“Azərbaycan diasporu
ilə yanaşı vətəndaş cəmiyyətinini digər
sturktur elementləri diqqətli və fəal olmalıdır”
Fuad Hüseynzadə: “Birlikdə və
korrdinasiyalı fəaliyyətlə ciddi
və effektiv nəticələrə nail ola bilərik”
Azərbaycanın 44 günlük vətən müharibəsində qalib olması bizi arxayınlaşdırmamalıdır. Xüsusilə bundan sonrakı dönəmdə vətəndaş cəmiyyətinin üzərinə ciddi yük düşür. Vətəndaş cəmiyyətinin strukturlarının işlək olması dövlətin üzərinə düşən yükü azalda bilər. Hamımız xatırlayırıq ki, müharibə dönəmində əks-hücum əməliyyatlarının dayandırılması üçün Azərbaycan dövlətinə ciddi təzyiqlər var idi. Müxtəlif Qərb dövlətləri çalışırdılar ki, Azərbaycanı haqq savaşında dayandırsnlar və Ermənistanın qanunsuz işğalı davam etsin. Təbii ki, Azərbaycan dövləti bütün təzyiqlərə baxmayaraq qətiyyətli davrandı və 30 il davam edən problemi həll etdi.
Unutmamalıyıq ki, Azərbaycana qarşı təzyiq edən dövlətlərdən birincisi erməni lobissinin də güclü olduğu Fransa idi. Bu faktor onu deməyə əsas verir ki, Azərbaycan dövləti ilə yanaşı vətəndaş cəmiyyəti strukturları da aktiv olmalı və bundan sonrakı dönəmdə daha ciddi fəaliyyət göstərməlidirlər. İstər media, istər qeyri-hökumət təşkilatları, istərsə də diaspor təşklatları Azərbaycan həqiqətlərinin xarii ölkələrdə dünya ictimaiyyətinə çatdırılması üçün ciddi səy göstərməlidir. Beynəlxalq təşkilatlarla daha sıx və koordinasiyalı fəaliyyət həyata keçirilməlidir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə təsis edilib. Onun sözlərinə görə, təşkilatın ətrafında Azərbaycanda, eləcə də xaricdə dövlət və dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanıb. Fuad Hüseynzadə diqqətə çatdırıb ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi bu müddətdə 20 ölkənin 50-dan çox nüfuzlu media qurumlarında Azərbaycan, eləcə də Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib: “Həmçinin təşkilat tərəfindən Qafqazda ilk dəfə orta və ali məktəblərdə könüllü olaraq “Diaspor dərs”ləri keçirilib. Eyni zamanda təşkilatın üzvləri təbliğat və təşviqatda, informasiya müharibəsində dünya azərbaycanlıları ilə əməkdaşlıq çərçivəsində aktiv iştirak edirlər. 2016-cı ilin oktyabr ayında 5 qitədəki soydaşlarımızdan xəbər verən “Dünya azərbaycanlılarının palitrası” kitabı işıq üzü görüb. Kitabın 13 ölkədə təqdimatı olub. 2020-ci ilin oktyabrında isə “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabı nəşr olunub”.
F.Hüseynzadə xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi qələbə qazandı: “Bununla Azərbaycan, ümumiyyətlə, erməni mifini darmadağın etdi. Lakin bütün bunlara baxmayaraq, dünya erməniləri anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə hələ də davam etdirirlər. Eyni zamanda müxtəlif ölkələrin parlamentlərində qondarma “dqr”ı tanıtmağa, erməniyönlü qətnamələr qəbul etdirməyə çalışırlar. Ermənilərin bu kimi aktivliyi Çex Respublikasında da müşahidə olunur. 44 günlük müharibə zamanı və müharibədən sonra Ermənistanın Çexiyadakı səfiri Aşot Hovakimyan Çexiya parlamentində intensiv görüşlər keçirib. Bu görüşlər əsasən millət vəkili, Çexiya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Marek Benda və millət vəkili, Çexiya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Ondrej Veseli ilə olub.
Səfir Aşot Hovakimyanın Çexiya parlamentində son görüşü 27.01.2021-ci il tarixində Xarici əlaqələr komitəsinin sədri Ondrej Veseli ilə olub. Bu görüşdən 8 gün sonra, yəni 04.02.2021-ci il tarixində Çexiya parlamentinin Xarici əlaqələr komitəsində aşağıdakı qətnamə qəbul edilib.
Dağlıq Qarabağda atəşkəs imzalanmasından sonra Ermənistanda mövcud olan vəziyyət barədə məlumata dair: Xarici İşlər Nazirinin müavini Aleş Xmeların əsaslandırmasını, millət vəkili Marek Bendanın hesabatını dinləmiş və müzakirələrdən sonra Xarici əlaqələr komitəsi:
1. Xarici İşlər Nazirinin müavini tərəfindən təqdim olunmuş Dağlıq Qarabağda mövcud olan vəziyyət haqqında məlumatı nəzərə alır;
2. 9 noyabr 2020-ci il tarixli atəşkəsin imzalanmasını Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllində birinci və lazımlı addım kimi dəyərləndirir;
3. İmzalanmış ataşkəs çərçivəsində razılaşdırılmış əsirlərin mübadiləsinin indiyə qədər birtərəfli tam olaraq yerinə yetirilməməsinə təəssüf hissi keçirir;
4. İndiyə qədər həyata keçirilmiş erməni və azərbaycanlı əsirlərin qarşılıqlı mübadiləsini dəyərləndirir və tərəflər arasında yenidən inamın bərpası məqsədilə Azərbaycanı qalan əsirlərin buraxılmasına çağırır;
5. ATƏT-in Minsk qrupunun həmsədir ölkələr formatında münaqişənin siyasi həllinə çağırır.
Nəzərinizə çatdırım ki, ermənilərin bu formada aktivliyi nəticəsində Çexiya parlamentində Azərbaycan əleyhinə daha kəskin qətnamə qəbul oluna bilər. Azərbaycan Parlamenti, media və vətəndaş cəmiyyəti tərəfindən Çexiyada bu kimi halların qarşısının alınması məqsədilə önləyici tədbirlərin görülməsi zərurətə çevirilib”.
F.Hüseynzadə hesab edir ki, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun keçmiş rəhbəri Yan Hamaçek Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub. Onun sözlərinə görə, Yan Hamaçek hazırda Çexiyanın Daxili işlər nazirdir: “Yan Hamaçeklə əlaqələr qurub Çexiya parlamenti və digər qurumların Azərbaycanla bağlı müsbət addım atmasına nail olmaq mümkündür. Onun vasitəsilə Çexiya mediasında Azərbaycan haqqında yazılar da dərc etdirmək olar. Çünki Vətən müharibəsindən sonra Çexiya KİV-lərində Azərbaycanla bağlı yazıların çapında çətinliklər yaranıb.
Parlamentlərarası əlaqələrin daha da genişlənməsi Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına mühüm töhfə verə bilər. Azərbaycan-Çex parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə intensiz danışıqlar apara bilər. Azərbaycan-Çex parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri tərəfindən Çexiya parlamentinə erməni yalanları ilə bağlı məktub ünvanlana bilər. Çexiyadakı diasporumuz (Milli Məclisin müxtəlif ölkələr üzrə işçi qruplarınn diaspor nümayəndələri ilə birgə fəaliyyəti gücləndirməsinə ehtiyac var) arasında əməkdaşlığın yaranması ermənilərə qarşı birgə işin görülməsi baxımından effektiv nəticə verər. Bu məsələlərlə bağlı Azərbaycan-Çex parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, diasporumuz və Çexiyadakı səfirliyimizin üçtərəfli videokonfransını da keçirmək olar. Çexiyadakı səfirliyimizin Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə daha da sıx görüşlər keçirməsi, onu mütəmadi olaraq lazımi məlumatlarla təmin etməsi önəmlidir.
Çexiya mediasında yazıların dərc olunması da mühüm əhəmiyyət kəsb edir. Bu yazılar çexiyalıların da marağında olmalıdır. Məsələn, Çexiyanın Dağlıq Qarabağ məsələsində mövqeyini qabartmaq olar. Həmçinin bu məsələdə Çexiya Avropa Birliyində Azərbaycanın lehinə nə kimi mövqe nümayiş etdirə bilər?
Xocalı soyqırımının ildönümü ərəfəsində də yazı dərc etdirmək mühümdür. Bu yazıda İkinci Dünya müharibəsi illərində faşistlərin çexiyalılara qarşı etdiyi Lidiçe soyqırımı ilə Xocalı soyrımını paralel şəkildə təqdim etmək olar. Xatırladım ki, mən yazı hazırlayaraq Çexiyanın bir neçə media orqanına göndərmişəm”.
F.Hüseynzadə əlavə edib ki, Çexiya bir nümunədir və müxtəlif ölkələrdə Azərbaycan əlaeyhinə bu cür addımlar atıla bilər. Onun sözlərinə görə, Çexiya ilə yanaşı bir sıra ölkələrdə Azərbaycan diapsoru ilə yanaşı vətəndaş cəmiyyətinin digər sturktur elementləri diqqətli və fəal olmalı, birlikdə və korrdinasiyalı fəaliyyət göstərməlidir: “Belə olduğu təqdirdə biz, ciddi və effektiv nəticələrə nail ola bilərik”.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2021.- 13 fevral.-
S.13.