Qarabağda
dağıdılmış İslam dini memorial kompleksləri
Azərbaycanın
orta əsrlər dövrü fəlsəfə tarixinin az öyrənilməsinin elmi problemlərindən
biri də İslam dininin ictimai fikir tariximizdə yeri məsələsidir.
Epiqraf alim Məşədixanım Nemətova
qeyd edir ki, İslam dinindəki təriqət və cərəyanlar,
dini və siyasi şəxsiyyətlər, İslamın cəmiyyətdəki
sosial-siyasi rolu barəsində yığcam, lakin dəqiq və
bəzən də ən orijinal məlumatlar kitabələrdə
əksini tapıb. Karvan ticarət
yolları üzərində inşa edilmiş sosial-dini mərkəzlər
həm də bir mədəniyyət ocağı kimi qonşu
ölkələrin diqqətini cəlb etməklə, eyni
zamanda, mədəni əlaqələrdə mühüm rol
oynayıb. Bu baxımdan Qarabağ ərazisində
mövcud olmuş İslam mədəniyyəti abidələri
xüsusi əhəmiyyəti ilə seçilib. XX əsrin 60-70-ci illərində professor M.Nemətova
tərəfindən tədqiqata cəlb edilmiş bu
dini-memorial komplekslərdə böyük İslam alimlərinin,
dövrün tanınmış din və ictimai xadimlərinin,
memar xəttatların adları çəkilmişdi.
Avropanın Şərq qapısı olan Anadolunu Çinə
qədər birləşdirən Böyük İpək yolu
Azərbaycan ərazisi ilə Araz boyunca Qubadlı, Füzuli, Zəngilan,
Cəbrayıl rayonları və Zəngəzur mahalından
keçirdi. Bütün bu tarixi bölgədə vaxtilə orta əsrlərdə
tikilmiş türbələr, məscidlər, xanəgahlar
sosial-mədəni-ideoloji mərkəz olmaqla bərabər,
xalqın inam, etiqad yerinə çevrilib və əsrlərboyu
dövlətçilik tariximizdə iştirak edib. Atabəy
Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər
və xanlıqlar dövrünün dini-ideoloji mərkəzləri
hesab olunan bu məkanların tarixinin
araşdırılması ilə bölgənin bir çox
elmi problemlərinin həllinə aydınlıq gətirilmişdi.
Qarabağdakı türbə və məscidlər, Şuşa şəhərindəki məscid
kompleksləri tarixi məkanlar olmaqla orta əsrlər fikir
tariximizin daha dərindən araşdırılması
baxımından mükəmməl abidələr hesab olunur.
Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Anar Ağalarzadənin “Qarabağda
dağıdılmış İslam dini memorial kompleksləri”
sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni
təqdim edir.
Zəngilan rayonunun Məmmədbəyli kəndindəki
“əl-Hacı Yəhya ibn Məhəmməd” türbəsi
İpək yolu üzərində yerləşən abidələrdən
biridir.
Türbənin çatma tağlı qapısının
üzərindəki 1,40x0,80 metr
ölçülü kitabəsində 1305-ci miladi ili dəqiq
göstərilməklə onun Azərbaycan memarlıq tarixindəki
əhəmiyyəti aydın izlənilir. Əlbəttə
ki, İpək Yolu üzərində, Həkəri
çayı boyunca yerləşən bu abidələr
xüsusi memarlıq məktəblərinin mövcudluğunu
ortaya çıxarıb. Tikinti-memarlıq
formasına görə türbə və digər tikililərə
əsasən Həkəri çayı hövzəsinin abidələrini
XIII-XIV əsrin əvvəllərinə aid etmək olur.
Türbə üzərindəki altısətirlik,
ərəbdilli, süls elementli nəsx xətti ilə
yazılmış kitabədə Quran ayələri həkk
olunub. Daha sonra yazılıb: “Allahın rəhməti
yaxşı işlər görənlərə
yaxındır. Mən bu imarətin sahibi Məhəmməd
əl Hacın oğlu. Uca Allahın rəhmətinə
ehtiyacı olan zəif qul, miskin Yəhyayam. Əli Məcdəddinin
əlləri ilə mübarək Ramazan ayı yeddi yüz
dördüncü il” (Hicri 704/miladi
1305/1306). Əl Hacı bənzətməsi
yüksək nüfuz sahibi olan dövlət xadiminə
verilirdi (M.Nemətova). Deməli, türbədə
dəfn olunan Yəhyanın atası Məhəmməd
dövlətdə tanınmış şəxsiyyət olub və
Məmmədbəyli kəndi də adını oradan
götürüb. Burada adı çəkilən
ustanın da xalq arasında mövqeyi yüksək olub.
Belə ki, Həkəri və Araz çayları boyunca
tikilmiş karvansaralar, xanəgahlar, körpülər və
digər memarlıq strukturlarının əksəriyyətinin
inşası memar, usta Əli Məcdəddinin adı ilə
bağlı idi.
Cəbrayıl rayonunda, Diridağ yaylasında, xalq
arasında “Mazan nənə” adı ilə tanınan pir
türbə orta əsr qəbiristanlığında yerləşir. Bu qəbiristanlıqdakı
türbənin ətrafında müxtəlif təsvirli qəbir
daşları var. Epiqrafik məlumatlara əsasən bu qəbirlər
XIV-XVI əsrlərə aid edilir. Qəbirlərdən
birinin üzərində ərəb dilində yalnız tarixi
qalmışdır: “Altı yüz iyirminci il”
(hicri 620/miladi 1223-cü il). Rayonun Şıxlar kəndindəki
“Şıxbaba” türbəsinin ətrafında İslam dininin
tanınmış din xadimlərinin, şeyxzadələrin -
Şeyx Əbdül salamın oğlu Şeyx Qiyasəddinin,
Şeyx Cəbrayılın oğlu Əbdül Rəhmanın,
Əmir Adilin XIV əsrə aid məzar daşları var.
Qubadlı rayonunun Dəmirçilər kəndində
tikilmiş səkkizguşəli iki hündür
özülün üstündə qurulmuş türbə də
maraq doğurur. Bu, ərazidəki türbələr
qrupunun əsasən Araz və Həkəri çayları
vadisi boyunca yerləşdiyini göstərir. Türbənin
daxilindəki ərəbdilli, nəsx xətli kitabədə
deyilir: “Allah şahidlik etmiş, Ondan başqa tanrı yoxdur. Mələklər və insaflı elm sahibləri
şahidlik etmişlər ki, Ondan başqa tanrı yoxdur.
Güclüdür, müdrikdir. O
Allahın mərtəbəsində din şübhəsiz ki,
İslamdır” (M.Nemətova). Türbənin
üzərində inşa edilmə tarixi yazılmasa da tikinti
texnikasına və üslubuna görə memarlar onu XIII-XIV əsrlərə
aid edirlər.
Məlum olduğu kimi, Ağdamdakı “İmarət” qəbiristanlığında
mövcud olmuş xan nəslinə məxsus türbələrin
bir qisminin kitabələri müharibədən öncə
arxiv və muzey fondlarına gətirilib. I Qarabağ
müharibəsindən sonra isə qəbiristanlıqda qalan
türbələr və məzar daşları da erməni
vandalları tərəfindən ciddi dağıntılara məruz
qalıb. Həmin abidələrin
çoxu günümüzə kimi qalmasa da, əlimizdə
kifayət qədər faktiki material var. Bu gün Azərbaycan
Milli Arxivindəki müsəlman dini abidələri fondunda
vaxtilə Ağdamdan İbrahimxəlil xan və onun
övladlarının məzarlarına aid
götürülmüş kitabələrin surəti
saxlanılır. Eyni zamanda, Milli Azərbaycan
Tarixi Muzeyində Pənahəli xana aid məzar daşı,
İbrahimxəlil xan və onun övladlarının
Ağdamdakı qəbir abidələrinin epitafiyaları,
İbrahimxəlil xanın türbəsinin kitabəsi
saxlanılır və M.Nemətova tərəfindən oxunub.
Qəbirlərdən birində ərəbdilli kitabədə
yazılıb: “Bu qəbir rəhmətlik,
bağışlanmış İbrahimxəlil Cavanşir
Sarıcalınındır. 1154” (1711/1712-ci il
miladi). İkinci qəbrin kitabəsi belədir: “İbrahimxəlil
oğlu Mehdiqulunundur. Yer üzündə nə
varsa hamısı fanidir”. Üçüncü
məzar Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana
məxsusdur. Onun məzar daşında yazılıb: “O,
Allah canlıdır. Ölməzdir. Bu qəbir rəhmətlik, günahları
bağışlanmış, alim (ağıllı)
Xurşidbanunundur. Xan qızı hörmətli
Xurşid xanım dövranın uca ulduzu, yadigarı idi.
Candan doydu, ürəyi dağlı getdi. Onun yeri ilahələr cənnətidir. Rəbiül sani 1314. Bütün
yaranmışlar ölümü dadacaqdır” (miladi 1896/1897).
Şuşa şəhərindəki iki məscidin kitabəsində
memar Kərbəlayi Səfi xan Qarabağlının adı
çəkilib. Onun adına Füzuli rayonu mərkəzində
mövcud olmuş məscidin (yəqin ki, tam
dağıdılıb - A.A.), Bərdə, Ağdam və bir
çox məscidlərdəki kitabələrdə rast gəlinir.
Kərbəlayi Səfi xanın adı ilə
Odessada “Tatar məscidi” və Aşqabadda “Qarabağlar məscidi”
inşa edilmişdi ki, məhz bu abidələr XIX əsrin
ikinci yarısına aid olunur.
Laçın
rayonunun Cicimli kəndindəki son orta əsr məscidinin
üzərindəki düzbucaqlı plana malik kitabədə
deyilir: “1205. Molla Fəzlullahın oğlu Molla Əhməd
tikdirdi” (1790-1791-ci il miladi).
Füzuli
rayonunun Qarğabazar kəndindəki yüksək qaya üzərində
XVII əsrə aid “Qiyasəddin məscidi” var ki, yerli əhali
buranı “Şah Abbas məscidi” adlandırır. 6,25x7,60 metr ölçülü, düzbucaqlı
plana malik olan məscidin tavanı üzərindəki iki sətirlik
ərəbdilli, nəsx xətli kitabədə yazılıb:
“Ya Allah, Ya Məhəmməd, Ya Əli! Bu məscidi
Hacı Qiyasəddin inşa etdirdi. Üzünü
Uca Allaha tutmaq üçün. Uca
Allahın rəhmətinə ümid edən. 1095”. (miladi 1683/1684-cü
il). Məscidin sağ tərəfində, yüksək hissədə
yazılıb: “Ey qapıları açan!”.
Rayonun Horadiz kəndindəki bir məscid üzərində
də iki sətirlik kitabə var. Birinci kitabədə
“Hacı Molla Abdulla. 1318 hicri” (miladi 1900-cü il), ikinci
kitabədə “İlahi! Biz möminləri,
inananları hər halda qiyamət günündə
bağışla” yazılıb.
Qubadlı rayonunun Dondarlı kəndindəki məscid qapısının üzərindəki süls elementli, ərəb dilli kitabədə yazılıb: “Onun sahibi Dondarlı Şücaətdir. Allahdan başqa tanrı yoxdur, Məhəmməd Allahın elçisidir”.
Cəbrayıl rayonu ərazisindəki “Hacı Qaraman məscidi” də orta əsr ibadət tikilisi kimi tanınır. Məscid qapısı üzərindəki çatma tağlı kitabədə yazılıb: “Məscidlər Allah üçündür, ona görə Allahla birgə kimsəni çağırmayın. Mərhum, bağışlanmış Hacı Qaraman Əhmədin oğlu həqir, fəqir Məhəmməd bina etdirmişdir. Uca Allah! Ya Məhəmməd! Ya Əli! Müvəffəqiyyətli olsun! 1088” (miladi 1677/1678-ci il). Yenə orada həkk edilib:
“Ölüm elə bir kasadır ki, hamı ondan içməlidir,
Qəbir elə bir qapıdır ki, hamı ondan keçməlidir” (M.Nemətova).
Bütün bu qeyd olunanlar Qarabağ ərazisində vaxtilə müsəlman intibahı dövründə yaradılmış tarixi məkanlardır. Bu abidələrin varlığı məhz orta əsr Azərbaycanının geniş bir coğrafi arealda mövcudluğunu, onun Cənubi Qafqazda mühüm elmi, dini mərkəz rolu oynadığını üzə çıxarır. İşğaldan azad olunmuş ərazilərimizdə, şübhəsiz ki, haqqında bəhs etdiyimiz İslam dövrü abidələrinin böyük əksəriyyətinin salamat qalması ehtimalı çox azdır. Erməni vandalları tərəfindən bu abidələr məhv edilib, kitabələri silinib və onların təyinatı dəyişdirilib. Müsbət məqam ondan ibarətdir ki, bu tarixi abidələrin çoxunun araşdırılması hələ XX əsrin ortalarında aparılıb və bu gün çap olunmuş elmi əsərlərdə və arxivlərdə kitabələrin surəti saxlanılmaqdadır. Yaxın gələcəkdə bölgənin yenidənqurma işləri çərçivəsində abidələrin bərpası işləri aparılacaq ki, məhz dağıdılmış məscidlər, türbələr, dini-memorial komplekslər bərpa edilərkən və yaxud yerində yenisi inşa olunan zaman onların tarixdə mövcud olmuş forma və tikinti üslubu, abidələrin üzərindəki epiqrafik kitabələrin surətlərinin yenidən yaradılması məqsədəuyğundur. Bu zaman kitabələrin yenidən həkk edilməsində arxivlərdəki materiallardan geniş istifadə oluna bilər. Onlardan istifadə etməklə həm dövrün tarixini canlandırmaqla mədəni irsimizi qoruyuruq, həm də gələcək nəsillər üçün yeni bir tarixin başlanğıcını qoymuş hesab edilirik.
Qarabağın bu abidələri
İslam dininin Azərbaycan xalqının mədəniyyətində
və tarixində mühüm rolunu göstərməklə
onun hərtərəfli öyrənilməsinin bu günün
vacib məsələlərindən biri olduğunu göstərir.
Xalq Cəbhəsi.- 2021.- 16 fevral.-
S.16.