Axır çərşənbə
“Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır”, – deyən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi torpaq çərşənbəsini qəbul edib, onun özəllikləri haqqında yazır ki, “Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılayıb. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi,
– deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.
Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir.
Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. “Yer üzünün başdan-ayağa su olması” – ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) – ilkin başlanğıcın əsasında dayanan od və torpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi – canlanması üçün isə son nəticədə onlara “ruh verilməsi” – hava stixiyasını simvollaşdırır. Fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin də bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birlərinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Əgər belə düşünsək, onda dahi Füzulinin “Meyvələrin söhbəti” əsərindəki kimi yersiz öyünmələrdən uzağa gedə bilmərik.
Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb-adlanmalarına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (Su, Od, Yel, Torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayin və rituallar həyata keçirir. Bu mənada prof. Azad Nəbiyevin qeyd etdiyi “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” cümləsində Axır çərşənbə ilə bağlı xüsusi vurğuladığı Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirmək xüsusiyyəti elə bilirəm ki, ümumi olaraq digər üç çərşənbənin mərasimi keyfiyyətlərinə də müncər (aid) edilə bilər.
Tədqiqatçı Xeybər Göyyallı “Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri” kitabında da “Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir” deməklə professor Azad Nəbiyevin yuxarıdakı fikrinə şərikli münasibət göstərib, bu yöndəki düşüncələrini aşağıdakı şəkildə davam etdirir: “Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-qadınlar ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağat, həyət-bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib-hazırlanırdı”.
Gördüyümüz kimi, Xeybər Göyyallı axır çərşənbə hesab etdiyi Torpaq çərşənbəsinə uyğun olaraq burada “torpağa əlahiddə bir sevgi göstərilməsindən” danışır, təsərrüfat həyatı ilə bağlı görülən işlərə diqqəti yönəldir, əkin-biçinə hazırlıq məqsədilə torpağa qulluq edilməsi məsələlərini xüsusi vurğulayır. Bu kimi xüsusiyyətlər torpaq çərşənbəsinin adına uyğun tərzdə məişət qayğılarını özündə ehtiva edir, eyni zamanda bu cəhət digər yaradıcı ünsürlərlə müqayisədə torpağın insanları real həyata daha yaxından bağlayan ünsür olduğundan irəli gəldiyini göstərir. Bəli, torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real-həyati varlıq stixiyasıdır. “Torpaq deyir: öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğunu təsdiqləyir. Hə, bütün bunlar öz yerində. Yəni bu kimi məsələlər torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən faktorlardır...
Bundan başqa,
Torpaq çərşənbəsində
də digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir
ki, bunlar da bayram ənənəsinin
təbii tələbidir. Burada əsas məsələ
professor A.Nəbiyevlə tədqiqatçı
Xeybər Göyyallının üst-üstə düşən
fikir eynilikləridir. Hər iki müəllif Torpaq
çərşənbəsinin (mahiyyətcə ilaxır
çərşənbələrdən sonuncusunun)
digər çərşənbələrdən daha təntənəli keçirilməsini xüsusi diqqətə çatdırır. Hətta X.Göyyallı bu fikri bir az
da qabardaraq öz ayin və mərasimlərinin
zənginliyi etibarilə axırıncı çərşənbənin
digər çərşənbələri geridə qoyduğunu, bir sıra
bölgələrimizdə isə ilaxır çərşənbənin
şənliyinin – təmtərağının hələ Novruz bayramını da
üstələdiyini göstərir. Bəs buna
səbəb nədir? Bu sualı Xeybər
müəllim qışın
sazağını-şaxtasını, məşəqqətini
görmüş xalqın bu
ağır əziyyətlərdən qurtardığına
sevinməsi kimi mənalandırır. Bu arqument öz
yerində qüvvəsində qalır. Ancaq bu
məsələyə bir az
da aydınlıq gətirmək
lazımdır. Əvvəla, bu amili sırf torpaq ünsürü ilə əlaqələndirilən
Torpaq çərşənbəsi ilə
bağlamaqla məhdudlaşdırmaq yox, məsələnin mahiyyətinin ilaxır
çərşənbələrin sonuncusunda
olması ilə – tamamlanması səbəbində axtarmaq lazımdır. Məlumdur
ki, ayrı-ayrı tədqiqatçıların
çərşənbələrin sıra düzümündəki
baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel
çərşənbəsi olaraq qəbul
edildiyi təqdirdə də bu, belə olmalı idi.
Yəni Axır çərşənbənin
özündən əvvəlki digər üç
çərşənbədən (söhbət doğruçu çərşənbələrdən
gedir) təmtəraqlı, zəngin ayin və rituallarla
müşayiət olunması faktı onun
torpaq, ya hava ünsürü ilə
bağlılığından çox,
axırda keçirilməsində – yekun
aktı kimi dəyərləndirilməsi
ilə əlaqədardır. Çünki
Axır çərşənbə mahiyyət
baxımından özündən əvvəlki üç çərşənbənin
ümumiləşdirilmiş – sinkretizə olunmuş
yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin
əvvəldə gələn üçü
yalançı olmaqla həmin üç yalançıdan biri
– sonuncusu simvolik olaraq qeyd olunur,
digər iki yalançını da əslində öz
içərisinə alır. Bax beləcə də digər dörd
yaradılış ünsürünü
ifadə edən dörd doğruçu
çərşənbənin də axırda gələni –
Axırıncı çərşənbə digər
özündən əvvəldə gələn üç doğruçu
çərşənbənin ayin, mərasim
və etiqadlarını öz canına
çəkərək (öz içinə
alaraq) həm özünün,
həm də digər çərşənbələrin
hamısının ümumilikdə elliklə bayram
şənliyi şəklində yola
salınması mərasimi kimi təmtəraqla,
böyük coşqu
ilə qeyd olunur. Başqa
sözlə, ilin ən sonuncu
çərşənbəsi olan Axır
çərşənbə bayramı bütün
yeddi çərşənbənin
hamısının – yalançı və doğruçu
çərşənbələrin hamısının
ümumilikdə yola salınması və
Novruzun qarşılanması mərasimi olduğundan da, bu cür yüksək əhval-ruhiyyə
şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və
yeni ilin (Novruzun) qarşılanması ərəfəsi
məhz ilin axırıncı çərşənbəsinin
üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digər
çərşənbələrdən üstün
keçirilməsi və həmin çərşənbələrin
rituallarını da öz
əhatə dairəsinə alması məhz bununla
əlamətdardır. Hansı ünsürlə
bağlanmasından, hansı adla
çağırılmasından asılı olmayaraq
ilaxır çərşənbələrin sonuncusunun
bir ümumiləşmiş adı var: Axır çərşənbə.
Şakir Albalıyev
Xalq Cəbhəsi.-
2021.- 16 mart.- S.12.