“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 100-cü yazı

 

O əyirənləri biz toxuyuruq

 

Tehran hökuməti sülh və sazişdən dəm vurarkən xoruzun quyruğu görsənməkdədir. Bu təcrübəli mürtəce hökumət şahənşah hərbi qüvvələrinə söykənməklə bütün İran sahəsində vücuda gəlmiş demokratik cərəyanları boğmaq xülyasını kəlləsinə salıb Azərbaycan Milli hökumətinin əleyhinə hərbi təşəbbüslər etmək istəyir.

Tehranın çirkin siyasətləri və onun tərəfindən xalqımıza zorla qəbul etdirilmiş ağır şərtləri, əks əməlləri idi ki, Azərbaycan xalqını tamamilə qiyam etməyə vadar etmişdir.

Tehran hökuməti bilməlidir ki, o azadlıq Azərbaycan üçün çox da ucuz başa gəlməyib ki, onun qədrini bilməsin. Ordu vahidləri və jandarmaların sərhədlərdən qəfilcəsinə fədailərə həmlə eləmələri Tehran hökumətinin həqiqi qiyafəsini sülhsaziş şayiəsinin maskası altından aydıncasına göstərdi.

Fədailərimiz onların qəfildən hücum edərək işğal etdikləri yerləri geri almışlar. Bağmeşə, Sancov kəndlərini fədailər əldə etdikdən sonra özləri üçün bir müdafiə mövqeyi tutmuşlar.

Biz əvvəldən bilirik ki, Tehran hökumətinin layiqli(!) generalları və əsgərləri nə kimi sücaətə malikdirlər. Biz əvvəldən bilirik ki, Tehran hökuməti süst və möhkəm olmayan əsaslar üstündə qərar tutuböz süqutunu qəti surətdə düşünmüşdür.

Azərbaycan Tehrana hücum eləmək fikrində olsaydı, Tehran hökuməti Çalus fabriklərində silahsız Azərbaycan fəhlələrini top, tüfəng və zəhərli süngülər ilə öldürə bilməzdi.

Azərbaycanın Tehrana həmlə etmək xəyalı olsaydı, Tehran hökuməti nəinki Azərbaycan xalqının qarşısında diz çökməyə məcbur olardı, eyni zamanda Tehranda olan azadlıqsevər qüvvələrin ayağı altında qalardı.

İran millətinin “yüksək rifah”ından dəm vuran Tehran hökuməti hələ də xalqın arasında iğtişaş yaratmaq fikrindədir. Hələ də Urmiyə faciəsinin baş törədicisi Ərfəi və minlərlə başında olan xanları mühakimə etməyib və cəzalandırmayıbdır.

Tehran hökuməti azərbaycanlıların özlərini və ailələrini Tehrandan Azərbaycana gəlmək istəyən zaman tutub saxlayırlar.

Azərbaycan sərhəddindən tiryəkə qarşı mübarizə aparan təhlükəsizlik qüvvələrinin gücü ilə təcavüz etmək istəyir. Bu o deməkdir ki, Tehran hökuməti özünü itirib, əl-ayağa düşmüşdür. O, qabaqcadan bilməlidir ki, buraya təcavüz edənlərin qəbirləri özlərindən qabaq qazılıb. Azərbaycana təcavüz edənlər Azərbaycanın bütün xalqının bel, külüng, qazma, ərsin, yaba və top-tüfəng ilə qarşılanacaqlar. Azərbaycan xalqı çox dözümlüdür, amma onları acıqlandırmaq da fövqəladə təhlükəlidir. Bu kimi hərəkətləri biz çoxdandır ki, ölçüb-biçmişik. Tehran hökuməti bilməlidir ki, “o, əyirənləri biz toxuyuruq”.

Biz azadlığımızı qorumağa qadirik, bununla yenə də təkrar edirik ki, biz hücum etmək xəyalında deyilikbuna görə də Milli hökumət Tehranın təcavüzlərinin qarşısında öz müdafiə mövqeyini dəyişməmişdir. Tehran hökuməti ticarət əlaqəsini kəsməklə pişik öldürüb göz qorxuda bilməz. Deyərlər ki, “nənəm elə çox bilmişdir ki, kündələri kiçik salar, dədəm elə çox bilmişdir ki, doymayınca çəkilməz”. Biz Tehran hökumətinin ağıllanmağı ilə əlaqədar olaraq ona çox hirslənibsə, su içməyini tövsiyə edərik.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

 

**

Diqqət!

“Anamın dedikləri”. 200 səhifədə. Yazanı Fəthi Xoşginabi

Çap altındadır və tezliklə nəşr olunacaqdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 1946

 

***

Azərbaycan Xalq Qoşunları topçu sıralarının səsi

 

Əziz Azərbaycanımıza və hörmətli firqəmiz ilə cavavn Milli hökumətimizə atəşin salam!

Biz, Azərbaycan xalq qoşunlarının topçu bölükləri Vətənin çağırışına uca və cəsarətli bir səslə səs verib Vətən uğrunda müqəddəs vəzifəmizi yerinə yetirərək can verməyə qəhrəmancasına hazırıq.

Şanlı ölkəmizin əbədi gözətçisi olan biz əsgərlər hər dəqiqə və hər an var qüvvəmiz və böyük bir ruh yüksəkliyi ilə ölkəmizin azadlığını müdafiə və qoruyacağımıza iman və həqiqətlə and içirik.

Bütün qoşun sıralarında olan biz cavan əsgərlər pak bir əqidə ilə almış olduğumuz azadlıq və yaratdığımız Milli hökumətimizin arxasında dağ kimi durub xain düşmənlərə qarşı əbədi olar mübarizə aparacağıq. Bu bizim ölməz sevgimizmilli bir idealımızdır. Bizlər firqəmizin və Milli hökumətimizin ölməz və müqəddəs qüvvəsi qarşısında diz çökərək azadlıq yolunda verdiyimiz qurbanların ruhlarına böyük bir vəcd ilə and içirik ki, hər nə qədər canımızda can, bədənimzdə qan var, Vətənimizə əyri baxan azğın düşmənə qarşı mübarizə aparacağıq. Vətən və xalqımız bizdən yalnız bunu gözləyir.

Mehdi Haşimi

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 21.04.1946

***

Vətəni hifz etməliyik

Biz Azərbaycan xalqı 21 Azərdə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında çox illərdən bəri həsrətlə gözlədiyimiz müqəddəs günə və böyük arzumuza çatdıq. İndi biz dünyanın azad və ləyaqətli millətləri kimi firqəmizin rəhbərliyi ilə tərəqqi karvanı ilə həmqədəm olub inkişaf yolunda iləriyə doğru getməkdəyik.

40 ildən bəri Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabani kimi adamları azadlıq yolunda qurban verdikdən sonra üçüncü dəfə olaraq dünyaya sübut elədik ki, Azərbaycanın azadlıq təşnəsi olan qəhrəman milləti heç vaxt zalım diktator hökumətlərə boyun əgməyib və bundan sonra da heç əgməyəcəkdir.

Biz yaxşı bilirik keçən 40 ilin ərzində Azərbaycanın mübariz və cəsarətli övladını hiylə və təzvir ilə aradan aparıb öldürdülər və qaranlıq zindanlarda çürütdükləri halda onları öz doğma yurdlarına xidmət etmək səadətindən məhrum ediblər. Amma indiki Azərbaycan nəsli ayılmış, gözlərimiz açılmışdır. Mürtəcelər bunu bilsinlər ki, daha bundan sonra onların hiylələrinə aldanmayıb və onların pis əqidələrini ölkəmizdən çıxarıb əbədi olaraq kənara atmışıq. İndi gərək xainlər kar qulaqlarını açıb bu sözləri eşitsinlər ki, daha bundan sonra istismarçılar dünyanın heç bir yerində kök salıb və oranın əhalisini həmişəlik azadlığın şirin meyvəsindən məhrum edə bilməyəcəklər.

Budur bizim ilk son sözümüz. Mürtəcelər yaxşı düşünməlidirlər ki, biz Azərbaycanın qəhrəman milləti axır qətrə qanımız qalana qədər azadlığımızın müdafiəsi üçün çalışacağıq azadlıq günəşi doğmuş olan müqəddəs ölkəmizdə həmişəlik olaraq parlayıb əbədi olaraq davam edəcəkdir.

Məhv olsun Azərbaycana xəyanət gözü ilə baxanlar.

Məsud Tağızadə

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 21.04.1946

***

19 20-ci əsrlərdə Təbrizdə ədəbiyyat

3-cü hissə

 

19-cu əsrdəki vəziyyətlə əlaqədar olaraq şairlərin bir hissəsi bədbinləşdi. Nəbatidə isə nikbinlik hakim idi. O, pis günün çox qala bilməyəcəyinə inam bəsləyir ümidini gələcəyə bağlayaraq yazırdı:

 

Şeyda bülbül fəqan etmə, qəm yemə

Bu gün sabah gül açılar, yaz olar.

Əziz saxla, qənimət bil vücudun

Vəfası yox gülün ömrü az olar.

 

Nəbati həyat yaşayış haqqında fəlsəfi şeirlər yazmışdır. OnunHələ ləng, ləng, ləngəmşeiri buna misaldır. Şair öz əsərlərində xalqın arzu istəklərini tərənnüm etdiyindən sozləri dillər əzbəri olmuş, aşıqların sazına düşmüşdür. Ədəbi aləmdə çox eşidilən “Get dolangilən, xamsan hənuz”, “Eylə sitəm bilmərəm kim mey nədir, mina nədirkimi misralar Nəbatinindir.

Realist şeirlə yanaşı olaraq bu dövrədə dini məzminda din hadisələrinə həsr olunmuş şeirlər yaranırdı. Bu ədəbiyyat mərsiyə ədəbiyyatı adı altında tariximizdə məşhurdur. Görkəmli mərsiyə şairi Qumridən başqa ədəbiyyata meyl edən din xadimlərindən Zunuzi, Hüseyn Təbrizi, Nizamül-Üləma, Hacı Mahmud Təbrizi kimi təbrizlilər var idi. Marağalı axund Hüseyn Dəxil Kərbəla faciəsini təsvir edən böyük bir dini dastan yazmışdı. Bu dastan bədii cəhətdən qüvvətli olduğu kimi dil cəhətindən sadə idi. Dini mövzularda şeir yazan şairlər içərisində Hacı Əbdülhəsən Raci (1831-1874) öz növhə sinəzənləri ilə məşhur idi.

Yalnız dini ədəbiyyat öz ədəbi qiyməti etibarı ilə aşiqanə ədəbiyyatdan geridə qalırdı. 19-cu əsrin əvvələrində Əndəlib Qaracadaği, Ərdəbilli Qaraqaş Baba Zəkəri (1795-1869) öz aşiqanə şeirləri ilə daha mühüm mövqe tuturdular. Əhərdə anadan olan Əndəlib cavanlığını Təbrizdə İranda keçirmişdir. Zəkəri isə Ərdəbildə xalq ədəbiyyatının təsiri altında gözəl əsərlər yaratmışdı. Onun aşiqanə şeirləri Vaqifin yolunu davam etdirdiyini göstərir. O, hətta VaqifinMən cahan mülkündə mütləq doğru halət görmədimmisrası ilə başlanan müxəmməsinə bir nəzirə yazmışdı.

Vətənpərvərlik hissi bu zamankı şairlərin əsas qayəsini təşkil edirdi. Xüsusən Təbrizi ya Cənubi Azərbaycanın başqa şəhərlərini tərk edib qürbətdə yaşayan şairlərdə bu hiss daha bariz şəkildə nəzərə çarpırdı. Riyazül aşiqinadlı ədəbiyyat kitabında belə şairlər haqqında əsaslı qeydlər vardır. Bu kimi şairlər sırasında Ağa Hüseyn Arifi xüsusilə qeyd etmək olar. O, Təbriz şəhərində anadan olmuşsa da gəncliyində vətəni tərk edib Qarabağa getmiş, orada yaşamışdır. Gözəl qəzəllər yazan, Azərbaycan dilinə hakim olan bu qüdrətli sənətkar 1220-ci hicri ilində (1805-ci il – red.) Şuşa şəhərində vəfat etmişdir. Onun:

 

Günəş nuru deyil, pərtov salıb kövni-məkan üzrə

Üzün nurudur, əvvəl imə düşüb əksi-asiman üzrə.

 

Misrası ilə başlanan qəzəli şairin qələmindəki qüdrəti göstərir. Aşağıdakı misralar isə Arifin yaradıcılığındakı qəmginlik duyğularını büruzə verməkdədir:

 

Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et.

Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et.

 

Şair eşq aləmində məqsədinə çatmadığını bu sözlərlə ifadə etmişdir:

 

Qəbrimin daşına yaz, ey əhli-dil, bu misranı

Verdi Arif canını min həsrət ilə yarsız.

 

Arifin yaradıcılığı 19-cu əsrdə davam edən Fizuli cərəyanına daxildir. İstər o, istərsə bu cərəyana mənsub olan digər müasirləri özlərini Fizuliyə oxşatmaq onun kimi yüksək qəzəllər yazmaq istəyirlər. Özünü qürbətdə hiss edən Cənubi Azərbaycan şairlərindən bri Mirzə Məhəmmədqulu Həkimdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 178, 21.04.1946

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 5 iyun.- S.14.