İlaxır çərşənbə bayramları

 

Novruz çox qədim görüşlərlə səsləşir. İnsan ruhunun - qəlbin, torpağın bayramı - təbiətin, ölkəmizin bayramı olan Novruzun tədqiq edilib öyrənilməsi də folklorşünaslıq, etnoqrafik nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. "Yaz bayramı", "ilbaşı bayramı" kimi adlarla da tanınan "İlbaşı, Novruz yaz bayramı Türk Dünyasının ənənəvi birliyinə şərait yarada bilən milli bayramdır" (Güllü Yoloğlu). Düşünəndə ki, yeni bir fəslin - yaz fəslinin başlanması olmaqla həm də yeni bir təqvim ilinin başlanğıcı bayramı kimi də anılan Novruz bayramının təmtərağı birya bir neçə günlə məhdudlaşmır, onda məsələyə daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır.

Görkəmli folklorşünasımız Məmmədhüseyn Təhmasib məhz bu kimi amillərə nəzərən yazırdı: "Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə "oğru üsgü", ikinci üçünə "doğru üsgü", sonuncusuna isə "ilin axır çərşənbəsi" deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi. Tədqiqatdan görünür ki, bütün bu adət və dəblər qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qismən unudulmuş, qismən də başqa təsirlər nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir. Bu sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir".

Buradan bir daha göründüyü kimi, Novruz bayramı özündən əvvəlki yeddi çərşənbənin də bayram edilməsini öz əhatə dairəsinə almaqla böyük bir mərasim kompleksinə malikdir. Deməli, Novruzu bir bayram kimi özünəqədərki ilaxır çərşənbə bayramlarından təcrid edilmiş şəkildə araşdırmaq olmaz. Hazırda bu çərşənbələrdən yuxarıda "doğru üsgü" adı ilə qeyd edilən üç çərşənbə və birsonuncu ilin axır çərşənbəsi öz mərasimi aktuallığını qoruyub bayram şəklində el arasında sürdürməkdədir. Bəs bu çərşənbələr nəyi işarələyir? Çərşənbələrin adlarına fikir verdikdə onların su, od, yeltorpaq olmaqla dörd yaradılış ünsürünü simvolizə etdiyi ilk baxışda özünü göstərir. Yəni bu dörd ünsür həyatın əsasını təşkil edir, yeni həyatı - diriliyi təmsil edir. Qış fəslində ölü sükuta, donub məhv olmuş ətraf aləmə, təbiətə yeni can - nəfəs gəlməsi ilə yeni fəsil - yaz fəsli dünyaya qədəm qoyur; bununla yaz bayramı olan Novruz bayramı bərqərar olur.

M.Təhmasibin də göstərdiyi kimi, ilaxır çərşənbə ritualları "qışın tez çıxması", yəni sağlıqla, rahatlıqla ötüşüb keçib getməsi naminə keçirilir. Bu baxımdan Novruz yaz bayramı olmaqla həm də ilbaşı - yeni mövsüm ilinin başlanğıcının mərasimi aktıdır. Bir il isə məlum olduğu üzrə, dörd fəslin növbəli şəkildə əvəzlənməsi və tsiklik olaraq qapalı dövrə üzrə təkrarlanmasıdır. Bu məntiqdən düşündükdə yazda - Novruzda doğulan təbiət canlı orqanizm kimi inkişaf dövrü keçirib, yayda, payızda bu mərhələləri müxtəlif formada yaşayır və qışda ölür. Necə ki, insan dünyaya gəlir, yeniyetməlik, gənclik, müdriklik, ahıllıq çağlarını yaşayıb sonda bu həyatla vidalaşır, onun yerini övladları, nəvə-nəticələri tutur (əvəz edir), bununla özünün fiziki varislərinin simasında təzədən dirilik tapıb, nəsillərin bir-birlərini əvəzləməsi olaraq yaşayır. Bax beləcə də canlı təbiət bu dörd fəslin içində özünün inkişaf dövrünü keçirir. Bunun inikası kimi xalqımız tapmacavari bir bayatı nümunəsi də qoşub-yaradıb:

 

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır,

Üçü yığar gətirər,

Üçü vurar dağıdar.

 

 

Hər biri üç aydan ibarət olan ilin fəsillərini xalqımız bu cür qruplaşdırıb. Təbiətdə üç fəsil beləcə təbii proses kimi ard-arda düzülüb dördüncü fəsil olan yaz fəslinə yetişdiyi kimi, bu minvalla bir ilin dörd fəslini tamamladığı kimi ilaxır çərşənbələr də bir-birilərini əvəz etməklə yaz fəsli olan Novruzun gəlişinə zəmin yaradırlar. Bu prinsiplə düşündükdə ilaxır çərşənbələrin (M.Təhmasibin təbirincə desək, üç "doğru üsgü"nünsonuncu ilaxır çərşənbənin) də hər birinin sadəcə dörd yaradılış ünsürünü (su, od, yeltorpaq) yox, elə həm də hər birinin öz adlarına uyğun şəkildə ilin müəyyən bir fəslini simvolizə etdiyini aydın göstərir. Yəni dörd çərşənbə həmçinin ilin dörd fəslini işarələyir.

O ki qaldı ilaxır çərşənbələrin sıra ardıcıllığına, hansı düzümdə olmalarına, bu barədə folklorşünaslıqda hələ də vahid fikir yoxdur. Bu da hardasa təbiidir. İl dörd fəslin qapalı çevrəsindən ibarətdir: yaz →yay→payız→qış. Bu mövsümi ardıcıllıq düzxətli inkişaf dövrü keçirsə də, axırda təzədən qayıdıb təkrarlandığından dövrə şəkilini alır. Ilaxır çərşənbələrin sıra ardıcıllığına münasibətdəki fərqliliklərin özəyində il adlı canlı orqanizmin fəsillərinin qapalı təkrarlanan birgəliyindən, vəhdətindən irəli gələn amil dayanır. Bu ardıcıllığa münasibətlər müxtəlif olsa da, mahiyyət dəyişməz, sabit qalar: su, od, yel, torpaq ünsürləri heç nə ilə dəyişilib-əvəzlənmirlər. Onların yaradıcılıq stixiyası öz hökmünü icra etməklə təbiətə yaz gəlir, Novruz bayramı qədəm qoyur. Belə olan halda bu ünsürlər öz yaradıcılıq güclərini ayrı-ayrılıqda nümayiş etdirsələr də, bütövlükdə hərəsi birləşib ümumi bir anlayışı - yeni həyat amilini formalaşdırır. Vahid bir müstəvidə qərarlaşan bu dörd ünsürün yerdəyişməsi isə ümumilikdə heç nəyə xələllik gətirmir.

Mərhum professor Azad Nəbiyev bu barədə yazır: "Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Bu, xalq içərisində çox əzizlənən çərşənbələrdən hesab olunur. Xalq arasında o, "Əvvəl çərşənbə", "Gözəl çərşənbə", "Su çərşənbəsi", "Sular Novruzu", "Gül çərşənbə" kimi də tanınır. Əski inanclara görə, Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su, suyun təzələnməsi ilə əlaqələndirilir. Türk xalqlarının mifoloji təsəvvürlərində ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yayılmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə əski süjet və nəğmələr geniş yayılıb. Həmin görüşetiqadlarla bağlı təsəvvürlərin bir çoxu Əzəl çərşənbənin - Su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşıb, bu çərşənbənin adı ilə bağlı silsilə inanc, etiqad, ənənə, mərasim və s. yaradıb".

Məleykə Məmmədova isə yazır: "İlaxır çərşənbələri içərisində birinci gələn su çərşənbəsini xalqımız müxtəlif mərasim və oyunlarla qeyd edir. Çərşənbənin adı ilə adlandırılan və oyun elementləri ilə zəngin olan "Su çərşənbəsi mərasimi" ayin və ritual xarakterli oyun şəklində icra olunur. Belə ki, su çərşənbəsi mərasimində sübh tezdən bulaq başına gedərək "Ağırlığım-uğurluğum, azarım-bezarım suya" deyib su üstündən atlanması, əl-üz yuyub, bir-birlərinin üstünə su atıb, sifətlərinə su çilənməsi, xəstələri su üstündən hoppandırıb, sonra günah işləməyəcəklərinə, yaxşılıq edəcəklərinə and içdikdən sonra əl-ələ tutub suyun ətrafında su ilə bağlı nəğmələr oxunması və s. bütün bunların hamısı ümumilikdə oyun formasında həyata keçirilir".

Hər iki müəllif su çərşənbəsini əzəl çərşənbə hesab edir, eyni zamanda su çərşənbəsi ilə əlaqəli keçirilən ayin və mərasimlərə diqqəti çəkir. Yuxarıda da qeyd etdiyim kimi, çərşənbələrin sıra düzümü haqda mübahisə açmadan (çünki sıra əvəzlənməsi dörd yaradılış ünsürünün vəhdətinə xələllik gətirmir), bəzi əlavələr etmək istərdim. Xalq düşüncəsindəki inam belədir ki, hər çərşənbəni müəyyən bir ünsürlə əlaqələndirib, misal üçün, "çərşənbə bu dəfə suya düşdü", yaxud "çərşənbə bu dəfə yerə (torpağa )düşdü" və s. tipli sabit deyimlərlə fikir yürüdülür. Bu fikir onu bildirir ki, yəni əgər su çərşənbəsidirsə, "çərşənbə suya düşür" deyiləndə suyun canına istilik düşür, su qızmağa, donu-şaxtası açılmağa (kristal buzya qar dənəcikləri formasından yumşaq maye şəklinə keçir) başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su qızmaqla suya can gəlir, başqa sözlə, "ölmüş su" yenidən dirilik tapıb dirilir, yeni həyat qazanır. Kainatdakı yaradılmışın üçdə iki hissəsinin su, üçdə bir hissəsinin quru olduğunu da nəzərə aldıqda, yenə suyun dünyada hansı böyük miqdarda olmasını və yaradılış üçün mühüm baza təşkil etdiyini təsəvvürümüzdə aydınlaşdırarıq.

Bəli, su çərşənbəsinin təbiət hadisəsi olaraq hansı təbii stixiyanı yerinə yetirməsi bu prizmadan düşündükdə hamımıza bəlli olur. O ki qaldı Novruz bayramı hadisəsi olaraq su çərşənbəsinin cəmiyyətdə - insan dünyasında inikasına, bu məsələlər də su çərşənbəsi mərasimi adı ilə keçirilən ayin və mərasimi aktlarda gerçəkləşir. Yəni insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə ilgili əfsun, sehr, oyun, icra ayinləri, mərasimi hərəkətlər və s. yerinə yetirir - su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində su çərşənbəsini bayram edir. Su çərşənbəniz mübarək olsun!

 

Şakir Albalıyev,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 23 fevral.- S.15.