“Kitabi-Dədə Qorqudeposu

 

  2-ci yazı

 

Ayrı-ayrı respublikalarda qədim eposun mətninin işıq üzü görməsi açıq-aşkar təsdiqləyirdi ki, keçmiş SSRİ məkanında yaşayan xalqlar arasında türklər ən möhtəşəmidir: zəngin ədəbiyyata və əvəzsiz mədəniyyətə malikdir. Qəribədir ki, 1951-ci ildə pantürkizmi təbliğ edən ideologiya kimi Azərbaycanda və Türkmənistanda öyrənilməsi və təbliği yasaqlanan “Kitabi-Dədə Qorqud” Azərbaycanda 1957-ci Türkmənistanda isə 1980-ci ildə bəraət alıb.

Üçüncü mərhələ (1952-1994) dastanın Vatikan nüsxəsinin tapılması ilə başlanır. Ettori Rossi 1952-ci ildə dastanın hər iki mətnini geniş ön sözlə birlikdə nəşr etdirir. Onun qənaətinə görə, Drezden nüsxəsi Azərbaycan türkcəsində, Vatikan nüsxəsi isə Osmanlı türkcəsində yazılıb, lakin nədənsə müəllif ikincinin daha qədim olması və birincinin həmin mətndən köçürülməsi haqqında əsasız və dolaşıq fikirlər söyləyir. 12 boylu Drezden əlyazmasının 6 boydan ibarət Vatikan nüsxəsindən köçürülməsi məntiqi cəhətdən ağlabatan deyil. V.Bartoldun tərcüməsinin işıq üzü görməsi (1962) ilə eposun Rusiyada, türk dünyasında və başqa ölkələrdə daha geniş yayılmasına imkan yaranıb. “Kitabi-Dədə Qorqud” 1962-ci ildə H.Araslı tərəfindən müqəddimə ilə yenidən nəşr olunur. 1978-ci ildə isə dastanın nisbətən təkmilləşdirilmiş şəkilli nəşri oxuculara çatdırılır. Bu nəşrlərə yazdığı giriş məqaləsində H.Araslı “Kitabi-Dədə Qorquda daxil olan boyların yaranması, qələmə alınması və yenidən kitabın üzünün köçürülməsi tarixlərini müəyyənləşdirməyə çalışır. Tədqiqatçı-alim dastanın, əsasən, X-XI əsr hadisələri ilə səsləşdiyini, XI-XII əsrdə qələmə alındığını, XV-XVI əsrlərdə isə üzünün köçürüldüyünü qeyd edir. Tədqiqatçının fikrincə, dastanların ilk variantı – orijinalı Azərbaycanda yazıya alınıb.

Ə.Dəmirçizadə dastanları xalis Azərbaycan abidəsi hesab edərək onların IX-XII əsrlərdə dədələr, ozanlar tərəfindən yaradıldığını və təqribən, bu dövrdə də toplanılıb yazıya köçürüldüyünü iddia edir. Müəllifin fikrincə, bu dastanlarda XI əsrdən əvvəlki (yəni hələ Kiçik Asiyada oğuzlar olmadığı) dövrlərdəki oğuzlar təsvir olunurbu oğuzlar Orta Asiyada deyil, məhz Qazlıq dağ, ətəklərində – Qafqazda həm də Dərbənddən şimalda yox, məhz Azərbaycanda ağban evlər, ala seyvanlı saraylar qurub yaşayan oğuzlardır. Görkəmli alim M.Təhmasibin fikrincə, dastan, təqribən, VII-VIII əsrlərdən başlayaraq müxtəlif tarixi kəsimlərdə baş vermiş hadisələrlə səsləşən tarixi əfsanə və rəvayətlər əsasında yaranmağa başlamış, boy-dastanlara çevrilərək kəmiyyət və keyfiyyətcə təkmilləşərək, X-XI əsrlərdə Azərbaycanda baş vermiş hadisələr əsasında daha da zənginləşmiş, axırıncı dəfə köçürüldükdə isə daha sonrakı əsrlərlə səsləşən əlavələrin hesabına xeyli dəyişərək indi əlimizdə olan şəklə düşüb. Tədqiqatçı dastanların təsnifini verərkən “Basatın Təpəgözü öldürdüyü boyu sayca ən az, mənşəyinə görə isə ən uzaq keçmişlərlə bağlı olan, əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanlarına aid edir. Lakin kitabın başqa yerində “Kitabi-Dədə Qorqud” dastanlarının X-XI əsrlərin hadisələri ilə səsləşdiyini də söyləyir.

Tofiq Hacıyev boyların müxtəlif dövrlərdə “əsrlərdən ibarət məsafə” ilə yarandığını, X-XII əsrlərdə tamamlanıb ilk dəfə yazıya köçürüldüyünü iddia edir. Tədqiqatçı “Kitabi-Dədə Qorqudun özünə istinad edərək (“Rəsul əleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud ata derlər bir ər qopdu” və s.) dastanın islamın yarandığı ərəfədə və hətta bəzi boyların islamdan əvvəl düzülüb-qoşulduğunu güman edir.

Elməddin Əlibəyzadə də dastanın VI-VII əsrin ədəbi yadigarı olduğunu və Dədə Qorqud tərəfindən yazıldığını iddia edir. Dastanda verilən qədim oğuz-türk adət-ənənələrinə, əxlaq normalarına əsaslanaraq abidənin V-VI əsrlər və ondan əvvəlki əsrlərlə səsləşdiyini söyləyir. O, müəyyən faktlara əsasən Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, VI-VII əsrlərdə yaşadığını və onun əfsanəvi bir şəxsiyyət olduğu haqda söhbətləri illüziya hesab edir.

Ə.Sultanlıya görə də, dastanın ilk yaradıcısı “nəğmələrin rüşeymini qoşub-düzəldən Dədə Qorqud olub. Lakin onun xalq arasında tarixi-əfsanəvi bir şəxsiyyət kimi yaşadığını və təzkirəçilərin qələmi altında süni qəlibə girərək tarixi şəxsiyyətə çevrildiyini göstərir.

Şamil Cəmşidov monoqrafiyasında bu abidədəki obrazların çoxunun tarixi şəxsiyyətlər olmasını qeyd etməklə yanaşı, dastanda tarixiliklə şifahi xalq ədəbiyyatının vəhdət halında birləşməsi fikrini irəli sürür. O da sübut etməyə çalışır ki, abidə qədimdə yaranıb, X-XI əsrdə ilk dəfə işlənərək yazıya köçürülüb. Dastanın yaranma tarixi, onlarda əks olunan ictimai-tarixi hadisələr, qəhrəmanların tarixiliyi, dastanda təsvir olunan hadisələrin coğrafi məkanı və s. onun 1969, 1977-ci illərdə çap olunan monoqrafiyalarında geniş şəkildə əhatə olunub. Ş.Cəmşidovun dastanda cərəyan edən hadisələrin coğrafi şəraiti, qəhrəmanların yaşadığı, bir-biri ilə mübarizə apardığı yerlər haqqındakı mülahizələri də maraq doğurur. V.Vəliyevin ayrılıqda, P.Əfəndiyevin isə İ.Babayevlə birgə yazdıqları “Azərbaycan şifahi xalq ədəbiyyatı” kitablarında da “Dədə-Qorqud” boylarından, onun tədqiq və nəşr tarixindən bəhs olunur. Sonrakı dövrlərdə “Kitabi-Dədə Qorqud” dastanına maraq daha da artıb. 1975-ci ildə BDU-da “Dədə-Qorqud”dastanlarına həsr olunmuş elmi sessiya keçirilib. T.Hacıyev, F.Zeynalov, S.Əlizadə və E.Əlibəyzadənin “Dədə-Qorqud” dastanlarının dili, yaranması, yazıya köçürülməsi haqqında sanballı əsərləri nəşr olunub. Azərbaycan tarixinin qədim dövrünü öyrənməyə marağın artması ilə əlaqədar olaraq son bir neçə ildə abidənin yeni aspektdə təhlili ilə qarşılaşırıq ki, burada mifoloji araşdırmalar xüsusi çəkiyə malikdir. Hələ 60-cı illərin sonlarından “Dədə-Qorqud” dastanları üzərində tədqiqat aparan M.Seyidov məhz həmin istiqamətdə maraqlı nəticələrə gəlib. Araşdırıcılardan K.Abdullayev, K.Vəliyev və başqalarının məqalə və kitablarında da dastanla bağlı bir sıra məsələlərə diqqət yetirilib. Göründüyü kimi, bu illərdə Türkiyədə F.Qırzıoğlu (1951), P.B.Nail (1958), M.Ergin (1958, 1963), F.Sümər (1952), Orxan Şaiq Gökyay (1973), Azərbaycanda Ə.Dəmirçizadə (1959), Ə.Sultanlı (1958), M.Seyidov, M.Şirəliyev, Ş.Cəmşidov (1969, 1977), Anar, T.Hacıyev, K.Abdullayev, K.Vəliyev, S.Əlizadə, B.Abdullayev və başqalarının elmi fəaliyyətində «Dədə Qorqud» əsas araşdırma obyektinə çevrilib. Bir tərəfdən yazıçı Anar dastanı populyarlaşdırmaq məqsədi ilə orijinal «Dədə Qorqud dünyası» əsərini oxucuların ixtiyarına buraxır, digər tərəfdən Ş.Cəmşidov, X.Koroğlu (1972), M.Ergin, O.Şaiq Gökyay kimi alimlər ayrıca mono-qrafiyalar çap etdirir, eləcə də ali məktəblər üçün yazılmış dərsliklərdə eposa xüsusi oçerklər həsr olunur. Nəticədə epos izahlı sözlüklə birlikdə bir neçə dəfə işıq üzü görür.

Dördüncü mərhələ Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərmanla başlayır. Abidənin yubileyi ərəfəsində və sonrakı bir neçə il ərzində görülən işlərin həcmi geniş və məzmunu əhatəlidir. Prezident Heydər Əliyevin Gülüstan sarayında keçirilən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş rəsmi qəbuldakı nitqində (9 aprel 2000-ci il) göstərildiyi kimi, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan “Kitabi-Dədə Qorqudun iki əlyazma nüsxəsi (DrezdenVatikan) tapılmışdır. Bu dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölüs. yerlərdə cərəyan edir. “Kitabi-Dədə Qorqudu yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Dastanın yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatlarla zəngindir. Soykökümüzü, tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından zəngin mənbə olan “Kitabi-Dədə Qorqud” yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır”. Heydər Əliyev “Kitabi-Dədə Qorqudun 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etməklə nəinki Azərbaycan tarixində, dünya tarixində də bu dastanın yaranma tarixinə aydınlıq gətirib.

UNESCO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan yubiley tədbirləri 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatıb. Bundan sonra “Dədə Qorqud” abidəsinin araşdırılması və təbliği sahəsində böyük işlər görüldü. İkinci minilliyin sonuncu yazında dünyanın diqqəti Azərbaycana yönəldi. Qardaş türk respublikalarından və başqa ölkələrdən gələn qonaqlar Dədə Qorqud yurdunda möhtəşəm büsatla rastlaşdılar. Bu, ulu xalqın mədəniyyətinə verilən yüksək qiymət idi. Zirvə tədbirlərindən sonra da Prezident yığıncaq keçirməyə vaxt tapdı və abidəyə vurğunluğunu bir daha sübut etdi. Üç il müddətində yubiley çərçivəsində görülən işləri elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən yüksək qiymətləndirən dövlət başçısı “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixində sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, “2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.”

 

Ramazan Qafarlı

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 23 fevral.- S.14.