Ulduz sayaraq gözləmişəm hər
gecə yarı…
2-ci yazı
Görüşünə gəldiyi sevgilisi vədinə əməl edə bilmir. O, isə bütün gecəni göydəki ulduzları sayaraq öz Pərisinin yolunu gözləyir. Artıq hamı yatıb, şirin yuxudadır, göydə bir uca Yaradan oyaqdı, yerdə isə bəlalı Şəhriyar… Səhərin açılmasından da qorxur, dan ulduzuna yalvarır ki, çıxmasın, birdən sübh açılar, hər tərəf işıqlanar, sevgilisi onu görəcəklərindən ehtiyatlanaraq görüşünə gəlməz. Səhərə isə lap az qalıb. Bəxtini qınayır, ana təbiəti günahlandırır ki, eşqin vəfası olmadığı halda, nədən yaratdıqlarını sevmək, eşqə düşmək bəlasına mübtəla edir? Rəmzi mənada ifadə etsə də, eşqindən əli üzülən aşiqin mənən öldüyünü ifadə edir və izahını verdiyimiz bu üç beytin sonucunu açıqlayır. Təbii ki, bütöv bir eşq, nakam bir sevgi hekayətini bircə qəzəldə ifadə etmək Şəhriyara məxsus yüksək sənətkarlıq qüdrətinin parlaq təzahürüdür:
Sanki
xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə
ürək varsa, kəsib qırdı damarı,
Rişxəndlə
qurcandı səhər, söylədi durma,
Can qorxusu
var eşqin, uduzdun, bu qumarı...
Şəhriyar
sələfi Füzuli kimi pərvanə və şəm,
Leyli və Məcnun obrazlarını çox sevmiş, bəlkə
də özünü pərvanə tək sevdiyinin –
odun-alovun yolunda qurban verərək cismən yox olsa da, ruhən
Tanrısına – əbədi sevgiliyə qovuşan fədàkar bir aşiqlə
müqayisə edir, yaxud da eyniləşdirir. O da sevdiyinin
hicranında Behcətabad gölünün sahilində
bütün gecəni gözləyir, fəqət
görüşünə gələ bilməyən Pərinin
vüsalına bağlanan ümidlə reallıq
arasındakı məsafə – zaman azaldıqca aşiq
şairin səbrü-qərarı da anbaan kəsilir, nəhayət
sübhün açıldığı an ümidin son
işartısı da sönür. Şair eşq və özləm
dolu ürəyini sanki səhərin aydınlaşmaqda olan
işığına çırpır:
Gəlməz
tanırım bəxtimi, indii ağarar sübh,
Qaş
böylə ağardıqca, daha baş da ağarı,
Sanki xorucun
son banı xəncərdi soxuldu,
Sinəndə
ürək varsa, kəsib qırdı damarı…
Yaşadığı məhrumiyyətlər, nakam
eşqin ağrı-acıları, mənsub olduğu
xalqın və ölkənin sosial-siyasi, mənəvi
böhran içərisində çəkdiyi əzablar Şəhriyarın
da həssas qəlbini yaralamış, “gününü”
qaraltmışdı. Xalqın sevincini öz sevinci, kədərini öz kədəri
kimi qəbul edən, əsas vəzifəsinin milli problemləri
və mənəvi ehtiyacları poeziyada əks etdirmək
olduğunu düşünən şair əmindir ki, xoşbəxt
olmayan xalqın övladı, xoşbəxt olmayan
qadının hüquqsuz həyat yoldaşı, xoşbəxt
olmayan ölkənin vətəndaşı, şairi
özünü xoşbəxt saya bilməz, rəngi
saralıb solar, canı üzülər. Bu qənaətinin
diqtəsi ilə bir çox əsərində
özünü “qaragün”, “qarabəxt” kimi təqdim edir:
Oldum
qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdi edən rəngimi sarı.
“Behcətabad
xatirəsi” qəzəlindəki:
Gözlər
asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış
qulağım gör nə döşürməkdədi
darı, -
bəndində də “gözlər asılı” və “batmış
qulağım” kəlmələri sözün məcazi mənasında
işlənib. Çünki gözün
asılı olması və qulağın batması fikrin həqiqi,
dəqiq ifadə forması deyil. İnsanın
gözü deyil, özü kimdənsə asılı ola bilər və ya insanı işlədiyi
bağışlanmaz cinayətə görə dar
ağacından asa bilər, yaxud insan, maşın, ev,
ümumiyyətlə, hər hansı bir əşya, canlı
varlıq bata bilər, ayrıca qulağın batması isə
mümkün deyil. Şəhriyarın bu beyti
xalq arasında geniş şəkildə işlənən
“Qulağı darı dəlir” məsəlini də yada
salır. Sevgilisini gözləməkdən gözlərinin
kökü saralan şair günahı qulağında
görür, bir növ özünü nifrinləyir, yəni
batmış, kar olmuş qulağım gör nə
döşürməkdədi darı ki, heç bir səs-səmir,
xışıltı-mışıltı eşitmir... Yeri gəlmişkən,
onu da deyək ki, döşürmək (tez-tez, nəfəs dərmədən,
acgözlüklə yemək) sözü müasir ədəbi
və canlı xalq danışıq dilində işlək
deyil, ancaq xalq dilinin bütün ehtiyat qüvvəsinin məhz
şeir vasitəsilə üzə
çıxarıldığını gözəl bilən
şair “Şatır oğlan “Ağa Mirsadığın
xeyratı” və s. əsərlərində həmin kəlməyə
də poeziyada yaşam haqqı qazandırıb.
Şeirdə misraların, nəsrdə isə cümlələrin
başında eyni söz və ifadələrin, yaxud eyni
sintaktik quruluşun təkrarı yolu ilə yaranan bədii
ifadə tərzidir. Sözişlətmə üsulu ilə
yaradılan təkrirdir. Təkrir şairin
istedadının zəifliyini, təxəyyülünün məhdudluğunu,
təfəkkürünün və söz ehtiyatının
kasadlığını göstərən və mənfi
keyfiyyət sayılan gərəksiz təkrarçılıq
deyil, əksinə, şeirə gözəllik, ahəngdarlıq
verən, bədii əsəri mənaca daha da dərinləşdirən,
onun dilini, üslubunu daha da qüvvətləndirən bədii
ifadə vasitəsidir. Həm klassik, həm də
çağdaş Azərbaycan poeziyasında məharətilə
yaradılan təkrirlər yüksək sənətkarlıq əlaməti
kimi qiymətləndirilib:
Qorxum
budu, yar gəlməyə, birdən yarıla sübh,
Bağrım
yarılır, sübhüm açılma, səni tarı!
Dan ulduzu
istər çıxa, göz yalvarı çıxma!
O
çıxmasa da ulduzumun yoxdu çıxarı...
“Behcətabad xatirəsi” qəzəlindən gətirdiyimiz
birinci təkrir nümunəsində qeyri-adi poetik ustalıq
özünü bir daha daxili qafiyələrin qurulmasında
göstərir. “Yar-yarıla, çıxa-çıxma,
çıxmasa-çıxarı”
qarşılaşdırmasının hər birində daxili
qafiyəni söz kökləri qurur.
Şəhriyarın
Pərinin xahişi ilə qələmə aldığı həmin
qəzəl isə “Qocalıq eşqi” adlanırdı:
Kirpiklərinin
ilməsi zülfünün buruğundan elə tel qoparıb
ki,
Bəlkə
parçalanmış qəlbimi göziyəsən, ey Pəri!
Ruhunu məngənə tək sıxan mənəvi
böhranı xəstəlik daha da dərinləşdirir. Ruhi-psixoloji durumu ilə
bağlı şairin özünün etirafları onun
hansı zor dönəmlərdən keçdiyinin
kanıtıdır: “Hicri-şəmsi tarixi ilə 1320//1941-ci
ilin şəhrivər ayında mənim xəstəliyim,
ümidsizliyim və tənhalığım başladı. Dərd
və işgəncə yatağında anam mənə qulluq
etməsəydi və fiziki cəhətdən qüdrətimi
özümə qaytarmasaydı, çox gec ola
bilərdi. Onun mənə qulluq, şəfqət
və mərhəməti ilə sanki həyata yenidən
qayıtdım. Əllərim anamın əlində
keçmiş şirin xatirələr daxilimdə gizli bir
büsat yaradaraq təskinlik və təsəlli şərabını
ruhuma axıtdı. Mənim xəstəliyim
ruhumda yeni ruhi dəyişikliyin müqəddiməsi idi ki,
bütün dünya nemətlərindən bezirdim, çox
şeylərdən imtina edirdim. Hətta anamı da
unudurdum...”
Beləliklə də şair bir müddət Tehran Dövlət xəstəxanasında ciddi müalicə kursu keçməli olur. Müalicə müddətində onun xəstələndiyini eşidən Pəri onun görüşünə gəlir. Həyatının ən çətin və böhranlı anlarında onun yanında olan sadiq dostu Böyük Nikəndiş Nobər isə bu hadisələrlə bağlı şairin öz dilindən eşitdiklərini “Şəhriyar və sehrkar şahid” adlı xatirə yazısının I hissəsində qeyd edir: “Şəhriyar sevdiyi Pəridən məcburiyyət qarşısında ayrılandan sonra onunla bir neçə dəfə görüşüb, dəfələrlə ondan məktub alıb. Pəri məktublarından birində yazırdı: “Şəhriyar, şəklini bir dərgidə gördüm, çox zəifləmisən, yaman narahat oldum, dedim: - Xudaya, bu mənim qəlbimi verdiyim adamın şəklidir! Bu həmin Şəhriyardır? Bu, 40 il əvvəl Tibb universitetinin tələbəsinin nəcib çöhrəsidir? Mən yuxumu görürəm? Çoxlu göz yaşı axıtdım. 40 il bundan öncəki xatirələrim gözlərimin önündə canlandı. Təmkinimi itirdim, kiçik qızım Süheyla məndən soruşdu ki, ana, nə üçün ağlayırsan? Dedim: - Əzizim, əldən getmiş, itirdiyim gəncliyim və o dövrün heç bir zaman unudulmayan xatirələri üçün ağlayıram...
Mən sənin şəklinə baxır və öz-özümlə danışırdım: Görəsən, sən həmin Şəhriyar, mən isə həmin qızammı ki, bir gecə məni yola salmaq istəyirdin. Evimizin qapısına çatan kimi dedim, qoymaram geri tək dönəsən. Gərək birlikdə gedək və səni evinizə ötürüm. Evinizin yanına çatdıq, bu dəfə sən dedin ki, gecənin bu vaxtı bir qızın tək getməsi düz olmaz. Yenidən sən məni evimizin qapısınadək müşayiət etdin. Ancaq mən ayrılmağı qəbul etmədim, bu dəfə səni evinizə çatdırmaq üçün qayıtdıq. O qədər gedib gəldik ki, bir də gördük səhər açılıb, amma nə sən mənzilə çatmısan, nə də mən evimizə. Yadındadırmı, o gün evə vaxtında qayıtmadığıma görə atam və anam nə hala düşmüşdürlər? Amma nə qədər şirin və sevimli günlər idi! O görüşün ləzzəti heç vaxt xatirimdən silinmir. Əzizim, heç yadımdan çıxa bilərsənmi? Sənin xatirən ömrümün ən əziz yadigarıdır. O günlər həmişə gözlərimin önündə canlandıqca göz yaşları axıdır və deyirəm: - Ey günəş, bircə dəfə qərbdən şərqə qayıt ki, mən cavanlığımı, heç vaxt geri dönməyəcək o günləri yenidən yaşayım...”
Pəri başqa bir məktubunda yazırdı: - Şəhriyar, yadındadır, Pamiranda atəşfəşanlıq gecəsi təsadüfən Terya kafesinin qarşısından keçirdim. Gördüm ki, iki nəfərlə (Əbdülhəsən Xan Səba və Məlikül-şüəra Bahar) bardaşqurma oturub şərabla dolu kuzələri başınıza çəkirsiniz Pəncərənin arxasından məni gördün. Ertəsi gün isə sənin o gözəl hisslərin təsiri altında yazdığın qəzəl zövq əhlinin məclislərində, dildə-ağızda dolaşmağa başladı.
Nişapura sürgün edildikdən və Kəmal-ül Mülkü ziyarət etdikdən bir müddət sonra dostların səni Tehrana gətirib müalicə olunmaq üçün xəstəxanaya qoymuşdular. Mən bundan xəbər tutub görüşünə gəlmişdim. Üz-gözündən dərvişlərə oxşayırdın. Deyirdin ki, yaşamağa ümidim yoxdur. Hər şeydən əlimi üzmüşəm. Məni qucaqladın, hər ikimiz sel kimi göz yaşı axıtdıq, dedin ki, sən məni yenidən diriltdin. Sonra mənə həsr etdiyin bu gözəl qəzəli yazaraq Tehrana böyük gurultu və səs-küy saldın:
Gəlmisən, canım sənə qurban, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa,
indi niyə?
Nişdarusan,
fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Pərinin bu məktubunun cavabını da ustad Şəhriyar
şeirlə yazır. “Ruhun yaqutu” adlı həmin qəzəli indiyədək
çox gec çap olunub:
Əgər
qoca olsam da qəmi yoxdur, eşqim cavandır, ey Pəri!
Mənim
bu eşqim və cavanlığım hələ yenicə
çiçəkləyir, ey Pəri!
Əcəbdir,
aşiq nə qədər qoca olsa, eşqi o qədər cavan
olur,
Əgər bədən zəif olsa, ürək ona
qüvvət verəcək, ey Pəri.
“Mən onu həmişə “Pəri” adı ilə
çağırmışam. Buna görə bu qəzəldə
də ona “Pəri” deyə müraciət etmişəm”, - deyən
Şəhriyar istər “Behcətabad xatirəsi”, istərsə
də qara sevdasını xatırladığı digər qəzəl
və məsnəvilərində həm eşqinə, həm
də Pəriyə əbədi bir heykəl ucaldıb və
çağdaş dövrün sevgi dastanlarından birini -
“Şəhriyar və Pəri”ni yaradıb...
Esmira Fuad
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.-
2021.- 16 mart.- S.14.