Azərbaycana çox böyük həcmdə maddi
və mənəvi ziyan vurulub
Qarabağda və ətraf ərazilərdə
bütün tarixi
memarlıq inciləri ermənilər tərəfindən
dağıdılıb və yaxud
özününküləşdirilərək dünyaya erməni abidəsi kimi
təqdim edilib
Erməni terrorçuları təkcə torpaqlarımızı işğal etməmişdilər, həm də şəhərlərimizi, kəndlərimizi viran qoyublar, abidələrimizi, mədəniyyətimizi məhf ediblər. Müzəffər ordumuz 44 günlük müharibədən sonra böyük qələbə ilə Qarabağı işğaldan azad etdi. Məlum oldu ki, ermənilər Qarabağda daşı daş üstə qoymayıblar, hər şeyi dağıdıblar, talayıblar. Əlbəttə, hər şey bərpa olunacaq, yenidən qurulacaq, Qarabağa həyat yenidən qayıdacaq, insanlar tezliklə öz yurdlarına qayıdacaqlar. Ancaq tarixi mədəniyyət abidələrimizin yenidən bərpası çox çətin olacaq. Azad olunmuş ərazilərdəki abidələrin hər bir tipi böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq müxtəlif xassəli informasiya daşıyıcısıdır. İnformasiyanın keyfiyyəti eyni zamanda saxlanılma, öyrənilmə dərəcəsi və əhəmiyyətlilik kimi subyektiv amillərlə müəyyən edilir. Bu təsnifləşdirmənin köməyi ilə tarixi-mədəni irsin saxlanılması və istifadəsi üzrə mövcud beynəlxalq təcrübəni düzgün qiymətləndirmək, həmçinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyyələr vermək mümkündür.
Hazırda azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı daha bir mühüm məsələ işğalçı Ermənistanın Azərbaycana vurduğu ziyanı beynəlxalq standartlar əsasında hesablamaqdır. Bu, o qədər də asan iş deyil. Abidələrin beynəlxalq qiymət standartlarına uyğun qiymətləndirilməsi mövcud nəzəri təcrübi biliklər əsasında abidələrə dəyən zərərin real qiymətləndirilməsinə xidmət edir. Eyni zamanda, yer səthinin vəziyyəti, su rejimi, külək erroziyası, hərbi münaqişələr zamanı atəş və partlayışlar, eləcə də fiziki şəxslərin müdaxiləsi nəticəsində artefaktların dəyişməsi zərərin qiymətləndirilməsində nəzərə alınmalı olan mühüm amillərdir.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirir ki, zərərin dəyəri müvafiq əmsalların köməyi ilə qiymətləndirilir. Onun hesablanmasında maddi amil ilkin bazadır. O arxeoloji və ya memarlıq abidələrinin dağıdılmış hissələrinin elmi tətqiqinə çəkilən xərclər, abidənin dağıdılmasından sonra müayinə xərcləri, abidənin və ladşaftın bərpası üzrə konvensiya işlərinin, eləcə də itirilmiş arxeoloji kolleksiyanın dəyəri əsasında hesablanır. Arxeoloji abidəyə dəyən maddi zərəri (s) müasir səviyyədə arxeoloji abidənin tam tətqiqinə çəkilən xərcləri (s1) və abidənin, həmçinin onun landşaftının bərpası üzrə konservasiya işlərinin dəyərinin (s1) cəmi kimi hesablamaq olar: S = S1 + S2
Memarlıq abidələrinə dəyən zərərin bazar qiymətlərinə uyğun müəyyən edilməsi qaydaları var. Öncə diqqət yetirmək vacibdir ki, ümumilikdə tarix və mədəniyyət abidələri dedikdə nə başa düşülür, tarix və mədəniyyət abidələri nədir? Bu suala cavab tapıldıqda azad olunmuş ərazilərdəki bu abidələrə dəyən zərərlərin qiymətləndirilməsinin əhəmiyyətini və xalqın mənəviyyatına vurulan zərərlərin həcminin nə dərəcədə böyük olduğunu dərk etmək mümkün olacaq.
Tarixi abidələr dedikdə tarixi şəxsiyyətlərin, o cümlədən, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, eləcə də mədəniyyət, incəsənət və elm xadimlərinin həyatı ilə bağlı xatirə və yaşayış evləri, kompleksləri və ansambılları başa düşülür.
Memarlıq abidələrinə öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları aiddir. Memarlıq abidələri sahəsinə o cümlədən, qalalar, siklon tipli memarlıq abidələri, körpülər, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastrlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəsisələrinin binaları, o cümlədən heykəllər, qəbrüstü abidələr, bədii incəsənət nümunələri və s. daxildir.
İncəsənət abidələri tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri hesab edilir. İncəsənət abidələri sahəsinə monumental abidələr və xatirə nişanları, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məhşurların həyatlarını əks etdirən lövhələr və digər əl işləri, heykəltaraşlıq əsərləri, rəsm əsərləri, bəzək əşyaları, bədi toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar), musiqi əsərləri, musiqi alətləri və s. daxildir.
Tarixi nöqteyi-nəzərdən tarixi mədəni irsin tətqiqinin müasir şəraitdə mədəniyyətin inkişafında əhəmiyyəti nəzərə alınmaqla abidələrin xüsusiyyətlərinin yuxarıdakı bölgülərə əsasən öyrənilməsi, o cümlədən insanın həyat fəaliyyəti mühitinin keyfiyyətini müəyyən edən bədii-obrazların tətqiqinin zəruriliyi xüsusi qeyd olunmalıdır. Bu məsələlər müasir dövrdə tarixi mədəni irs potensialını təşkil edirlər. Memarlıq irsinin onun xassələrnin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktik fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini tələb edir. Tarix və mədəniyyət abidələrinin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. Belə abidələrin saxlanılması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş məsələlərlə üzləşir. Bu gün həm də bir sübuta ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə onun saxlanılmasının ən yaxşı üsullarında biridir.
F.İsmayılovun sözlərinə görə, dünya təcrübəsində mədəni irs obyektlərinin qiymətləndirilməsi üçün əsasən xərc yanaşmasını tətbiq edilir. Qiymətləndirmə meyarları tarix və memarlıq abidələrini qiymətlilik göstəriciləri şkalası üzrə müəyyən olunur. Obyektin tipi, tikilməsi tarixi, mürəkkəbliyi kateqoriyası, obyektin nadirliyi, bərpaolunanlığı, şəhərsalma əhəmiyyətliliyi və s. nəzərə alınır. Bir nümunəni nəzərdən keçirək. Tutaq ki, Zəngilan rayonunda yerləşən XVII-XVIII əsrlərdə inşa olunmuş məscidin bazar dəyərinin qiymətləndiriməsi tələb olunur. Aparılmış müşahidə, vizual baxış və texniki müayinə nəticəsində müəyyən edilmişdir ki, məscidin 500 kv.m-ə bərabər hissəsi bərpa olunmalıdır. Müvafiq materiallardan istifadə və memarlıq işləmlərinin tətbiqi ilə 1 kv.m-in bərpa dəyəri 2500 manat məbləğində müəyyən edilib. Beləliklə, məscidin bərpa dəyəri:
Db =500 x 2500manat = 1 250 000 manat təşkil edir.
Mənəvi aşınma vizual baxış əsasında, xarici aşınma dağıdılma, uçurdulma və zədələnmələr isə iqtisadi göstəricilər əsasında hesablanır. Tarixi memarlıq abidəsi işğaldan azad olunduğu üçün ona vizual baxış keçirmək və onun iqtisadi göstəricilərini də əldə etmək mümkünsür. Bu da abidənin məcmu aşınmasını obyektiv qiymətləndirməyə imkan verir. İşğal zonasında olan tarixi abidələrin 30 ilə yaxın bir müddətdə baxımsız qalmasını və onlardan bəzilərinin qeyri-sivil qaydada istifadə olunmasını və bəzilərinin tamamilə dağıdıldığını nəzərə alsaq Azərbaycana bu sahədə də çox böyük həcmdə maddi və mənəvi ziyan vurulub.
Faiq İsmayılov bildirir ki, Laçın rayonu ərazilərində dünya memarlığının nadir inciləri olan tarixi abidələr xüsusi yer tutur. İşğaldan öncə Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Alqulu, Malxələf, Soltanlar, Hüsüllü, Kosalar, Seyidlər, Pirçahan, Minkənd, Kürdhacı kəndlərində və Laçın şəhərində daşdan yonulmuş 12 qoç fiquru, 28 at fiquru, 36 müxtəlif sujetli yazı və rəsmlər olan sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir birinə bənzəməyən fiqrular, sənət rəmzləri həkk olunmuş qəbirüstü daşlar və Yaxşı ananın (Azərbaycanın bayatı janrının banisi Sarı aşığın sevgilisi) məzarı vardı…
Cicimlidə məbəd, qədim anbar, Güləbirtdə Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Kosalarda IX əsrin Ağoğlan məbədi və qəsri, Qanqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalında yerləşən qədim Fətəlipəyədə alban məbədi, Picənisdə Alban məbədi, Hüsülü kəndindəki Xan qəbiristanlığında Zəngəzurun sultanları Qara-Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin, hasardkı türbələri, Şeyx Şamillə dostluq etmiş, ona köməklik göstərmiş Cəbrayıl bəyin türbəsi, Bülövlükdə Qaratel Paşabəy qızının mərmər türbəsi, Laçın şəhərində N.Nərimanovun heykəli, ana və uşaq heykəli, adsız heykəl, çoban heykəli, II Dünya Müharibəsində həlak olanlar üçün kompleks abidə, şəhər qəbiristanlığında xeyli qəbirüstü bütlər, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralın körpüsü və xeyli bulaq üstü abidələrin aqibəti aydınlaşdırılmalıdır. Onların çoxu ermənilər tərəfindən dağıdılıb və yaxud özününküləşdirilərək dünyaya erməni abidəsi kimi təqdim edilib. İndi onları yenidən bərpa edərək əsl sahiblərinə qaytarmağın vaxtıdır…
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 25 fevral.-
S.13.