Azıx mağarası həqiqətin
aynasında: erməni yalanlarının ifşası
Professor Əsədulla Cəfərov:
“Ermənilər Azıx mağarasında qanunsuz
qazıntılar aparmaqla düşərgənin
planını tamamilə korlayıb, mədəni təbəqələri
dağıdıblar”
Ermənilərin Qarabağdakı qədim Azıx mağarası ilə bağlı “tədqiqatlar” aparması onların guya bu torpaqlarda “ulu əcdadlarının” varlığını sübut etmək istəkləri ilə bağlı idi. Ancaq arzuları gözlərində qaldı. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov 1970-1987-ci illərdə Azıx mağarasında aparılan tədqiqat işlərində iştirak edib. 2001-2005-ci illərdə Fransada Azıx və digər paleolit düşərgələri ilə bağlı məruzələr edib. Alim bildirir ki, “Azıx nəinki Azərbaycan arxeologiyasında, paleontologiyasında, eyni zamanda, qədim insanların yaranması və formalaşmasını öyrənmək üçün dünyada ən mühüm paleolit düşərgəsidir. Azıxda tapılmış maddi-mədəniyyət qalıqları əsasında Quruçay, qədim Aşel, orta Aşel, Mustye mədəniyyətləri və digər mədəniyyətlər öyrənilir. Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə uyğunluq təşkil edir. Azıx mağarası öz əhəmiyyətinə görə Olduvaydan da üstündür. Çünki Olduvay açıq, Azıx isə mağara düşərgəsidir”, - deyə o qeyd edib. Alim vurğulayıb ki, ermənilər Azıx mağarasında qanunsuz qazıntılar aparmaqla düşərgənin stratiqrafiyasını, onun planını tamamilə korlayıblar. Mədəni təbəqələri pozub, dağıntılar aparıblar. Bu, nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasına vurulmuş böyük zərbədir.
Ə.Cəfərov 1990-cı ildə çıxan “Quruçay dərəsində” adlı kitabında Azıx mağarasında aparılan tədqiqatlar haqqında ətraflı danışır. Azıxla bağlı ilk tədqiqatların aparılmasına diqqət çəkən alim bildirir ki, arxeoloqlarımız uzun müddət yeni arxeoloji kəşfiyyat aparılacaq zona haqqında fikirləşməli oldular. Nəhayət, növbəti arxeoloji kəşfiyyat aparılacaq ərazi Azərbaycanın Qarabağ zonası müəyyən olundu. Dağlar qoynunda yerləşən Füzuli və Hadrut rayonlarının ərazisi Qarabağın ən səfalı guşələrindəndir.. Rayonun mərkəzində bir neçə möhtəşəm təpələr sırası görünür. Arxeoloqlarımız bu təpələrin sirrini açıb və bu yerlərin vaxtilə yaşayış məskənləri olduğunu müəyyən etmişlər. Füzuli rayonu ərazisində tunc dövrünün əsas yaşayış məskənləri rayonun ərazisindən axan Quruçay və Köndələnçay vadilərində qeydə alınıb. Lap qədim zamanlardan aşkar olunması göstərdi ki, bu yerlərdə xalqımızın uzaq keçmişinə aid çoxlu maddi mədəniyyət nümunələri var: “Alimlərimizi daha yeni suallar düşündürməyə başladı. Görəsən bu gözəl Qarabağ diyarında Quruçay və və Köndələnçay vadilərində ibtidai əcdadlarımız yaşayıbmı? Qədim daş dövrü burada mövcud olubmu?”
Alim yazır: “Bir qədər axtardıqdan sonra mağaranın giriş yolu tapıldı... Əvvəlcə 5-7 metr sürünə-sürünə mağaranın içərisinə doğru getdik. Mağaranın 30-cu metrində iri bir salona daxil olduq. Hamı ayağa qalxdı. Bu salonun uzunluğu 11 metr, eni 7 metr, hündürlüyü isə 7-8 metr olardı... 7-9 metr getdikdən sonra yenidən iri bir salona daxil olduq. Bu salon olduqca möhtəşəm və iri idi. Uzunluğu 48-50 metr, eni 18-21 metr, hündürlüyü isə 10-12 metr olardı. Salon olduqca mənzərəli idi, diqqəti daha çox cəlb edirdi. Burada möhtəşəm sütunlar, qartalları və ayrı-ayrı quşları xatırladan fiqurlar vardı. Bunların hamısı təbii yolla əmələ gəlmiş, suyun və əhəngin qarışığından formalaşan stalaktik və stalaqmit hissələr idi. Salonun ətraflarına baxarkən maraqlı bir mənzərənin şahidi olduq. Bu nəhəng qadın heykəlinin xatırladan daş sütun təbii surətdə əmələ gəlmişdi. İlk baxışdan adama elə gəlirdi ki, bu heykəli mahir bir heykəltəraş hazırlayıb. Əslində isə bu suyun və əhəngin qarışığından təbii yolla formalaşan bir fiqur (dirək) idi. ...Bir qədər də irəlilədikdən sonra növbəti dördüncü və beşinci salonlara daxil olduq. Sonuncu salonlar da əvvəliki kimi mənzərəli idi. Beşinci salonun qurtaracağında zəif işıq görünməyə başladı”.
Beləliklə, Azıx mağarasında ilkin arxeoloji kəşfiyyat qazıntısına başlanıb: “İşə başlarkən heç kəs güman edə bilməzdi ki, Azıx mağarasında aparılan elmi tədqiqat işlərinin müddəti 30 ildən artıq bir dövrü əhatə edəcək və buradan aşkar edilən maddi mədəniyyət nümunələri bəşər tarixinə daha yeni səhifələrin yazılmasına səbəb olacaq. 1960-1986-cı illərdə Azıx mağarasına aparılan arxeoloji tədqiqatlar nəticəsində düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alındı və tədqiq olundu. Maraqlıdır ki, dördüncü təbəqə istisna olunmaqla, qalan bütün təbəqələrdən maddi mədəniyyət qalıqları aşkar edildi. Quruçay dərəsi, bir tərəfdən Mil düzü ilə, digər tərəfdən dağətəyi və yüksək dağlıqda birləşmişdilər. Canlı həyatın inkişafı üçün hələ qədim zamanlardan burada əlverişli iqlim şəraiti olub. Ən qədim vaxtlarda, yəni 1,5 milyon il bundan əvvəl Quruçay dərəsinin mülayim iqlim şəraitində yaşayan çoxlu heyvanat aləmi mövcud olub”.
Azıx mağarası öz böyüklüyünə görə Zaqafqaziya karst boşluqları içərisində ən möhtəşəmidir. Əlavə mikroyollarla birlikdə mağaranın uzunluğu 400 metr, ümumi sahəsi 1200 m2-dən artıqdır. Mağara çox hündür (20-25 m) salonlardan və içərisi torpaqla dolmuş keçid yollardan ibarətdir: “Salonların içərisində möcüzəli və mənzərəli görünən stalaktitlər, nəhəng təbii qaya rəflərinin düzülüşü adamı heyran edirdi. Azıx mağarasının kompleks tədqiqi ilə M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, V.Veliçko, Ə.Səfərov, V.Hacıyev, S.Əliyev, M.Süleymanov və digər alimlər də məşğul olublar”.
Azıx mağara düşərgəsində aparılan elmi tədqiqat işləri nəticəsində 10 arxeoloji təbəqə olduğu qeydə alınıb: “Tarixi dövrlə bağlı ən qədim tapıntılar Azıx mağarasının 7-10-cu təbəqələrindən aşkar olunmuşdu. Bu təbəqələrdən 300-dən artıq daş məmulatı əldə edilib. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay mədəniyyətinin 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunub. Düşərgənin altıncı təbəqəsində aparılan arxeoloji tədqiqatlar zamanı cəmi 2 minə qədər daş məmulatı tapılıb. Aşkar olunmuş daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınıb. Azıx mağarasında ən maraqlı və mühüm elmi əhəmiyyətli tapıntı 1968-ci ilin yayında əldə olunub: “Elmi axtarışların ən qızğın vaxtı idi. Arxeoloji qazıntı işləri beşinci təbəqənin içərisində gedirdi. Bu vaxt əl çapacaqları ilə birlikdə bir çənənin sınmış hissəsi aşkar edildi. Çox diqqətlə çənə nəzərdən keçirildi. Bu insan çənəsinə oxşayırdı. Lakin daha dəqiq təyin olunması vacib idi. Ona görə də professor D.Hacıyev Azıx düşərgəsinə dəvət olundu. Tapıntı professoru sevindirdi. O dedi ki, bu SSRİ ərazisində ən qədim insana aid olan çənədir. Dəmir müəllim çənə üzərində elmi tədqiqat işini uzun müddət davam etdirdi. Aşkar olunmuş çənə Azıx düşərgəsini daha da şöhrətləndirdi. Çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu nöqteyi-nəzərdən Azıx adamının çənəsi avetralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında özünə xüsusi yer tutur. Tapıntıya şərti olaraq azıxantrop (yəni Azıx adamı) adı verilib. Aparılan elmi tədqiqat zamanı professor D.Hacıyev müəyyən etdi ki, Azıxdan aşkar olunmuş çənə SSRİ ərazisində ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur və bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşayıb.”
31 il öncə çıxan kitabda ermənilərin Azıxla bağlı iddiası ifşa olunur: “Azıx mağarasının ikinci ən böyük salonunda olan nəhəng stalaqnat dirək əhəngli suyun qarışığından təbii yolla təxminən 2 milyon il bundan əvvəl əmələ gəlib. Bütün təbii mağaralarda belə dirəklər və ayrı-ayrı stalaqnat daşlarına rast gəlmək olur. Arxeoloji və geoloji ədəbiyyatlarda maqaraların əmələ gəlmə xüsusiyyətləri şərh olunur və orada stalaqnat dirəklərinin də formalaşmasının təbii yolları ətraflı izah olunur. Lakin bəzi alimlər, xüsusilə arxeologiya və geologiya ilə məşğul olmayan başqa mütəxəssislər Azıx mağarasında təbii yolla əmələ gələn stalaqnat dirəyin yanlış olaraq qadın heykəli olduğunu göstərirlər. Ş.Mkrtıçyan özünün «Dağlıq Qarabağın tarixi və memarlıq abidələri» adlı əsərində qeyd edir ki, guya Azıx mağarasında aşel dövrünə aid erməni qadınının heykəli var və onun hətta paltarı da müasir erməni qadınlarının paltarına bənzəyir (Yerevan, 1986). Bu heç bir elmi əsası olmayan cəfəngiyat olmaqla bərabər tarixin əsassız olaraq saxtalaşdırılmasıdır. Belə bir fikir söyləməklə Ş.Mkrtıçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa can atır (350-550 min il bundan əvvəl). Lakin Azıx mağarasında qadına bənzər heykəl yoxdur və bu dirək təbii yolla əmələ gəlmiş stalaqnat dirəkdir. İkincisi də aşel dövründə müasir insanın heç bir yerdə əcdadı yaşamayıb. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli ibtidai adamlar yaşayıb, heç bir millət və xalq olmayıb... Yazıçı Sero Xanzadyan tarixi saxtalaşdırmaqda daha irəli gedib. O, Ş.Mkrtıçyanın kitabına rəy yazıb (Ermənistan LKGİ «Avanqard» jurnalı 5/1 1986), həmin rəyi s. Xanzadyan ikinci dəfə 1989-cu ilin aprelində Ermənistanda çıxan «Kommunist» qəzetində çap etdirib. Rəydə deyilir ki, guya Azərbaycan alimlərinin Azıx mağarasında apardıqları tədqiqatlar göstərib ki, bu həqiqətən aşel dövründə yaşamış erməni qadınının heykəlidir və geyimi də müasir erməni qadınlarının geyiminə yaxındır. Azərbaycan alimlərinin mağarada apardıqları tədqiqat işləri nəticəsində yazılmış əsərlərdə belə məlumat olmayıb. Azərbaycan alimlərinin əsərlərində Azıxın maddi mədəniyyət tapıntıları haqqında geniş məlumat, o cümlədən, mağaranın ikinci salonunda təbii yolla əmələ gələn stalaqiat dirəklər haqqında da məlumat var. Bu cür elmi əsası olmayanı yanlış məlumatları yazanlar dağların, qayaların, stalaktit və stalaqnat dirəklərin əmələgəlmə xüsusiyyətini ya bilmir, ya da bilərəkdən süni yolla tarixi saxtalaşdırırlar. Bu isə xalqda, əsl tarixi və təbii qanunauyğun proseslərin əmələgəlmə xüsusiyyətləri haqqında yanlış fikirlərin əmələ gəlməsinə səbəb olur”.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 26 iyun.- S.13.