NİZAMİNİN
MƏHƏBBƏT İDEALI
1-ci yazı
Məhəbbətin mənşəyindən danışanlar ilk əvvəl belə bir sorğuya cavab axtarıblar: ulu əcdad onu barbarlığın içərisindən keçirib gətirib, yoxsa bünövrəsi mədəniyyətlə qoyulub? Çoxları belə hesab edir ki, eşq duyğusu məkr, nifrət, paxıllıq, dostluqdan və ana-övlad bağlılığından sonra meydana gəlib. Y.Ryurikov sadalananları sevginin «böyük qardaşları» kimi götürüb bildirir ki, toplum halındakı mağara insanları kütləvi nikahla yaşayırdılar və yəqin eşq duyğusundan tamam məhrum idilər. «Qədim dövrün tədqiqatçıları deyirlər ki, heç təknikahlıq yarananda da məhəbbət mövcud olmayıb. Morqan və Bahofen kimi araşdırıcılara istinad edən Engels yazırdı: «Orta əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə uyğun deyil. Özlüyündə bu hal ağlabatandır ki, əvvəlki çağlarda da fiziki gözəllik, dostluq münasibətləri, maraq eyniliyi və s. ayrı-ayrı insanlarda cinsi yaxınlığa meyl oyadırdı. Həm kişi, həm də qadın üçün kiminlə intim əlaqəyə girməsi müəyyən əhəmiyyət kəsb edirdi. Lakin bu, müasir cinsi məhəbbətdən hələ çox uzaq idi». Bu qənaətlərdə məsələnin prinsipial şəkildə bütün dünya xalqları üçün xarakterik hal kimi təqdimi ilə razılaşmaq mümkün deyil. Çoxsaylı yazılı mənbələrə, o cümlədən Nizaminin «Leyli və Məcnun» poemasına əsasən yalnız bir cəhətə haqq qazandırmaq olar ki, orta əsrlərin başlanğıcında İslam Ərəbistanında doğrudan da cəmiyyət məhəbbətin nə olduğunu anlamırdı. Lakin «Kitabi-Dədə Qorqud» oğuznaməsinin eramızdan əvvəlki çağlarda yaranan «Duxa qoca oğlu Dəli Domrul» boyunda F.Engelsin «Orta əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə uyğun deyil» mülahizəsinin tamamilə əksinin şahidi oluruq. Qədim türk yazılı abidəsində ilkin ailə münasibətlərinin məhəbbət üzərində qurulub möhkəm sütunlar əmələ gətirdiyinin geniş təsviri verilir. Tanrının işinə qarışıb «ölüm mələyi» (sonrakı variantlarda Əzrayıl şəklinə düşmüşdür) ilə qarşı-qarşıya gələn Dəli Domrul günahının bağışlanması üçün öz canı əvəzinə başqa can ödəmək məcburiyyətində qalır. Boyda ata-ananın övladına, eləcə də əksinə, övladın ata-anasına sevgisinin sönüklüyü göstərir ki, hadisələr türkün «atalar kultu»ndan daha əvvəlki dövrə aiddir. Çünki Dəli Domrulun valideynləri övladlarının ölümü ilə razılaşır, dünyanın ləzzətini alıb son mənzilin astanasına çatsalar da, quru canlarını onun yaşaması yolunda qıymırlar. Öz növbəsində oğul da doğma ata-anasına laqeydlik nümayiş etdirir – öz şirin canına görə hər ikisinin ölümünə razılaşır. Lakin ər-arvad münasibətinə gələndə eyni motivli yunan miflərindən fərqlənən başqa mənzərəylə rastlaşırıq. Dəli Domrulun əli hər şeydən üzüləndən sonra ömür-gün yoldaşıyla vidalaşmaq, halallaşmaq üçün tanrıdan möhlət istəyir. Ərlə arvadın dialoqundan aydınlaşır ki, gənc ailə sevgi əsasında formalaşmışdır və xüsusilə qadın tərəf üçün ərinin yoxluğundan sonra başqasıyla bir yasdığa baş qoymaq ölümə bərabərdir. Belə ki, Dəli Domrulun: «Gözün kimi sevərsə, Sən ana varğıl! İki oğlancığı öksüz qomağıl!» - təklifini qadın ürək yanğısı və ciddi etirazla qarşılayır, onunla birlikdə ölməyi digər kişi ilə öpüşməkdən, cinsi əlaqəyə girməkdən üstün tutaraq bildirir:
«...Bir yastıqda baş qoyub əmişdigim,
Qarşu yatan qara tağları
Səndən sonra mən neylərəm?
Yaylar olsam, mənim görum olsun!
Souq-souq
sularun içər olsam,
Mənim
qanım olsun!
Altun-ağçan xərcləyür olsam,
Mənim
kəfənim olsun!
Tavla-tavla
şahbaz atun binər olsam,
Mənim
tabutum olsun!
Səndən sonra bir yigidi sevib
Varsam, bilə yatsam,
Ala yılan olub, məni soqsun!»
Göründüyü kimi, Azərbaycan türklərində ailənin
təməli əski çağlardan sevgi əsasında qoyulmuşdur. Deməli,
Məcnunun müsəlman
Şərqini VII yüzillikdən
üzü bəri təlatümə gətirən
«eşq üsyanı»
Nizaminin həmvətənləri
tərəfindən neçə
min il əvvəl Dəli Domrulla meydana atılıb bəhrəsini vermişdi.
Eposda Domrulun dəliliyinin mənbəyi
birbaşa qadına məhəbbətə bağlanmasa
da, el arasında Məcnunun analoqu olan adı qazanması
qəribə təsadüfdür. Onun körpü
başındakı «ərköyünlüyü»
- gəlib-gedəndən pul
alması da vaxtsız dünyasını
dəyişən gəncin
müdafiəsinə qalxarkən
kölgədə qalır.
O, tanrının özünə
qarşı çıxmaqla
eşq dəlisi funksiyasını yerinə
yetirir. Azərbaycan türkcəsində dəliliyin bir mənası da igidlik, ərənlikdir.
Domrul düşmən qoşununu
dəf etməmişdi,
gücünü «həyat
eşqi» uğrunda döyüşə sərf
edəndə hiylə
toruna salınıb yenilmişdi. Onun əsil
ərənliyi və igidliyi məhz bu zaman meydana
çıxıb.
Arxası yerə qoyulandan sonra yenidən ayağa qalxmasına yardım edən qüvvə – qadını
ilə arasında olan böyük sevgi məgər dəliliyinin – məcnunluğunun
nişanəsi deyildimi? Ərəb
dilindən gələn
«məcnunluq» dəliliyin
analoqu olsa da, əfsanələrin yardımı və Nizaminin qələmiylə
tamamilə əks anlamda işlənib ülviliyi, insana vurğunluğu, saflığı,
sədaqəti, vəfanı,
«məhəbbətin bakirəliyi»ni bildirmişdir. Beləliklə, iki aşiqdən
birincisinin dəliliyi insanı ölümsüzləşdirməkdən,
ikincisinin məcnunluğu
isə məhəbbəti
ürəklərdə diriltməkdən
başlanır. Lakin hər
ikisinin qələbəsinə
qarşılıqlı sevgi
təminat verir. Dəli Domrul eşqin nə olduğunu, hansı gücə malikliyini tanrılara başa salır, Məcnun isə onun əbədiliyini,
Vahid yaradıcının
özündən gəldiyini,
yer üzündə heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını
göylərə deyil,
yerdəki insanlara öz həyatını qurban verməklə əyani şəkildə
göstərə bilir.
İki aşiqdən
birinin dəliliyi insanı ölümsüzləşdirmək,
ikincisinin məcnunluğu
isə məhəbbətin
toxumunu ürəklərə
səpib cücərtmək
olub. Lakin hər ikisinin
qələbəsinə qarşılıqlı
sevgi təminat verib. Dəli Domrul eşqin nə olduğunu, hansı gücə malikliyini can alanlara başa salıb, Məcnun isə onun əbədiliyini, vahid yaradıcının özündən gəldiyini,
yer üzündə heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını
göylərə yox,
yerdəki insanlara öz həyatını qurban verməklə əyani şəkildə
göstərə bilib.
Məhəbbətdən söz açanlar lap başlanğıcdan
onun əhatə dairəsinin genişliyini
(erotik sevgi, özünəvurğunluq, eləcə
də insana, tanrıya, həyata, vətənə, həqiqətə,
azadlığa, xeyirxahlığa
bağlılıq) nəzərdə
tutub varlıqların
əlaqəsindən, münasibətindən
doğan bütün halları - coşqunluq, ehtiras, həvəs, maraq və uyğunlaşmanı
eyni nöqtədə
birləşdirmiş, nəticədə
Nizami kimi eşqi dünyanın özünü hərəkətə
gətirən qüvvə
saymışlar. Çoxsaylı araşdırmalarda daha çox müxtəlifliyinə
diqqət yetirildiyindən
sevginin mahiyyətinə
nüfüz edilməyib,
əksər hallarda onun növ və
formalarını müəyyənləşdirməklə
kifayətləniblər.
Qəribə hisslər aşılayan duyğunun dərkinə mifik təfəkkürlə
başlanmasına baxmayaraq,
nədənsə, məhəbbətin
köklərini dərin
qatlarda deyil, mədəni inkişafın
ən yüksək mərhələlərində, məsələn, Şərqdə
intibah dövründə
və Qərbdə renesansda axtarmışlar. Lakin eşqin ən primitiv anlamı miflərin dili ilə yozulmuş, ulu əcdad ilk sevgini Göylə Yer, Günəşlə
Ay arasında göstərib,
nifrətlə sevincin,
işıqla zülmətin,
ölümlə həyatın
qoşa təzahür
etdiyini irəli sürüb. İlkin təsəvvürlərə görə, torpaq öz doğduqlarını
– bitkilərin toxumlarını
hədsiz dərəcədə
sevdiyindən diri-diri udub yenidən meydana gətirir. Bu inanc sonralar
«Pişik balasını
istədiyindən yeyir»
şəklində yaddaşlarda
atalar məsəlinə
çevrilib.
Eşqin insanla əlaqələndirilməsinin
izlərinə isə
ilk dəfə Narsislə
bağlı mifdə
– gözəl bir gəncin suda öz əksini görüb vurulması və həsrətdən əriyib yox olması epizodunda rastlaşırıq. Xalq məhəbbəti təsvir və tərənnüm etmək
üçün xüsusi
epik-lirik janrlar – əfsanələr, mahnılar,
bayatılar, eşq dastanları düzüb-qoşmaqla
onun mənşəyinin
dərin qatlarla bağlılığını əsaslandırıb. Maraqlıdır ki, folklorda məhəbbətin
müxtəlifliyi arxa
plana keçir və iki insan
arasında qarşılıqlı
şəkildə mövcud
olub saflıq, səmimilik, qəlb birliyi, gözəllik, vəfa, həya və ismətin təminatçısı rolunu
yerinə yetirir.
Və eşqin tədqiqatçılar tərəfindən
müəyyənləşən bütün formalarının
-
a) romantik eşq,
b) qəhrəmanlıq eşqi,
c) platonik eşq,
d) qardaşlıq eşqi,
e) valideyn eşqi,
f) harizmatik eşq,
g) eşq-ehtiras,
h) eşq-ehtiyac,
i) eşq-hədiyyə (buta),
j) yaxınlara və
uzaqlara (qohumlara) qarşı sevgi,
k) kişi və
qadın məhəbbətinin
– zəngin xalq yaradıcılığı qaynaqlarında
özünə yer tapması da onun ilkinliyindən irəli gəlir.
Azərbaycan türklərinin yaratdığı əfsanələri məhəbbətin salnaməsi adlandırmaq olar. Ümumiyyətlə, eşq motivlərinə folklorun epik ənənəsində geniş yer ayrılır və insanın ən ülvi, saf duyğularından biri kimi təqdim olunur. İnanclarda sevginin kökləri mifik görüşlərə bağlanır. Yaradıcıya vurğunluğun – haqq aşiqliyinin bünövrəsi əski çağlardan şüurun meydana gəlməsi ilə qoyulmuş, tarixin sonrakı mərhələrində isə eşqlə başlanğıca qayıdışın mümkünlüyü haqqındakı təsəvvürlər müxtəlif dini təriqətlərin əsasasında duran mühüm amillərdən birinə çevrilib.
Məhəbbət duyğuları müəyyən dövrlərdə - dünyəvi və ilahi eşq deyə iki anlamda anılıb, lakin eşqin mayasında insanın elə duyğuları dayanıb ki, həmişə saflığa, sədaqətə, haqqa, ədalətə, düzlüyə söykənib. Xalqımızın əqidəsində iki sevən gənci bir-birindən ayırmaq haqqı tapdamaq, günaha batmaq sayılıb. «Sevgiyə zaval yoxdur» – deyən ulularımız üçün eşq Allahın insanlara bəxş etdiyi ən böyük qüdrət idi. Ona tutulanlar Məcnun tək bu dünyada əzab-əziyyət çəksələr də, son anda insanlıqdan çıxıb başqa cildə girməklə, tanrının yaratdığı təbiət varlıqlarına dönməklə onun ülviliyinə qovuşurlar. Əfsanələrdə sevən gənclərin arasına qara tikan olub girənlər lənətlənir, qızlarını istədikləri oğlanlardan ayırıb pula, var-dövlətə satanlar – saf eşqi qurban verənlər nifrətlə qarşılanırlar. Belə söyləyirlər ki, «Keçmişlərdən bir oğlan bir qızı sevirmiş. Qız da ondan ötrü dəli-divanə imiş. Gecələri xəlvətə salıb ay işığında, yaxınlıqdakı dağın döşündə görüşərmişlər. Lakin dövlətli ata qızını kasıb oğlana verməyi belə ağlına gətirməz, acığından dil-dodağını gəmirər, dəmir yeyib göyə püskürərmiş. Qızın göz yaşları, yalvarışları da onun daşa dönmüş ürəyini yumuşalda bilmirdi ki, bilmirdi. Az keçmir ki, ata qızını özünə tay hesab etdiyi dövlətli oğlana nişanlayır. Toy günü qız evdən qaçıb görüş yerinə gedir. Sevgilisinin boynuna sarılıb məzlum-məzlum deyir:
– Əzizim, məni başqasına verirlər. Bu gün toyumuzdur. Mən ona getməyəcəyəm. Sənə də mümkün deyil. Onsuz da atam razı olmayacaq. Qaçsaq da tapdırar, səni də, məni də öldürər.
Sevgilisindən bu xəbəri eşidən oğlan dərindən ah çəkir:
– Sənsiz yaşamaqdansa, daş olmaq yaxşıdır, – deyir.
Məhəbbət əfsanələri xalq fantaziyasının elə boyaları ilə işlənir ki, dinləyənlərdə ancaq rəğbət oyadır. Eşq odunu söndürməyə çalışanlar Allahın qəzəbinə keçirlər. Sonralar dastanlaşan «Əsli və Kərəm», bir neçə silsilədən ibarət «Bülbül və Qızılgül», «Lalə» əfsanələrini Azərbaycan türklərinin arxaik epik ənənəsinin şah əsərləri hesab etmək olar.
Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2021.- 12 iyun.-
S.14.