Sivil cəmiyyətlərdə müəllif hüquqlarının qorunması

 

Kamran İmanov: “Əqli mülkiyyət ona daxil edilmiş yaradıcı ideyalar baxımından dəyəri olan informasiyadan ibarətdir”

 

Bu gün dünyada elmi-texniki tərəqqinin bütün zamanlarla müqayisədə ən yüksək mərhələsidir. Təbii ki, qarşıdakı onillərdə bu inkişaf tempinin daha da artacağı gözlənilir. Bu baxımdan hazırda dünyada müəllif hüquqları məsələsi ciddi problemdir. Mövzu ilə bağlı beynəlxalq səviyyədə qanunverici aktlar olsa da, anlaşılmazlıqlar, problemlər var. Azərbaycanda Əqli Mülkiyyət Agentliyi illərdir fəaliyyət göstərir. Bu müddətdə artıq cəmiyyətdə sözügedən sahədə çoxsaylı problemlərin həlli istiqamətində ciddi addımların atıldığı müşahidə edilməkdədir. Əlbəttə, bu yöndə hüquqi məsələlərin cəmiyyətdə daha çox bilinməsi, anlaşılması gərəkdir. Burada yenə də hüquqi maariflənmənin zəruriliyi görünür, bilinir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun araşdırmasında vurğulanır ki, bizi əhatə edən ənənəyə çevrilmiş, istifadə edilən predmetlər çoxluğunun yaradıcıları var. Həmin əşyaların yaradıcılarına, yaradıcı şəxslərinə onlar tərəfindən fikirləşib, gözəl və rahat şəklə gətirildiyinə görə biz minnətdar olmalıyıq. Kitab və kompüterlər, saat, yuyucu maşınlar və bizim təmasda olduğumuz digər predmetlər öz yaradıcılarının beyin, zəka, yaradıcılıq, bir sözlə əqli (intellektual) əməyinin nəticələrinin məhsuludur. Bu predmetlər yaradıcıların müxtəlif intellektual əməyinin birləşməsi, sintezidir: “Nümunə kimi, saatı götürək. Kimsə saat mexanizminin işləməsini kəşf edib, digər yaradıcı onun müəyyən funksional xassələrini təkmilləşdirib, üçüncüsü saatı bugünkü formaya gətirib, nəhayət, digəri öz ustalığı ilə siferblatı yaraşdırıb. Bu birgə zəhmətlər əməyin böyük intellektual məsrəflərini tələb edib ideya kəşfə, yaxud ixtiraya çevrilib, əsər yaradılıb. O zaman bir suala cavab axtaraq, əgər yaranan əşyaya, predmetə bu gün hamı yanaşa bilirsə, bunlar hamı üçün faydalı, lakin adi əşyaya çevrilibsə, ondavaxtsa bu predmetlər yalnız öz yaradıcılıqlarına məxsus idi, onların yaradıcılıq nəticəsi idi və nəhayət, yaradıcı şəxslərin mülkiyyəti idi. Öz əməyi ilə maddi əşyanı yaradan şəxsin həmin əşyaya mülkiyyət hüququnun yarandığı qaydada yaradıcılıq nəticəsində, intellektual əməyin bəhrəsinə və yaradılmış informasiyaya da mülkiyyət hüququ yaranır. Beləliklə, təbiətin yaradıcıya bəxş etdiyi, öz əməyinin nəticələrindən istədiyi kimi istifadə etmək kimi ayrılmaz hüququ “Əqli mülkiyyət” anlayışını əmələ gətirir. Bir sözlə, “Əqli mülkiyyət” ifadəsini işlədərkən bu anlayışı verərkən bilməliyik ki, söhbət qorunan intellektual yaradıcılıq məhsulundan, yəni yaradıcılarına məxsus olan və yalnız onların icazəsi ilə istifadə edilə bilən mülkiyyətdən gedəcək. Fəqət, əqli mülkiyyət ona daxil edilmiş yaradıcı ideyalar baxımından dəyəri olan informasiyadan ibarətdir. Elə bu informasiya da kommersiya dəyərinə malikdir”.

K.İmanov vurğulayır ki, “əqli mülkiyyət” anlayışına daxil olan obyektlərin (kəşf, ixtira, əsərlər və s.) öz sahibləri var və əqli mülkiyyət hüquqları onlara məxsusdur. Deyilənlərdən əqli mülkiyyətin ikili təbiətə malik olduğu aşkara çıxır: Bir tərəfdən yaradıcılıq nəticəsinin yaradıcısının həmin nəticəyə müstəsna mülkiyyət hüququ var, yəni onu istifadə etmək hüququ, digər tərəfdən, bilavasitə müəlliflik və digər hüquqlar. Əgər istifadə hüquqları kateqoriyası mülkiyyət hüququ ilə oxşadırsa, bir sözlə, müəllifin sərbəst qaydada istifadə etdiyi əmlak hüquqlarıdırsa, onda müəllifliklə bağlı hüquqlar kateqoriyası öz təbiəti etibarı ilə ayrılmaz olan şəxsi, qeyri-əmlak hüquqlarıdır. Qeyd etmək lazımdır ki, əmlak hüquqları müəllifin ayrılmaz olan şəxsi hüquqlarından fərqli olaraq, müəllifin razılığı əsasında digər tərəfə verilə bilər. Belə ki, müəllifin ilkin əmlak hüququnun keçməsi nəticəsində digər tərəfin törəmə sahiblik hüququ yaranır. Əqli mülkiyyətin maddi və şəxsi əmlaka xas olan bir çox xüsusiyyətləri var. Əqli mülkiyyət bir mülkiyyət kimi alqı-satqı, icarəyə verilmək, dəyişmək, yaxud əvəzsiz vermək vasitəsinə çevrilə bilər və onun hər hansı istifadə forması sahibi tərəfindən təsdiq edilməlidir. Lakin əqli mülkiyyətin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o maddiləşmiş, yəni toxunmaqla hiss olunan formada deyil”.

Bu yazıda sözügedən istiqamətdə müəyyən problem mövzuların izahı ilə bağlı agentliyin qənaətlərini təqdim edirik. Öncə bu gün ictimai-yaradıcı mühitdə dəbdə olan “müəlliflik hüququ” anlayışının izahına diqqət yetirək: “Müəlliflik hüququelm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır”.

Göründüyü kimi, “müəlliflik hüququ” anlayışı geniş bir yaradıcılıq sahəsini əhatə edir. İlk növbədə bu hüquqların nədən ibarət olduğu bilinməlidir ki, qorunması da hüquqi istiqamətdə olsun. Aşağıdakı izahda isə müəlliflik hüququnun əqli mülkiyyət sistemində rolunun nədən ibarət olduğuna aydınlıq gətirilir.

Agentliyin izahından aydın olur ki, əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Əqli mülkiyyət professional təcrübədə müəlliflik hüququ, əlaqəli hüquqlara, ənənəvi mədəniyyət nümunələri – folklor, inteqral sxem topologiyaları, məlumat toplularına olan hüquqlara, həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanları və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür.

Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ var. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”.

Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır: “Müəlliflik hüququ ilə qorunan obyektlərin hansılardan ibarət olduğuna gəlincə, agentliyin təqdimatında vurğulanır ki, müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, məsələn, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqixoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, məsələn, rəsmlər, cizgilər, fotoşəkillər və heykəllər, memarlıq əsərləri, həmçinin reklam rəsmləri, coğrafi xəritələr və çertyojlars. ola bilər”.

Bəs müəlliflik hüququnun əhəmiyyətini necə dəyərləndirmək olar? Bildirilir ki, müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyirfayda bu hüquqların tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması – mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır: “Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı var. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqlari ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatin” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilib”.

Göründüyü kimi, bu məsələlərin cəmiyyətdə daha aydın bilinməsi, hüquqi yönün dərk olunması mübahisələrin aradan qalxmasına səbəb ola bilər. Hər halda ötən illərdən fərqli olaraq hazırda Azərbaycan cəmiyyətində müəlliflik hüquqları sarıdan artıq insanlarımız arasında qaneedici bilgilərin yaranmağa başladığını müşahidə etmək olur.

Müəlliflərin əmlak hüquqları dedikdə nə başa düşülür? Agentliyin bilgisinə diqqət yetirək: “Müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları var. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ var. Əsərin müəllifi aşağıdakılara icazə verə və ya qadağa qoya bilər: əsərin birbaşaya dolayıyolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilkya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqilya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildirişi hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ) və s”.

Əmlak hüquqları müəllifin istəyi ilə digər fizikiya hüquqi şəxsə keçə bilər. Müəlliflik hüququ ilə qorunan bir çox elm, ədəbiyyat və incəsənət əsərlərini (məsələn, çap nəşrlərini, səsyazmalarını, filmləri) kütləyə, o cümlədən, rabitə vasitələri ilə çatdırmaq lazım gəlir. Bunun üçün isə maliyyə vəsaitləri tələb olunur. Buna görə də müəlliflər çox vaxt öz əsərlərinə olan istifadə hüquqlarını, müəyyən mükafat müqabilində ayrı-ayrı şəxslərə və ya şirkətlərə satırlar. Belə mükafatın miqdarı çox vaxt əsərdən faktiki istifadənin həcmindən asılı olur, mükafatın özü isə bu halda royalti adlanır.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 16 mart.- S.13.