Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.
Bəs müəlliflik hüququ necə tənzimlənir? Vurğulanır ki, müəlliflik hüququnun qorunması hər hansı bir rəsmiyyətçilikdən asılı deyil. Yaradıcılıq məhsulunun qorunması əsərin yaranması anından başlanır. Azərbaycanın milli qanunvericiliyi müəyyən ölkələrdə olduğu kimi, əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur. Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 15 aprel.-
S.13.