“Azərbaycan”  qəzetinin səhifələrində  

 

 75-ci yazı

 

Xalqımız danışır, xalqımız tələb edir!

 

Azərbaycan xalqı öz müqəddəratını həll etmək üçün Tehrana göndərdikləri nümayəndələrdən Azərbaycanın bugünkü ictimai şəraiti ilə tətbiq olunmağa qabil olan istəklərin təmin olunmasını onlardan gözləyib və səbirsizliklə tələb edirlər. Biz Azərbaycanda yaranmış hərəkatın nə olduğunu deməyə ehtiyac duymayaraq ancaq bunu qeyd etməliyik ki, bugünkü Azərbaycan keçmiş Azərbaycan ilə müqayisə oluna bilməz. 21 Azərdən bu tərəfə ölkəmizdə, bütün ictimai sahələrdə əmələ gəlmiş sürətli dəyişikliklər hamısı xalqımızın iradəsinin yüksəkliyindən canlı nümunələr olmaqla indiki xalq hökumətinin əsasları üzərində qurulmuş dövlətimizin möhkəmliyini və Azərbaycan xalqının özü-özünü idarə etmək qabiliyyətini sübut edir.

Şübhəsiz, nümayəndələrimiz xalqımızın istəklərini tamamilə nəzərdə tutacaqlar. Bu istəklərin həyata keçməsi üçün bütün Azərbaycan xalqı öz nümayəndələrinin arxasında durmuşdur. Azərbaycan xalqı hələ müzakirəyə başlamamışdan qabaq öz tələblərinin həyata keçirməsi üçün lazımi şərait yaratmışdır.

Təyyarə meydanında xalqımızın iradəsini təmsil edən müşayiətçilərin gürultulu səslərinin inikası heç vaxt unudula bilməz. Xalq orada nümayəndələrə icazə verdi ki, onların tələblərinin həyata keçirməsi uğrunda Azərbaycan xalqına dayanaraq lazım bildikləri danışıqları aparsınlar. Sonra onlar qeyd etdilər ki, biz azadlığımızı aldığımız və milli hökumətimizi qurduğumuz kimi də saxlayacağıq.

Cənab Pişəvərinin xalq qarşısında söylədiyi nitqi isə nümayəndələrin öz vəzifələrini necə müqəddəs saymalarına canlı bir sənəddir. Nümayəndələr hiss etdilər ki, onlar deyən söz 5 milyonluq Azərbaycan xalqının sözüdür və 5 milyon azərbaycanlı da onları həyata keçirəcəkdir.

İndi Azərbaycan xalqı Tehranda olan nümayəndələrinə yenə də öz tapşırıqlarını verirlər. Hər tərəfdən teleqraf olunur ki, xalq öz hakimiyyətini, öz hüquqlarını, azadlığını, dilini, ölkəsini qoruyacaqdır. Bu o deməkdir ki, daha Azərbaycan keçmiş Azərbyacan deyildir. Bu o deməkdir ki, xalq öz azadlığını müqəddəs sayır. Bu o deməkdir ki, hamı öz nümayəndələrinin dalında durub və Azərbaycanın milli hakmiyyətini hər şeydən möhtərəm bilir.

Yaşasın qəhrəman xalqımız!

Yaşasın xalqımızın iradəsini təmsil edən Azərbyacanın qəhrəman oğlu Pişəvəri!

Fəthi Xoşginabi

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 189, 3 may 1946-cı il

 

***

Təbriz şəhər komitəsinin 3-cü homə üzvləri tərəfindən.

Tehran. Azərbaycan xalqının nümayəndələri və Milli hökumətimizin Baş naziri cənab Pişəvəriyə.

 

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, Tehranda nəşr olunanNecat-e İran”, “İran-e ma”, “Mərdom”, “Rəhbər”, “Zəfər”, “Dad” və “Rəstaxiz-e İran” qəzetlərinə.

 

Biz, 3-cü homə komitəsinin 800 nəfər üzvü, Azərbaycan xalqının hörmətli nümayəndələrindən, xüsusən Baş nazirimiz Pişəvəridən milli azadlığımızın və milli dövlətimizin İran daxilində toxunulmaz qalmasını və İranda həqiqi demokratik bir dövlətin yaradılmasını tələb edirik. Bu yolda Azərbaycan xalqı heç bir fədakarlığı əsirgəməyəcəyi kimi bu azadlığı bir qətrə qanları qalana qədər saxlamağa hazırdırlar.

Azərbaycan Demokrat firəqsinin Təbriz şəhər komitəsinin 3-cü homə üzvləri tərəfindən: Əyyub Kələntəri, Hüseynəli Xurşidi, Məhəmmədbağır Siyahcani, Əsədulla Etimad, Hüseyn Məhəmməd Səlmani, Məhəmməd Hüseyn Şorəvi, Tağı Mehmanzadə, Cavad Kubahi, Əhməd Vətənxah, Səttar, Abbaspur, Yusif, İbrahim, Məhəmmədəli.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946

 

**

Təbriz tacirlərinin teleqrafı. Tehran.

Azərbaycan Milli hökumətinin baş naziri və nümayəndələrinin rəisi cənab Pişəvəriyə.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət” və Tehranda nəşr olunanİran-e ma” və “Necat-e İran” qəzetlərinə.

 

Siz başqa nümayəndələrlə bərabər Azərbaycan və Tehran arasında lazım gələn məsələləri həll etmək üçün təşrif apardığınız belə bir zamanda biz, bütün tacirlər və əsnaf (sənaye malları tacirləri – red.), arzu edirik ki, İranın demokratiyası və azadlığı qorunmaqla bərabər Azərbaycanın azadlığı və milli dövləti tamamilə toxunulmaz olaraq qalsın. Tarixdə İranın istiqlalını və məşrutiyyətini (konstitusiyasını – red.) qorumuş bütün əcdadlarımız kimi bizindi bütün İranın və xüsusilə Azərbaycanın azadlığı və milli dövlətini qorumağa var qüvvəmizlə çalışacağıq.

Bütün Təbriz tacirləri tərəfindən: Sidqiyani, Həriri, Murtuza Xoyi, Əli Əkbər Baftə, Qafar Rəhimzadə Xoyi, Təsuci, Əmləhi, Əttar, Həştrudi, Xoyilər, Fərəc Urumçu, Əli Əkbər Xudadadi, Məhəmməd Təsuci, Kermanşahçı, Beydulla, Səməd Bürhan, Məhəmməd Yəmini, Tağı Sənədçi, Əbulfəti, Midhət.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

 

***

Mədəniyyət xəbərləri: “Təbriz kino-teatrlarında pulsuz tamaşa

 

30.04.1946-cı il tarixində bütün Təbrizdəki kino-teatr müdirləri Maarif Nazirliyinə dəvət olunmuşdular. Maarifin naziri cənab Məhəmməd Biriyanın təklifi ilə çərşənbə günü 1 may bayramı münasibəti ilə kino-teatrların hamısında Təbriz fabriklərinin bütün fəhlələri pulsuz olaraq verilən filmlərə tamaşa edəcəklər.

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

 

***

 

Azərbaycan Milli Hökumətinin aqrar islahatları

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xalisə müsadirə olunan yerlərin bölgüsünün nəticəsi.

 

1- Mehranrud. 8 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 2951,25 hektar olub 3104 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

2- Əhər. 19 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 2907 hektar olub 3297 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

3- Mərənd, Ələmdar, Culfa. 8 parça xalisə olan kəndlərin əkink yerlərinin cəmi 2232 hektar olub 2418 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

4- Azərşəhr. 4 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 685,5 hektar olub 1203 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

5- Miyandoab. 13 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 3791,2841 hektar olub 9825 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

6- Urmiya. Bir parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 115 hektar olub 101 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

7- Miyana. 28 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 18194 hektar olub 13787 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

8- Zəncan. 106 parça xalisə olan kəndlərin əkin yerlərinin cəmi 63128 hektar olub 27647 nəfər əkinçi arasında fəllahət vəzirliyi tərəfindən bölünmüşdür.

Cəmi 187 kənd xalisə olan kəndlərin əkinəcək yerlərinin məcmuu 94003,0341 hektar olub 61382 nəfər əkinçi arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölünmüşdür.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may 1946-cı il

 

***

Azərbaycan Demokrat Firqəsi Təbriz şəhər komitəsinin 2-ci homə üzvləri tərəfindən Təbrizdən Tehrana.

Azərbaycan Milli Hökumətinin nümayəndələri onun Baş naziri Pişəvəri cənablarına.

Üzü: Təbrizdə nəşr olunanAzərbaycan”, “Azad millət”, “Yeni Şərq Tehranda nəşr olunanRəhbər”, “İran-e ma”, “Mərdom”, “Zəfər”, “Rəstaxiz-e İran”, “Dad” qəzetlərinə.

Biz, ikinci homə (rayon – red.) komitəsinin 100 nəfər üzvləri, danışıq müzakirələrdə İranın istiqlalı hüdudunda Azərbaycanın azadlığının Milli hökumətinin, eləcə İran millətinin hüququnun qorunmasını siz nümayəndələrdən istəyirik. Bu yolda Azərbaycan xalqı qocalı, kişili, arvadlı hamısı bir əsgər kimi hazırdır.

Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin ikinci homə komitəsi üzvləri tərəfindən: doktor Bağeri, Hacı Kazım Kuzekonani, Cəfər Fəncai, Həsən Səmədzadə, Yadulla Rəzzaqi, Bağır Babai, Şirkubi, İsmayıl Rəhimi, Rza Məsbah, Məhəmmədəli Nobəri, Qaracadaği.

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

 

 

 

Xalq Cəbhəsi.- 2021.- 6 fevral.- S.14.