Baydenin addımı ABŞ-ın mövqeyinə mənfi təsir edəcək”

 

Məhəmməd Əsədullazadə: “Vaşinqtonun hər hansı bir təşəbbüslə çıxışı nəzərə alınmayacaq”

 

Türkiyə artıq dünyada söz sahibinə çevrilmiş ölkədir. Bəllidir ki, Yaxın Şərqdə Türkiyənin razılaşmadığı heç bir proses reallaşmayacaq və fiaskoya uğrayacaq. Necə ki, Türkiyə Yaxın Şərqdə oynanan çirkli qlobal oyunları pozaraq öz milli təhlükəsizliyini təmin etməyi bacarıb.

Hazırda 3-cü dünya savaşı gedir. Bu savaşda cəbhələşmə çox önəmlidir. Detallara girmədən deyə bilərik ki, Türkiyənin yer aldığı cəbhə onu hədəfə çevirməklə yanaşı, eyni zamanda, dünyanın qurtuluşu üçün açar rolu oynayır. Bir çox xarici ekpertlərə görə, Türkiyənin öncüllüyündə reallaşdırılan və dünyada səs gətirən “Evergreen” əməliyyatı qlobal maliyyə sistemi və onların önə çıxardığı qlobal şirkətlərə ölümcül zərbə vurdu.

Təbii ki, bütün bu proseslər bizi maraqlandırmaya bilməz. Bu prosesdən sonra qardaş ölkəyə qarşı təhdidlər artdı, nəticədə Bayden “soyqırımı” ifadəsini işlətdi. Maraqlıdır, Baydenin bu addımı bölgəyə necə təsir edəcək? Türkiyə-Ermənistan prosesləri hansı məcrada davam edəcək? Bölgədə, xüsusilə işğaldan azad edilmiş ərazilərlə bağlı hansı proseslər baş verə bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirdi ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımI ifadəsini işlətməsi Anakra-Vaşinqton arasında siyasi münaisbətlərdə böhranı dərinləşdirəcək: “Türkiyə daha da güclü şəkildə regionda ABŞ-dan asılı olmayaraq güclənəcək. Artıq ABŞ Ankara üçün bu əlverişli situasiyanı yartadı. Qeyd edim ki, Türkiyə Ermənistan əlaqələrinə zərbə vuruldu. Ermənistanda revanşistlər bundan məmnun deyillər. Çünki, Paşinyanın əli daha da gücləndi. Paşinyan hakimiyyətdə qalacağı dönəmdə Türkiyə ilə soyqırım məsələsi olmadan normal münasibətlər qurmağa cəhd edəcək. Onsuz da iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bayden bununla erməni lobbisinin ABŞ-da uzun illər apardığı mübarizəyə son verdi və düşünürəm ki, regionda Türkiyə daha da irəli gedəcək. ABŞ Türkiyəni cəzalandırmaq istəsə də özünün geopoltik siyasətində dəyişilik edib, Ankara ilə müttəfiqlik əlaqələrini zəiflətdi.

ABŞ prezidentinin bu açıqlaması hesab edirəm ki, regionda ABŞ-ın mövqeyinə mənfi təsir edəcək. Xüsusilə Qarabağ məsələsində artıq ABŞ-a etimad göstərilməyəcək. Onsuz da Azərbaycan problemi həll edib. Amma Vaşinqtonun hər hansı bir təşəbbüslə çıxışı nəzərə alınmayacaq”.

Politolo Tural İsmayılov isə “təəssüflər olsun ki, ABŞ rəhbəri Co Bayden erməni diasporası və lobbisindən aldığı dəstəyin “haqqını” vermək üçün belə bir absurd qərara imza atdı. Düşünürəm ki, Baydendən əvvəlki dövrlərdə rəhbər olmuş ABŞ prezidentləri bu məsələdə kifayət qədər diqqətli açıqlamalar versə də, Bayden hakimiyyətə gəldiyi dövrdən bəyan etdiyi aqressiv xarici siyasət kursuna sadiq qalaraq Türkiyə kimi region üçün çox önəmli böyük bir dövlətin qərarına zidd olaraq belə bir açıqlama verdi”, - deyə vurulayıb. T.İsmayılov bildirib ki, ABŞ tarixində təəssüflər olsun ki, demokratların hakimiyyətdə olduğu illərdə hər zaman anti-türk siyasəti ön planda olub: “Biz əvvəlki dövrlərə nisbətən respublikaçılardan fərqli olaraq, demokratların iqtidarı dövründə xarici siyasət kursunun daha kobud müdaxilələr və saxta bəyanatlarla xarakterizə olunacağını düşünürdük. Bu qəbildən olan Bayden də seçkilərdə Trampı məğlub etdikdən sonra proqnozlarımız və düşüncələrimizdə bizi yanıltmadı”.

Politoloq qeyd edib ki, Baydenin hansısa bir saxta, uydurma “soyqırım “ haqqında belə açıq danışması təbii ki, Türkiyənin NATO ilə münasibətlərinə böyük zərbə vuracaq: “Çünki, Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərini almaqla bağlı Rusiya ilə apardığı danışıqlar müddətində ABŞ və NATO tərəfindən ciddi təzyiqlərə məruz qalırdı”.

Həmsöhbətimiz Baydenin məlum şousundan sonra Qərbin və NATO-nun bu məsələdə Türkiyəyə təsir etmək imkanları üçün hansısa bir bəhanənin qalmadığını düşünür. O bildirib ki, ABŞ rəhbərliyi üçün erməni lobbisinin hansısa uydurma qərarlarının tribunlarda səsləndirilməsinin heç bir siyasi çəkisi yoxdur: “Sadəcə olaraq, bir daha qeyd edirəm ki, Co Bayden və demokratların hakimiyyəti dövründəki aqressiv xarici siyasət kursuna sadiq qalınır və həmin bu aqressiv xarici siyasət kursunda davamı olaraq da ermənilər yenə alət kimi istifadə olunur. Bundan sonra ABŞ ilə Türkiyə münasibətlərinin daha da gərgin olacağını düşünürəm”.

Politoloq qeyd edib ki, tarixdə baş vermiş hadisələr tarixçilər tərəfindən araşdırılmalıdır: “ABŞ gerçək soyqırım axtarırsa, Xocalıda baş verən qətliama nəzər yetirməlidir. Dünən Azərbaycan Baş Prokurorluğu tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi insan qətliamını sübut edən faktlar aşkarlanıb. Gerçək soyqırım ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı uyğulanıb və təəssüf edirəm ki, ABŞ kimi böyük bir güc, hərbi büdcəsi bu qədər üstün olan bir ölkə erməni diasporasının hansısa saxta, uydurma yalanlarından özü üçün təzyiq vasitəsi düzəltməyə çalışır”.

Həmsöhbətimiz son olaraq onu da vurğulayıb ki, Baydenin açıqladığı hansısa sözün Türkiyənin artan nüfuzuna və siyasi hərbi patronajlığına heç bir təsiri olmayacaq: "Məlum açıqlamanın verilməsindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında telefon danışığı olması və Azərbaycan rəhbərliyi ilə Türkiyə rəhbərliyinin bu məsələdə qardaş mövqeyi ortaya qoyması bir daha göstərir ki, dünyanın böyük güc mərkəzləri, imperialist dairələri türk dünyasına qarşı hansısa bu tip təxribatçı addımlar atsa da, türk dünyası yenə də birlik şəkildə tək yumruq və tək siyasi qərarlarla bu tip təxribatların qarşısında öz müdafiə sipərini qurmağı bacarır”.

T.İsmayılov əlavə edib ki, ABŞ-ın bundan sonra regional münasibətləri daha da pisləşəcək. Onun sözlərinə görə, Bayden və vitse-prezident Kamala Harrisin erməni lobbisi ilə daim əlaqədə olması ABŞ-Türkiyə münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq: “Bu da təbii ki, bizm bölgəyə də təsirsiz ötüşməyəcək”.

Deputatı Afət Həsənova isə deyib ki, ABŞ prezidentinin qondarma hadisələri “soyqırımı” kimi tanıması ABŞ tarixində böyük siyasi səhvdir və tarixin saxtalaşdırılmasına verilən bir dəstəkdir. A.Həsənova vurğulayıb ki, özünü dünyada demokratiyanın beşiyi, ədalətin, sülhün və sabitliyin təminatçısı hesab edən ABŞ-ın indi belə bir yanlış addım atması heç cür anlaşılan deyil: “Əgər ABŞ öz xarici siyasətində səmimidirsə, Türkiyənin arxivləri açmaq, birgə komissiya yaradaraq hadisələrin araşdırılması təklifinə dəstək verərdi. Tarixə qiymət vermək tarixçilərin işidir, siyasətçilərin yox. Co Baydenin heç bir araşdırma aparılmadan, tarixçilər tərəfindən hər hansı bir rəy olmadan uydurma hadisələri “soyqırım” adlandırması sadəcə olaraq ikili standartların təzahürü və Türkiyəyə təzyiq göstərmək cəhdidir. Lakin Co Bayden bu yanlış addımın əslində ABŞ-ın xarici siyasətinə, nüfuzuna, eyni zamanda Ermənistanın gələcək taleyinə ciddi təsir edəcəyini əvvəlcədən hesablamalı idi. Bu gün Türkiyə regionda ABŞ-ın etibarlı tərəfdaşıdır. Co Bayden bu münasibətləri gücləndirmək əvəzinə, hansısa uydurma hadisələri “soyqırımı” adlandıraraq Türkiyə kimi tərəfdaşı ilə münasibətləri korlamış oldu. Bu addım regionda ABŞ-ın milli maraqlarına böyük zərbədir, çünki onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın azalan nüfuzu bundan sonra daha da zəifləyəcək. Düşünürəm ki, ABŞ-ın bu yanlış qərarında erməni lobbisinin də təsiri az deyil. Bu gün ABŞ-da erməni lobbisinin təsiri altına düşən kifayət qədər rəsmi şəxslər var və görünür bu ədalətsiz qərar uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin də bir nəticəsidir. ABŞ kimi nəhəng bir dövlətin erməni lobbisinin təsiri altına düşərək milli maraqlarına zərbə vuran, saxtakarlığa rəvac verən bir addım atması sadəcə təəssüf doğurur”.

Deputat qeyd edib ki, ABŞ-ın bu qərarı əslində Ermənistanın özünü da zərbə altında qoymuş oldu: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi nəticəsində regionda yeni əməkdaşlıq mühiti yaranıb, regionda kommunikasiyaların açılması, Ermənistanın blokadadan çıxması, iqtisadi inkişafı, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılması, regionda sülhün və sabitliyin bərqərar olması üçün yeni imkanlar açılıb.

Belə bir məqamda ABŞ-ın qıcıqlandırıcı bir addım atması yeni yaranmış əməkdaşlıq mühitinə ciddi zərbədir, eyni zamanda Ermənistanda revanşist qüvvələrə dəstəkdir. Belə görünür ki, ABŞ əslində regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Co Baydenin bu yanlış adımının hansı mənfi nəticələrə gətirib çıxaracağını zamanla görəcəyik, ancaq hesab edirəm ki, əgər ABŞ öz xarici siyasətində, tərəfdaşlıq münasibətlərində səmimidirsə, saxta “soyqırımı” ifadəsinin yanlış olduğunu bəyan edərək bu ifadədən imtina etməlidir”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2021.- 27 aprel.- S.9.