“Kitabi-Dədə Qorqud”
eposu
1-ci yazı
Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos ənənəsinin mövcudluğu, xüsusilə xalq dastanlarının qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, mədəniyyətin sonrakı dövr nümunələrində həmin mənəvi sərvətin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada türk epos ənənəsinin və epik düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün Yer kürəsində yaşayan xalqların epos və eposdan törəyən yazılı abidələrinin 3 min illik zaman xətti üzrə tarixi xronikasına nəzər salmaq kifayətdir. Tədqiqatçılar şumerlərin “Bilqamış”, hindlilərin “Mahab-harata”, “Ramayana”, yunanların “İliada”, “Odisseya”, midiyalıların “Avesta”, farsların “Şahnamə”, oğuz türklərinin “Xəmsə”, “Oğuz kağan” “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, qırğızların “Manas”, özbəklərin “Alpamış”, ingilis-saksonların “Beovulf”, britaniyalıların “Robin Qud”, fin-uqorların “Kalevala”, slavyanların “İqor polku haqqında dastan” kimi yazılı epos və ədəbi abidələri daxil olmaqla dünya mədəniyyəti xəzinəsində 110 əsər müəyyən etmişlər. Eramızın ikinci minilliyində türklərin bir-birinin ardınca qüdrətli imperiyalar yaratması, Avrasiyanın yarısını idarə etməsi, əvvəl səlcuqların, sonra isə osmanlıların səlib (xaç) yürüşlərinin Şərqə doğru sürətli irəliləyişlərinin qarşısını alması Avropada türk qorxusu yaratmış və onları vəhşi, mədəniyyətsiz xalq kimi tədqim etmək ənənəsi formalaşmışdı. Lakin epos və yazılı abidələrin zaman paradiqmasına diqqət yetirəndə tamamilə başqa mənzərənin şahidi oluruq. 110 yazılı epos və xalq yaradıcılığından törəyən ədəbi yazılı abidələr içərisində 18 möhtəşəm əsər türk epik təfəkkürünün məhsuludur. Bir cəhət maraqlıdır: “İliada” və “Odisseya” Yunanıstan, “Beovulf” və “Robin Qud” isə Britaniya adasının sərhədlərindən kənara çıxmayıb. Türkün isə təkcə “Koroğlu”sunu xatırlamaq kifayətdir ki, Bessarabiyadan, Moldovadan başlamış, Çinə, Ərəbistana qədər istər müsəlman, istərsə də onlarla xristıan, bütpərəst xalq arasında, gündoğandan günbatana qədər uzanan ayrı-ayrı ölkələrdə yayılıb. Təsadüfi deyil ki, ötən əsrin 40-cı illərində məhz Türkün yaratdığı “Kitabi-Dədə Qorqud” eposunun qüdrəti Mikoyan, Stalin kimiləri qorxutmuş və bu əsər repressiya qurbanları sırasına daxil edilmişdi. Azərbaycanın görkəmli filosofu Heydər Hüseynov həm də “19-cu əsr Azərbaycan fəlsəfi fikri”nin qaynağı kimi “Dədə Qorqud”dan bəhs açdığına görə məhv edilmiş, türkmən alimi, “Koroğlu” eposunun böyük tədqiqatçısı akademik Bəymühəmməd Karrıyev isə “Dədə Qorqud”u təbliğ etdiyinə görə 10 il həbs cəzasına məhkum edilmişdi. Ancaq dünya xalqlarının heç bir qədim yazılı epik əsərində “Kitabi-Dədə Qorqud”da qoyulduğu şəkildə humanizm, vətənpərvərlik, ailə-əxlaq məsələlərinə yer verilməyib. Təkcə bu gün dünyanın hər yerində aktual olan gender probleminin “Kitab”dakı qoyuluşunu xatırlamaq kifayətdir. Qadın ailədə kişilərlə eyni hüquqdadır, hətta bəzi məqamlarda onlardan tədbirli olmasına, mərdliyinə, dəyanətinə, sevgidə sadiqliyinə görə üstün göstərilir.
«Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. Xatırladaq ki, «Kitabi-Dədə Qorqud» haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer verib. Lakin “Kitabi-Dədə Qorqud” dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanıb. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olub. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar edib, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək “Odissey”in nağıl səciyyəli təkgözlü Siklopun – Polifemin kor edilməsi süjetinin yeni variantı kimi nəşr etdirib. 1857-ci ildə Almaniyada Vilhelm Qrimm də bu boyu özünün nəşr etdirdiyi “Dünya Təpəgözləri” müntəxəbatına daxil edir. 1859-cu ildə görkəmli alman şərqşünası Teodor Nyoldeke Drezden nüsxəsinin surətini çıxarıb bəzi hissələri tərcümə edərək çap etdirmək istəyir. Lakin o, bu işi başa çatdıra bilməyib topladığı materialları o vaxt Almaniyada təhsil alan V.V.Bartolda (1892) verir. “Kitabi-Dədə Qorqud” dastanının müqəddimə və 6 boydan ibarət yeni nüsxəsini 1952-ci ildə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. Dastan rus tədqiqatçılarının da diqqətini cəlb edib. Şərqşünas alim V.V.Bartold hələ universitet tələbəsi ikən “Kitabi-Dədə Qorqud” üzərində tədqiqat aparmağa başlayır. O, əvvəlcə dastanların dörd boyunu rus dilinə tərcümə edərək kiçik bir şərhlə nəşr etdirir. 1922-ci ildə bütün boyları rus dilinə tərcümə edib çapa hazırlayır. Lakin onun sağlığında dastan işıq üzü görmür. Əsəri Azərbaycan alimlərindən H.Araslı və M.H.Təhmasib 1950-ci ildə Bakıda nəşr etdirirlər. V.V.Bartoldla eyni zamanda Türkmənistanda yazıb-yaradan rus alimlərindən A.Q.Tumanski və K.A.İnostransevin də bilavasitə “Kitabi-Dədə Qorqud”la əlaqədar məqalələri nəşr edilir. V.V.Bartoldun “Dədə Qorqud” dastanları üzərində apardığı tədqiqat işini onun ölümündən sonra rus türkoloqlarından V.V.Jirmunski və A.N.Kononov davam etdirirlər. 1962-ci ildə onların tərtibatı ilə “Kitabi-Dədə Qorqud” dastanı V.V.Bartoldun ruscaya tərcüməsi əsasında yenidən nəşr edilir. Bu nəşrdə mətndən əlavə, V.Bartoldun, A.J.Yakubovskinin və V.M.Jirmunskinin məqalələri də çap olunub. Görülən işlərin məzmununa və əhatə dairəsinə görə bu dövrü dörd mərhələyə bölmək mümkündür:
İlk mərhələ kimi 1815-1916-cı illər arasındakı bir əsrlik dövrü götürmək olar. Çünki dastanın elm aləmində tanındığı vaxtdan ilk tam nəşrinədək görülən işlərin xarakteri, demək olar ki, eynidir. Böyük alman şərqşünası Fridrix Fon Dits ömrünün sonuna iki il qalmış Drezden Kral kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanını aşkar edib, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirib “Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerin Siklopu ilə müqayisədə” adlı ön söz yazaraq Berlində kitab şəklində çap etdirib. Ehtimal ki, Fridrix Fon Dits mətnin üzünü köçürüb Berlinə gətirib. Doğrudan da Berlin Milli kitabxanasında əsərin XIX əsrin əvvəllərində yazılmış bir əlyazmasına təsadüf edilir.
Sual ortaya çıxır: nə üçün 12 boydan daha çox «Təpəgöz» boyu alman aliminin diqqətini özünə cəlb edib? Çünki həmin dövrdə onun vətənində yunan miflərinə böyük maraq vardı. Əsatirçilər nəzəriyyəsinin baniləri Yakob və Vilhelm Qrimm qardaşları folklorşünaslıq elminin əsasını qoymaqla bütün mədəniyyətin bünövrəsində miflərin durduğunu irəli sürürdülər. «Təpəgöz» boyu yunan mifoloji sistemində mühüm yer tutan sikloplarla bağlı əhvalatlarla səsləşirdi. Təsadüfi deyildi ki, 1857-ci ildə Qrimm qardaşları bu boyu özlərinin tərtib etdikləri «Dünya xalqlarının təpəgözləri» müntəxəbatına salmışdılar. Beləliklə, ilk mərhələdə dastanın mətnini düzgün oxumaq, alman və rus dillərinə çevirmək təşəbbüsləri ilə yanaşı, təsvir xarakterli yazılar da nəşr edilir, Dədə Qorqud və başqa obrazların tarixdə izlərini axtarıb tapmağa səy göstərilirdı. 1859-cu ildə Venyaminov-Divayev Orenburq əyalətində Xorxut Atanın qəbrini nişan verirdi. Teodor Nyoldekenin (1836-1910) boyları tam tərcümə edə bilməyib, gördüyü işləri rusiyalı tələbəsi V.Bartolda verməsi dastanın nəşr və tədqiqi işində böyük dönüş yaratdı. Gənc alim ilk əvvəl türk eposunu tam halda rus dilinə çevirməyi qarşısına məqsəd qoyub, boyların dördünün müxtəlif məcmuələrdə işıq üzü görməsinə nail oldu.
İkinci mərhələ 1916-1952-ci illəri əhatə edir. Kilisli müəllim Rifət Türkiyədə “Kitabi-Dədə Qorqud”u 1916-cı ildə (Berlin nüsxəsindən) ərəb əlifbası ilə ilk dəfə tam şəkildə nəşr etdirmi və bununla eposun Türkiyədə və Azərbaycanda araşdırılmasına şərait yaradıb. 1938-ci ildə O.Ş.Gökyay Drezden nüsxəsinin özünü o vaxta qədər təsadüf etdiyi bütün tədqiqat əsərlərinin xülasəsindən ibarət böyük bir müqəddimə ilə latın əlifbasında çap etdirir. Orxan Şaiq sonralar (1939, 1943-cü illərdə) dastanları müasirləşdirərək yeni türkcədə oxuculara çatdırır, mətnin lüğətini tərtib edir. Həmid Araslı isə 1939-cu ildə “Kitabi-Dədə Qorqud” dastanını Bakıda tərtib və nəşr etdirir. H.Araslı kitaba geniş bir müqəddimə yazır ki, bununla da bu qiymətli abidənin Azərbaycanda da geniş tədqiqi mərhələsi başlayır.
“Dədə-Qorqud” dastanları üzərində səmərəli iş aparan alimlərdən biri də Məhərrəm Ergindir. O, 1958-ci ildə böyük bir tədqiqata girişlə hər iki nüsxələrin fotofaksimeleni, Drezden əlyazmasının yeni türk əlifbasına köçürülmüş bütöv mətnini, 1963-cü ildə isə elmi qrammatikasını və sözlüyünü nəşr edb. Türkiyədə dastan 1973-cü ildə təkrar Orxan Şaiq tərəfindən nəşr edilib. Burada alimin özünün bu abidə üzərində apardığı ayrıca tədqiqatdan əlavə, dünya türkologiyasında onun barəsində yazılıb, demək olar ki, bütün tədqiqat işləri barədə xülasə şəklində məlumat verilir və əhatəli ədəbiyyat göstərilir.
Azərbaycanda bu dastanların dili üzərində Əfzaləddin Dəmirçizadə tədqiqat işi aparıb. Onun 1959-cu ildə çapdan çıxan “Kitabi-Dədə Qorqud dastanlarının dili” adlı kitabının və müxtəlif vaxtlarda yazdığı məqalələrinin bu abidənin Azərbaycan dili tarixindəki mövqeyinin aydınlaşdırılmasında mühüm rolu olub.
“Dədə Qorqud” dastanlarını tədqiq edən alimlərdən biri də professor Əli Sultanlı olub. Onun 1958-59-cu illərdə beş məqalədən ibarət olan “Dədə Qorqud dastanları haqqında qeydlər” adlı toplusu çap olunub. Bu məqalə-lərdə müəllif dastanların tədqiq tarixçəsinə nəzər salıb, Dədə Qorqudun şəxsiyyəti məsələsindən danışıb, dastanların yaranmasında, formalaşmasında fərdi və kollektiv yaradıcılıq ünsürlərinin vəhdətini göstərib. Əli Sultanlı burada, ümumiyyətlə, eposun mənşəyi kimi nəzəri məsələlərə də toxunub, boylarda təsvir olunan qəbilə quruluşu “sistemi”ni gözdən keçirib, bu sistemin əsasını təşkil edən ailənin mühüm əlamətlərinin xülasəsini verib.
Dastanların tədqiqi ilə məşğul olan görkəmli alimlərdən biri də Məmmədhüseyn Təhmasib olub. Onun 1961 və 1966-cı illərdə nəşr olunmuş “Dədə-Qorqud boyları haqqında” adlı məqalələri mühüm tədqiqat əsərləridir. Alimin “Azərbaycan xalq dastanları” (orta əsrlər) adlı kitabında da “Kitabi-Dədə Qorqud”un tədqiqinə geniş yer verilib. Beləliklə, dastanın orijinal mətninin ilk nəşri qüsurlu olmasına baxmayaraq, Şərq ölkələrində, Orta Asiyada, xüsusilə Türkiyə və Azərbaycanda böyük maraq oyadır. Bir-birinin ardınca sanballı tədqiqat işləri meydana çıxır. Eposun yeni nəşrləri və tərcümələri meydana gəlir, həm də tədqiqi sahəsində uğurlu addımlar atılır. Azərbaycanda Əmin Abid, Musaxanlı, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib, Türkiyədə F.Köpürlüzadə, Orxan Şaiq, Suat Hezarçı, Orta Asiyada B.A.Karrıyev və Q.Zərifovun araşdırmalarında dastanın yarandığı yer və türk xalqlarından hansına məxsusluğu mübahisə obyektinə çevrilsə də, eposun yaranması, strukturu, dil və üslub xususiyyətləri barədə orijinal fikirlər də irəli sürülür. Lakin repressiya illərində “Dədə Qorqud”a da yasaq qoyulur. Bəs imperiya nökərlərinin xalqın ədəbi abidəsinə “düşmən” damğası vurub təzədən arxivlərə atmasına səbəb nə idi?
Ramazan Qafarlı
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2021.- 20 fevral.-
S.14.