“Paşinyan
uzunmüddətli maraqları fikirləşmir”
Politoloq: “O, müəyyən
dərəcədə sərhəddə gərginlik
olmasında maraqlıdır”
“Ermənistan gec-tez delimitasiya ilə bağlı prosesdə
işçi qrupu yaradacaq. Əgər yaratmasa, Azərbaycan
təkbaşına, birtərəfli olaraq delimitasiya və
demarkasiyanı həyata keçirəcək və Ermənistan
yaranmış de-fakto sərhədlərlə
barışmalı olacaq”.
Bunu politoloq Əli Hacızadə deyib. O bildirib ki, Ermənistan bu
prosesi uzatmaqda maraqlıdır:
“Paşinyan uzunmüddətli maraqları fikirləşmir
və kütlənin maraqlandığı məsələlərlə
maraqlanır.
O, müəyyən dərəcədə sərhəddə
gərginlik olmasında maraqlıdır. Çünki
Paşinyan gərginlik olduğu müddətdə hansısa
delimitasiya və demarkasiyadan söhbət gedə bilməyəcəyini
deyəcək. Bu, üsullarla onlar prosesi
maksimal dərəcədə uzatmaq istəyirlər ki, bəlkə
sonra bəxtləri açılar. Hətta onların
öndə gedən siyasi liderləri də “bir az
gözləyək, sonra yaxşı olacaq” fikrindədirlər”.
Onu da qeyd edək ki, Ermənistanın Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryannın son bəyanatları
bir sıra məqamları ilə yadda qalıb. SİA xəbər
verir ki, onun erməni ictimai televiziyasına verdiyi müsahibəsində
Azərbaycanla sərhədlərdə Rusiya sərhədçilərinin
dayanacaqları, hətta ölkələrimiz arasında
demarkasiya prosesinin yekunlaşmasından sonrakı müddətdə
də qalma ehtimallarının olması ilə bağlı
fikirləri maraqdoğurucudur. Qriqoryan bu
ehtimalı belə əsaslandırıb ki, rusların sərhədlərə
nəzarət mexanizmlərini həyata keçirmələri
yalnız erməni tərəfinin imkan və güc məhdudiyyəti
yarandığı halda baş verə bilər.
Ermənistan
sərhədlərini qorumağa belə sərhədçi
tapa bilmir!
Rusiya
sülhməramlılarının azad edilmiş Qarabağ
regionunun bəlli nöqtələrində yer almalarına gəlincə
isə Qriqoryan əminliklə iddia edib ki, RF sülhməramlıları
kontingenti həmin əraziləri 4,5 il sonra tərk etməyəcəklər
və buna Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı da
imkan verir və s.
Maraqlısı
da budur ki, Qriqoryan öz “əminliyini” həm də belə əsaslandııb
ki, sən demə sülhməramlıların regionda daha uzun
müddət qalacaqları ilə bağlı ehtimalları ona
“rusiyalı həmkarları” deyibmiş.
Təkcə Qriqoryanın bəyanatının bu hissəsinin
təhlilini apararsaq bir daha sübut olunur ki, Ermənistan tamamilə
köməksiz vəziyyətdədir. Bu ölkə nəinki formal olaraq
müstəqil adlandırılır, hətta fakt budur ki, onun
müstəqilliyi yox səviyyəsindədir, özü də
elə vəziyyətdədir ki, sərhədlərini qorumağa
belə sərhədçi tapa bilmir!
WorldMedia İran mediasına istinadən yazır ki, Cənubi
Qafqazın nəqliyyat marşrutları üzərində rəqabət
yaxın 10 ildə daha da intensiv xarakter alacaq. Onların əksəriyyətində,
o cümlədən İranın maraqları ilə əlaqəli
olan Zəngəzur dəhlizi məsələsində
Türkiyənin rolunu görəcəyik.
Ermənistanda keçirilmiş növbədənkənar
parlament seçkisi baş nazirin səlahiyyətlərini icra
edən Nikol Paşinyanın rəhbəri olduğu
partiyanın qələbəsi ilə başa çatıb. Seçki ərəfəsində
hər kəs bildirirdi ki, Paşinyanın hakimiyyətdə
qalması İkinci Qarabağ müharibəsinə son
qoymuş atəşkəs razılaşmasının
qorunub-saxlanmasına səbəb olacaq. Məsələ
ondadır ki, erməni müxalifəti Birinci Qarabağ
müharibəsi zamanı işğal olunmuş ərazilərin
Azərbaycana qayıtmasından son dərəcə
narazıdır. Odur ki, seçkidə
müxalifətin qələbə qazanması tərəflər
arasında Moskvanın vasitəçiliyi ilə əldə
olunmuş sülhə xələl gətirə bilərdi.
Bütün bunların fonunda Ankaranın dəstəyinə
də arxalanan Bakı üçtərəfli bəyannamənin
9-cu maddəsinə istinad edərək, Zəngəzur dəhlizi
adlandırılan dəhlizin açılmasına
çalışır. O, Ermənistan ərazisindən keçməklə,
Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas
hissəsi ilə və ümumilikdə Türkiyəni Azərbaycan
və Orta Asiya ilə birləşdirəcək. Ancaq bu kiçik dəhliz Cənubi Qafqazın
geosiyasi vəziyyətinə, həmçinin İranın
regionda gedən proseslərdəki payına böyük təsir
göstərəcək.
Moskvanın
Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi üzündən 25 ildir
bağlı qalan dəhlizlərin açılmasına
çağırışı Azərbaycanla Ermənistan
arasında yeni gərginlik yaradıb. Bu isə
bölgədə maraqları olan digər tərəfləri
narahat edir.
Cənubi Qafqaz coğrafi baxımdan Şərqi Avropa ilə
Qərbi Asiyanın sərhədi hesab olunur. Gürcüstan,
Ermənistan və Azərbaycan məhz bu regionda yerləşirlər.
İndi burada dəhlizlər yenidən
açılarsa, demək, bölgənin geosiyasi mövqeyi dəyişəcək.
Bu halda 3 Cənubi Qafqaz ölkəsi arasında
rəqabətin güclənəcəyi öz yerində,
tranzit yollarına çıxış üçün
Rusiya, Çin və Türkiyə arasında trans-regional rəqabət
də artacaq.
Cənubi
Qafqazda işlək və ya işə salınması
imkanları nəzərdən keçirilən dəhlizlərin
sayı təsəvvür etdiyimizdən qat-qat çoxdur:
Bakı-Tiflis-Qars, Çinin Qafqaz-Xəzər bölgəsi
arasındakı bir sıra dəhlizləri əhatə edən
“Bir kəmər, bir yol” layihəsi, Dağlıq Qarabağ
münaqişəsinin başa çatması ilə Azərbaycan-Rusiya-Ermənistan
arasında imzalanmış atəşkəs bəyannaməsinin
9-cu maddəsinə əsasən açılacağı
ehtimal olunan dəhlizlər, Xəzər dənizi ilə Qara dəniz
arasında tikilməkdə olan kanallar, Xəzər dənizi
ilə Fars körfəzi arasında tikilməkdə olan
kanallar, Əfqanıstanı Avropa ilə birləşdirəcək
dəhliz, Orta Asiyanı Qafqaz və Avropa ilə birləşdirən
TRASECA və s. Bu dəhlizlərin gələcəyi “Şərq-Qərb”
və “Şimal-Cənub” dəhlizləri üzərindəki
digər nəqliyyat marşrutlarının əhəmiyyətini
müəyyən edəcək. Məsələn,
Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən
yol olacaqsa, Süveyş kanalı və Avropanın şimal
hissəsindəki “Şimal dənizi” kommunikasiya
yollarının əhəmiyyəti azalaq. Yox, bu bölgə Şimalla Cənubu birləşdirəcəksə,
Rusiya-İran koalisiyasının güclənməsinə yol
açacaq, ABŞ-Türkiyə blokunun Qafqaz və Orta Asiya
bölgəsinə təsir imkanları məhdudlaşacaq.
Ancaq bu koalisiyalar milli maraqlar naminə dəyişə də
bilər. Məsələn, Türkiyə NATO üzvü
olaraq ABŞ cəbhəsi ilə koalisiya yarada bilsə də,
Qafqaz və Orta Asiyada müstəqil siyasət yürütmək
üçün Rusiya və digər ölkələrlə
yaxınlaşma potensialına malikdir. Ankara
bu üzdən Qarabağ müharibəsinin başa
çatması ilə Rusiya, Azərbaycan, İran, Türkiyə,
Gürcüstan və Ermənistanı özündə birləşdirəcək
altıtərəfli regional əməkdaşlıq
platforması təklifi ilə çıxış edib.
Tehran da öz növbəsində, demək olar ki, eyni vaxtda Cənubi
Qafqazın üç ölkəsini (Azərbaycan, Ermənistan,
Gürcüstan) və üç trans-regional dövləti
(İran, Türkiyə və Rusiya) birləşdirəcək
“3+3” modeli kimi oxşar təklif irəli sürüb. Azərbaycan bir-birinə bənzər olan bu təklifin
hər ikisini məmnunluqla qarşılayıbsa, Ermənistanla
Gürcüstan hələ ki, bu planları qəbul etməyə
hazır görünmürlər.
Bu da başadüşüləndir. Qarabağ
müharibəsindəki uğursuzluq Ermənistana baha başa
gəlib, ölkədə ciddi daxili narazılıq
yaranıb. Belə bir vəziyyətdə
Yerevanın Bakı ilə Ankaranın əlini
sıxacağına inanmaq çətindir.
Gürcüstana gəlincə, o da Abxaziya və Cənubi
Osetiya üzündən Rusiya ilə təxminən eyni vəziyyətdədir.
Cənubi Qafqazda əməkdaşlıq
imkanlarının artması fürsət kimi qiymətləndirilə
bilər. Lakin istər altıtərəfli platforma, istərsə
də “3+3” formatı haqda danışarkən müsbət məqamlarla
yanaşı, arzuolunmaz ehtimallar da nəzərə
alınmalıdır.
Son günlər Azərbaycanla Türkiyə Ermənistanda
keçirilmiş son seçki nəticəsində
formalaşacaq yeni hökuməti dinc, yanaşı
yaşayış qaydalarına əməl etməyə,
yaranmış fürsəti əldən
qaçırmamağa çağırır. Onlar fürsət
dedikdə yenə də, İran-Ermənistan sərhəd
bölgədə açılmalı olan Zəngəzur dəhlizini
nəzərdə tuturlar. Artıq qeyd
etdiyimiz kimi, bu dəhliz Azərbaycan əsas hissəsini onun
esklavı olan Naxçıvan üzərindən Türkiyə
ilə birləşdirəcək.
Ankara ilə Bakının Yerevana bu
çağışı yumşaq ifadə olunsa da, burada bir
təhdid də hiss edilir. Azərbaycan prezidenti
İlham Əliyev hələ bir müddət əvvəl
bildirmişdi ki, “Zəngəzur dəhlizinin yaradılması
bizim milli, tarixi və gələcək maraqlarımıza tam
cavab verir. Biz Zəngəzur dəhlizini
açacağıq – Ermənistan istəsə də, istəməsə
də”. İndi isə Azərbaycanla Türkiyə arasında
Şuşa Bəyannaməsi imzalanıb və
sənəd tərəflər arasında hərbi əməkdaşlığı
da nəzərdə tutur.
Ümumiyyətlə, bu məsələdə hər
şey münaqişə tərəflərinin Qarabağ
sazişinin 9-cu bəndinin necə şərh edilməsindən
asılıdır. Lakin tərəflərin öz istəklərinə gərginlik
yaratmadan nail olmağa çalışdıqları hiss
edilir. Bölgədə yeni hərbi
qarşıdurmanın başlamasına Rusiya da laqeyd qalmayacaq.
Odur ki, hər hansı hərbi ssenari real
görünmür.
Bütün bunlarla yanaşı, İran da öz sərhəd
hüquqlarından istifadə etməkdə israrlıdır. Odur ki, ən
yaxşı yol üçtərəfli bəyannamənin 9-cu
maddəsi ilə bağlı qeyri-müəyyənliyin aradan
qaldırılması üçün
danışıqların davam etdirilməsidir.
Cavid
Xalq Cəbhəsi.-
2021.- 1 iyul. S. 9.