Ulduz sayaraq gözləmişəm hər
gecə yarı…
1-ci yazı
Könüllər sultanı Şəhriyarın bir gecədə yazdığı sevgi romanı – “Behcətabad xatirəsi” onun zəngin yaradıcılığının şah əsərləri olan “Heydərbabaya salam” və ”Səhəndim” poemalarından sonra ən məşhur əsəridir, - desək, yanılmarıq. Şairin Azərbaycan türkcəsində qələmə aldığı “Behcətabad xatirəsi” qəzəlinin yazılma nədənləri də çox ilgincdir.
Tehran Tibb universitetinin cərrahiyyə fakültəsində təhsil aldığı illərdə Şəhriyar Sürəyya adlı bir qıza vurulur. Hətta eşqi uğruna, onun yaşadığı Behcətabad məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə şeirlər də yazır. Müsahibələrindən birində “Behcətabad xatirəsi” qəzəlinin yaranma dönəmini və sevgilisinin ailəsinin ona xüsusi rəğbət və ehtiram göstərdiklərini xatırlayaraq deyir: “O, mənim gənclik dövrümün şeiridir... Şeri yazdığım qız sinif yoldaşlarımdan birinin bacısı idi. Bəzən onların evlərinə gedərdim. Nəcib, ədəb-ərkanlı bir gənc olduğuma görə, yadımdadır ki, valideynləri həmişə mənə deyərdilər: - Bu qız sənindir! Aramızda sıx ünsiyyət və ülfət yarandıqdan sonra, o zamankı dövlətin məmur ailələrindən biri sevgilimi zor gücünə əlimdən aldı, özümü də Nişapura sürgün elətdirdi...”
Gerçəkdən də Sürəyyanın
ata və anası aydın fikirli, həssas ürəkli Şəhriyarı
çox sevirmişlər. Xatirələrindən məlum olur
ki, hətta onlar gənclərin həqiqi sevgisinə tərəfdar
imişlər və qızlarının gənc şairlə
görüşüb həmsöhbət olmasından heç
bir narahatlıq hissi keçirmirmişlər. Sürəyyanın
atası dövrünün imkanlı adamlarından idi və
şah ordusunun polkovniki rütbəsini
daşıyırdı. Hər ilin isti yay günlərində
ailəsini yaylağa, səfalı dağların qoynuna
köçürər, doğmaları ilə birlikdə
istirahət edərmiş. Şəhriyar Tehran Universitetinin III kursunda oxuyarkən
yay çox isti keçirmiş. Sürəyya
şairdən xahiş edir ki, sən də icazə al,
yaylağa, ata-anamın yanına gedək. Şair
Sürəyyanı yaylağa yola salır. Özü dərslərindən geri qalmamaq
üçün getmir. Lakin dostları onun
günü-gündən saralıb-solduğunu, səbrü-qərarını
itirərək sevgilisinin ayrılığına dözə
bilmədiyini görür və universitetin rektorundan izn
alırlar ki, aşiq öz sevgilisinə qovuşsun.
Uzun yol gələn Şəhriyar yaylağa çox
yorğun və üzgün halda yetişir. Evin pəncərəsindən
sevgilisini əlində setar “Şur” muğamını
çaldığını gördükdə
duyğuları cuşa gəlir. Onu da qeyd
edim ki, setar çalmağı Sürəyya- Pəriyə
şair özü öyrətmişdi. Ayrılıq,
intizar çəkən aşiqin aylı gecə, sərin hava
və “Şur”un həzin nalələrinə qarışan
ürək çırpıntıları onu “Suzi saz” qəzəlini
yazmağa sövq edir. Qəzəlin ərsəyə gəlməsi
ilə bağlı şairin özünün romantik
açıqlaması çox təsirlidir: “Pəri gecənin
qaranlığında, işıqlı otaqda, pəncərənin
qabağında, setar əlində “Şur” muğamını
çalırdı. Göylər qızı
ayın gözəl mehtabı, ürəklər ovlayan o yerlər
pərisinin baxışları, mənim narahat qəlbimin, təbimin
çeşməsini göz yaşlarımın
irmaqlarının mirvariləri ilə həmqafiyə elədi.
Cəmi bir neçə dəqiqə ərzində bu qəzəli
yazdım və uca səslə “Şur dəstgahı”
üstündə oxudum:
O sazda bir
can yandıran nəğmə səsləndir, bu gecə,
Ta ki, mənim
qəlbimin göz yaşından olan
Düyününü açsın, bu gecə.
Sürəyya otağında sevgilisinin səsini
duyar-duymaz pəncərəni açaraq həyətə
atılıb özünü ona yetirmək istəyir. Şəhriyar
yalvararaq qızı çılğınca hərəkət
etməkdən çəkindirir. Az
keçmədən Sürəyya ata-anası ilə birlikdə
gənc aşiqi qarşılamağa çıxır və
təkidlə onu içəri aparırlar. Şair
xatırlayır ki, “evdə polkovnikin bir neçə dostu
oturub səmimi söhbət edirdilər. Atası
zövq və hal əhli idi. Çox vaxt
dostları ilə birlikdə məclis qurar, müxtəlif
mövzulardan söhbət açaraq vaxtlarını xoş
keçirərdilər. Mən də
onlarla bir çox mövzuda söhbət etdim. Lakin sevgilimlə yalnız qalmaq üçün səbrim,
hövsələm daralır, tələsirdim. İstəyirdim ki, qonaqlar tez getsinlər. Sürəyyanın anası vəziyyəti çox
tez anladı və bəhanə ilə qonaqları eşiyə
çıxardı. Mən bu anların təsiri
altında “Odda yanan pərvanə” şeirimi yazdım.
Biz bəxtəvər aşiqlər heç
ağlımıza da gətirmirdik ki, düşmən əleyhimizə
plan cızır və qarşıda müsibətli günlər
bizi gözləyir…”
Şəhriyarın
ağlına gətirmədiyi bəlalar başına gəlir...
Hər iki gənc hakim rejimin qurduğu tələyə
düşür. Bəzi tədqiqatçılar Şəhriyarın
təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin
səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə
bağlayırlar (Ancaq bu, bir həqiqətdir ki, şairi
Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi
ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə
baş verə biləcək xalq hərəkatının təkanverici
qüvvələrindən birini aradan götürmək məqsədi
güdən hakim dairələr Sürəyya-Pəri
kartından istifadə etmişlər. Çünki
söylənilənlərə görə, gənc Şəhriyar
Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə
kütləvi iğtişaşlarda iştirak etmiş, hətta
ölümdən qurtulub). Belə ki, Rza
şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyanı
sevib və Şəhriyarın öz yolunun üstündə
maneə olacağından ehtiyatlanaraq vəziyyətdən
çıxış yolunu onu Tehrandan uzaqlaşdırmaqda
görüb. Nəticədə
başı qeylü-qallı aşiq Xorasan vilayətinə –
Nişapura sürgün olunur.
Belə ki, Əhməd Kavianpurun yazdığına
görə, Şəhriyar 1929-cu ildə Tehran Universitetinin V
kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki
“Sipəh” xəstəxanasında təcrübə
keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın
müdiri-baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında
bir sərqud-minbaşının məni gözlədiyini
gördüm. Rəis narahat idi.
Minbaşı-mayor dedi ki, sənnən işimiz var və məni
Dəjban həbsxanasına apardılar. Rza
şahın vəziri Əbdülhüseyn Teymurtaş həbsxanadakı
məmurlara deyibmiş ki, məni orada öldürsünlər.
Pərinin anası onların məni həbs
etdiyini bildikdə, üz-gözünü cırıb,
çox ağlayıb-sıtqayıb. Teymurtaşa
yalvarıb ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə
çalışırsınız? Cəddi bizi tutar, əlinizi
qana batırmayın! Teymurtaş isə “onu bir şərtlə
öldürmərəm ki, Tehrandan çıxıb getsin, -
cavabını verib. Ustad söyləyir ki,
Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi
Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var
idi, hər şeydən xəbərdar idi. Şahın vəziri olan bu cəllad qumarbaz və
şəhvət düşgünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın
onun əlindən qurtula bilməzdi. Məqsədinə
çatmaq üçün hər vasitəyə əl
atardı. 1933-cü ildə rüşvət
aldığına görə günahlandırılır və
açıq məhkəmə, divan qurulur. Əfv olunması üçün elə də canfəşanlıq
etmir, bir-iki dəfə ağlayır, ancaq bu cəhdlərin
bir köməyi olmur, zindana salınır. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənərək
öldürülür. Onun faciəli
ölümünü səktə-infarktdan olub kimi qələmə
verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş
çox qüdrətli, güclü adam
idi, necə oldu ki, öldü?
Cavabında:
“Onu mənim cəddim öldürdü. Bəxti
gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət
məclislərinə çıxası halda deyildi. Məqam
sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz
yetirdi, sonu da belə oldu...” – dedi.
Şəhriyar üçün canı qədər
sevdiyi Pərisindən ayrılmaq ölümdən betər
idi.
Universitetlə üzbəüz kirayələdiyi iki otaqlı
mənzildə ona ev işlərində təmənnasız
olaraq kömək edən yeniyetmə Lalə deyirmiş ki, bir
gün Pəri gəldi, tələsdiyi üçün tez də
qayıtdı, köynəyini (Köynəyin
qumaşını, yəni, ipəyini Şəhriyar
alıbmış) də apardı və dedi ki, mən olmayanda
bu köynəyin qoxusu Şəhriyara əzab-əziyyət
verər, saat 9-da yenə gələcəm. Şəhriyar
axşam saat 9-dək gözlədi. Lakin Pəri
gəlmədi. O, mənə dedi ki, qapını, pəncərələri
aç, boğuluram, havam çatmır. Çöldə
bərk külək əsirdi. Güclü külək
otaqdakı şamı söndürdü.
Şəhriyar dedi ki, bu, pis hadisənin əlamətidir, hər
şey bitdi. Mən şamı yandırmaq
istədim, lakin Şəhriyar qoymadı. Pəri gəlsə
yandırarsan, - dedi. O, gəlmədi və şam səhərədək
yandırılmadı.
Ancaq sönən şamın (çırağın) əvəzində
Şəhriyar adlı əbədi yanar poeziya günəşi,
sönməz çıraq parladı. Qara sevdalı şair
bütün gecəni döşəmədə sərilərək
sel kimi göz yaşları axıdır. Bəlalı
aşiq eşqinin sorağında çox gəzib-dolaşır,
lakin Pərisinə qovuşa bilmir. Hər yerdən əli
üzülən dərdli şair Allaha pənah aparır,
olacaqları onun gərdişinə, kərəminə
buraxır, dərgahına üz tutub yalvarır: - “Yusifi Həzrət
Yəquba yetirib dünya işığına həsrət
qalmış gözlərini açan Allah, mənim də
sevgilimi özümə qaytar!”
Əlacsız qalan Şəhriyar Pərinin anası ilə
görüşür və göz yaşları içərisində
ona yalvarır ki, axırıncı dəfə sevgilisini
görmək üçün bir tədbir görsün. Aşiq
şairin göz yaşları ananı yumşaldır. Onların son dəfə görüşüb
vidalaşmaları üçün Behcətabad parkına gəlməsindən
ötrü Sürəyyaya şərait yaradacağına
söz verir. Lakin ana sözünə əməl
edə bilmir, düşmən daha ehtiyatlı, ayıq tərpənir.
Sevgilisi ilə görüşüb onu
qaçıracağını düşünən Şəhriyar
isə sübhə qədər Behcətabad parkındakı
gölün kənarında, çinar ağacının altında
gözləyir, ancaq Sürəyya gəlmir. Eşqin
düşmənləri daha ayıq tərpənir və
vüsala aparan yolları şairin üzünə
bağlayırlar. Sonucda o, Nişabura
sürgünə, Sürəyya isə Rza şah Pəhləvinin
yaxın qohumu Çıraqəli xan Pəhləviyə
(Əmir Əkrəm) ərə verilir.
Həmin gecənin üzücü iztirablarını, nalə çəkən qəlbinin ağrısını “Behcətabad xatirəsi” adlı həsrət yüklü qəzəlində əks etdirir və bu nakam, uğursuz məhəbbətinə ana dilində əbədi abidə ucaldır. “Behcətabad xatirəsi” aşiqini həsrətin əlindən dad çəkərək gözləyən şairin hər dəqiqəsi il qədər uzanan uzun intizar anlarının diqtəsi ilə bir gecədə yaranmış eşq dastanı, ən hüznlü gününün yadigarıdır. On dörd beytdə yaşayan əfsanə-ağrılı həyat hekayəsi artıq doxsan ildir ki, çağdaş dövrün oxucusuna sevgi dərsi verir, könülləri ehtizaza gətirib ürəkləri qana döndərir. “Yəqin ki, Şəhriyar nə həmin gecəni yaşamaq, nə də bu qəzəli yazmaq istərdi...“
Şəhriyar yaşadığı öləsiyə sevginin, həmin gecə çəkdiyi eşq acısının, yumşaq desək, təsəllisini ata-babalarımızın, müdrik nənələrimizin yaratdığı yangığı bayatılarda tapır. Bu, şifahi xalq ədəbiyyatı örnəkləri ilə qoşalaşma-folklorik deyimlərlə şair sözünün üst-üstə düşməsi, bir az da konkretləşdirsək, səsləşməsidir:
Əzizim məni tapar,
Dərd gələr məni tapar.
Göydən bir bəla gəlsə
Axtarar məni tapar
- bayatısındakı məna yükünü eynilə, ancaq yaradıcı sənətkar yanaşması ilə mükəmməl, dolğun, məzmun və formanın vəhdətini klassik poeziya qəlibində - “Behcətabad xatirəsi” adlı qəzəlində yaratdığını görürük.
Esmira Fuad
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.-
2021.- 13 mart.- S.14.