“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 78-ci yazı

 

Azadlığımız hifz olunacaqdır

 

Xalqımız bu gün öz ictimai həyatında böyük bir müvəffəqiyyətə nail olmaqla bərabər bu müvəffəqiyyətin əsasını möhkəmləşdirib və onu saxlamaq üçün bütün varlığı ilə hazırlanmışdır.

Azərbaycan milləti qiyam etdikdə xalqımızın düşmənlərinin böyük diplomatik təşəbbüsləri ilə üzləşdi. O, irticanın bütün hiylələri qarşısında dayanıb və bir həqiqəti hamıya sübut etdi. O da xalqımızın milli qüdrəti idi.

Xalqımız millətin azadlığını danan ünsürlərə sübut etdi ki, heç vaxt zor, tovlamaq və hiylələr ilə ictimai bir hərəkatın qabağını almaq olmaz. Azadlıq qüvvəsinin qarşısında bu gün dünyada irticaçı əqidələrin həyata keçib millətlərin hüququnun aradan qaldırılması qeyri-mümkün bir işdir. Azərbaycan hərəkatı meydana gəldikdən sonra yalnız Azərbaycanda deyil, bütün İran üzərində azadlıq inkişaf eməyə başladı.

İsfahan azadlıqsevərləri Seyfpur Fatemi kimi Allah bəndələrinin (!) təşəbbüslərinin qarşısında diz çökmədilər və axırda azadlıq ilə müxalif olanların mübarizəsindən qələbə ilə çıxdılar. Bu, o deməkdir ki, demokratik qüvvələr heç vaxta yorulub naümid olmaz. O, həmişə və hər cür şəraitdə olursa-olsun, mübarizəsinə davam verməklə axırda millətin düşmənlərini rüsvay edəcəkdir.

İrticaçı dairələr Azərbaycan hərəkatının inkişaf və genişlənməsindən ondan ötrü vahimədə idilər ki, onlar bu azadlığın dairəsinin gündən-günə genişlənməsini hiss edirdilər. Onlar bilirdilər ki, Azərbaycanın şərəfli xalqı başladığı işi axıra gətirəcəkdir və axırda isə onu əməli surətdə gördülər.

Qanlı mübarizədən sonra Azərbaycan milləti azadlığını əldə etmişdir. Azərbaycan indi mütərəqqi bir həyata malik olub və gündən-günə də tərəqqi və təkamülə doğru getməkdədir. Bu həyatın əbədi olaraq davam edəcəyinə biz əminik. Çünki biz özümüzü layiq bilməklə öz azadlığımızı hifz etmək uğrunda hansı qiymətə tamam olursa-olsun, sübut etməyə imkanımız vardır.

Bu gün biz o xəyali və qeyri-müəyyən qüvvələrdən danışmırıq. İndi bizim milli qüdrətimizin məsələsi aradadır: İndi biz Azərbaycan xalqının tamamilə silaha sarılıb və gecə-gündüz yorulmadan fəaliyyət etmələrinə şahidik və hamı ilə danışmaq istəyirik. Xalqımız sübut etdi ki, bizim hərəkatımızın öz milli qüdrətimizdən qeyri ayrı bir dayanacağı yoxdur. Xalqımız həmişə o parlaq həqiqəti isbat etməyə hazırdır.

Biz ilk gündən xalqımıza dayanıb və xalqımızın müqəddəs ideallarını onların həqiqi ehtiyacları ilə tətbiq edərək həyata keçirdik. Mövcud olan çətin şərtlərə baxmayaraq milli qüdrətimizdən istifadə eməklə Milli hökumətimizi qurduq. Milli hökumətimizi qorumaqdan ötrü də yenə xalqımız özü çalışıb və öz hakimiyyətini hifz etmək üçün bütün varlığı ilə çalışmaqdadır. Bu ondan ötrüdür ki, daha ac toyuqlar yuxularında darı görməsinlər. Hamı bir dəfə bilməlidir ki, bizim azadlığımız hifz olunacaqdır.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

 

***

 

Bir dağ kimi hər tufana dayanmışıq!

 

Qoy tanısın bu gün bizi bütün cahan

Var qalatək səngərimiz şirin candan

Qoca Şərqə günəş kimi işıq saçan

Azəristan ocağından yaranmışıq!

***

Bəxtiyardır dünya içrə bizim məkan

Çün yaşamır nə bir zəncir, nə bir zindan

Yirmi ilin ölüm adlı yuxusundan

Baş qaldırıb şərafətlə oyanmışıq!

***

Bulaq kimi göz yaşları çağlayanda

El güciylə bu üsyana qovzanmışıq.

Bulaq kimi göz yaşları çağlayanda

El gücilə bu üsyana qovzanmışıq

***

Baş əymərik heç xainə, heç cəllada

Qılınc vurub ad almışıq bu dünyada

Fəxrimiz var bu şöhrətə, bu şən ada

Midiyalar tək muxtariyyət qazanmışıq!

***

Biz vermərik bu varlığı bir də əldən

Çün mübariz yaranmışıq biz əzəldən

Bak etmərik nə ölümdən, nə əcəldən

Bir dağ kimi hər tufana dayanmışıq!

***

Son qoymuşuq biz qulluğa, əsarətə

Yol vermərik nadanlığa, cəhalətə

Köhnə adət yaraşmayır biz millətə

Səadətçün qızıl qana bulanmışıq!

***

Bütün xain qarşımızda çökəcək diz

Yetişmişik əbədilik murada biz

Sarsılmazdır bizim polad iradəmiz

Qızıl kimi məhək ilə sınanmışıq!

***

Səttarxandır verən bizə bu qüruru

Bu ölkəyə, Məşrutəyə inanmışıq!

***

Qoy tanısın bu gün bizi bütün cahan

Başdan keçib əl çəkmərik azadlıqdan

Dünyalara günəş kimi işıq saçan

Qoca Şərqin qucağında yaranmışıq!

 

Abbas Sabiri

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

 

***

 

Nəcəf Fəxrəddini: "Savadsızlıqla mübarizə"

 

Hər bir xalqın səadəti onun maarifi ilə əlaqədardır. Bir ölkənin maarif günəşi savadsızlıq buludları ilə örtülmüş olarsa, o ölkə mədəniyyətdən bəhrəsiz olar. Savadsızlıqla mübarizə etmək hər bir tərəqqi sevən xalqın müqəddəs vəzifəsidir. Milli hökumətimiz Azərbaycanın hər cür tərəqqisini və xalqımızın hər bir ehtiyacını təmin etməklə bərabər xalqımızın maarif sahəsində müvəffəqiyyətlə qədəm götürməsinə də imkan vermişdir.

İllər boyu savadsız qalıb və ad yazmaq bacarmayan kəndli və fəhlələrimiz bu gün həvəslə öz ana dillərində dərs oxuyurlar və şübhə yoxdur ki, gələcəkdə vətənimizin irəli getməsində müvəffəqiyyətlər əldə edəcəklər.

Milli dövlətimiz az bir müddət içərində müvəffəq oldu ki, Təbrizdə ali məktəb yaratmaqla cavanlarımızı mənzil bucaqlarında və qürbət şəhərlərdə zillətlə dərs oxumaqdan qurtarsın. Milli dövlətimiz maarifin tərəqqi etməsi üçün çalışıb qiraətxanalar və kurslar yaratdı və bununla da savadsızlığa qarşı mübarizə apardı. İndi şübhə yoxdur ki, xalqımız gələcəkdə qalib olacaq. Çünki yaxşı bilmək lazımdır ki, tərəqqi etməkdə və zəfərə doğru irəli getməkdə maarif böyük rol oynayır. Sovet Azərbaycanında 26 il içərisində xalqın böyük bir sürətlə tərəqqiyə nail olması bu ölkədə maarif günəşinin işıqlı olmasındandır. Bu gün sovet ölkəsində məktəblərin sayı müqayisə edilməz dərəcədə artıb və səadət qapısı hamının üzünə açılıb.

Bizim dövlətimiz də bunları nəzərdə tutub və maarif sahəsində var qüvvəsilə çalışır.

Ümidvar olmaq olar ki, yaxın gələcəkdə vətənimiz hər cəhətdən irəli getməklə bərabər maarifimiz də gözəl bir surətdə inkişaf edəcəkdir.Hər bir xalqın səadəti onun maarifi ilə əlaqədardır. Bir ölkənin maarif günəşi savadsızlıq buludları ilə örtülmüş olarsa, o ölkə mədəniyyətdən bəhrəsiz olar. Savadsızlıqla mübarizə etmək hər bir tərəqqi sevən xalqın müqəddəs vəzifəsidir. Milli hökumətimiz Azərbaycanın hər cür tərəqqisini və xalqımızın hər bir ehtiyacını təmin etməklə bərabər xalqımızın maarif sahəsində müvəffəqiyyətlə qədəm götürməsinə də imkan vermişdir. İllər boyu savadsız qalıb və ad yazmaq bacarmayan kəndli və fəhlələrimiz bu gün həvəslə öz ana dillərində dərs oxuyurlar və şübhə yoxdur ki, gələcəkdə vətənimizin irəli getməsində müvəffəqiyyətlər əldə edəcəklər.

Milli dövlətimiz az bir müddət içərində müvəffəq oldu ki, Təbrizdə ali məktəb yaratmaqla cavanlarımızı mənzil bucaqlarında və qürbət şəhərlərdə zillətlə dərs oxumaqdan qurtarsın. Milli dövlətimiz maarifin tərəqqi etməsi üçün çalışıb qiraətxanalar və kurslar yaratdı və bununla da savadsızlığa qarşı mübarizə apardı. İndi şübhə yoxdur ki, xalqımız gələcəkdə qalib olacaq, çünki yaxşı bilmək lazımdır ki, tərəqqi etməkdə və zəfərə doğru irəli getməkdə maarif böyük rol oynayır.

Sovet Azərbaycanında 26 il içərisində xalqın böyük bir sürətlə tərəqqiyə nail olması bu ölkədə maarif günəşinin işıqlı olmasındandır. Bu gün sovet ölkəsində məktəblərin sayı müqayisə edilməz dərəcədə artıb və səadət qapısı hamının üzünə açılıb. Bizim dövlətimiz də bunları nəzərdə tutub və maarif sahəsində var qüvvəsilə çalışır. Ümidvar olmaq olar ki, yaxın gələcəkdə vətənimiz hər cəhətdən irəli getməklə bərabər maarifimiz də gözəl bir surətdə inkişaf edəcəkdir.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

 

Səməd Səbahi: “Ağa Kərim xan Ərdəbili” komediyası tamaşaya hazırlanır

 

Milli dövlətimizin təşkil olunması xalqımızın mədəni və incəsənət aləmində böyük dönüşlərinə səbəb olmuşdur.

Uzun illər milli mədəniyyət və incəsənətə həsrət qalmış Azəbaycanın cavan və istedadlı sənətçiləri milli dövlətmizin yaratdığı imkanlar sayəsində öz istedadlarını biruzə verirlər. “İncəsənət cəmiyyəti”nin təşkil olunması musiqi sahəsində ləyaqətli cavanların mövcud olduğunu nümayiş etdirir. Azərbaycanda dövlət teatrının yaranması Təbrizdə istedadlı artistlərin mövcud olduğunu xalqımız qarşısında nümayiş etdirdi.

Xalqımızın içərisində olan istedadlı qüvvələri yalnız bu iki böyük mədəni müəssisədə tərbiyə edib onların yaradıcılığından istifadə etməklə kifayətlənmək olmaz.

Buna görə də Azərbaycanda musiqi və teatr sənətinə marağı olan cavan qüvvəllər müəyyən təşkilatların ətrafına toplanaraq öz yaradıcılıqlarına təkamül vermək üçün musiqi və dram dərnəkləri təşkil etməkdə böyük və ciddi fədakarlıqlar göstərdilər. Bunu sübut etmək üçün bir-iki il bundan qabaq bütün Azərbaycanda ancaq Təbrizdə əsaslı bir teatr dəstəsi olduğu halda indi Azərbaycanın ən uzaq kəndlərində belə dram dərnəklərinin varlığını qeyd etmək kifayət edər. Azərbaycan dövlət teatrı ətraf şəhər və kəndlərdə, xüsusən Təbrizdə gündən-günə təşkil edilməkdə olan dərnəkləri öz himayəsi altına alıb onlara hər cür kömək etmək vəzifəsini qarşısında qoymuşdur. Təbrizdə təşkil edilən dərnəklər içərisində Azərbaycan Cavanlar Təşkilatı nəzdində təşkil olunmuş dram dərnəyini qiymətləndirmək xüsusilə lazımdır. Cavan və istedadlı həvəskarlardan təşkil olunmuş bu dram dərnəyi öz işlərini nümunəvi surətdə qurmuşdur.

Onlar dövlət teatrı ilə sıxı əlaqəyə girərək yaxından təlimat və lazımi köməkliklər alırlar. Dövlət teatrı cavan həvəskarlardan təşkil olunmuş bu dram dərnəyini gələcək üçün görkəmli bir şəklə salmaqdan ötrü dövlət teatrının istedadlı artistlərindən cənab Məhəmmədəli Vəlizadəni bu dərnəyə rejissor göndərmişdir. Bu dəstə fəaliyyətə başladığı iki ay müddətdən sonra Azərbaycanın məşhur dramaturqlarından Nəcəf bəy Vəzirovun dörd pərdəli “Ağa Kərim xan Ərdəbili” komediyasını tamaşaya hazırlamışdır. Bu komediya bu yaxın günlərdə “Firdovsi” səhnəsində tamaşaya qoyulacaqdır.

Bu dərnəyin həvəskarlarının göstərdigi ciddi fədakarlıqlar bizi əmin edir ki, bundan sonra daha da artıq ciddü-cəhd sayəsində gələcək üçün Azərbaycanın cavanlar teatrı adını almaq şərəfinə nail olacaqlar. Biz tamaşaçıların “Ağa Kərim xan Ərdəbili” pyesinin tamaşasında yaxından iştirak etməklə cavan artistlərimizi təşviq edəcəkləri arzusundayıq. Biz bu dram dərnəyi kimi bütün Azərbaycanın şəhər və kəndlərində təşkil olunmuş dərnəklərin fədakar həvəskarlarına öz işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

 

Xalq Cəbhəsi.- 2021.- 13 fevral.- S.14.