Azərbaycan rəssamlığında
İnsan-Vətən birliyinin ifadəsi
Poeziyada sözlər, musiqidə səslər, rəssamlıqda isə rənglər vasitəsilə möcüzə yaranır. İnsanın dünyaya, həyata, təbiətə, özünə, başqalarına bənzərsiz yaradıcı münasibəti olmasa, sənət yaranmaz. Azərbaycanda tarixən bu və başqa yaradıcılıq sahələrində belə örnəklər yaranıb, bu gün də yaranmaqdadır. Xalq bəşər əlvanlığının təsdiqidir.
Xalq həyatı misilsiz çətinliklərin ardıcıl aşılmasına, var olmağa əsaslanır. Asanlıqla xalq var olmur. Tarixi taleyimizi bütün zamanlarda xalq olaraq öz əllərimizlə yazmışıq. Bütün bunların hamısı xəlqi sənətdə ifadəsini tapdığı dərəcədə xalq yaşayır.
Azərbaycan rəssamlığı kökü qədimlərdən gələn Azərbaycan fəlsəfi düşüncəsinin, ədəbiyyatının, musiqisinin, ümumən incəsənətinin ərdəmli varisi, təsdiqi olaraq yüksək çağını yaşamaqdadır. Yaxşı haldır ki, rəssamlıq çağdaş elmi-texniki gəlişmələrin, kompüter texnologiyalarının qarşısında nəinki təslim olmur, əksinə, özünütəsdiqin yeni imkanlarını qazanır. O deməkdir ki, rəssamlıq həyata yaradıcı, canlı münasibəti ilə xəlqi varlığımızın təsdiq ünvanlarından biridir.
***
Orta yüzillərdə intişar tapan Azərbaycan miniatür rəssamlığından sonra bu sahədə yeni səviyyədə varoluş dönəmi ötən yüzilin əvvəllərinə təsadüf edir. “Molla Nəsrəddin” jurnalındakı karikaturalar məhz Cəlil Məmmədquluzadənin ideyalarının rəssamlıqda ifadəsi kimi meydana çıxdı. O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamların əsərləri xalq həyatının çətinliklərini, əzablarını, habelə ümidlərini peşəkarlıqla göstərə bildilər. “Molla Nəsrəddin” xalqı cəhalətdən, hər cür avamlıq çeşidlərindən xilas etməkdə yardımçı olmağa çalışırdı. Sabirin məşhur satiraları bu mənada sözdən şəklə (karikaturaya) çevrildikcə o dövrkü soydaşlarımızın Vətən duyğuları üstə ardıcıl köklənməsində getdikcə daha çox rol oynamağa başlayırdı.
Jurnaldakı karikaturalar ötən yüzilin əvvəllərindəki Azərbaycan insanının fərd olaraq özünüdərk prosesinə töhfə verməyə çalışır, nail olurdu da: xalq olaraq necə toparlanmalıyıq, xalqların yeniləşən çağda ardıcıl inkişaf etməyə, ayaqda qalmağa kökləndikləri bir vaxtda biz neyləməliyik? Mollanəsrəddinçilər maariflənmə yoluyla inkişafa nail olacağımıza inanırdılar. Kütlənin avamlıqdan, cəhalətdən qurtulması üçün milli-mənəvi ruhda yetişmiş aydınlara böyük ehtiyac yaranmışdı. C.Məmmədquluzadə və dostları ulusal istəyin gerçəkləşdirilməsi üçün çoxçeşidli yazılarla yanaşı, karikaturaların dərcini də qaçılmaz sayırdılar. Bu, gözlənildiyindən də artıq effekt verirdi: karikatura hamı tərəfindən başa düşülür, demək olar, ayrıca izaha ehtiyac qalmırdı.
***
Azərbaycan realist rəssamlığının banisi Bəhruz Gəngərlinin yaradıcılığında “Şəlalə”, “Günəş batarkən”, “Dağlıq mənzərə”, “Ağrı dağı”, “Ay işığında” “İlanlı dağ ay işığında”, “Bahar mənzərələri”ndə insanın təbiətə sayğılı münasibətinin ifadəsini görürük. “Qaçqınlar” silsiləsinə daxil olan “Qaçqın qadın”, “Qaçqın oğlan”, “Tərk edilmiş ev”, “Yurdsuz ailə”, “Papaqlı oğlan”, “Naxçıvanda xaraba qalmış evlər” əsərlərində isə xalqın üzləşdiyi dəhşətli çətinliklərdən doğan əzablı ifadəni görürük. Erməni vəhşiliyinin yaratdığı əzabları rəssamın insan obrazları sanki gözümüzün qabağında canlıymış kimi yaşayırlar. B.Gəngərli xalqımızın üzləşdiyi faciəni bütün çalarlarıyla göstərməyə nail olub.
***
Səttar Bəhlulzədə Azərbaycan insanının təbiətlə birliyinin bənzərsiz səviyyədə ifadəçisi idi. Əslində onun üslubu impessionizmə sığmırdı. Rəssam Azərbaycan təbiətini müqəddəsləşdirdiyi dərəcədə öyürdü. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol” və b. əsərlərində Vətən müqəddəsliyinin sənətdə əbədiləşən ifadəsi var. “Kəpəzin göz yaşları” ilə “Füzuli” əsərləri arasında doğma bağlılıq aydın görünür.
***
Xalqımızın mənəvi pasportu olaraq Dədə Qorqudun milli ruhumuzun yaşarılığında əvəzsiz rolu var. Mahiyyətcə İnsan-Vətən birliyinin ifadəsi olan Dədə Qorqud obrazını yaratmağa rəssamlarımızın ardıcıl meyil etməsi bu səbəbdəndir. Xalq rəssamı Mikayıl Abdullayevin Dədə Qorqud portreti, dastanın boylarına çəkdiyi illüstrasiyalar rəssamlığımızda bu yöndə ənənə yaratmağa xidmət edib. Fəxrəddin Məmmədvəliyevin “Gəlimli-gedimli dünya”, “Dədə Qorqudun elçiliyə getməsi”, “Oğuz elində şadlıq mərasimi”, “Təpəgözün dünyaya gəlməsi”, “Qazan xanın evinin yağmalanması” miniatürləri Qorqudlu dünyamızın ilahi səviyyədə simvollaşdırılması kimi yozula bilər. Xalq rəssamı Toğrul Nərimanbəyovun yaratdığı əsərlər daha çox nağıl ruhu ilə diqqəti çəkir. Xalq rəssamları Tahir Salahovun, Mahmud Tagıyevin, Altay Hacıyevin də yaradıcılığında Dədə Qorqud obrazı ayrıca yer tutur.
Yeni yüzildə Dədə Qorqud obrazının rəssamlıqda uğurlu ifadəçilərindən biri əməkdar rəssam Asif Azərellidir. Onun obrazı təbiətin əbədi, ayrılmaz parçasına çevrilib. Dünyada çoxlu bərəkətli, gözəl mənzərəli torpaqlar var. Ancaq Azərbaycan insanı üçün öz Yurdu, torpağı əvəzsizdir, çünki buradakı torpaq adi deyil, müqəddəsləşən məkandır, dil, ərazi, tarix birliyimizin yaşarı ünvanıdır.
Rəssam Fəxrəddin Əlinin dastanın boyları ilə bağlı çoxsaylı illüstrasiyası var. Mövzunun doğmalığı rəngləri də tamaşaçıya doğmalaşdırır, çünki obyekt Azərbaycan İnsanıdır, onun tarixi, ərdəmli yaşamıdır. Rəssam Vaqif Ucatayın əsərlərində Dədə Qorqudun sifəti Azərbaycanın mənəvi timsalı olaraq işıq saçır, yaşadığımız çağlardan üzü sabahlara doğru gedişimizdə ümid qaynağımız olur. Rəssamın öz sözlərilə desək, Dədə Qorqud tabloda real həyatdan - dağlardan, qayalardan, torpaqdan, çaylardan, bir sözlə, yerdən yüksəkdə sol əlində qızılı rəngli qolça qopuz tutmuş, sağ əli ilə isə dinamik şəkildə işığa doğru əlini açmış şəkildə təsvir olunub. Sifətində müdrikliklə yanaşı əzablı kədər var: uzun, qar kimi ağ saç-saqqalı ululuğuna, qədimliyinə işarədir.
Rəssamın “Fəlakətdə işıq”, “Xocal” plakatı, “Zor gücsüzlüyü” kimi əsərlərində başımıza gələn faciələrin milli ruhumuzu sarsıtmadığı inamı güclüdür. Bu inam Azərbaycan təbiətinə dərin sevgidən doğan “İlin fərəhləri” silsiləsində də özünü göstərir. O deməkdir ki, rəssamlarımız yaradıcı insanlar olaraq ruhlandıqları dərəcədə də ruhlandıra bilirlər.
***
Son 100 ildən çox müddətdə xalqımızın məruz qaldığı soyqırımı, qaçqın-köçkünlük aqibəti mövzusunda müstəqillik dönəmində karikaturaçı rəssam Kərim Kərimovun silsilə əsərləri, rəssam Nazim Məmmədovun “Xocalı harayı” kitab-albomuna daxil olan “Bir ailənin faciəsi”, “Edam”, “Xilaskarını gözləyən gözlər” əsərlərində ermənilərin xalqımızın başına gətirdiyi faciələr ifadəsini tapıb.
“Qırmızı təpədə Şahin qalası” əsərində Azərbaycan-türk tarixi abidəsini obrazlaşdıran mərhum rəssam Cabbar Quliyev ermənilər tərəfindən basqılara məruz qalsa da, inadından əl çəkməmişdi. Rəssamın habelə “Qaçqınlar”, “Xocalı faciəsi”, “20 Yanvar”, “Biganəlik”, “Haray” kimi əsərlərində mövzuya canlı bələdliyin ifadəsi olaraq özünəməxsus yanaşma hiss olunur.
Xalq rəssamı Vidadi Nərimanbəyovun (“Müharibə uşaqları”, “Xatirə”), xalq rəssamı Maral Rəhmanzadənin “Qadınlar müharibə illərində” və b. rəssamların əsərləri sovet dövründə yaranıb. Müstəqillikdən sonrakı dönəmdə yaranmış əsərlər yaradıcı insanlarımızın üstəlik, son 30 ildəki erməni hədyanına qarşı ruhən bir olduğumuzun ifadəsi, təsdiqidir.
***
Tanınmış rəssam Soltan Soltanlının "Kalva ətrafında döyüş” əsəri 4 il öncə İspaniyanın Madrid şəhərində keçirilən 6-cı beynəlxalq rəsm müsabiqəsində 2-ci yer tutub. Rəssam əsəri 2016-cı il aprel döyüşlərindən təsirlənərək yaradıb. Onun fikrincə, elə bir əsər çəkmək istəyib ki, sadəcə təsvirdən ibarət olmasın. Burada səngər həm də əsgərimizin məzarıdır. O öz qəbrini qazaraq döyüşə girir və bilir ki, bu döyüşdə həlak olacaq. Səngəri ənənəvi formada deyil, qəbir formasında təsvir edib. Əsgər öz qəbrindən düşmənə qarşı döyüşür: deməli, geriyə yol yoxdur.
Tanınmış rəssam Vüqar Əlinin Azərbaycan ordusunun düşmən üzərində qələbəsinə həsr olunmuş plakatları mövzuya yetkin baxışı ilə diqqəti çəkir. Şahə qalxmış at üzərində qalib Azərbaycan əsgərinin duruşu qürurvericidir...
Təkcə rəssamlığımızın deyil, ümumən incəsənətimizin, habelə ədəbiyyatımızın qarşısında əbədi sabahlara ümid, inam ruhu yaratmaq kimi əbədi borc var…
P.S. Yazı KİVDF-nin (indiki Medianın İnkişafı Agentliyinin) 2020-ci il dekabrda keçirilən müsabiqəsində 1-ci yerə layiq görülüb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 24 iyun.-
S.14.