Vətən sevgisinə tapınan dağlar oğlu

 

Samir Teyyub oğlu Şükürov doğma Azərbaycana, öz xalqına ürəkdən bağlı olan, Vətən torpağının hər qarışını canından əziz bilən əsil yurd qeyrətli oğul idi. Elə bu munis dəyərlərdən qəlbinə hakim kəsilən ilahi bir sevgi Samiri Vətən müharibəsində, haqq savaşımızda şəhidlik zirvəsinə ucaltdı. Və onun kimi qəhrəman Vətən övladların qanı, canı hesabına 30 il düşmən əlində dustaq qalan müqəddəs, əzəli yurd yerimiz Qarabağ azad olundu. Qazanılan zəfər həm də xalqımızın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu zəfərdə payı olan, 1974-cü ildə dağlar diyarı Lerik rayonun Kəlvəz kəndində dünyaya göz açan Samir isə böyük bir millətin qürur mənbəyinə çevrildi...

Orta təhsilini başa vurduqdan sonra Samir Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınır. Vətənpərvərliyi, qeyrəti, insanlığı, mənəvi zənginliyi, həyat eşqi onu qısa müddət ırzində əsgərlərin, komandirlərin yanında başıuca edir. Samir Vətənin müqəddəsliyinə tapınaraq onun torpağını, daşını göz-bəbəyi kimi qoruyur. Samir xidmətini başa vurduqdan sonra Ali Hərbi məktəbə daxil olur. Burada təhsil aldığı vaxtda sağlam əqidəsi, xalqına, dövlətinə sədaqəti ona hörmət gətirir. 6 illik mükəmməl təhsildən sonra leytenant rütbəsi alır. Təbii ki, Samiri qarşıdan gözəl günlər gözləyirdi. Onun üçün isə ən böyük xoşbəxtlik cənnətməkan Qarabağı azad görmək idi. Elə bu, istəklə Birinci Qarabağ müharibəsində fəal iştirak edir, müxtəlif istiqamətlərdə erməni dığalarına qarşı göstərdiyi yüksək şücaət və qəhrəmanlıqlar dillərdə dastana dönür. Vətən torpaqların düşmən ayaqları altında qalmasın deyə, hər an sinəsini güllə qabağına verməyə hazır durur. Səngərə, döyüşə ürəklə gedir, verilən hərbi tapşırıqları layiqincə yerinə yetirir. Nümunəvi xidmətinə görə baş leytenant rütbəsinə layiq görülür.

Samir Şükürov 1997-ci ildə ordudan ehtiyata buraxılır. Amma ürəyi hər zaman olduğu kimi Vətən eşqi ilə döyünür. Ailə həyatı qurur. Mənəvi təmələ, pak niyyət və arzulara tapınmış halal ocağında övladları dünyaya göz açır. Lap kiçik yaşından zəhmətə alışan Samir Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaşıllaşma sahəsində baş usta vəzifəsində çalışır. İşinə məhəbbətlə yanaşır, xeyirxahlığı, başqalarına diqqət və qayğısı gözlərdə işığa dönür.

27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman baş leytenant Samir Şükürov Vətəni öz qanı bahasına yaşadan igid oğlanlardan biri olur. İşğal altında olan Azərbaycana məxsus doğma torpaqlarda hünərlə döyüşür, böyük qəhrəmanlıq və şücaət göstərir. Dağlar diyarının igid oğlu noyabr ayının 8-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Qəhrəmanın ölümü ağır olsa da, Azərbaycan Ordusu zəfər çaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Samirin ən böyük arzusu da elə bu idi...

Şəhidin həyat yoldaşı Zümrüd xanımı qürurlu gördüm. Samir haqqında belə dedi: “Samir Vətənini canından artıq istəməklə yanaşı, ailəsinə qarşı da həssas münasibət bəsləyirdi. Vətənpərvərliyi adamda qibtə yaradırdı. Çox mehriban ömür sürdük... Qəlbi sevdalı, özü isə qətiyyətli, cəsarətli idi. Samirin həyat yoldaşı olduğum üçün həmişə fəxr etmişəm. Ondan mənə 3 övlad əmanət qaldı. 2 oğul və 1 qız. Övladları Samirin öz Vətənindən ötrüetdiyini bilir, həyatda ona bəzəmək istəyirlər. Həm də ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Vətən müharibəsi iştirakçısı", "Xocavəndin azad olmasına görə" və "Vətən uğrunda" medalları onun keçdiyi şərəfli yolun nişanələridir . Onu da deyim ki, Samirim Vətənin hər qarış torpağını canından əziz bilirdi. Hazırda Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyuyur. Qərar tutduğu məkan isə əlçatmaz göylərdir...”

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq Cəbhəsi.- 2021.- 6 mart.- S.5.