“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 98-ci yazı

 

Bütün İran azadlıqsevərləri Azərbaycana göz dikmişlər

 

Bu son illərdə demokratik hərəkatların meydana gəlməsi millət adına millətin qanını soran ünsürlərin həqiqi qiyafəsini üzə çıxarıb azadlıq düşmənlərini öz “azadlıq”larını qorumaq üçün qabağa çəkdi.

Bunlar həmişə dövlət təşkilatlarını öz inhisarlarında saxlayıb və xain bir fəaliyyət sistemi təşkil etmişlər. Onlar, cin dəmirdən qorxan kimi, azadlıqdan və demokratiyadan qorxurlar. Çünki həqiqi demokratik rejimlə idarə olunan bir ölkədə xalq öz milli hakimiyyəti üzərində dövlətini təşkil edir və hər fərd öz ictimaisiyasi müqəddəratında iştirak etməyə imkan tapa bilir. Bu isə irticanın mənafeyi baxımından onlar üçün fövqəladə təhlükəlidir.

Buna görə idi ki, azadlıqsevər partiyalar İran üzərində meydana gəldikdən sonra irtica amillərinin güclü fəaliyyətləri ilə üz-üzə gəldilər. Buna görə idi ki, Tehranın mürtəce hökuməti var qüvvəsi ilə İsfahanda, Şirazda, Şahidə, Kermanşahdabütün İran məntəqələrində azadlıq qüvvələrini aradan aparmaq üçün qanlı faciələr törətdi.

İndi isə mürtəcelər ömürlərinin son anlarına kimi öz müqəddəs birliklərini hifz etməklə mütərəqqi fikirlər və üsullar ilə mübarizələrinə davam etməkdədirlər.

Onlar hər şeydən əvvəl Azərbaycandan qorxurduar. Tarixin bütün mərhələlərində əzilmiş millətlərin azadlıq məşəldarı olan odlar ölkəsi həmişə nahaqlığa qarşı üsyan edib öz azadlığını və şərəfini təsbit etmişdir. Azərbaycan azadlığı əldə etməyə başlayan gündən bu işi axıra yetirə bilməsi də qəti idi. Buna görə də mürtəcelər hay-küy salıb əl-ayağa düşmüşdülər.

İndi bütün İran xalqı Azərbaycanın öhdəsinə götürdüyü tarixi vəzifəsini düşünürlər. Azərbaycan öz milli qiyamı ilə azadlığı Azərbaycan ölkəsində tamamilə həyata keçiribbu gün bəxtiyar bir xalq olmuşdur. Azərbaycanın bu müvəffəqiyyəti İran azadlıqsevərlərinin müvəffəqiyyəti ilə üzvi şəkildə bağlı olduğundan bütün azadlıqsevərləri Azərbaycan milləti ilə birlikdə irtica əleyhinə mübarizəyə dəvət edir.

Azadlıq cəbhəsi hər yerdə olursa-olsun, darmadağın olmayan bir cəbhədir. İran azadlıqsevərləri çox yaxşı bilirlər ki, Azərbaycan hərəkatı İran millətlərinin azadlığında böyük bir rol oynamışdır.

İndi mürtəcelər öz aldadıcı prosedur və siyasətlərini dəyişməklə bərabər yenə də Azərbaycan millətinin hərəkatı nəticəsində qabaqkı kimi fəaliyyət etmək imkanından məhrum olmuşlar. Azərbaycan bütün İran millətlərinin azadlıq məşəldarıdır. İran milləti üçün tamamilə aydındır ki, onların azadlıqlarının əsası Azərbaycanın azadlığı üzərində qərar tutmuşdur. Buna görədir ki, İranın uzaq məntəqələrindəki əzilmiş və məhrum xalqlar Azərbaycana, Azərbaycan xalqına və Azərbaycanın müqəddəs mübarizəsinə ehtiramla baxıb ona ümid gözü dikmişlər.

Buna görədir ki, bügünkü İran azadlıqsevərləri irtica qüvvələrinin qarşısında vahid bir cəbhə təşkil etməyi ən həyati bir məsələ bilirlər. Yoxluğa məhkum olmuş irtica şübhəsiz, demokratik qüvvələrin qarşısında diz çöküböz çirkin həyatına son qoyacaqdır.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946

***

 

19 və 20-ci əsrlərdə Təbrizdə ədəbiyyat

4-cü hissə

 

Məqaləmizin həcmi bu şairlər haqqında ətraflı danışmağa imkan vermədiyindən onun Xurşudbanu Nətəvana yazdığı qəzəlindən iki misra göstərməklə şairimizin ədəbi qüdrətini göstərəcəyik.

 

Pərişan zülfünü mah üzrə canan sayeban eylər

Cahan əhli odur ki, ay tutulcaq min fəqan eylər

 

Barəsində danışdığımız şairlər sırasında Şəms təxəllüslü bir təbrizli şairin də yaradıcılığı diqqətəlayiqdir. O, bir müddət qürbətdə yaşadıqdan sonda Təbrizə qayıtmış və burada rövzəxanlıq edərək 1321-ci hicri (1903-cü milad - red.) ilində vəfat etmişdir. Aşağıdakı parça şairin qüdrətli bir qələmə malik olduğuna şahiddir.

 

Həsrəti-ləli-ləbin könlüm edib qan sənsiz

Qəmi-ənduh ilə keçdi mənə dövran sənsiz

Ey gözüm nuru, iraq olma gözümdən bir dəm

Eşq çeşm ilə tutar aləmi tufan sənsiz.

 

Vətən həsrəti ilə qürbətdə şeirlər yazan şairlərdən biriNasirdir ki, 1324-cü hicri (1906-cı miladred.) ilində Şuşa şəhərində vəfat etmişdir. Onun aşağıdakı sözləri öz vətənindəki vəziyyəti aydın göstərir:

 

Qürbət ellərdə könül həmdəmi-dildar olmuş

Vətən içrə niyə bəs dərdə giriftar olmuş.

 

Təbrizi tərk edib başqa şəhərlərdə, xüsusən Marağada yaşayan istedadlı şairlərdən biri də Hacı Mehdi ağa Şükuhidir. O, 1825-ci miladi ilində Təbrizdə anadan olmuş və 65 il ömür sürmüşdür. Azərbaycan dilində yazılmış divanındakı parçaları nəzərdən keçirdikdə bəlli olur ki, şair ömrünün çoxunu Marağa şəhərində yaşamış və bu şəhər haqqında gözəl şeirlər yazmışdır. Xırda ticarətlə məşğul olan Şükuhi İstanbul, Tehran, İraqs. yerlərə səfər etmişdir. Hər hansı bir şəhərdə olursa olsun, şairi doğma şəhəri Təbriz həmişə özünə cəlb etmişdir. Hətta daimi yaşadığı Marağa şəhərini də qürbət hesab edərək demişdir ki: “Mənim hər bir günüm qürbətdə bir şami-qəribandır.”

Tehranda olarkən yenə oğlanlarına eyni ruhda bir şeir yazmışdır:

 

Nuri-çeşmanım, ey Hüseyn və Həsən

Üzüvüzü bir olur görüm görəsən

Könlüm açmaz nə gülşənəm, nə güləm

Sizdən ayrı nə danışım, nə gülüm

 

Şükuhi yaradıcılığı ilə yaxından tanış olduqda bu qüdrətli sənətkardan Azərbaycan ədəbiyyatı tarixində bəhs edilmədiyinə təəssüf etməmək olmaz. O, 19-cu əsr Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətlərini öz əsərlərində əks etdirən bir şairdir. O, bir tərəfdən Fizuli ilə başlayan qəzəl, qəsidə cərəyanını, digər tərəfdən isə Vaqiflə başlanan realist şeir cərəyanını davam etdirir və hər iki sahədə də müvəffəq olur. Onun aşağıdakı qəzəlini nəzərdən keçirək:

 

Salma məni bu möhnəti-hicrana həmişə

Yandırma məni atəşi-suzana həmişə

Könlüm səri-zülfündə çəkər nalə dəmadəm

Şura gəlir zəncirdə divanə həmişə

Görsəm, oluram zülfi-pərişanı pərişan

Çək zülfi-pərişanə Pəri, şanə həmişə...

Bu qəzəl nə qədər sadə və səlistdir. Şükuhinin əruz vəznində yazılmış bu kimi şeirləri onun bu vəznə nə qədər hakim olduğunu isbat edir. Onun şeirlərində dil təbii olduğu kimi şəkli cəhətlər də (vəzn, qafiyə, ahəng və s.) olduqca təbiidir.

Məsələn aşağıdakı misralarda qafiyələrə diqqət edin. Buradaqoyun”, “boyun” sözlərinin qafiyə xatirinə işləndiyini kimsə iddia edə bilməz:

 

Eydi-Qurbanda kəsir xalq qoyun qurbanı

Kəsgilən aşiqini sən boyun qurbanı

 

Şükuhinin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mühüm mövqe onun heca vəznində yazdığı şeirlərlə möhkəmlənir. O, əruzda olduğu kimi hecada da ustaddır. Vaqifdən ilham alan bu istedadlı şair heca vəzninin 8,10,11 hecalı növlərində olduqca bədii parçalar yazmışdır. VaqifinKönüldən könülə yollar görünürmisrasından ilham alan şair yazır:

mənim bağrımı qan ilə doldur.

Dərdin bu canımda hamıdan boldur.

Deyirlər könüldən könülə yoldur

Şükuhi könlündən niyə az keçir.

Şükuhi xalq ədəbiyyatının təsiri altında gözəl təcnislər yazmışdır. Cinas Azərbaycan ədəbiyyatı tarixində şairin qüdrətini göstərən şəkli cəhətlərdən biridir. Bu sahədə Şükuhinin fəaliyyəti təqdirə layiqdir. Məsələn:

Sənə xoş gəlir aşiqin şivəni

Deyil yaxşı, tərk eylə bu şivəni

Yaxud:

Qul oldum ki, bəlkə yar ala məni

Çək ol xəncərin, gəl parala məni

yaxud:

Ləbin ləlü mərcan, dişin incidir

Nədən bəs dilin aşiqin incidir.

Şükuhinin qoşmaları da onun xalq ədəbiyyatından ilham aldığına bir dəlildir. Şeirlərindən başqa Şükuhinin hekayə mənzum hekayələri vardır.

19-cu əsr Azərbaycan ədəbiyyatı tarixində adı unudulan şairlərdən biri Heyran xanımdır. Keçən il Sovet İttifaqı ilə mədəni əlaqə cəmiyyətinin Təbriz şöbəsi tərəfindən nəşr edilən bir kitab bu qüdrətli şairənin həyat yaradıcılığı haqqında bizə ətraflı məlumat verir. 19-cu əsrin əvvələrində yaşamış olan Heyran xanım öz yaradıcılığında əsasən Fizuli ədəbi məktəbini davam etdirir. Onun bir sıra qəzəlləri vardır ki, Fizuliyə nəzirə olaraq yazılmışdır. FizulininTutuldu qəm oduna şad gördüyüm könlümmisraı ilə başlanan qəzəlinə bənzədərək Heyran xanım yazmışdır:

 

Olubdur qəm yatağı şad gördüyün könlüm

Dağıldı qüssədən abad gördüyün könlüm

 

Yenə Fizulinin “Eşqdən canımda bir pünhan mərəz var, ey həkim” misraı ilə başlanan qəzəlinə nəzirə olaraq Heyran xanım yazmışdır:

 

Bir nəzər ləbi-ləli-canana eylə, ey həkim.

Çarə bu dərdi-dərmanə eylə, ey həkim.

 

Bu kimi nəzirələrdən daha çox misal gətirmək mümkündür. Heyran xanımın əsərləri içərisində heca vəznində yazılmış parçalar da nəzər-diqqəti cəlb edir. Bu şeirlər Vaqif qoşmalarını xatırladır:

 

Gözüm yaşı fərağından üzümdə

Sərasər lövlövi-qəltanə bənzər

Əgərçi aşiqin çoxdurlakin

İnanma, heç biri heyrana bənzər

 

Heyran xanımın yaradıcılığı hələlik ədəbiyyat aləmində ətraflı bir surətdə təhlil edilməmişdir. Azərbaycan dilini mükəmməl bilən bu şairə öz ana dilində və fars dilində gözəl qəzəllər, tərcibəndələr, müxəmməslər, müləmmələr, məsnəvilər, qoşmalar yaratmışdır. Onun şeirlərində bir sıra tarixi hadisələr öz əksini tapmışdır ki, bunlar həm ədəbi, həm də tarixi cəhətdən maraqlıdırlar. Heyran xanımın:

Dustan! Saldı ayaqdan məni hicran sitəmi

Fələyin möhnəti, həm ayrılığın dərdü-qəmi

- sözlərindən bəlli olur ki, o, gəncliyində qürbtdə qalmış və bu səbəbdən bir sıra ayrılıq şeirləri yazmışdır. OnunEtdi Səhəndi xak ilə yeksan göz yaşım” deməsi Təbrizdə də olduğuna şəhadət edir. Məqaləmizin həcmi Heyran xanım haqqında danışmağa imkan vermir. Bu ustad şairənin bütün əsərlərini toplamaq, onun haqqında elmi tədqiqat işləri aparmaq Azərbaycan ədəbiyyatı tarixini zənginləşdirməyə kömək edəcəkdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.-1 iyun.- S.14.