Od çərşənbəsi

 

Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətin bir parçası kimi görür və təbiətlə eyniləşdirir. Elə ilaxır çərşənbələrin adlandırıldığı təbiət ünsürlərinin də hərəsində insan özünü bir cürə görür, bu ünsürlərə tapınmaqla təbiətlə canlı təmasa daxil olur. Od çərşənbəsində də insan həm oda müqəddəs baxışlarını ortaya qoyub, həm də odun özü ilə təmasda olmaqla ondan faydalanıb, həm də ki, lazım gəldikdə odun özünü də himayə edib, müqəddəs bildiyi odu qoruyub saxlamağı özünə borc hesab edib.

Professor Aazd Nəbiyev yazır: "İlaxır çərşənbələrin ikincisi od çərşənbəsidir. Buna xalq arasında "Üskü çərşənbə", "Üskü gecəsi", "İkinci çərşənbə", yaxud da əzizləmə məqsədilə "Addı çərşənbə" də deyilir. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən günəşi, onu yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər".

Od çərşənbəsi adından da göründüyü kimi, odla, istiliklə bağlı olub, insanların oda inamlarını ifadə edib. Odun, işığın, enerjinin kainatdakı ən böyük və tükənməz mənbəyi isə Günəşdir. Günəş isə göyü də, yeri də (hələ desən, yerin altını da) isindirib, qızdırıb həyat enerjisi ilə külli-kainata dirilik bəxş edir. Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisidirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz inikasını tapıb. Mirçe Eliadenin aşağıdakı fikirləri də odun müqəddəs həyatvericilik missiyasını göstərir: "Od hansı təbiətə malik olmasından asılı olmayaraq, insanı "ruha" çevirir: məhz buna görə də şamanlar "odun sahibi" hesab olunur və közərmiş kömür onları yandırmır".

Odun yandırıb məhv etmək təbiəti olsa da, közərmiş kömür belə şamanları yandırmadığından, odun sahibi sayılırlar; çünki müqəddəs od insanı ekstaz halına salır, başqa sözlə, insanı ruha çevirir. Odun insanı ruha çevirməsi isə həm də insana mənəvi güc - enerji verməsi deməkdir. Bu mənada odun enerji – həyat mənbəyi olması özünü bu tərəfdən də nümayiş etdirir. Onu da qeyd edim ki, çərşənbə ocağının (eləcə də Novruz tonqalının) odu mifik şüurda müqəddəsliyi təmsil etdiyindən heç vaxt dağıdıcı fəsadlar (yanğın fəlakəti və s.) törətmir, həmçinin bu od heç vaxt od olub insanları yandırmır, əksinə, insanları mənən yüngülləşdirir. Belə ki, uşaq vaxtlarımda kənddə-kəsəkdə gur çərşənbə tonqalları çatılanda, düzü-dünyanı, yəni bütün kəndi çərşənbə yalavları (alovları) bürüyəndə, adama elə gələrdi ki, bu saat hər yan od tutub yanacaq, külə dönəcək. Amma nəticədə heç nəyə və heç kəsə heç zad olmurdu, heç bir ev, heç bir insan bu tonqallardan ziyan çəkmirdi. Yaxud da dağlarda, yalda-yamacda lopa yandırıb, fırladıb göyə atardılar.

Yadımdadır, uşaq idim. Kənddə qonum-qonşu yığışıb bayram tonqalı yandırmışdılar. Böyüklər də bu iri tonqalların üstündən: "Ağrım-uğrum odlara" deyib tullanırdılar. Mən də cəhd eləyib tullanmaq istədim, ancaq tonqalın böyük olduğunualov dilimlərinin göyə bülənd olduğunu görüb dayandım. Bunu görən qonşular tez mənə ürək-dirək verib: "Qorxma, bu çərşənbə tonqalıdır, hoppan, adamı yandırmaz, çərşənbə tonqalının üstündən tullanarlar. Oda düşsən də yanmazsan", – dedilər.

Bu sözlərdən sonra özümü oda toxudum, demək olar ki, odun içindən atlanıb keçdim. Doğrudan da, mənə heç bir şey olmadı və bundan sonra daha da cəsarətlə odun üstündən o tərəf-bu tərəfə sıçrayıb keçdim. Bu fakt həm də onu göstərirdi ki, yuxarıda misal gətirdiyim M.Eliadenin fikirlərindəki şamanları közərmiş kömürün yandırmaması ilə müqəddəs çərşənbə odunun bayram keçirənləri yandırmaması inamı üst-üstə düşür. Üstəlik, həmin məqamda bayram iştirakçıları "Odun sahibi" olan şamanlarsayağı şamanlıq aktına girmiş olurlar. Birbunlarla yanaşı, bu zaman od çərşənbəsi (ümumiyyətlə, çərşənbə odu) öz odu ilə insanları "ruha" çevirir, yəni ruha çevrilmə dedikdə insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc toplayır, daxilən arınıb-durularaq yeni mənəvi ab-havaya köklənir, sağlam ruha yüklənir.

Günəşi, odu həyat, dirilik mənbəyi hesab edən ulularımızın mifik dünyagörüşündən də bu, təsirsiz ötüşməyib. Azərbaycan mifoloji mətnlərindən birində deyilir: "Cinnər, əjdahalar Günün düşmənidirlər. Ona hücum edib boğmağa çalışırdılar. O zaman Günəşlə cinlər, əjdahalar arasında bərk dava düşür. Amma Günəş tək, cinnər, əjdahalar çox. Günəşin gücü bu davada tükənməyə başlayır. Onun qüvvəsi qurtardıqca cinnər, əjdahalar Günəşi daha da boğmağa çalışırlar. Günəşin tək olduğunu, boğulduğunu görən adamlar ona kömək etməyə başlayırlar. Adamların yerdəki hücumunu görən cinnər, əjdahalar qorxub tez Günəşi buraxırlar. O saat da qaçıb dağılışırlar. Davada Günəş çox boğulduğundan rənginə qızıl qan gəlir. Ona görə də Günəş tutulandan sonra rəngi qıpqırmızı olur".

Günəşlə bağlı animistik təsəvvürlər aydın görünür. Cinlər, əjdahalar qara qüvvələrin təmsilçisidirlər və işığın, nurun, odun daşıyıcısı olan Günəşə qarşı vuruşurlar. Bu zaman adamlar Günəşin tərəfinə keçməklə onu məğlubiyyətdən xilas edirlər. Mifoloji mətn Azərbaycan xalqının mifik təsəvvürünü əks etdirdiyindən, mətndəki adamlar da xalqımızı ifadə edir. Demək, xalqımız Günəşə, oda tapınmaqla onu dirilik mənbəyi hesab etməklə yanaşı, eyni zamanda Günəşin müdafiəçisi kimi çıxış edib, öz növbəsində Günəşi canlı simada təsəvvür edibonu yad qüvvələrdən qorumağa qalxıb. Bu mənada ilaxır çərşənbələrdən birinin Günəşə, Günəşin bəlgəsi sayılan oda bağlanması da xalqımızın bu kimi müqəddəs mifik baxışlarını ortaya qoyur.

Tədqiqatçı Kəmalə Osmanova "Xalq mərasimləri və nəğmələri" kitabında professor Azad Nəbiyevə istinad etməklə yazır: "Od çərşənbəsi əski görüşlərlə bağlıdır... Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan "Qodu Xan" nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərdilər... Adamlar tonqalın dövrəsində dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar:

 

Qodu Xan, Qodu Xan,

Söndürmə odu Xan.

At üstə od gətir,

Ulusa od gətir.

Sözü bal Qodu Xan,

Özü al Qodu Xan.

 

Qodu Xan daldadır,

Al atı yaldadır.

Don tikək Qoduya,

Arx çəkək Qoduya.

Sözü bal Qodu Xan,

Özü al Qodu Xan.

 

"Qodu" əksliklərlə, istiliklə əlaqədar olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Burdan apaydın görünür ki, Qodu iki əksliyin başlanğıcıdır".

Qodu nəğməsinin məzmunundan bir daha anlaşılır ki, Qodu öz mahiyyətində odu odu söndürə biləcək yağışı (suyu) əks etdirməklə əksliyin vəhdətini işarələyir. Bu da yenə birbaşa xaos-kosmos dünyalarının qarşı-qarşıya dayanmasını simvollaşdırır. Su ünsürü qışı, od ünsürü baharı (Novruzu) təmsil edir. Qışdan yaza keçid nöqtələrindən biri olan od çərşənbəsində Qoduya müraciətlə "Söndürmə odu, Xan" söylənməsi insanların yaz günəşinin bəlgəsi olan odun sönməməsi arzusunun inikasıdır. Amma eyni zamanda düşünəndə ki, bu zaman aralığı yeni həyatın gəlişi ərəfəsidir, bu ərəfədə odla su bu mübarizə zəminində həm birləşib birlik yaradır; yeni həyatın ilkin rüşeymlərini təşkil edib, odla su başlanğıcları olmaqla diriliyiyeni canın, yeni həyatın nüvəsini yaradırlar.

Yuxarıda oxuduğumuz od çərşənbəsi ritualının keçirilməsindən bir daha aydın olur ki, od çərşənbəsində məqsəd insanların od əldə etməsi, odu qoruyub saxlaması od-ocaqlarını yandırmaqla öz diriliklərini təmin etməkdir.

 

Şakir Albalıyev

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 2 mart.- S.15.