Gəlmişəm nəğmə yazam

 

2-ci yazı

 

"Yurdumun sirləri" əsəri yazıçının doğulub boya-başa çatdığı Təbriz şəhərinə həsr olunub. Onun bütün əsərlərində Təbrizin adı qırmızı xətlə keçir. Yazıçı əsərdə Təbrizin tarixi, mədəniyyəti, orada yaşayanların özəl xüsusiyyətləri, xarakterləri, məşğulluq sahələri və s. qələmə alıb. Yaradıcılığı boyu Təbriz öz coğrafi mənasından çıxıb ədəbi mətnə çevrilir. Təbriz ədəbi konstektdə yaradılır. "Azadə xanım və onun yazarı" əsərini tənqidçilər roman içində roman adlandırır. Əsərdə tarixin dərinliklərindən gəlib bu günlə səsləşən kültür, mif fraqmentlər, çeşidli məqamlarda təzahür olunur. Roman İranda postmodernizmin ən parlaq nümunələrindən biridir.

Rza Bərahəni fars ədəbiyyatının poetik axtarışlarından bəhs edərkən göstərir ki, onu zənginləşdirən, ədəbiyyata yenilik gətirən türklər olmuşdu. Bərahəniyə görə, məsnəvi janrını fars ədəbiyyatına türklər gətiriblər. Rza Bərahəninin bu fikrindəki həqiqət ondadır ki, istər qəzəl olsun, istərsə də digər ədəbi formalar hamısında onu yaradan müəllifin milli kimliyi öz möhürünü vurur. Hər bir janrın inkişafında onu yaradan xalqla yanaşı, hətta başqa dildə də forma, janr öz milli düşüncə elementlərini yaşadır. Ona görə də fars şeiri, fars ədəbiyyatı həndəvərində Azərbaycan səpkisi, Azərbaycan üslubunun mövcudluğu fikrini irəli sürənlər haqlıdırlar.

R.Bərahəni də türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardandır. "Əlif Nuranlı" təxəllüsü ilə tanınan Əhməd Sadiqi Əşrafinin hekayələrindən ibarət kitabı yazıçının vəfatından 30 il sonra "Savalan igidləri" nəşriyyatında işıq üzü görüb. Əlif Nuranlının bir üstünlüyü o idi ki, o Güneydə az yayılmış ədəbi janrın - nəsrin yazarı idi. Bildiyimiz kimi, Pəhləvi dönəmində ana dilində milli ədəbiyyatın yazılıb yayınlanması basqı altında olub. Nuranlının ən önəmli özəlliyi əsərlərində gözə çarpan antropoloji baxışla bağlıdır. Əlif Nuranlının yaradıcılığını araşdırmaya cəlb edən tanınmış tənqidçi və şair Hümmət Şahbazi yazır: "Ümumiyyətlə, Əlif Nuranlının hekayə fəzaları kənd mühitində olaylaşır. "Qızıl atım" hekayəsində "atçılıq" fəzasını qabartmaq, onun ətrafında işlətdiyi kəlmə və anlayışlar hər bir oxucunu təəccübləndirə bilər. Belə ki, hekayədə bu gün bizlərə tanış olmayanarxaik görünən bəzi: vəryan, yügən, noxta, xamut, maydan, qulan, qamçı, dayça, buxov, çıda, qəşov, çul, uğan, uzəngi, xəşə, siyəzi və bu kimi ifadələrə işarə edilir.

Bunlar on səhifəlik hekayədə, hekayə və nəsr axarı, yerli-yerində işlənən və bu gün bizim bir çoxlarımıza tanış olmayan, ancaq yazıçının yazdığı dövrdə bol-bol istfadə olunan sözlər və ifadələrdir. Maraqlı budur ki, yazıçı bu fəzaya yeni çalarlar qataraq, heçbizi kənd fəzasında saxlamır".

Tənqidçi Kəbirinin nəsrinin dil baxımından problematik olmadığını qeyd etsə də, azacıq olsa da, onun yazılarında bəzi qrammatik yanlışlıqlar görmək, bəzən də başqa dillərin hegemoniyasını sezmək olur, - deyə fikrini bildirir. Tənqidçinin bu fikri ilə də razılaşmamaq olmur: "Ruqəyyə Kəbirinin başqa üstün yönü əxlaqi xarakteridir. Şarlatanizmin, kor nifrətlərin, ədəbi qruplaşmaların meydan oxuduğu bir vaxtda əxlaqi yaşamaq insanlığın başlıca şərtidir".

Züleyxa Nailin (Siyamkxani Bozqurd) "Sızanaq" adlı əsəri "mətn içində mətn" prinsipi ilə yazılıb. Kitabda iki hekayə göz önünə gəlir, başqa sözlə desək, bir nəsrin içindən bir başqası yaranıb. Hekayədə azərbaycanlı ailəsinin həyatındakı bır epizod qələmə alınıb. Əsərdə bir qadın yerindən evə dönüb pilləkənlərlə evə qalxan zaman içəri girdikdə gözləmədiyi bir durumla qarşılaşır. Yəni ağlına sığışmayan, daşıya bilməyəcəyi bir hadisə ilə üzləşir. O, əri tərəfindən aldadılmışdı. Onun sevgisinə, hisslərinə xəyanət olunmuşdu. Beləcə, hirsindənmi və ya cəsarətsizlikdənmi qapını açıb içəri girməmişdi. Evdən ayrılıb baş verənləri unutmaq üçün dəniz qırağında bir ev kirayə etmişdi. Tutduğu evin anbara oxşar otağında yarımçıq bir əlyazma əlinə keçmişonun ardını yazmağa başlamışdı. Elmira, Xalid və onların qızı Lalə bir xoşbəxt ailə həyatı yaşayırdılar. Bu şad, xürrəm yaşamı olan məsud ailəni dağıtmağı planlayanlar yox deyildi.

Əsərdə düşündürücü, öyrədici kəlamlar az deyil: "Bəzi adamlar da civəz, sızanaq kimidilər, onları sıxıb çıxartmaq lazımdı. Qaldıqca irinləyib əti çürüdəcək, özlərinə yer eləyəcəklər. Sonra o yeri sağalda da bilməyəcəksən...".

Azərbaycanda uşaq ədəbiyyatında boşluqların mövcud olduğu hamıya məlumdur. Güney Azərbaycanda da uşaq ədəbiyyatının zəif inkişaf etdiyini bildirən naşir B.Xaliqinin dediyinə görə, bu sahəni daha da genişləndirmək, inkişaf etdirmək lazımdır: Daha çox nağılların çap olunmasına üstünlük verən B.Xaliqiyə görə, nağıllarda çox maraqlı rənglər və bədii formalar seçilir. Tarixi və yarımtarixi rəvayətləri uşaqların yaş səviyyəsinə uyğun təsvir edilir.

Azərbaycan uşaq ədəbiyyatı bu günə kimi fərqli inkişaf mərhələsi keçib. Güney Azərbaycanda bu işi Mirzə Həsən Rüşdiyyə, Cabbar Əsgərzadə (Bağçaban) başlamış, Həbib Sahir, Mərziyyə Üskiyi, Haşım Tərlan, Əlirza Nabdil və Həbib Fərşbaf davam etdirmişlər. Səməd Behrəngi isə Güney Azərbaycanda uşaq ədəbiyyatının banisi sayılır. Onun uşaqlar üçün yazdığı əsərlər ölkəsinə dünya şöhrəti gətirib.

1978-1979-cu illər İran İnqilabından sonra milli ədəbiyyat, uşaq ədəbiyyatı ilə bağlı boşluqlar aradan götürüldübu sahədə görülən işlər sürətlənməyə başladı. Həsən Rüşdiyyənin, Səməd Behrənginin başladığı missiyanı Hüseyin Feyzullahi, Haşım Tərlan, Həbib Fərşbah, Əkbər Azad, Zöhrə Vəfayi, Murtuza Məcidfər, Ramin Cahangirzadə, Nurəddin Müqəddəm, Bəhram Sədi, Məliha Əzizpur, Süsən Nəvadirazi, Xosrov Barışan və digər uşaq yazarları davam etdirdi.

Bu gün uşaq ədəbiyyatının Güneydə davamçıları yetərincədir. Bu sahədə yazılan əsərlər də çox ümidvericidir. Yuxarıda adını sadaladığım yazarlarla bərabər L.Kəhalı, S.Xiyavi, R.Quluzadə, M.Tului, S.Rza Hüseyn, M.Əli Ocaqi, Araz və Dəniz Əmanilər, M.Nəjad, P.Muğanlı, S.Turi, M.Müqəddəm, H.Fəttahi, Ə.Zəncanlı və başqa adını çəkə bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur. Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açan Ramin Cahangirzadə bu gün uşaq ədəbiyyatının önündə gedən gənc yazarlardandır.

İnternet əsrinin uşaqlarının marağını təmin etmək üçün yazıçı çox ciddi oxumalı, öyrənməli, gərgin yaradıcılıq axtarışları aparmalıdır. R.Cahangirzadə adi adamın görüb sezə bilməyəcəyi bir təbii mənzərə görüntüsünü ustaca poetik açıqlayıcı təsvirə çevirməyi bacarıb uşaq şeiri yarada bilir. Müəllif kitablarında uşaqların ana dilini öyrənməklə yanaşı, onların zehninin gəlişməsinə səy göstərir. Yazılarında bəşəri dəyərlərin tərənnümünü, vətən və millət sevgisini yansıdaraq ana dilinin mənimsənilməsinə və milli mədəniyyətə maraq oyadır.

Onun şeirlərinin mövzu dairəsi olduqca rəngarəngdir. "Rəqəmlər", "Əlifba" əsəri uşaqları sayları və hərfləri tez qavramağa, "İlin fəsilləri" isə təbiəti yaxından tanımağa kömək edir. Onun yazdığı bu əsərlər səmimiliyi, dilinin şirinliyi, rəvanlığı və orijinal üslubu ilə diqqəti cəlb edir. Milli folkloru, təbiət mənzərələrini, ecazkar təbiət hadisələrinin sirlərini bilən və sadə dillə açan şair "Dörd fəsil" şeirində hər fəslin özəlliklərini ifadəli bir dillə qələmə alır. Saralmışam əzəldən// payız düşər sözümə söyləyən şair, payızı gözəl bir qıza bənzədir: //Hamıdan mən dolğunam, //Gəlmişəm nəğmə yazam//.

Say anlayışı qədim zamanlardan insanlarda əvvəlcə barmaqlarla başladı: "Üç ağac, yeddi qoyun, iki balıq"... Daha sonra barmaq yerinə çubuqlar qullanıldı. Ramin Cahangirzadə "Rəqəmlər" kitabında ədədlərlə bağlı əyləncəli fikirlər söyləyir, uşaqların zehninə həkk olsun deyə onları uğurla şeir formasına salır. Bir sayı üçün yazır: Birin yoldaşı olmaz, həmişə o tək olar. İki sayı ilə əlaqədar şeir parçası isə lap tapmaca kimidir: Nə sıfır, nə də birdir, birlə üçün arası.

Uşaqlarda riyaziyyata marağı artırmaq istəyən müəllif, onları bu mövzuda bildiklərini yoxlamağa səsləyir. Beləcə, ədədlərin əyləncəli-keyfli izahı 10 sayına qədər davam edir. Beləcə uşaq, dilimizin incəliklərini, hekayə və şeirdən sonra ilk oxuduğu, eşitdiyi, şirinliyini hiss etdiyi, o dilin musiqisini və incəliklərini öyrənməyə başlayır. R.Cahangirzadə uşaqların ürəyinə gedən yolu asanlıqla tapmağı bacarır. Onun "Əlifba" kitabında bütün deyilənlər əksini tapa bilib.

Onun yazdığı pyeslər kiçikyaşlı oxucunu istər-istəməz düşünməyə vadar edir. Bu baxımdan "Pinti", "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" pyesləri uğurlu təsir bağışlayır. Onun "Pinti" musiqili pyesi bu yaxınlarda Ərdəbilin "Fadak" sarayında uğurla tamaşaya qoyuldu. "Pinti"dən öncə Ramin Cahangirzadənin "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" adlı pyesleri səhnədə tamaşaya qoyulub. Onun başqa bir yeniyetmələr üçün yazdığı "Şunqar" adlı pyesitamaşaya hazırlanır.

Başqa bir uşaq yazarı Bəhram Əsədinin dil şirinliyi və təsvir etdiyi inandırıcı əhvalatlarla kiçikyaşlı oxucuları ələ alıb onların anlamı səviyyəsində yazmağı bacarır. Onun uşaqlar üçün yazdığı "Yağdı yağış", "Heyvanları tanıyaq", "Gün çıxdı", "Əl-ələ, düymə dələ" və b. əsərlərdəki sözlər son dərəcə aydın, sadə, cümlələr qısa və anlamlıdır, çünki onları dinləməklə uşaq danışmağı öyrənir.

Nasirpublisist Şəhram Zəmani "Azərbaycan ədəbiyyatının sosiologiyası" adlı kitabında 1978-1979-cu illər İran İnqilabından üzü bəri yazılan romanları sosioloji baxımdan araşdırır. Əsər aradan ötən 40 il müddətində yazılmış bütün nəsr əsərlərini qapsayır.

Yazar 42 illik zaman kəsiyini 4 bölümə ayırır: tədqiqatçı araşdırmada Avropanın tanınmış ədəbiyyat nəzəriyyəçiləri Lüsyen QoldmanCorc Lukaçın fikirlərindən faydalanır. Bu araşdırmada ədəbi camiənin sənət zövqününsiyasi durumunun ədəbiyyatı necə yönəltməyinin şahidi oluruq.

Kitabda gəlinən nəticələrdən biribudur ki, 1990-cı ildən yaranan modern ədəbiyyat dalğaları hələ şeirin uzun əsrlərdən bəri hökm sürən klassik formasını və məzmununu dağıtmaqla yanaşı, özünü keçmişdə çox az hallarda yazılmış roman, povest, hekayə, dramaturgiya kimi ədəbi növlərin nəsr janrında da sınayıb.

Əli Əsgər Dilriş XIV əsrdə Təbrizdə yaşayıb-yaradıb. "Dilrişin qəzəlləri" kitabında Təbrizli Əli Əsgər Dilrişin qəzəlləri toplanıb. Dilriş təxəllüsünü götürən Əli Əsgər Çorabçı ədəbi aləmdə təbrizli Dilriş kimi tanınıb. Ə.Dilrişin əsərləri həm öz, həm də sonrakı dövrlərdə oxunub dəyərləndirilib. Təsadüfi deyil ki, böyük ustad şair Məhəmmədhüseyn Şəhriyar, Məşrutə dövrünün tanınmış şairi Əbdülhüseyn Xazinbir çoxları onun şeirlərinə nəzirə və bənzətmələr yazıblar. Əli Əsgər Dilrişin qəzəllərini Qulamrza Muxlis toplayıb çap etdirib.

 

Pərvanə Məmmədli

 

Xalq Cəbhəsi.- 2021.- 17 aprel.- S.14.