Nizamidə türk dünya
qavrayışı və “Qeser” dastanı ilə bəzi uyğunluqlar
2-ci yazı
Nizami Gəncəvinin yaradıcılığında rəqəm anlayışı bəllidir ki, ilk öncə “Xəmsə”nin – beşliyin adından başlayır. “Xəmsə”yə daxil olan əsərlərdən isə birbaşa rəqəmlə bağ¬lılığı olan “Yeddi gözəl”dir. Bu adın da müxtəlif yozumları ilə – yeddi səyyarə, meracda keçilən 9 təbəqənin 7-sinə bənzərliklər və s. aranıb.
Bu poema-məsnəvi¬sində şair böyük ehtimalla, bilincli olaraq, türklərdə xe¬yirxah, müqəddəs sayılan 7 rəqəmi ilə bərabər, eyni zamanda mü¬qəddəs və xeyirxah, namuslu və döyüşkən heyvan sayılan bö¬rüyə, qurda da münasibət bildirib. Bu isə onun öz keçmişinə, xalqına yaxın¬dan bağlılığını və mifologiyasına bələdliyini təs¬diqləyir. Oğlu Mə¬həmmədə nəsihətində də bu keçmişə bağlılıq açıq görünür:
Sənin
dəmirin nəfis xalis dəmir olsa da,
Yol daşlıqdır, daşlar da maqnitlidir.
Çox güman ki, türklərin “xalis dəmir” ifadəsi
ilk dəfə dəmiri istifadə etməsinə və
Göy Türk xaqanlığının yaradıcısı
olan dəmirçi Aşinaoğullarına işarədir. Bunların nəsillərində
qurd ana başlanğıcını təmsil edir. Zənnimizcə çobanın dişi qurdla həmrəylik
yaradıb 7 baş qoyunu itirən sevimli köpəyini cəzalan¬dırması
hadisəsi də, yenə də həmin əcdad, törəyiş
təsəvvürünün nəticəsidir. İtin qoruyuculuğu və ona bəslənən
etibara “Qeser” dastanında da rast gəlirik. Qeserin
sevimli qadını Xas Şixeri öz sarayında iki it, Asar və
Xusar qoruyur. “Yeddi gözəl”də
çobanın iti qurda aldanırsa, “Qeser”də də itlər
sürüləri yoxlamaq üçün gedəndə, bunu
hiss edən manqus Xas Şixeri oğurlayır. “Yeddi gözəl”də hər hansı bir misraya diqqət
yetirir¬sənsə, tükənməz, şəffaf, soyuq,
büllur, gur bulaq suyu kimi türk¬lük qaynayır. Eyni
səviyyədə ruh xüsusiyyəti əsərdəki rəqəm¬lərlə
də təkrarlanır.Tanrının yaratmasına işarə
ilə yazır:
Yeddi
göyün bir zərrəsi olan biz,
Sənin
yeddi xaricindən xaricik,
– deməklə, yaradı¬lışda türklərin
müqəddəs rəqəmi olan 7-ni əsas
götürür. Maraq¬lıdır ki, N.Gəncəvi
çoxluq mənasında da yeddiyə müraciət edir və
istər-istəməz bu çoxluqla paralel olaraq “Koroğlu”
dasta¬nındakı 7 çoxluğu yada düşür.
“Koroğlu”da 7-yə təkrar-təkrar
müraciət olunması da türklərdə 7-nin müqəddəsliyi
ilə bağlıdır. Dəlilərin
sayı və Ko¬roğlunun bu sayla qürrələnməsi də
rəqəmin əhəmiyyətini bil¬dirir. Məsələn,
Eyvazı Çənlibelə aparmaq istəyən Koroğlu qəssaba
deyir: “...Eyvazı aparıram özümə oğul, yeddi min
yeddi yüz yetmiş dəliyə sərdar eyləyəm.”
7 rəqəminin artımı “Koroğlu”nun Cənub mətnində
daha aydın davam edir. “Dəli Həsən dedi: Ey pəhləvan 7 ildir ki, bu
yolu kəsmişəm, Allaha and içmişəm ki, kim mənim
arxamı yerə vursa, ömrüm boyu sidq ürəklə
ona qul olacağam.” “Dəli Həsən
Koroğluya 77 cavan, igid cəngavər qul
bağış¬ladı.”
“7 yüz nəfər Göycəbeldə Koroğlunun
başına yığışdı.” “Qarı dedi: Çənlibeldə
777 dəlisi olan Koroğlusansa, de.” “Xacələr dedilər:
Paşanın 7 qızı var, biri Həmzə bəydədir,
6-sı isə bakirə qızdır.”
“7 gün, 7 gecə toy büsatı quruldu, 7-ci gecə
qızın əlini Dəli Mehtərin əlinə verib, gərdəyə
yola saldılar.” Eyni təq¬dimatı “Yeddi gözəl”də Bəhramın
7 gün, 7 gecə, 7 rəngli, 7 günbəzli sarayda 7 gözəldən
7 əfsanə dinləməsində də görürük. “Koroğlu Giziroğlu Mustafa bəylə birgə 777
dəlisini başına yığıb, şərab
içirdi.” “Dəmirçioğlu yeddinci
göydə olsa da tapmalısınız”.
Maraqlıdır
ki, Gəncəvi dünyası özündən 300-400 il sonra yaranmağa başlamış
“Koroğlu” dasta¬nının qəhrəmanından daha
çox qədim, arxaik dastan qəhrəman¬larının ruh
aləmi ilə oxşarlığa malikdir. “Yeddi
gözəl”in tərbi¬yə¬vi məzmunu isə dastan
mövzuları ilə uyğun gəlir. “Koroğlu”da
isə gerçək həyata bağlılıq çoxdur və
əfsanə, nağıl, təxəyyül əla¬mətləri
zəifdir. Daha düzgün olardı ki,
deyək ki, “Yeddi gö¬zəl”in mövzusu və inkişaf xətti
müstəsna hal olaraq türksoy¬lu¬ların şifahi xalq
yaradıcılığının qədim və orta əsrlər
ənənələrinin canlı inkişafından fərqli
olaraq bir dahi tərəfindən bilərəkdən yaradılmasıyla
qiymətli, təkrarsız xalq yaradıcılığı
incisidir.
Bəllidir
ki, ural-altay köklü türklərlə monqolların
şifahi xalq yaradıcılığına xas olan qədim
dünyabaxışları, inancları ey¬ni¬dir. Gəncəvi
yaradıcılığında ruh təbəqəsi əsasən
qədim türk¬soylu əcdadlarının dünyadərklərində,
inanclarında, əfsanə, nağıl, dastan
dünyalarında hind-avropalı (fars, yunan) və semit-hamit (yəhudi,
ərəb) mənşəli xalqların əsas
dünyabaxışlarını həzm et¬məklə
yarandığı üçün, digər tərəfdən
də deyə bilərik ki, həm də onun monqol şifahi
xalq yaradıcılığı ilə ümumi birliyi var.
Bir az əvvəl
qeyd etdiyimiz kimi, gerçək vəziyyətdə Gən¬cəvinin
düşünülmüş tərbiyəvi
dünyabaxışının ruh genişliyi ilə
ural-altayların (türksoyluların) əfsanələrində,
dastanlarındakı ruh dünyaları, qəhrəmanları
arasında çox yaxınlıqlar, oxşarlıqlar var. Fərq
yalnız ondadır ki, birində hər şey bilincli, digərində
isə mi¬nilliklər ərzində kortəbii surətdə
yaranıb. Diqqətə çatdırdığımız
bu uyğunluqlar ilə də deyə bilərik ki, Gəncəvinin
göyün adından da¬nı¬şıb, ilahi iradəyə
uyğun tərbiyələndirməsi və “Yeddi gözəl”¬də
ve¬rilmiş mövzular ilə Oğuz xanın, Qeserin öz
xalqlarını və hi¬ma¬yə¬sində olanları şər
qüvvələrdən qorumalarının mifik
in¬ki¬şafı ara¬sında, yaranma səbəbləri fərqli
olsa da, mövzu, ruh bir¬liyi eynidir.
Oğuz xan qeyri-adi şəkildə doğulur. Onun evləndiyi
birinci qız göyün işığından, ikincisi
ağacın gövdəsindən doğulmaqla Uca Göyün
hikmətilə yerə göndəriliblər. “Oğuz
xan” mətninin qısalığı ilə dastanın
başlanğıcında Göyün (Tanrı) istəyi ilə
qəh¬rəmanın doğulması və qeyri-adi evlilikləri,
xalqını idarə etməsi tarixi mövzuca və əhəmiyyətcə
bundan onlarla iri həcmi olan “Yeddi gözəl”dən və
“Qeser”dən heç də az əhəmiyyətli deyildir. Daha doğrusu, türklərin qədim
dastanlarından olması ilə çox qiymətli mənbədir.
Uluğ Türükün məsləhəti və yuxusunun
ger¬çək olması ilə Oğuz xanın üç
oğlunun Şərqdən qızıl yay tapma¬ları, digər
üç oğlunun isə Qərbdən üç
gümüş ox tapmaları və ataları tərəfindən
tapdıqlarının üçə bölünməsi, qədim
türksoylu¬ların göy, təbiət varlıqlarına
inanclarına, sitayişinə görə
oğlan¬larının adlarının Gün, Ay, Ulduz, digərlərinin
Göy, Dağ, Dəniz qoyulması qədim ruh
qavrayışlarını qısa və yığcam həcmdə,
məzmunda dastanda əks etdirir. Diqqət etsək,
yayın Şərq, oxun isə Qərb tərəfdə
ta¬pılması, oxun yaya qoyulması ilə Qərbdən
Şərqə doğru hərəkət istiqamətini ifadə
edir. Bunun özü də qədim
türksoylularda Gü¬nəşə, işığa yüksək
dəyər verildiyinə görə Şərq tərəfin
xeyirxah tərəf olması ilə Günəşin buradan
çıxması və işıq şüalarının
oxlar kimi Qərbə, qaranlığa yayılması təsəvvürünü
yaradır.
Göy
tüklü qurdun yol göstərməsi ilə Oğuz
xanın qərbdə Sin¬di (Hindiquş dağlarının cənubu),
Şamı (Aralıq dənizinin ət¬raflarını)
öz torpaqlarına qatması yenə də oxun və
işığın isti¬qamətinə uyğundur.
“Qeser”də
dastanın başlanğıcında dünyanın, təbiətin,
mü¬qəddəslərin, qəhrəmanın
yaradılışı nəql olunur:
Nə
vaxt bizim dünyamızın kalpası (aləmi)
Yeni
yaranmağa başlayırdı,
Nə
vaxt xoşbəxtliklərlə dolu Sumeri dağı
Təpə idi.
5. Nə
vaxt Səndəl ağacı Kalparikşa (dünya
ağacı)
Kol idi ...
Ümumiyyətlə,
“Oğuz xan”, “Qeser” , “Koroğlu” və s.
das¬tanların quruluşunda və ilk
başlanğıcında təsvir, təqdim və tə¬rənnüm
xüsusiyyətləri türksoylularda ümumi bir dastan
anla¬yı¬şının olmasını təsdiqləyir. Tanrı, dünyanın başlanğıcı haqda
qı¬sa, yığcam, yaxud da dastanlara görə geniş, mənalı,
fəlsəfi fi¬kirlər verildikdən sonra, onlarda qədim
türksoylulara xas dünya qavra¬yışlarının
müxtəlif şəkilləri ilə əlaqəli təsvirlər
yaradılır. Bu cəhət¬dən
“Yaradılış” dastanında dünyanın var olması,
Tanrı Kayra Xa¬nın, ucsuz-bucaqsız suyun (okeanın)
oluşu, Ak Ananın sudan gö¬rü¬nüşü,
Kişinin (adamın) yaranması, torpağın böyüməsi
ilə dün¬yanın yaranması, doqquz budaqlı
ağacın (dünya ağacı) budaq¬larından 9 adamın
yaranması, şeytan-insan Ərliyin yerin altındakı
üçüncü qata qovulması, Kayra xanın
Göyün on yed¬dinci qatında işıqlı aləm
yaradıb yerləşməsi, Ərliyin dünyasını
Mandişirəyə dağıtdırdıqdan sonra onu yenidən
yerin altıncı qatına göndərməsi və yeddinci
qatda Gün Ana, altıncı qatda Ay Ata¬nın yerləşməsi
digər dastanların quruluşu və mövzunun in¬kişaf
müxtəlifliyi üçün ölçü vahidi
olardı desək, zənnimizcə, yanlış olmazdı. “Qeser” dastanı qeyd etdiyimiz ölçülərə
daha çox uyğun gəlir. “Qeser”də də
dünyanın heçdən (xaos) yaranması, müqəddəs
dağ inancına görə Sumeri dağı, dünya
ağası qavrayışına uyğun olaraq səndəl
ağacı Kalpavrikşa, müqəddəs su
üçün Qanq çayı, Qeserin özünün
Mandişirə ilə uyğunluğu, Xormusta-tenqrinin də
Kayra xanla ümumiliyini əsaslandırır. Mandişirə
şeytan Ərliyi yerin altıncı qatına qovub yerləşdirdiyi
kimi, Qeser də insanların əzəli və amansız
qaniçən düşməni, çox vaxt yeraltı məskənlərində
yaşayan manqusu məhv edir. İncələməyə
ehtiyac duymadan bənzəri dünya
qav¬ra¬yışlarının, təsvir üslubunun, mövzu
axınının “Oğuz xan” das¬tanında da olduğunu
aydınlaşdıra bilərik. Bizim üçün ən
maraqlı cəhət türksoyluların dastan
yaradıcılığına xas olan bir az
əvvəl qeyd etdiyimiz xüsusiyyətlərin, incəliklərin,
əlamətlərin “Yeddi gözəl”də də təkrarlanmasıdır.
“Yeddi gözəl”də başlanğıcda Allahın
hakimiyyətinə, onun bütün aləmləri yaradıb və
tarazlıqda saxlamasına, qüdrətinə səc¬də,
sitayiş təsviri türksoylulalın qədim
dastanlarındakı dünyanın yaranması, Tanrı haqda təsəvvürlərlə
eynidir. “Yeddi gözəl”də Gəncəvinin
yara¬dıcı təxəyyülünün məhsulu olan əfsanə,
nağıl, dastan çevrəsinə mənsub
mövzuların, ideyaların, fikirlərin türk xalq
mifik-epik ənənəsi ilə uyğunluğu çoxdan da
çoxdur.
Rəqəmlər də xalqların, soyların, irqlərin
dünyabaxış¬ların¬da, qədim xalq tətbiqi və təsviri
sənət nümunələrindəki naxışlar, rənglər,
həndəsi quruluşlar qədər dəyərə
malikdir. Eyni rəqəmlər müxtəlif xalqların
mifik dünyasında tam fərqli mənaları işarə¬lə¬yib
və bir-birilə uyğun gəlməyən anlamları da
bildirib. “Yeddi gözəl”də
böyük üstünlüklə rəqəmlər
türk ruhunu aydınlaşdırır.
Belə bir
cahangirin kamanının önündə
Doqquz fələk bir qəbzə kiçik oxdur.
Türk ruh təbəqələşməsində 9 budaqlı ağacdan yaranmış 9 adam, 9 oğuz, butanın 9 (kişi) quruluşu ilə eynilik təşkil edir. “Oğuz xan”da, “Yaradılış”dakı dağ ruhu “Qeser”də daha güclüdür. “Yeddi gözəl”də Xəvərnəq qəsrinin uca dağ başında inşa edilməsi də bu inancın davamıdır.
“Qeser”lə “Yeddi gözəl” arasında uyğunluqlardan biri də Qeserin ətrafında daima 7 qadının (4 öz qadını, 3 xilaskarları) dolaşdığı, məsləhət verdiyi kimi, digərində də 7 gözəlin eyni məqsədlə əsərə daxil edilməsidir. “Qeser”in bir hissəsi olan “Qızıl dağ Sumeru”da mavi da¬ğın zirvəsində tikilmiş sarayın dörd tərəfindəki qapıları, onlarla əlaqəli hadisələr ayrılıqda təsvir olunur . Bunun da əsas səbəbi dörd cəhətə fərqli inancla bağlıdır. Beləliklə, nəticə olaraq deyə bilərik ki, “Yeddi gözəl”dəki 7 rəqəminin dəyişik hallarda, mənalarda işlənən fərqli vəziy¬yətləri: yeddi göy, yeddi kök, yeddi iqlim, yeddi rəng, yeddi gün¬bəd, yeddi gün, yeddi gözəl, yeddi ulduz, yeddi xan və s. qə¬dim türksoylu ruh qavrayışı, rəqəmi olaraq əks olunub, yaradılıb.
Tahir NƏSİB
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2021.- 10 iyun.-
S.14.