“Azərbaycan”
qəzetinin səhifələrində
91-ci yazı
Borçalı: “Mənim ölkəmə”
Yenə yarımın fərağı törədib xəyal məndə
Bu xəyaldan doğulmuş böyük ixtilal məndə
Görürəm bahar olubdur, oxuyur gül üstə bülbül
Gülümü uzaq görərkən tapılır məlal məndə.
Saralar bu
rəngü ruyum sarı teldən ayrılarsam
Bu qəmi-fəraq
qoymaz qala zərrə xəyal məndə
Ayın əvvəli
olanda hamı göylərə baxarkən
Sarı qaşlara baxardım əvəzi-hilal mən də.
Gedə gər
yarım uzağa, düşəcək könül sorağa
Belə
dözməyim fərağa görünür mahal məndə
Bu
keçən gecə deyirdim yuxuda o məh ləqaya
Eləyim fəraqətdə nəyə iştiğal mən
də.
Tutub
üz mənə nigarım dedi, olma dilşikəstə
Verirəm
nəsihət üzrə sənə bir sual mən də
Mənə
həsr edən bu eşqi vətənin yolunda sərf et
Vətən eşqidir, yaratmış belə bir cəlal
məndə.
Dedim,
arxayın get, əsla vətəni unutmaram mən
O qərində
canı vermək olub ideal məndə
İl Azərə
bu Azər vətəni əzizdi candan
Bu həqiqəti düşünməkliyə var kəmal
məndə.
Məni
yurdum istəyəndə ki, edəm defa ondan
Edərəm
bu vacib əmrə o dəm imtisal mən də
Döşümü
qabağa verrəm, əgər od yağa həvadən
Döyüşüb şücaət ilə alaram medal
mən də.
Mənim
ölkəmə təcavüz eliyən gərəkdir bilsin
Böyük
Azər oğluyam, var belə bir xəsal məndə
Sarılıb
silahi-cəngə, alaram ələ tüfəngi
Edərəm Vətən yolunda qanımı həlal mən
də.
Bir el
oğlu Borçalıyam, vətənimdən özgə
yoxdur
Nə xayəli-cəmi-sərvət və nə fikri-mal
məndə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.194
***
Aşıq
Hüseyn Cavan: “Gözəl qayda deyilmi?”
Sevgi
sevgisiylə şirin danışsa
Gözəl adət, gözəl qayda deyilmi?
Aşiq
görsə məşuqənin camalın
Aşiq
üçün cana fayda deyilmi?
***
Qaydadır
gözəllər nəzmə çəkilər
Cığa
tellər ağ buxağa tökülər
Ala
gözlər süzgün baxar, sökülər
Ovçu kimi oxu yayda deyilmi?
***
Qönçə
yanaqlılar, şux sürahilər
Çəmənli
çöllərdə gözəl ahilər
Su
içində üzən azad mahilər
Məhəbbəti coşğun çayda deyilmi?
***
Mənim
bu sevgilim çox mehribandır
Xəstələrə
həkim, dərdə dərmandır
Gözlərimə
işıq, cismimə candır
Canım qurban ona payda deyilmi?
***
Gün
kimi nur salıb elə sevgilim
Düşüb
dastanlara, dilə sevgilim
Bənzəyir
ətirli gülə sevgilim
Gül içində o da sayda deyilmi?
***
Bu pəri
aşiqə cismi-can verib
Səadət
qapışın o nişan verib
Gözəl
dövran, gözəl bir zaman verib
Bu həqiqət haqqı sayda degilmi?
***
Kim
götürsə sevgilimin sorağın
Mən
öpərəm onun o gül dodağın
O
yandırıb ölkəmizin çırağın
Verib bizə çox müsaidə deyilmi?
***
Adətdir
aşiqin təbi coşmağı
Coşub
dərya kimi aşıb daşmağı
Ətirli
güllərin qönçə açmağı
Xoş baharda, gözəl yayda degilmi?
***
Könlümün
sultanı azad gəzməsi
Azad qanaq
çalıb göydə süzməsi
Cavan
Hüseynin təbi coşub yazması
Azad ildə, azad ayda degilmi?
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.1946
***
Əli
Tudə: "Yurdumu"
Bu gün
alqışlayır hər tərəf, hər yan
Doğma vətəni, ana yurdumu.
Qoruyur hər
aslan ürəkli oğlan!
Hər
ceyran baxışlı sona yurdumu!
***
Yenə əfsanədən
başlama, əğyar!
Mənə
gərək deyil nə gözəl, nə yar,
Çünki təmiz qanım, pak vicdanım var.
Satmaram
işvəli cana yurdumu!
***
Keçmişdə
çox şeylər vəd etdin mənə
Dedin, nə
istəsən verərəm sənə
Zülmündən
bu diyar döndü mədfənə
Ey cəllad,
boyadın qana yurdumu!
***
Hər
sözüm gurlayan bombadır, yağı!
Sovurar
başına daşı, toprağı,
Budur
azadlığın şanlı bayrağı
Bürüyüb
al-əlvan dona yurdumu!
***
Bilmərəm
nə hədə, nə təhlükə mən
Qoymaram
üstümə qara kölgə mən
Əgər
doğramsam da tikə-tikə mən
Qoymaram əyilə, sına yurdumu.
***
Qarşıya
yüzlərlə çıxsa da düşmən,
Gözümə
gülləni çaxsa da düşmən,
Əgərçi
yandırıb yaxsa da düşmən,
Əlimdən
vermərəm ona yurdumu!
***
Qoy səsim
yayılsın Hində, Həbəşə
And olsun
bu yerə, aya, günəşə
Məni
atsalar da oda, atəşə,
Ölərəm,
qoymaram yana yurdumu!
***
Mən
ölüb getsəm də yurdum yaşasın
Qoy onun qəlbində
adım yaşasın
Qəhrəman
millətim, ordum yaşasın
Yetirsin
şövkətə, şana yurdumu.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.1946
***
Mədinə
Gülgün: "Sənə gülmək yaraşır"
Gül,
sevgilim, əzəl gündən sənə gülmək
yaraşır
Sən
güldükcə coşğun qəlbim dərya kimi hey
daşır
Şairlərin
adətidir, canan desin vətənə
Mənim
eşqim, həvəsim də vətənimdir hər zaman
Onun ana məhəbbətin
çıxartmaram yadımdan!
O, bəsləyib
qucağında qəhrəman övladını
Oğlu,
qızı yüksəldibdir onun böyük adını
O veribdir
bu qüvvəti öz oğlunun qoluna
Cəbhələrə
göndərəndə su səpibdir yoluna
O
böyüdüb Natəvanı, Nüşabəni, Həcəri
Döyüşlərdə
kişilərdən qalmamışlar heç geri
Bu ölkədir
Cavanşirlər, həm Elxanlar yetirən!
İgid Nəbi,
Koroğlular, Səttarxanlar yetirən!
Qəhrəmanlıq
babalardan qalmış bizə yadigar
Hər
bir zaman razı olmuş öz elindən bu diyar
Bax! Yenə
də silahlanıb yurdumuzda hər nəfər
Ordumuzu
salamlayır qızıl günəş hər səhər
Əziz vətən,
kişi, qadın olub yolunda hazır
Mən
demirəm, könül deyir bu sözü, qələm
yazır
Bütün
xalqım varlığıyala bağlayıbdır bel sənə!
Bir
ağızdan söyləyirlər qurban olluq vətənə
Sən də
artıq, əziz vətən, arxayın ol hər zaman
Qanımıza
boyansaq da, yada vermərik aman
Sən
gülərsən, həyat gülər, el də gülər
həvəslə
Əziz vətən!
Bizdən qalar azadlıq gələn nəslə
Bütün
ellər, obalar da deyirlər ki, gül vətən
Biz səninlə yaşayırıq, bunu yəqin bil, vətən.
Sən
olmasan bizə dünya dönəcəkdir zindana
Çün
beşikdə öyrədibdir bunu bizə mərd ana
Gecə-gündüz
laylasında deyib öz övladına
Əziz
balam, böyüyəndə çat vətənin dadına
Şərəfimiz,
ismətimiz bu vətəndir, bu vətən
Biz vətənçün,
azadlıqçun çəkinmərik ölümdən
İndi elim bayrağında zərlə yazıb bu
sözü.
Azərilər
qüdrətiylə güləcək xalqın üzü
O vaxt mənim
sevgilim də sevinəcək, güləcək
Uçan quşlar qatar-qatar salamına gələcək.
Gülgün
də öz qələmiylə yazacaq salamını
Gəl sevgilim, səndən alıb şair öz
ilhamını.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.1946
***
Qadınlarımızın
hərbi təlimləri
1946-ñı ilin aprel ayının
24-də saat 4-dən 7-yə qədər Milli meydanda 6-cı
homənin 665 nəfər firqə üzvü “İran”
fabrikinin 95 nəfər firqə üzvü ilə birlikdə
və saat 5-dən 7-yə qədər isə 5-ci homənin
800 nəfər firqə üzvləri - qadınlarla kişilər
silahlı hərbi təlimlər keçirdilər. Bu gün hər günə nisbətən hərbi təlim
daha da yaxşı və fərəhli gedirdi. 1330 nəfərlik bu təlimdə minlərlə Təbriz
əhalisi Azərbaycan Demokrat Firqəsinin əmrini
böyük ruh yüksəkliyi ilə həyata keçirən
firqə üzvlərilə yaxından maraqlanaraq onları təşviq
edirdilər. Təlimin sonuna az
qalmışdı.
Birdən
Milli meydanı ura səsləri
bürüdü. Bu xoşbəxt xalqın qəlbindən
gələn səslər böyük demokrat firqəsinin
sevimli rəhbəri və milli dövlətimizin Baş naziri
cənab Pişəvərinin gəlişini bildirirdi. Firqə üzvləri daha şövq ilə manqa
komandirlərinin verdiyi əmrləri yerinə yetirirdilər.
Bir azdan sonra vaxt gəlib çatmışdı. Firqə
üzvləri öz rəhbərlərinin
qarşısında hərbi qayda ilə keçirdilər.
Yarım saat bu rəsmi keçid davam etdi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.1946
***
Məmləkət
xəbərlərindən…
Təbrizdə
Ali İncəsənət məktəbi
Təbrizdə Azərbaycan Milli Hökuməti tərəfindən
təsis olunan Ali İncəsənət məktəbi 3
fakültədən təşkil olunmuşdur.
1. Heykəltəraşlıq,
qrafika və nəqqaşlıq şöbələrindən
ibarət olan rəssamlıq fakültəsi
2.
Gülduzluq, dərzilik, qoblin üslubunda xalça toxuma,
minakarlıq və ağac üzərində oyma işləri
şöbələrindən ibarət olan əl işləri
fakültəsi
3. Viyalon,
tar, Qafqaz tarı, piano və mahnı şöbələrindən
ibarət olan musiqi fakultəsi
Bu üç fakültənin şöbələrində
300 tələbə qız və oğlan vardır.
Əl
işləri fakültəsinin müddəti 2 il,
nəqqaşlıq və musiqi fakültələrinin müddətləri
isə 4 ildir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183,
26.04.1946
***
Səhiyyə
Nazirliyinin fəaliyyəti
Azərbaycan
Milli Hökumətinin Səhiyyə Nazirliyi işə
başladığı tarixdən (12.12.1945- red.) indiyə kimi
(cəmi 4 ay müddətində - red.) aşağıda qeyd
olunan səhiyyə müəssisələrini
yaratmışdır:
1. Təbrizdə
boğaz və qulaq xəstəlikləri müalicəxanası
2. Həkim
köməkçisi məktəbi
3.
Marağada 20 çarpayılı xəstəxana
4.
Sayınqala, Miydandoab və Azərşəhrdə təsis
olunan xəstəxanalar
5. Şərəfxana,
Xamnə, Sulduz, Kəleybər və Germi mahallarında səhiyyə
postları
6. Miyanada
20 çarpayılı xəstəxana
Aşağıda adları qeyd olunan müəssisələri
yaxınlarda yaratmaq üçün Səhiyyə Nazirliyi
hazırlıq aparmağa başlamışdır.
1. Təbrizdə
100 çarpayılı doğum evinin təsisi, onun
hazırlıq işləri qurtarıb və bu yaxınlarda təsis
olunacaqdır
2. Xəstə
baxıcılığı məktəbinin
açılması
3.
Dövlət aptekinin təsisi
4. Basminc
və Sərdrud homələrində səhiyyə
postlarının təsisi
5. Urmiya ətrafındakı
Nazlıçay, Bəyəşli, Baranduz, Rövzəçay,
Quruçay səhiyyə postlarının təşkili
6. Xoyda 20
çarpayılı xəstəxananın
açılması
7. Salmasda
indi mövcud olan 30 yataqlı xəstəxananın təkmil
olunması
8.
Qaraeyni, Həştrud, Məlikkəndi və Quraçay
mahallarında səhiyyə postları
9. Sarab
mahalında 10 yataqlı xəstəxana təsisi
10. Xalxal
şəhərində 10 yataqlı xəstəxananın
açılması
11.
Kağızkonan, Səncid, Xoreş Rüstəmdə səhiyyə
postlarının təşkili
12.
Ərdəbildə daxili xəstəliklər
üçün 30 yataqlı və yoluxucu xəstəliklər
üçün də 20 yataqlı xəstəxananın təsisi
13.
Ərdəbilin Giyo, Nir, Sərein və Hüseynxanlı
mahallarında səhiyyə postları
Əhərdə indi mövcud olan səhiyyə müəssisəsindən
başqa yenə də 10 yataqlı xəstəxananın təsisi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946
***
Kənd təsərrüfatı muzeyi
Azərbaycan Milli Hökumətinin təşkilindən sonra (12.12.1945 – red.) Azərbaycanın müxtəlif nöqtələrində əkinçiləri əkilən pambıqların bütün növləri ilə tanış etmək üçün Kənd təsərrüfatı Nazirliyində bir nümunə muzeyi açılmaq üzrədir. Ona görə müxtəlif pambıq məhsullarının hazırlanmasına başlanmışdır və gələcəkdə bu bütün kənd təsərrüfatı məhsulları barəsində də tətbiq ediləcəkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946
***
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 20 aprel.-
S.14.