Qoy, bir də Xocalı olmasın...

 

Ermənilər tərəfindən törədilən Xocalı soyqırımının 29-cu ildönümü bütün dünya mediası və eləcə də dünyada yaşayan azərbaycanlılar tərəfindən bir daha ictimaiyyətə çatdırılıb, erməni terrorurun iç üzü açılıb. Xüsusən də Azərbaycan Prezidentinin fevralın 26-da Azərbaycanda akkreditə olunan xarici media mənsublarının iştirakı ilə mətbuat konfransı keçirməsi, ermənilərin terror siyasətini dünya ictimaiyyətinə dolğun və məntiqli formada çatdırması ermənilərə növbəti zərbə olub. Həmin mətbuat konfransından sonra dünyanın aparıcı media orqanları Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırıblar.

Alən Rumestanın müəllifliyi ilə “AgoraVox”da (Fransa) Xocalı soyqırımına toxunulub.

WorldMedcianın yazdığına görə, müəllif yazır ki, çoxları üçün Xocalı qətliamı hələ də qaranlıq səhifə olaraq qalır. Yalnız geniş məlumatı olanlar bilir ki, Xocalı hadisələri Fransada nasistlər tərəfindən törədilmiş Oradur-sür Qlan qırğınına bərabər faciədir.

Xocalı Azərbaycanda 1992-ci il Qarabağ müharibəsi zamanı müharibə cinayətlərinin törədildiyi yaşayış məntəqəsidir. Xocalı Ağdam-Şuşa-Xankəndi-Əsgəran yolunun üzərində yerləşir.

Hər il olduğu kimi, bu il də fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bütün Azərbaycan xalqı tərəfindən hörmətlə anılıb. Bununla da xalq onların unudulmadığını, bu milli yaranın köhnəlmədiyini göstərir. Bununla yanaşı, qətliamın günahkarlarının cəzalandırılması tələbi də səngimir.

Ermənistanla Azərbaycan arasındakı 2020-ci ilin sonunda baş vermis yeni müharibə noyabrın 10-da atəşkəs bəyannaməsinin imzalanması ilə başa çatıb. Nəticədə Ermənistan Azərbaycanın beynəlxalq hüquq tərəfindən də tanınan işağal olunmuş ərazilərini geri qaytarıb. Bundan sonra bölgəyə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib, atəşkəsə nəzarət olunması üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə BMT-nin baş katibi Antonio Quterreşin görüşündən sonra isə Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağda humanitar problemlərin həllində iştirakına qərar verilib.

Beləliklə, iki ölkə arasındakı zərərli qarşıdurmaya birdəfəlik son qoyulub.

Tarixi gerçəkliklərlə maraqlanan tarixçilər Xocalı qətliamı vaxtı hadisə yerində olmuş Qərb jurnalistlərinin və fotoqraflarının, həmçinin qırğından sağ çıxa bilmiş insananların ifadələrinə əsaslana bilərlər.

Ermənistan ilə Azərbaycan arasında münaqişə hərbi mərhələyə Sovet İttifaqının süqutu ilə yaranmış qeyri-sabitlik nəticəsində 1991-ci ilin sonu, 1992-ci əvvəllərində qədəm qoymuşdu. O zaman millətçi qruplar və keçmiş Sovet İttifaqı silahlı qüvvələrinin alayı tərəfindən dəstəklənən Ermənistan Dağlıq Qarabağda döyüş əməliyyatları apararaq, ermənilərlə azərbaycanlıların yanaşı yaşadıqları Azərbaycan bölgəsinə iddia etməyə başlamışdı. Bir müddət sonra Ermənistan silahlı qüvvələri Xocalının ətrafındakı yaşayış məntəqələrini bombalamağa başlamışdı. Məsələ ondadır ki, bölgənin yeganə hava limanı Xocalıda idi və bu üzdən o, ölkədaxili nəqliyyat və kommunikasiya əlaqələri üçün vacib strateji əhəmiyyət daşıyırdı. Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlı qaçqınlar da bu rayonda məskunlaşmışdılar.

1992-ci il fevralın 25-də – qışın şaxtalı vaxtında Xocalının (əhalisi 7 min nəfər) ölkənin digər hissəsi ilə əlaqəsi tam kəsilmişdi. Artıq insanlar oranı dağlar vasitəsilə tərk etməyə çalışırdılar. Lakin fevralın 26-na keçən gecə Xocalıya hücum başlayıb. Bu zaman dağ yolları ilə qaçmağa çalışan dinc sakinlər də güllələnib. Erməni silahlı qüvvələri şəhərdəki evləri mühasirəyə alıb, dağıdıb, canını qurtarmaq istəyən sakinləri qətlə yetirib.

Həmin gecə 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, ümumilikdə 613 mülki şəxs amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xocalı bir gecədə tamamilə darmadağın edilib. Məhkəmə ekspertizaları, yerində toplanmış çoxsaylı şahid ifadələri cəsədlər üzərində amansız işgəncə izlərinin olduğunu təsdiqləyib. Ermənilərin milli qəhrəmanı Monte Melkonyan sonradan Xocalının onlar üçün strateji hədəf, şəhərdə törədilənlərinsə intiqam aktı olduğunu etiraf edib.

Azərbaycan tərəfinin 2008-ci ilin mayında start verdiyi “Xocalıya ədalət!” kampaniyasının məqsədi törədilmiş bu cinayətlərin cəzasız qalmaması, eyni zamanda, belə dəhşətli hadisələrin bir daha təkrarlanmamasıdır. Bunun üçün isə beynəlxalq ictimaiyyəti bu faciə haqqında məlumatlandırmaq vacibdir.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Xocalıda törədilmiş qətliamın müharibə cinayətləri və insanlıq əleyhinə cinayət olduğunu 2010-cu ildə bəyan edib. 2012-ci ildə isə Avropa Şurası Parlament Assambleyası dünyanı Xocalı soyqırımını qınamağa çağırılıb. Amma nəticə yoxdur. Yəni o vaxtdan uzun zaman keçməsinə baxmayaraq, Fransa və Avropa siyasətçiləri Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi olan bu faciə ilə bağlı hələ də konkret fikir bildirmirlər. Halbuki, tarixi gerçəkliyi etiraf etmək dərin yaraların sağalmasına, iki ölkənin qanlı keçmişi unudaraq gələcəyə baxmasına imkan yarada bilər.

Etnik şovinizm, milli dözümsüzlük, təcavüz, nifrət və qarşıdurma siyasəti, terror və barbarlıq aktları çoxsaylı beynəlxalq qurumlar tərəfindən pislənilib. Qoy, dinc yaşamaq hüququ, təhlükəsizlik hüququ, xoşbəxtlik hüququ daim qalib gəlsin.

Qoy, bir də Xocalı olmasın...

Renat Abdullin isə “NEWS.ru”da (Rusiya) yazır ki, Xocalı şəhərində məlum faciəni törətmiş erməni hərbçiləri hərbi cinayətkarlardırlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bir daha bəyan edib. Həmin gün Azərbaycanda və onun hüdudlarından kənarda 1992-ci il hadisələri ilə bağlı anım tədbirləri keçirilib.

Azərbaycanda və bir sıra digər ölkələrdə soyqırımı kimi qiymətləndirilən Xocalı qırğını Bakı üçün Qarabağ münaqişəsinin ən ağrılı epizodudur. Vəziyyəti mürəkkəbləşdirən odur ki, Yerevan israrla hər hansı kompromis qərar tapmaq, daha dəqiqi, günahkarları cəzalandırmaq istəmir.

Yerli və xarici jurnalistlər qarşısında çıxış edən Əliyev erməni hərbçilərinin qəddarlıqlarını xatırlatmaqla yanaşı bildirib ki, Xocalı qətliamında iştirak edənlərin bəziləri İkici Qarabağ savaşında məhv edilib.

“Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilib. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb”, - deyə Əliyev bildirib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-na keçən gecə baş verib. Dağlıq Qarabağ ərazisində yerləşən və həmin vaxt əsasən azərbaycanlıların yaşadığı şəhər erməni silahlı birləşmələrinin şiddətli hücumuna məruz qalıb. Hücuma hazırlıq uzun müddət gedirmiş. 1990-cı ildə mərkəzi Sovet hakimiyyətinin zəiflədiyini görən Ermənistan rəhbərliyi bu kiçik yaşayış məntəqəsinə təzyiqi artırırmışdı. Yerevanın Xocalı üzərində nəzarəti ələ almaq istəməsinə səbəb onun əlverişli strateji mövqeyi idi – Qarabağ ərazisindəki yeganə hava limanı məhz burada yerləşirdi. Üstəlik, bir neçə vacib magistra da bu şəhərdə kəsişirdi.

1991-ci ildə erməni tərəfi şəhərin elektrik enerjisini kəsmiş, nəticədə Xocalı sakinlərinin bir hissəsi evlərini tərk etmişdi. Lakin əhalini kütləvi şəkildə təxliyə etmək mümkün olmamışdı.

1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri şəhərə hücuma keçib. Hücumun təfərrüatları indiyədək bir tərəfdən Ermənistanın, digər tərəfdən isə Bakı və hüquq müdafiəçilərinin mübahisə mövzusudur. Məsələn, hüquq müdafiəçiləri qeyd edirlər ki, erməni hərbçiləri yuxarıdan əmr almadan, özbaşına hərəkət ediblər.

Hücumun nəticələri onun qəfil baş verməsindən daha dəhşitli olub: rəsmi məlumata görə, şəhərdə 613 nəfər (əsasən dinc sakinlər) qətlə yetirilib. Öldürülənlər arasında yaşlılar, qadın və uşaqlar var. Hadisə zamanı 400-dən çox insan yaralanıb.

Bakı baş verənləri soyqırımı kimi qiymətləndirir. Meksikadan tutmuş Çexiyaya qədər bir sıra ölkələrin müvafiq parlament komitələri də eyni fikirdədir. ABŞ-da ənənəvi olaraq güclü erməni lobbisinin mövcudluğuna baxmayaraq, iyirmidən artıq ştat baş verənləri yerli səviyyədə soyqırımı kimi tanıyıb. Buna baxmayaraq, məsələn, beynəlxalq instansiyadarın müzakirəsinə çıxarılmış keçmiş Yuqoslaviya ölkələrindəki hərbi cinayətlərdən fərqli olaraq, Xocalı hadisələri indiyədək dünya səviyyəsində ətraflı araşdırılmayıb.

Faciə ətrafındakı belə qeyri-müəyyən vəziyyət bütövlükdə Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyişə mane olan ən böyük amillərdəndir. 1992-ci ilin fevral hadisələrindən sonra Xocalıya tam olaraq ermənilər yerləşib, şəhərə qəddar hücuma görə cavabdeh şəxslər isə mühakimə olunmayıb.

İllər keçdikcə problemin həlli perspektivləri daha dumanlı görünür. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan birqayda olaraq, Xocalı faciəsi mövzusundan yayınır, ona qarşı mübarizə aparan və son zamanlar səsi daha möhkəm gələn “Qarabağ klanı”nın isə hakimiyyətə qayıtdığı təqdirdə bu məsələ ətrafında dialoqa getməyəcəyi dəqiqdir. Görünən odur ki, məsələdə beynəlxalq birlik öz rolunu oynaya bilərdi. Lakin 2020-ci ilin payızında baş vermiş hadisələr göstərdi ki, beynəlxalq birlik kiçik istisnalarla, iş görməkdən daha çox danışmağa üstünlük verir.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2021.- 4 mart.- S.9.